BİR SAATLIQ YETİM

MAHİR QABİLOĞLU
37454 | 2019-02-08 15:14

Qızım atası evinə qonaq gəlib. Əlbəttə ki, nəvələrimlə. Yoldaşım evdə yoxdur. Təkəm. Uşaqlar aləmi qatıblar bir-birinə. Öyrəşməmişəm bu səs-küyə. Həm də qorxuram ki, özlərinə xələl yetirərlər. Hərdən qışqırıram üstlərinə – profilaktika xarakterli. Tez analarının arxasına keçib ətəyindən tutaraq ürkək baxışlarını mənə zilləyirlər. Üstəlik mənə dil də çıxarırlar. "Baba, duxun var gəl yaxına” sözlərini gözlərindən oxuyuram. Sınıram. Əriyirəm. Hirsimdən əsər-əlamət qalmır. Bir azdan öz evlərinə gedəcəklər. Yenidən evimə ölü sükut çökəcək. Nəvələr isə meydan sulayır. Televizoru yandırıb yatağa uzanıram. İki yaşlı qız nəvəm isə xalçanın üstündə oyuncaqla oynayır. Bu dəm qızım mənə yaxınlaşıb qulağıma pıçıldayır: "Papa, Qabili aparıram saçını düzəltdirməyə. Bir saatlıq qızdan muğayat ol”. Eşik qapısını ehmalca bağlayıb aradan çıxır.

İkiyaşlı İlayda isə oynayır. Mən isə televizora baxıram. Birdən başını qaldırıb mənə baxır. "Mam-ma” deyərək yerindən qalxıb dəhlizə qaçır, ordan da mətbəxə. Mən də arxasıyca qaçıram. Mətbəxdə heç kimi tapmır. Sonra böyük otağa keçir. "Mam-ma” çağıraraq. Mizin süfrəsini qaldırıb altına baxır. Yenidən otağa nəzər salır. Anasını tapmır. Məni isə heç vecinə almır. Sanki yoxam bu otaqda. Mən isə qorxuram. Qorxuram ki, ağlayar. İndi gəl iki yaşlı uşağın ağalamağını kəs də... Kiçik yataq otağına qaçır. Əyilib yatağın altına yoxlayır. Bircə söz deyir: "Mam-ma”. Hamam-tualeti də nəzərdən keçirir. Anasını tapmır. Başını qaldırıb qəmli-qəmli mənə baxır. Deyirəm ki, "vsyo”. İndi başlayacaq, nə başlayacaq. Amma ağlamır. Yenidən böyük yataq otağına qayıdır. Xalçanın üstündə oturur. Mən də yatağıma uzanıram. Televizora baxıram. Amma fikrim ondadır. Kuklası üçün çay hazırlayır. Sonra fincana süzür. Onu içizdirir. Sonra özünə süzür. Yemək də yeyirlər. Hərdən bir baxışlarını mənə dikir. Kədərlidir. Göz qapaqları yarıyacan açılır. Mənə baxır. Amma sanki yerə baxır. Hərdən kəsik-kəsik "Mam-ma” deyir.

Beləcə bir saat keçir. Qapının zəngi çalınır. Üzü gülür. Göz qapaqları tam açılır. Heç bir hecalara böləmədən ikihecalı "mama” sözünü bir hecaya qışqırıb qapıya tərəf qaçır. Qapını açıram. Anasını görüb qışqırır. Qucaqlayıb öpür onu. Sanki çoxdandır görməyən kimi. Kövrəlirəm. Heç nə demirəm. Gəlib yerimə uzanıb televizora baxıram. Fikrim isə yazacağım yazıdadır: Allah heç bir uşağı heç bir saatlıq da anadan yetim qoymasın.

MAHİR QABİLOĞLU

TƏQVİM / ARXİV