adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Fevral 2019 00:27
7506
GÜNDƏM
A- A+

NAXÇIVANIM, XOŞ GÜNLƏRİN MÜBARƏK!

ŞAİR VƏ YAZIÇILARIMIZIN ƏSƏRLƏRİNDƏ DOĞMA TORPAĞA MƏHƏBBƏTİN TƏRƏNNÜMÜ

Naxçıvan MR-95

Odlar Yurdu Azərbaycanın qədim və ayrılmaz bir hissəsi olan Naxçıvan diyarı "Şərqin qapısı" adlandırılır. Mövcudluğu dövrdən Naxçıvan dünya sivilizasiyasının aparıcı mərəkəzlərindən biri olmuş, bəşər mədəniyyətinin, həmçinin, qədim Şərqin mədəni ocaqları sırasında durmuşdur. Tarixin səhifələrini vərəqlədikcə görürük ki, bu torpaq dünya şöhrətli siyasətçilər, elm, incəsənət, mədəniyyət və ədəbiyyat dühaları yetirmiş və yetirməkdədir.
Bu qədim və bərəkətli torpağın qoynunda möhtəşəm bir "çinar" yaşayır. Bu "çinar"ın göylərə ucalan budaqlarında bəşəri dəyərləri açıb dünyaya bəyan edən, elmi-əxlaqi təsəvvürün şahı sayılan Nəsrəddin Tusi kimi elm xadimi, Azərbaycan tarixinin böyük bir hissəsini əks etdirən Məmməd Səid nəsri, tanrısı gözəllik və sevgi olan Hüseyn Uavid poeziyası, qaranlıqlar içində zillət çəkən xalqını "Molla Nəsrəddin" adı ilə güldürən və gülə-gülə də düşündürən Mirzə Uəlil satirası yaşayır. Bu "çinar"ın İslam Səfərli, Məmməd Araz, Adil Babayev, Hüseyn İbrahimov, Hüseyn Razi, Əliyar Yusifli kimi pöhrələri XX əsrin ikinci yarısından sonra əzəmətli budaqlara dönmüşlər. İllər ötdükcə bu ədəbi-bədii "çinar"ın yeni pöhrələri boy atır, sərt sınaqlardan keçərək bərkiyir, özünə layiq yerlər tutur. Yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən Kəmalə Ağayeva, Güllü Məmmədova, Elman Həbib,Vaqif Məmmədov, Asim Yadigar, Muxtar Qasımzadə, Xanəli Kərimli, Qafar Qərib, Elxan Yurdoğlug Naxçıvan torpağında yaşayıb yaşatmaqla, doğma torpağa məhəbbətlərini öz əsərlərində tərənnüm etmişlər.
Hər misrası ilə qəlbimizi ovsunlayan sevimli xalq şairimiz Məmməd Araz öz poeziyasında doğulduğu Naxçıvan torpağını ürəyinin bir parçası bilir:

Sinəmdə o yerin dağ havasıdır,
Qaynar bulaqları qaynar qanımda.
Mənim ürəyimin bir parçasıdır,
Doğma Şahbuzum da, Naxçıvanım da...

Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli Azərbaycanın tərkib hissəsi olan Naxçıvanın qədim tarixinə, əbədi-mənəvi inkişaf yoluna, elmi mühitinə, görkəmli yeniyetmələrinə və müasir dövrdəki yüksəlişinə həsr etdiyi təqdiqatları ilə birgə şeirlərində də bu Ulu torpaq bütün gözəllikləri ilə vəsv edilmişdir:

Əcəmi-sənəd çələngi,
Mirzə Cəlil söz nəhəngi,
Bəhruz-rənglərin ahəndi,
Hüseyn Cavid-söz çələngim,
Bəxş eyləyən vətəninə,
Heydər Babəktək öndəri
Naxçıvanım Naxçıvanım!

Naxçıvan elinin hər qarışı nəğməkar şair İslam Səfərlinin yaradıcılığında da öz bədii təsvirini tapmışdır.Batabatın qəlb ovsunlayan gözəlliyi, Xalxal meşəsinin füsunkarlığı, Arpaçayın axarı, "Duzdağ"ın süfrələr bəzəyən neməti, "Əlincə"nin əzəməti, Bəhruz Kəngərli kimi sənətkarlar, Koroğlu, Babəktək oğullar, xumar gözlü qızlar şeirlər də bədiiləşmiş, bunların bir çoxuna mahnılar bəstələnmişdir:
Şərqin qapısında ucalan diyar,
Araz tək gümüşü bir kəmərin var.
Sevimli Naxçıvan, ey gözəl Vətən,
Bu bayram günündə əlvan geyin sən.

