adalet.az header logo
  • Bakı 19°C
09 Fevral 2019 00:45
7133
GÜNDƏM
A- A+

AXİRƏTÇÜN XEYİRXAHLIQ

BABƏLİ DAVUD OĞLU MƏMMƏDOVUN ƏZİZ XATİRƏSİNƏ

Inişil xəstələnmişdim. Təcili yardım göstərməyə həkim gəldi. Ilk müayinədən "beyinə qan sızıb" dedi. Iki ay yataqdan qalxa bilmədim. Arxada qalan illər yada düşürdü, tanıdığım işıqlı insanlar, taytuşlarım gözlərimin önündən keçirdi. Qəribədir, uşaqlıqda şahidi olduğum hadisələri ən kiçik təfsilatları ilə xatırlayırdım. Sanki o illərin şəklinə baxırdım. Təəssüflə düşünürdüm: gördüklərimi, eşitdiklərimi nə üçün indiyədək qələmə almamışam. Sağalanda təəssüratlarımı yazmağa söz verdim. Allah səsimi eşitdi, şəfa tapıb ayağa durdum...
Qədim Lerik kəndinin (indi şəhərdir) təməlini qoyanlara min rəhmət. Təbiətin ürəkaçan güşəsini seçiblər. Bir yanı meşəlikdir, bir yanı təpələr. Ayağından axan kiçik şəlaləli çayın suları sal daşları yuyur. Lerikdə hər fəslin öz gözəlliyi var. Qışa qalmış şimaldan əsən soyuq küləklər qar gətirir. Noyabrda Dilləvu təpəsindən qar yavaş-yavaş aşağı enir, sular buz bağlayır. Sağlam iqlimi, min dərdin dərmanı otları buranı uzunömürlülər məskəninə çevirib. Yazı güllü-çiçəkli, yayı sərin, payızı barlı-bərəkətli olur. Şair demişkən, "Allah da bəlkə elə cənnəti uyduranda Lerikdən danışırmış".
Lerik kəndində bir neçə tayfa olub. Adamları mehriban, əmin-aman yaşayıblar. Saltak bu tayfalardan biridir. Sələfləri ulu babalardan yadigar qalan adət-ənənələri qoruyub saxlayıblar. Onlar mərd, sözübütöv, halal adam olublar. Ötən əsrin qırxıncı illərindən tayfanın başbilənləri Babəli Məmmədovun, Məhərrəm İmaməliyevin, Əbdülhüseyn Bədəlovun, Nüsrət əminin, Fərzi kişinin, Ələkbər və Ağababa Şiriyev qardaşlarının adları həmişə ehtiramla çəkilib. Bu gün onların ağsaqqallıq missiyasını övladları haqq-ədalətlə davam etdirirlər.

