adalet.az header logo
  • Bakı 20°C
08 Fevral 2019 15:56
7742
GÜNDƏM
A- A+

"Peyğəmbərin 14 xanımı olub" - İlahiyyatçı Elşən Sultanov

Yazar Aqşin Yenisey Adalet.az-ın boşanmalarla bağlı keçirdiyi sorğuda "Peyğəmbər oğulluğuna dedi ki, arvadını boşa” fikirlərini səsləndirib. İlahiyyatçı Elşən Sultanov ilə əlaqə saxlayıb bu fikrin doğru olub-olmadğına aydınlıq gətirdik.

- Ümumiyyətlə İslam dini boşanmaya müsbət yanaşan bir din deyil. İslam dini son ana kimi hər nə bahasına olursa olsun, ailəni qoruyub saxlamağın tərəfdarıdır. O hadisələr ərəb cəmiyyətində baş verən hadisələrdir. Zeyddən boşanan Zeynəb xanım sonradan peyğəmbərlə nigahlanıb. O, peyğəmbərin həyat yoldaşı olub. "Peyğəmbərin həyat yoldaşları” sözü doğru deyil. Onlar peyğəmbərin himayəsi altına keçmiş qadınlardır. Peyğəmbərin evləndiyi qadınlar ona sığınan qadınlardır. Zeynəb də Zeyddən boşanandan sonra peyğəmbərə sığınıb, o da onu qadını kimi qəbul edib. Zeyd isə həm peyğəmbərin oğulluğudur, həm də Yəməndən gələn kölədir. O, əvvəlcə peyğəmbərimizin köləsi olub. Sonra peyğəmbəri onu azad edir və varis elan edir. Zeyd bundan qabaq da evlilik həyatı yaşayıb və boşanıb. Qaldı ki, əsas məsələyə, peyğəmbər sonacan çalışıb ki, Zeydlə Zeynəbin ailəsi dağılmasın. İslamda boşanma yaxşı qarşılanmır. Ailə artıq dağılmağa doğru gedərsə və onun qarşısı heç cür alına bilmirsə, əlac yoxdur. Peyğəmbərə kimi Romada da, Assuriyada da qadınlar qul kimi alınıb satılırdı. Peyğənmbər, İslam dini qadını azad buraxdı.

- Bəs üç dəfə "boş ol” deməklə boşanan ailələr?

- Bunlar qəbilələrin uydurmasıdır. İslam dini bizə gələnə kimi böyük bir mərhələ keçib. O köhnə ənənə sistemi ilə oturub-duran qəbilələr peyğəmbərin modern fikirlərini qəbul etmədilər. Peyğəmbər və ondan sonrakı dörd xəlifə öləndən sonra Əməvilərin, xüsusilə də Abbasilərin dövründə qadınlara olan hörmətsizlik yenidən baş qaldırdı. İndinin özündə də ərəblər qadına qul kimi baxırlar. Hələ təzə-təzə qadına maşın sürməyə icazə veriblər. Zeydlə Zeynəbin boşanması qarşılıqlı razılaşma nəticəsində həyata keçib və peyğəmbərimizin himayəsi altına keçib.

- Peyğəmbərin neçə həyat yoldaşı olub?

Əslində peyğəmbərimizin on dördə yaxın xanımı olub. Cəmi altı-yeddi övladı olub. Əgər peyğəmbərin seksual məqsədləri olsaydı, gərək otuz-qırx övladı olaydı. Peyğəmbər onların hamısıyla cinsi əlaqədə olmayıb. Onlar sadəcə peyğəmbərə sığınıblar. Siz fikirləşin, Əfqanıstanda qadın olmaq nə deməkdir, Almaniya da nə.

Yenə deyirəm, İslam dini ailənin son ana kimi dağılmamağının tərəfdarı olub. Hətta deyir ki, yataqlarınızı ayırın, bir müddət ayrı yaşıyın. Ola bilər ki, müəyyən psixoloji travmalar yaşamısınız. Qurani-Kərim ailən son ana kimi qoruyub saxlamağa çalışır.