Muxtar respublikanın elə guşəsi yoxdur ki, Hüseyn Razi şeirlərində tərənnüm olunmasın. "Əlincə qalası", "Ordubada gəlin", "Duz dağı", "Salvartı", "Batabat", "Naxçıvandadır", "Gilançay", "İlanlının", Arpaçay inşaatçılarına həsr etdiyi "Dağlarda dəniz", "Sahil düşüncələri" və digər şeirlərində şair muxtar respublikanın gözəlliklərini poetik dillə qələmə almışdır. "Azərbaycan gözəli" şeirində isə Hüseyn Razi muxtar respublikanın bütün gözəlliklərini, nadir nemətlərini, tarixi şəxsiyyətlərini tərənnüm etmişdir:

Naxçıvanam, Azərbaycan gözəliyəm,
Sözün, eşqin, düz ilqarın əzəliyəm.
Mən bir eləm,
Nurlu şəlaləyə dönən,
İşıqların gurşadında şölələnən
Araz üstə Çənlibeləm...

Şeirin son bəndində də qurub-yaradan, günü-gündən gözəlləşən Naxçıvanın bu günü poetik ifadəsini tapmışdır:

İndi bahar səmasıtək,
işıqlıdır ömrüm-günüm.
Dan yerinin şöləsidir
təbəssümüm.
Saçım ağdır, neçə əsrin
övladıyam,
Fəqət, yeni zəmanənin
Fərhadıyam.
Öz eşqimlə, hünərimlə
Yanar dağam.
Araz üstə məşəl kimi
Daha parlaq olacağam.

Əsərləri sevilı-sevilə oxunan qəlbləri ovsunlayan Əliyar Yusifli şeirlərinin birində:

Asta sür qatarı, qardaş, bu yerdən,
Döyüş meydanına çatmaq gərəkdir,-

deyərək, bu müqəddəs və məğrur yerlərlə oxucusunu tanış edir. Şairin "Muxtar respublika" şeirində doğma diyara məhəbbət daha poetik, daha doğmadır:

Bu yerlər qıy vuran qartal yeridir,
Dostlar qonaq qalsın qoy dəstə-dəstə.
Bu qədim Naxçıvan gül buketidir,
Məğrur bir Vətənin qolları üstə.

Naxçıvan torpağının Məhsətisi şairə Kəmalə Ağayevanın "Üzümçü qızlar" şeirinin, Arpaçay haqqında yazdığı "Dağ piyalə" balladasının hər bəndindən zəhmət ətri, çörək ətri duyulur. "Doğma diyarım" şeirində isə Naxçıvana olan məhəbbət ümumiləşmişdir:

Əcəmi naxışlı, Cəlil baxışlı,
A Bəhruz fırçalı, diyarım mənim.
Səadət günəşli, şəfəq yağışlı,
Bahara qovuşan baharım mənim.
Mənim Şərur düzlüm, bəxtiyar üzlüm,
Duzdağın duzuyla çörəyi duzlum.
Əlvan üzümütək, a şirin sözlüm,
A dövlətim mənim, a varım mənim!
Elman Həbibin yaradıcılığında Naxçıvan mövzusu bir neçə bəndlik şeirdən başlamış və "Naxçıvannamə" adlı bütöv bir kitaba dönmüşdür. Ümumiyyətlə, Elman Həbib yaradıcılığında muxtar respublikamızın dünəni, bu günü, sabahı şair istedadına xas olan səviyyədə tərənnüm olunmuş, gözəl tərtibatlı kitablar halında oxuculara çatdırılmışdır:

Azərbaycan gül dəstəsi bu dəstəyə daş çiçəkdir,
Azərbaycan dövlətidir dövləti Naxçıvanımım...

Şair-publisist Vaqif Məmmədov da qədim diyara olan məhəbbətini özünəməxsus tərzdə ifadə edir. Muxtar respublikamızın alınmaz qalası hesab edilən Sədərək haqqında bir çox şeirlər yazan Vaqif Məmmədovun "Xoş günlərin mübarək!" şeiri daha poetikdir:

Nəğmələrin Cavidimin sözümü?
Çeşmələrin Heyranımın sözümü?
Qalaların Əcəminin özümü?
Daş kitabmı, dindirəsən, ya gərək,
Naxçıvanım, xoş günlərin mübarək!

