adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Fevral 2019 15:50
7094
GÜNDƏM
A- A+

Türkiyədə Xocalı soyqırımı abidəsinin açılışı olacaq

Fevralın 12-də Kahramanmaraş şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə yaradılan Xocalı soyqırımı parkının və "Ana fəryadı" abidəsinin açılışı olacaq. 

İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov Adalet.az-a açıqlamasında qeyd edib ki, hələlik səfər çərçivəsində görüləcək işlərdən danışmaq tezdir: "Yalnız onu deyə bilərəm ki, Türkiyə səfəri ilə bağlı Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və digər aidiyyəti qurumlara məlumat vermişik. Kahramanmaraş şəhərinə feralın 9-da yola düşəcəyik. Səfər çərçivəsində əvvəlcə vaxtilə Maraş adlanan bu şəhərin erməni işğalından azad edilməsinin 99 illiyi ilə bağlı keçiriləcək tədbirdə iştirak edəcəyik”. 

Uzun illərdir Türkiyənin Kahramanmaraş Böyük şəhər Bələdiyyəsi və Kahramanmaraş Sütçü İmam Universiteti ilə çox sıx əməkdaşlıq əlaqələri saxladıqlarını deyən R.Məmmədov bu münasibətlərin genişlənməsinin ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini vurğulayıb: "Məhz bu əməkdaşlığın nəticəsi olaraq Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Prezidenti, Azərbaycan Respublikasının xalq yazıçısı Çingiz Abdullayev və İctimai Nəzarət Koalisiyasının sədri olaraq mənim birgə müraciətimizdən sonra Türkiyənin Kahramanmaraş Böyük şəhər Bələdiyyəsinin qərarı ilə 12 fevral 2019-cu ildə bu şəhərdə Xocal Soyqırımı parkının və "Ana Fəryadı" abidəsinin açılışı olacaq. Bildiyiniz kimi, ötən ilin oktyabrında qardaş Türkiyənin Kayseri şəhərində də Xocalı parkının və "Ana fəryadı" abidəsinin açılış mərasimi olmuşdur və həmin tədbirdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin və İctimai Nəzarət Koalisiyasının rəhbər heyəti iştirak etmişdir. Azərbaycanın dövlət büdcəsindən vəsait xərcləmədən İNK ailəsinin çoxsaylı üzvlərinin imkanları hesabına Türkiyədə yaratdığımız Xocal soyqırımı parkı və "Ana fəryadı" abidəsi, hesab edirəm ki, həm də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstək çərçivəsində Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Təbii ki, bütün bunları dünyada qlobal beynəlxalq münasibətlər sistemində öz sözü, mövqeyi olan Azərbaycanın, Prezident cənab İlham Əliyevin, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xarici siyasət kursunun növbəti uğuru kimi qiymətləndirmək olar".