***
Babəli Məmmədov 1908-ci ildə doğulmuşdu. Deyilənlərə görə, atası Davud varlı-karlı kişilərdən olub. Kərbəla ziyarətinə gedib. Babəlidən sonra iki övladı Xudu və Humayə dünyaya gəlib. Kərbəlayi Davud övladlarının dolanacağı üçün əlindən gələni eləyib. Bir gün də bu dünyadan çox rahat köçüb. On yeddi yaşına çatan Babəli zəhmətin şirinliyini dadıb. Məktəbdə həm oxuyub, həm də fəhlə işləyib, çörək pulu qazanıb. Diribaş, hazırcavab olub, səmimiyyəti ilə taytuşlarından seçilib. Qardaşlıq borcunu canla-başla yerinə yetirib. Əli çörəyə çatanı qohum-əqrabanın qayğısına qalıb, imkanı olanda kömək əlini uzadıb. Bayramlarda qonşuların qapılarını birinci açıb, gözaydınlığı verib.
Cavanlığında yaxşı atminən olub. Kəndləri gəzib, yorğa kəhərləri seçib. Atların ucbatından başına maraqlı hadisələr gəlib. Yaxın qohumlarından biri danışır ki, Babəli Məmmədov otuzuncu illərin əvvəlində rayonda "selpo" deyilən bir təşkilatın müdiri işləyib. Günlərin birində Qosmalian kəndinə gedib. Sovetliyin ərazisindəki mağazalardan pulları qəbul edib sənədləşdirib, dəri çantasına yığıb. Rayon mərkəzinə yola düşüb. Nisli körpüsünü azca keçmiş səs eşidib:
- Dayan, atı saxla!
Arxaya çevrilib, dağın döşündə silahlı dəstə görüb. Bir nəfər aşağı enib, amiranə soruşub:
- Çantanda nə var?
- Yola çörək götürmüşəm.
- Atdan düş, aparmalıyıq.
- Mən atdan düşsəm də, heç kəsin yaxınlaşıb üzəngiyə ayaq qoymağa cürəti çatmaz.
Elə bu an qaçaqlar onu dövrəyə alırlar. Bir qədər yaşlı kişi sakitcə söhbətə qoşulub:
- Mən qaçaq Əbdülhəsənəm. Biz evin damında gizlənib bacadan səni güdürdük. Çantadakı pul da filan qədərdir (məbləğini dəqiq deyir). Bizə pul gərək deyil, sənin atını görmək istəyirdik. Kişinin gərək belə atı ola. Sür get, yolun xətasız olsun!...
Babəli Məmmədov 1939-cu ildən rayon maliyyə şöbəsinin müdiri işləyir. Bu, məsuliyyətli vəzifə idi. Dövlət tərəfindən ayrılmış vəsaitin düzgün xərclənməsinə ciddi nəzarət olunurdu. Müharibə illərində maliyyə şöbəsi tərəfindən ön cəbhədə vuruşan əsgərlərin ailələrinə yardım edilir, toplanmış vergilər hesabına maaşlar ödənilirdi. Babəli Məmmədov büdcəni formalaşdırmaqdan ötrü özü kəndbəkənd gəzir. O, müdirliyi dövründə rayon mərkəzinin abadlaşması sahəsində çox iş görür. Qonşu Lənkəran və Astara rayonlarından şam, akasiya tingləri aldırır, kiçik istirahət parkı saldırır. Yayın isti günlərində ağacların altında oturub nəfəs dərənlər o insana dönə-dönə rəhmət diləyirlər.

***
Lerikdə ilk minik maşını Babəli Məmmədovun qismətinə düşür. Mindiyi səmənd kəhəri satıb puluna "Moskviç" alır. Həm də təzə ikimərtəbəli ev tikdirir. Gözü götürməyənlər Mərkəzi Komitəyə məktubu məktub dalınca yola salırlar. Yoxlama komissiyası gəlir, sənədlər araşdırılır, vəsaitin mənimsənilməsi faktı təsdiq olunmur.
XATİRƏ. Təsadüf insanın həyatında çox şeyi dəyişdirir. Yaxşı yadımdadır, 1951-ci ilin qışında qar qurşağa qədər qalxmışdı. Yollar buz bağlamışdı. Həyətlərdə tək-tük adam görünürdü. Belə günlərin birində 3 kilometr yolu piyada gəldim. Lerikin Pekujə məhəlləsində kənd sovetinə getdim. Ayda bir dəfə anamla çox da böyük olmayan binaya gəlir, onun əmək haqqını alıb cədvələ imza edirdim. Bu dəfə tək gəldim, pasportu təqdim elədim. Hesabdar pulu verməkdən çəkindi. Dil töksəm də, xeyri olmadı. Peşiman qayıdırdım. Hamama çatanda (indi də bina durur) qarşıdan səliqə ilə geyinmiş, əlində dəri çanta olan kişiyə yol vermək üçün kənara çəkildim. Ayaq saxlayıb soruşdu:
- Oğul, hardan belə?
- Kənd sovetinə getmişdim.
- Bu qarda-çovğunda nə məqsədlə?
- Anam Cəngəmiran məktəbində işləyir. Özü gələ bilmədi, maaşı almağa məni göndərdi. Hesabdar boş qaytardı.
- Gəl dalımca, - deyə qolumdan yapışdı.
Kənd sovetinə çatıb qapını açdı. Hesabdar yanan peçin yanında ayaq üstə dayanmışdı. Talışca çox kəskin danışdı. Hesabdar sakitcə dəmir seyfi açdı, pulu sayıb mənə uzatdı. Sonra öyrəndim ki, bu xeyirxah insan Babəli əmidir. Onu sonralar daha yaxından tanıdım, xeyirxah işləri ilə tanış oldum.