Araz üstə qərar tutan, yaşı əsrlərlə ölçülən doğma Naxçıvanımızın müstəqillik yaşı çox olmasa da, yüksək tərəqqi ilə inkişaf etməsi, tarixin yaddaşında əbədi həkk olunan yeni abidələrin tikilməsi qələm sahiblərinin qəlblərini riqqətə gətirir və bir-birindən gözəl əsərlər yaranır.
Ulu öndər Heydər Əliyevin, "Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə yaşadan bir diyardır" müdrik fikrini yaradıcılığına epiqraf seçən şair-publisist Muxtar Qasımzadə "Gəmiqaya", "Oğlan qala, qız qala", "Əlincə", "Fərhad evi", "Gülüstan", "Qarabağlar türbəsi" kimi şeirlərində qızıldan qiymətli örnəklərimizə tariximizin canlı şahidləri kimi poeziya qiyafəsində bir daha ömür qazandırmışdır. Şair "Nuhçıxandan gəlirəm" kitabında yazır:

Canım, gözüm torpağım,
Laylam, nəğməm, beşiyim,
Yurdum, yuvam, ocağım,
Salam, evim-eşiyim.
Haçadağ kürsüm olsun,
İlqarından söz deyim.
Atam Naxçıvanım,
Anam Naxçıvanım.

Naxçıvan torpağı haqqında bir çox maraqlı şeirlərin müəllifi şair Asim Yadigarın "Dünyanın bəzəyi" şeirində də doğma diyar bütün gözəllikləri ilə təsvir olunur:
Tarixin özü qədər qədim,
Qoynunda Nuh peyğəmbərin
ayaq izləri.
Gəmiqaya ulu babaların
tarixə naxışı,
"Biz də varıq!" sözləri.
Əlincə yağı başına
vurulan qapazındır.
İlanlı dağ ucalığın,
arzun-murazındır.
Oğulların kimi sərtdir
təbiətin, havan,
Naxçıvan!

Son ilər qoynunda böyük quruculuq işləri görülən Naxçıvan şəhərinin, muxtar respublikanın digər guşələrinin siması cənnətə bənzəyir. Sevindirici haldır ki, muxtar respublikamızda doğulan və bu torpaqda yaşayan şairlərimiz də bu gözəllikləri təkcə kiçik şeirlərlə yox, həm də poemaları ilə oxuculara çatdırırlar. Elman Həbibin "Bu mən görən şəhər deyil", İbrahim Yusifoğlunun "Bu nəğməm sənədir, doğma Naxçıvan", Elxan Yurdoğlunun "Naxçıvan dastanı",Qafar Qəribin "Qədim-yeni Naxçıvan", Budaq Təhməzin "Gəmiqaya" poemalarında,Elmira Qasımovanın, Rəhilə Elçinin, Xanəli Kərimlinin, Nadir Əlincəlinin, Əbülfəz Ülvinin, Səhlab Məmmədovun, Zeyqəm Vüqarın, Qafar Qəribin, Əziz Kərimoğlunun, Rövşən Hüseynovun və başqalarının, şeirlərində də Şərqin qapısı sayılan Naxçıvanın gündən-günə gözəlləşməsi, müasirləşməsi tərənnüm olunur.
Son iyirmi beş ildəki yüksəliş, ən ucqar dağ kəndinin abadlaşması, şəhər və qəsəbələrin yenidən qurulması, park və xiyabanların salınması, gül-çiçəyə qərq olması, paytaxt Naxçıvan şəhərinin Avropanın ən gözəl şəhərləri ilə müqayisə edilməsi mənim də qəlbimdə öz tərənnümünü tapmışdır. Qələmə aldığım "Bu nəğməm sənədir, doğma Naxçıvan" poemasında dünənki Naxçıvanla, müasirləşən, gözəlləşən Naxçıvanı müqayisə etmiş və poetik löbhələr yaratmağa çalışmışam:

Qovmusan başından dumanı, çəni,
Toylu, büsatlıdı qoynunda hər yan.
Qəlbimdən süzülən bu şən nəğməni,
Sənə bəzş edirəm, doğma Naxçıvan!

Bəli, muxtar respublikada doğulub boya-başa çatan, yaşayıb-yaradan qələm adamlarımıəz öz doğma ellərini ürəkdən vəsf edir, Vətən də onların yaradıcılığını layiqincə qiymətləndirir.
Respublika Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 95 illiyinin qeyd edildiyi 2019-cu ildə , eyni zamanda, respublikamızda elan olunmuş "Nəsimi ili"ndə yeraltı və yerüstü sərvətləri, qurub-yaradan insanları, dünyaya bəxş etdiyi dahililiylə fəxr edən Naxçıvanımızın adına-sanına layiq əsərlər yazmaq hər birimizin müqəddəs vəzifəsidir. Bu vəzifəni yerinə yetirmək üçün isə ürəyimiz dolu, qəlbimiz itidir.

İbrahim YUSİFOĞLU,
Şair-publisist, AYB və AJB-nin üzvü , "Qızıl qələm" media mükafatı laureatı.