adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
09 Fevral 2019 00:19
34711
LAYİHƏ
A- A+

Azərbaycan nəğmələri gürcü əlyazmaları toplularında

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

İrakli Kençoşvilinin 83 yaşı var. Filologiya elmləri doktorudur. 2004-2012-ci illərdə Gürcüstan parlamentinin üzvü olub. Uzun illər Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunda çalışıb, xarici ədəbi əlaqələr şöbəsinə rəhbərlik edib.
Təqdim etdiyimiz məqalədə tarixən gürcü mənbələrinə köçürülmüş Azərbaycan ədəbiyyatı nümunələrinin gürcü ədəbiyyatına təsiri araşdırılıb.
Gürcüstan Milli Əlyazmaları Mərkəzində gürcü transliterasiyası ilə yazıya alınmış Azərbaycan mətnlərinin əlyazmaları xüsusi kateqoriya təşkil edir. Buraya Azərbaycan mahnıları, eləcə də 1767-ci ildə tərtib olunmuş, bəzi yerlərdə gürcü dili ilə uğunlaşdırılmış italyanca-türkcə lüğət, elə həmin dövrə aid türkcə-farsca-gürcücə lüğət, iki türkcə-gürcücə lüğət, türk dilinin əlifbası və s. nümunələr daxildir.
Gürcü hərfləri ilə yazılan Azərbaycan poeziyası nümunələri arasında çar II İrakliyə yaxın olanlardan birinə məxsus əlyazma ən "yaşlı" mənbələrdəndir. Burada XII-XVIII əsrlərin gürcü müəlliflərinin əsərləri, eləcə də fars dilində bir şeir və türk dilində üç şeir köçürülüb. Bir neçə əlyazmasında, o cümlədən 1780-ci ilə aid topluda II İraklinin atasının həcmcə böyük olmayan poemasından sonra Azərbaycan dilində iki rübai və bir beyt verilib. Elə həmin topluda müxtəsər azərbaycanca-gürcücə danışıq kitabçası yer alır.
XIX əsrin əvvəllərinə aid əlyazmaları toplusunda Budaq (bəzən Budan) Oğlan, Yolçu Oğlan, Çərkəz Oğlan adlı müəlliflərin gürcü dilində müxtəlif şəkillərdə şeirlərinə, eləcə də Azərbaycan dilində müxəmməslərə, müstəzadlara rast gəlinir, Budan Oğlanın adını XIX əsrin əvvəllərinə aid əlyazmada Azərbaycan dilində yazılmış iki şeirdə (onlardan biri divanidir) görürük. Həmin topluda azərbaycanca bir neçə şeir, o cümlədən XI əsrdən XIX əsrin əvvəllərinə qədər gürcü poeziyasında yer tutan "Dastani Koroğlu" müəllifi göstərilmədən verilib.
Gürcü şairlərinin şeirləri ilə yanaşı, gürcü əlifbası ilə Azərbaycan dilində 149 şeirin (divani, təcnis, təxmis, müxəmməs, gəraylı, yedəkləmə, nalatma, dastan, Məcnunun Leyli barədə müxəmməsi, İstanbul mahnısı, Kərəmi, Şərəşur, rübai, qəzəl və sair) verildiyi əlyazma toplusu xüsusilə diqqətəlayiqdir. Toplunun özü XIX əsrin ortalarında tərtib olunsa da, onun məzmunu daha qədim arxetiplərdən xəbər verir. Bunu topluda Qurucu Davidin, çariça Tamarın, XVIII əsrin bir sıra şairlərinin, o cümlədən Sayat-Nova, Besiki, Barama Barataşvili və s. şeirlərinin köçürülməsi faktı da təsdiq edir. Toplunun tərtibçisi David Amiridzedir. O öz babasının, sarayda çar İraklinin sərkərdələrindən birinin ruhanisi olan Keşiş Dərdiməndi ləqəbli İosif Amiridzenin əlyazmalarından istifadə edib. İosif Amiridze Azərbaycan nəğmələrinin mətnini, ehtimal ki, musiqiyə uyğunlaşdırmışdır. Bunu onun bir sıra şeirlərin mətnini onu vəcdə gətirən Azərbaycan melodiyalarının adları ilə təqdim etməsinə əsasən söyləyə bilərik: "Can yanalı" melodiyasında, "Müştər müxalif" melodiyasında, " Rəsti-guşə " melodiyasında və s. Topludakı şeirlərin müəlliflərinin adları, əsasən, verilməmişdir. Yalnız bəzi şeirlərin əvvəlində və ya sonunda müəllif adına rast gəlirik. Dörd şeirin əvvəlində müəllifin "Vaquf" (yəqin ki, Vaqif - M.M.) olduğu göstərilib.
