adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Fevral 2019 18:54
4849
GÜNDƏM
A- A+

Gənclər ədliyyədə könüllü fəaliyyətə dəvət olunur

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir, Azərbaycan gəncliyinin hərtərəfli inkişafına, cəmiyyətin bütün sahələrində fəal iştirakına əlverişli imkanlar yaradılır.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Adalet.az -a verilən məlumata görə, son illər Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb, dövlət başçısının təşəbbüsü ilə "Könüllü fəaliyyət haqqında" Qanun qəbul olunub, minlərlə gənc müxtəlif təşkilatlarda, o cümlədən "ASAN Könüllülər" şəbəkəsində fəaliyyətə cəlb olunmaqla cəmiyyətimizin fəal üzvlərinə çevriliblər.

Dövlət siyasətinə uyğun olaraq ədliyyə orqanlarında da gənclər geniş təmsil olunur, onlara xüsusi qayğı ilə yanaşılır, mütəmadi görüşlər keçirilir. Gənclərin işlə təminatı diqqətdə saxlanılaraq son 5 ildə şəffaf seçimlər əsasında 2000-dən çox gənc hüquqşünas qulluğa qəbul olunub, onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir və bir çoxu məsul vəzifələrə irəli çəkilib.

Ümumilikdə, ədliyyə sistemində çalışan işçilərin təxminən 40 faizini gənclər təşkil edir.
Hazırda qulluğa qəbulla bağlı müsabiqədə uğur qazanaraq Ədliyyə Akademiyasında keçirilmiş icbari təlimin nəticələri üzrə peşə fəaliyyətinə buraxılmış, əksəriyyəti gənclər olan daha 80-ə yaxın hüquqşünasın təyinatı məsələsinə baxılır. Eyni zamanda, ötən ilin sonunda nazirlik tərəfindən elan olunmuş növbəti açıq müsabiqədə iştirak etmək üçün 350-ə yaxın hüquqşünas ərizə ilə müraciət edib və onlarla test imtahanı keçiriləcəkdir.

Həmçinin dövlət başçısının tapşırıqlarına uyğun olaraq nazirlik tərəfindən könüllülər institutunun genişləndirilməsinə, gənclərə peşə vərdişləri aşılanmasına, onların ədliyyə sistemində təcrübə keçmələrinə daim diqqət yetirilərək Nazirliyin Kollegiyası tərəfindən 2016-cı ilin oktyabr ayında "Ədliyyə orqanlarında könüllülər institutunun təşviqi üzrə əlavə tədbirlər barədə" xüsusi qərar qəbul edilib. Bununla əlaqədar ölkəmizin müvafiq ali təhsil müəssisələri və tələbə-gənclər təşkilatları, eləcə də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə səmərəli əlaqələr qurulub, gənclərlə çoxsaylı görüşlər keçirilərək 1200-ə yaxın könüllü ədliyyə və məhkəmə fəaliyyətinə cəlb olunub, onların bir qismi üçün Ədliyyə Akademiyasında xüsusi təlimlər təşkil olunub.

Könüllülük institutunun təşviqi gənclərdə ədliyyə fəaliyyəti ilə tanışlıq, bu sahələrdə işləməyə həvəsin artırılması, onların yaradıcı və innovativ potensialının üzə çıxarılması, məşğulluğunun təmin olunmasına şəraitin yaradılması, eləcə də kadr ehtiyatının formalaşdırılması məqsədi daşıyır. Hazırda bu sahədə fəaliyyətin daha mütəşəkkil qaydada həyata keçirilməsi üçün gənclərə bilavasitə Nazirliyə müraciət etmək imkanı yaradılır. Bununla əlaqədar hüquqşünaslıq və informasiya-kommunikasiya texnologiyaları ixtisasları üzrə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinin sonuncu kurslarında, habelə magistratura səviyyələrində təhsil alan gənclər ədliyyə sahəsində könüllü fəaliyyətə dəvət edilir.

Müraciətləri [email protected] elektron ünvanı vasitəsilə və ya Nazirliyin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etmək mümkündür. Əlavə məlumatları Nazirliyin internet səhifəsindən (www.justice.gov.az) və (012) 537-05-90, 537-04-87 nömrəli telefonlar vasitəsilə almaq olar.