***
1952-ci ildə Babəli Məmmədovla rayon rəhbərliyi arasında münasibətlər soyuyur. Ərizə yazıb işdən çıxır. Əmanət kassasının müdiri təyin edilir. Iki il bu müəssisədə çalışmalı olur. Burada əhaliyə, xüsusilə müharibə və əmək veteranlarına, çoxuşaqlı analara xidmət göstərilirdi, onlara çatan pensiya və müavinətlər aybay ödənilirdi. Yaşlı nəslin nümayəndələri danışırlar ki, Babəli əminin əmanət kassasında işlədiyi dövrdə bir nəfər də olsun narazı qalmayıb. Xeyirxahlığını burada da davam etdirib. Kiməsə nimdaş kostyumlarını verib, kiminsə cibinə pul salıb, ərzaq alıb evinə göndərib.
Vaxtilə rayonda ən nüfuzlu təşkilatlardan biri istehlak cəmiyyəti idi. Əhalini ərzaq və sənaye malları ilə təmin eləyirdi. Istehlak cəmiyyətinin sədri birinci katibdən sonra nüfuzlu vəzifə sayılırdı. Hər bir kənddə müəssisəi vardı. Sədr seçilmək üçün dəridən-qabıqdan çıxanlar az olmurdu. Ancaq səmimiyyəti ilə seçilən Babəli Məmmədov heç vaxt bu stola göz dikməmişdi. 1954-cü ildə rayon rəhbərliyi götür-qoydan sonra onun razılığını alır. Payçılar namizədi bəyənib səs verdilər. Həm də yaxşı bilirdilər ki, kişi tamahsız adamdı.
Babəli Məmmədov istehlak cəmiyyətində ciddi intizam yaradır. Vəzifəli şəxslərin, xüsusilə inzibati orqan işçilərinin anbarlardan ayağını kəsir, məhsulları kəndlərə əhalinin sayına görə göndərir. Malların öz qiymətinə satılmasına, vəsaitin vaxtında dövlət bankına daxil olmasına nəzarəti artırır. Əlbəttə, bu özündən başqa heç kəsi tanımayan prokuror Cəbrayılovu razı salmır, hər vasitə ilə Babəli Məmmədov üçün nöqsan axtarmağa çalışır. Sədr rayon partiya komitəsinin plenumunda prokurorun iç üzünü açır, onun stolunun dayağlarını laxladır.
1956-cı ildə rayonda məsul vəzifədə çalışanların bir qrupu geridə qalan kolxozlara sədr seçilir. Babəli Məmmədov da partiya komitəsinin qərarı ilə Əliabad kəndindəki "Kommunizm" kolxozuna göndərilir. Rayon partiya komitəsinin katibi Aslan Hüseynov təsərrüfatdakı vəziyyət barədə ona məlumat verir, çıxış yolları barədə məsləhətləşir. Kolxozun kəndlərinə, mütəxəssislərinə az-çox bələd olan Babəli Məmmədov geriliyi aradan qaldırmaqdan ötrü təkliflərini söyləyir, işlərin qaydasına düşəcəyi barədə katibdə ümid yaradır.
Beş kəndi birləşdirən təsərrüfatda qüvvələr səfərbərliyə alınır, əkinə yararlı torpaqlara taxıl, paxlalı bitkilər səpilir, yığımda texnikaya meydan verilir, itkilərin qarşısı alınır. Heyvandarlıq təcrübəli adamlara tapşırılır. Yem tədarükünə diqqət artırılır. Daxili imkanlar hesabına fermalarda binalar tikilir, burada çalışanların iş şəraiti yaxşılaşdırılır. Birinci ilin nəticələri dönüşdən xəbər verir. Növbəti illərdə kolxoz geriliyin daşını atır. Babəli Məmmədovun səhhəti ailəsindən uzaqda yaşamağa imkan vermir...
***
1958-ci ildə Babəli Məmmədova rayonda kommunal obyektlərin tikintisi ilə məşğul olan müəssisəyə rəhbərlik tapşırılır. Müəssisə həmçinin qəsəbə statusu almış rayon mərkəzində yaşıllıqlar salır, evlərin su ilə təchiz olunmasına da baxırdı. Xidmət çoxsahəli olduğuna görə Babəli Məmmədovun qayğılarını artırmışdı. Hər bir iş nəzarəti altında, məsləhəti ilə görülürdü. Kommunal evlərində təmir işləri aparmaq üçün ayrıca briqada yaradılmışdı. Inzibati binaların işıqlandırılması sonralar bu müəssisənin fəaliyyətinə daxil edildi, təsərrüfat hesabı ilə işləməkçün ilk addımlar atıldı.
Ahıl çağında Babəli əmi işsiz dayana bilmirdi. Bir müddət Lerik qəsəbəsində çörək sexinin müdiri işlədi. Sonra rayon yol idarəsində müdirin müavini oldu. Kəndara yolların təmirində məsləhət verdi, işlərin keyfiyyətli olmasına müvəffəq oldu.
Bütün çağırışlarda Lerik kənd sovetinə (sonra qəsəbə sovetinə) deputat seçildi. Uzun illərdən bəri qüsursuz fəaliyyəti orden və medallara, Fəxri Fərmanlara layiq görüldü. 1973-cü ildən yerli əhəmiyyətli pensiya alırdı. Xeyriyyəçi kimi Lerikdən ali məktəblərdə, texnikumlarda təhsil alan tələbələrə maddi yardım göstərirdi. Evinin bir otağını uzaq kəndlərdən gələn orta məktəbin yuxarı sinif şagirdləri üçün ayırmışdı. Ildə 3-4 nəfər mənzildən, yataq dəstlərindən pulsuz istifadə edirdi.