Həmin topluda "Vaqif melodiyasında" təqdim edilmiş anonim şeir vardır: "Yanan laləzar zülfün, bənövşə". Bundan başqa, Vuzulinin (yəqin ki, Füzulinin - M.M.) "Ağlayar ol seyidi-tal ki, eşq yar etməzmidiyim, ixtiyar olsaydi tar ixtiyar etməzmidiyim..." müxəmməsi və Vidadinin "Bir cəmi axtar, saqi, bu dövran belə qalmaz..." müxəmməsi vardır.
Ayrıca olaraq bu fakt üzərində dayanmaq lazım gəlir ki, bir çox şeir toplusunda, gürcü əlifbası ilə yazılmış antologiyada Azərbaycan nəğmələrinin başlanğıcı göstərilmişdir və gürcü şairləri həmin nəğmələrin melodiyasında şerirlər yaratmışlar. Bəzən də başlanğıc misralardan sonra onların gürcü dilinə tərcüməsi verilir. Məsələn, XVIII əsrin ikinci yarısının şairi Otar Kobulaşvilinin mahnısının mətnində "Hoydu, sənəm" başlanğıcından sonra onun tərcüməsi ("Əgər desələr...") gəlir.
Qeyd etmək lazımdır ki, Aleksandr Çavçavadze 1804-cü ildə Rusiyaya qarşı üsyan zamanı əsir düşərkən yaradılmış vətənpərvərıik lirikasının bir sıra nümunələrinin əvvəlində Azərbaycan nəğmələrinin başlanğıcı təqdim olunub, məsələn: "Uçdu könlümün quşu", "Bağça divarından aşdım", "Can quşu bu yerlərdə", "Mən gəncəli deyiləm" və s...
Bəzi hallarda əlyazmalarında Azərbaycan nəğmələrinin başlanğıc hissəsi göstərilməsə də, həmin şeirin türk dilindəki nəğmələrin melodiyasında yaradıldığı qeyd edilib. Bu misallardan birinin üzərində xüsusi dayanmaq istərdim. Gürcü şairi Dimitri Tumanişvilinin (çar XIII Georginin sarayının katiblərindəndir) "Axal aqnaqo" ("Yeni ruh") nəğməsinə Puşkinin "Ərzuruma səyahət"ində müəyyən dəyər verilmişdir. "Gürcü nəğməsinin avazı xoşagələndir. Onlardan birini sözbəsöz mənə tərcümə etdilər, görünür, son vaxtlarda qoşulmuşdur. Onda öz poetik məziyyəti olan nəsə bir Şərq cəfəngiyatı vardır. Onu sizə təqdim edirəm: "Duşa, nedavno rojdennaə v raö! Duşa, sozdannaə dlə moeqo sçastiə! Ot tebə, bessmertnaə, ojidaö jizni. Ot tebə, vesna üvetuhaə, ot tebə, luna dvunedelğnaə, ot tebə, anqel moy xranitelğ, ot tebə ojidaö jizni. Tı siəeşğ liüom i veselişğ ulıbkoö. Ne xoçu obladatğ mirom; xoçu tvoeqo vzora. Ot tebə ojidaö jizni. Qornaə roza, osvejennaə rosoö! İzbrannaə löbimiüa prirodı! Tixoe, potaennoe sokrovihe! Ot tebə ojidaö jizni"".
Dimitri Tumanişvilinin nəğməsinin mətninin sətri tərcüməsi və onun ifası əsasında Puşkin semantikanın təkcə xarakterini deyil, şeirin melodiyasının xarakterini də dəyərləndirir: "Gürcü nəğməsinin avazı xoşagələndir". Həqiqətdə isə bu nəğmənin melodiyası tam gürcü melodiyası deyildir. Şeir poetik antologiyalardan birində verilərkən əsas mətndən öncə göstərilib: "Qafiyə. Türk melodiyası ilə ifa olunur. 7 bənddən ibarətdir. Hər bənddə səkkizhecalı üç misra qafiyələnir, on altı hecadan ibarət hər dördüncü misra təkrar olunur". Burada nəğmənin sözlərinin türk melodiyası üstündə ifa üçün nəzərdə tutulduğu tamamilə aydın göstərilib. Beləliklə, Puşkinin "Gürcü nəğməsinin avazı xoşagələndir" təyininə gürcü deyil, Azərbaycan vokal lirikasına münasibət kimi yanaşmaq lazımdır. Puşkin Tiflisdə melodiyasını eşitdiyi nəğmənin əsil gürcü nəğməsi olmadığını bilməzdi. Fərz etmək olar ki, bu cür anlaşılmazlığın nəticəsi Puşkinin "Qafqaz əsiri" poemasına etdiyi qeyddə də özünü göstərir: "Gürcü nəğmələri xoşagələndir və çox hissəsi qəmlidir. Onlar Qafqaz silahının bir anlıq nailiyyətini, bizim qəhrəmanların: Bakuninin və Sisyanovun ölümünü şərəfləndirir, xəyanət, qətl - bəzən sevgi və həzdir".
Gürcü nəğmələri, bir qayda olaraq, çoxsəslidir və beləliklə, əsla qəmli deyildir. Bundan başqa, Puşkinin "gürcü nəğməsi Bakunini, Sisyanovu, xəyanıkarlığı və qətli şöhrətləndirdiyi" mülahizəsinin heç bir faktiki dəlil təsdiqləmir.
Gürcü poeziyası ilə Şərq nəğmə lirikası arasındakı sıx əlaqəni araşdırarkən qeyd etmək lazımdır ki, bu prosesdə Azərbaycan və fars şairlərinin şeirlərinin tərcüməsi də müəyyən yer tutur. Ehtimal ki, əlyazmaları toplusunda orjinal əsər kimi təqdim olunan bir sıra şeir, əslində, tərcümədir. Səciyyəvidir ki, Qriqol Baqrationi 1820-ci ildə tərtib etdiyi əlyazmaların poetik antologiyasında Stepan Melikişvilinin şeirinə toxunaraq qeyd edir":Bəziləri ona məxsusdur, bəziləri isə tatar (Azərbaycan - M.M.) dilindən tərcümə olunub". Antologiyalardan birində Stepan Melikişvilinin bir lirik şeirindən öncə göstərilib: "İbrahim xanın bacısının şeirləri".
Əlyazmaları toplusunda Azərbaycan nəğmələrinin mövcudluğu XVIII əsrə və XIX əsrin əvvəllərinə aid gürcü poeziyasının inkişaf xüsusiyyətini özünəməxsus şəkildə əks etdirir: bu dövr xüsusi olaraq fars və Azərbaycan nəğmələrinin güclü və məhsuldar təsiri ilə əlamətdardır. Bu təsir həmin dövrdə gürcü poeziyasında epik şeirin monopoliyasının öhdəsindən gəlinməsində, müxəmməs, müstəzad, dubeyti, bayatı, təcnis və s. kimi şeir formalarının mənimsənilməsində, prosodiyanın yeniləşdirilməsində başlıca rol oynayan mühüm amillərdir. Gürcü müəllifləri bu nəğmə lirikasında öz milli poeziyalarında o vaxta kimi olmayan və ya uyumaqda olan nəsə bir şey tapdılar. Bu, Yuri Lotmanın sözləri ilə desək, impuls ilə təsirə oxşarlıq (mərhələli, janrlı və s.) deyil, fərqli bir haldır.
Gürcü müxəmməs və bayatılarında, təcnis və müstəzadlarında müxtəlif modifikasiya və yenilikləri daha əyani surətdə aşkarlamaqla Amirani, Kartlos, Avrora, Apollon, Afrodita, Diana, Mars, Minerva, Eros, Kupidonlar, Qrasilər, Muzalar, Nimfalar, Homer, Rebeka, Yudif və s. kimi gürcü, antik bə incil mifologizmlərindən, etnonimlərindən və toponimlərindən istifadə olunmasını qeyd etmək lazımdır.
Gürcü poeziyasının formasını, Avropa və rus ədəbiyyatından gələn bir sıra təsirləri, Azərbaycan və fars poeziyasının stilistik üsullarını mənimsəməklə Götenin üslubuna bənzər üslubda "Qərb-Şərq divanı" yarandı.
1820-ci illərin sonunda romantizm cərəyanının əmələ gəldiyi vaxtlarda Şərq nəğmə lirikası yenilik cazibədarlığını itirir, ona qarşı münasibət kəskin şəkildə dəyişir, müəyyən mərhələdə isə kütləvi ədəbiyyat hadisəsinə, çox hallarda təqlid mövzusuna və tənqid obyektinə çevrilir. Ancaq 1910-cu illərin əvvəllərində modernizmin əmələ gəlməsi ilə və müvafiq olaraq şeirin formal tərəfinə, akustik effektə, poetik sözün oynaq başlanğıcına, yeni qoyulmuş prosodik qaydaya, elə bu vaxtlar mədəniyyətin operativ yaddaşının periferiyasında ortaya çıxan XIX əsrin poetik mətninə marağın artması yenidən aktuallaşdı. Şərq lirikasının şifahi cinaslarına və omofonlarına sözə modernist münasibətin tipoloji oxşarlığı kimi baxmaq olar. Bütün bunlar isə ayrı söhbətin daha böyük problemi və mövzusudur: bu, artıq postsimvolizm dövrünün barakkosu və modernizm poeziyası idi.

Tərcümə edəni:
Mirzə Məmmədoğlu