***
Babəli Məmmədov Lerikə gələn ədəbiyyat və incəsənət xadimlərini evinə dəvət edib stol açırdı. Bu evdə kimlər olmayıb? Müharibə illərində Lerikə üz tutan Əliağa Vahid diyara həsr etdiyi qəzəlin ilk misralarını Babəli əmiyə oxuyub

Könlüm vurulub bir gülü-reyhanə Lerikdə,
Bülbül kimi gəldim yenə əfqanə Lerikdə.

Şair Novruz Gəncəli də bu evdə bir neçə dəfə duz-çörək kəsib, şeirlərini oxuyub. Aşıq Pənah, aşıq Qurbanxan, aşıq Şakir evdə qonaq olub saz çalıblar. Lənkəran qarnizonunun rəisi general-mayor Nikolay Zaxarovic Qalay Babəli əmiyə avtoqrafla şəklini bağışlayıb. Şəxsi arxivində minnətdarlıq məktubları, ad günlərinə dəvətnamələr qorunub saxlanılır.

***
El ağsaqqalı Babəli əmi Fatimə xalayla birgə ömür sürüblər. Yeganə övladları Rahim yadigar qalıb. Ali məktəbi bitirdikdən sonra Lerikdə müəllim işləyib, Arzu xanımla evlənib. Bakı şəhərində yaşayırlar, Babəli əminin dörd nəvəsini boya-başa çatdırırlar. Babalarının yurdunda xoşbəxt yaşasınlar, ocağını gur yandırsınlar.
Babəli Məmmədov 1981-ci il sentyabrın 9-da haqq dünyasına qovuşdu. Doğulduğu torpaq qoynuna aldı. Şərəfli ömür borcunu yaşadı, əməlisaleh insan kimi xeyirxah əməlləri yaddaşlarda , işıqlı xatirəsi qəlblərdə qaldı.


Həmzə Vəliməmmədov,
Əməkdar jurnalist