Faiq QİSMƏTOĞLU: BADALAQ

FAİQ QİSMƏTOĞLU
41978 | 2019-02-08 14:31
Heç siz görmüsünüz kimsə bir başqasına badalaq atsın? Və bu badalaq sözü də hər adama çatmır. Bunu ən çox kənddə boya-başa çatmış insanlar daha dərindən anlaya bilərlər. Çünki uşaq vaxtı məhəllədə, küçədə, lap futbol oynayanda bir-birimizə o qədər badalaq atmışıq və bu badalaqdan sonra üzüüstə yerə çırpılmışıq. Yerə çırpılmaq da adama elə-belə başa gəlmir; ya sir-sifətin dağılır, ya da qol-qılçan sınır. Biz Bəhmənlidə "şirəlik” deyilən yerdə futbol oynayanda Gülüşün oğlu Kamal əmim oğlu İnşallaha bir badalaq atdı ki, o da üzüüstə yerə dəydi və qolu sındı.

Bir daha İnşallahın atası Qurban kişi onu "şirəlik”də futbol oynamağa qoymadı. Dedi ki, get qoyun-quzunu otar, qoyun-quzu otaranda da kitabını qoltuğuna vur, dərslərini oxu. Futbol oynamaq sənlik deyil. O da kitabını qoltuğuna vurdu, qoyun-quzunun dalına düşüdü, yaxşı oxuyub sovet dövründə pulsuz-parasız Kənd Təsərrüfatı İnstitutuna daxil oldu. Rayonda baş aqronom işlədi və bu gün də Kənd Təsərrüfatı İdarəsində elə baş aqronom işləyir.

Badalaq var ki, mənin əmim oğlu İnşallah kimi adamı yuxarıya qaldırır, badalaq da var ki, səni elə götürüb yerə çırpar ki, qiyamətə qədər qalxa bilməzsən. Bax, bu badalaq çox təhlükəli və ölümcül bir badalaqdı. Bu badalaq da hər zaman, hər an kimlər tərəfindənsə atılır. Və o badalağı atan da çox vaxt aradan elə çıxır ki, heç bilmirsən badalağı sənə kim atdı və necə atdı.

Bizim ölkəmiz çox gənc və müstəqil bir dövlətdir. Ona da çoxlu badalaq atanlar var. Bu badalaq atanlar yekə-yekə ölkələrdir. Və yekə-yekə ölkələrin badalaqlarını şükürlər olsun ki, bizim prezidentimiz hamısını dəf etməyi bacarıb. Ölkənin içində də bu yüksəlişə, inkişafa, demokratiyaya badalaq atanlar var. Bax, bunlar xaricdəki düşmənlərdən daha təhlükəlidilər. Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, mən bu xalqın bir nömrəli xidmətçisiyəm. Vəzifəsindən asılı olmayaraq nazirlər də, icra başçıları da, hüquq-mühafizə orqanlarının rəhbərləri də bu xalqın xidmətçiləridir. Cənab prezident dedikləri fikriləri əməli işlərilə doğruldur. Xalqın ən çətin, ağır vəziyyətində həmişə onun yanında olur.
Heç uzağa getməyək, bir neçə gün bundan əvvəl Şamaxıda yüngülvari bir zəlzələ baş verdi. Bu zəlzələ zamanı bir çox binalara zərər toxundu. Prezident İlham Əliyev isə bir gündən sonra özü Şamaxıya səfər etdi, dağıntılar olan yerlərə baş çəkdi, hətta evi zəlzələdə uçulan bir ananın evinə baş çəkdi. Prezident ananı qucaqladı və əllərindən öpdü. Bax, budur xalqa xidmət etməyin ən bariz nümunəsi! Ananın əllərindən öpən prezidenti bu xalq gözü üstündə saxlayacaq. Xalqın sevgisi də böyük olur, qəzəbi də. Ancaq cənab İlham Əliyev bu xalqın, bu millətin, sadə insanların çox böyük məhəbbətini qazanıb.
Bir neçə gün bundan əvvəl Nazirlər Kabineti qərar qəbul etmişdi ki, meşədəki meyvələri, hətta qurumuş yarpaqları yığmağa görə, insanlar filan qədər cərimə ödəməlidilər. Sözün açığı, bu qərar əhali arasında çox böyük narazılıq yaratdı. Hətta millət vəkili Aqil Abbas saytların birinə həmin mövzuyla bağlı müsahibə verərkən bildirmişdi ki, mənim özüm də meşənin kənarında yaşamışam. O qədər gedib meşədən böyürtkən və digər meyvələr yığmışam. İndi buna görə məni cərimə eləməlidilər? Ümumiyyətlə, bu məsələ düzgün deyil. Cənab prezident xalqın meşələrlə bağlı narahatlığını bilib həmin qərarı ləğv etdi. Bir daha göstərdi ki, İlham Əliyev bu xalqın səsini eşidir və hər bir azərbaycanlının prezidentidir.

Sanki daxildəki müəyyən qüvvələr prezidentlə xalq arasında çalışırlar ki, narazılıqlar yaratsınlar. Ancaq prezident və xalq görür ki, bu narazılıqlar maraqlı qüvvələr tərəfindən ortaya atılır. Və Azərbaycan xalqı ağı qaradan seçməyi bacaran bir millətdir. Onun sabun köpüyü kimi nə iləsə başını qatmaq olar. Ancaq onu heç vaxt aldatmaq, qaranlığa, cəhalətə sürükləmək olmaz.

Ancaq məmurlar da, o cümlədən nazirlər, icra başçıları, hüquq-mühafizə orqanlarının əməkdaşları cənab prezidentdən nümunə götürməlidilər. İnsanları öz qəbullarında aylarla, həftələrlə, saatlarla gözlətməməli, onları dinləməli və problemlərini həll etməlidilər. Bir vətəndaşın adi su, qaz problemini mövcud qurum həll eləmirsə və bu məsələyə cənab prezident qarışırsa, bəs onda o qurumların rəhbərlərinə, o qədər əməkdaşlarına nə ehtiyac var? Bu gün bəzi məmurlar və hətta icra başçıları var ki, öz vəzifə borcunu yerinə yetirə bilmir, xalqı narazı salır. Təbii ki, bu cür məmurları cənab prezident dəfələrlə vəzifələrindən uzaqlaşdırıb. Yeni təyin olunan vəzifəli şəxslər isə əvvəlki sələflərindən nəticə çıxarmalı, prezidentin tapşırıq və göstərişlərini yerinə yetirməli, bu xalqa, bu millətə vicdanla xidmət etməlidilər.

Amma elə məmur var ki, nəinki xalqa xidmət edir, ancaq öz qohum-əqrəbası və yaxınları haqqında düşünür. Az qala camaatın dərisini soyub içinə saman təpə. Ancaq bilmirlər ki, zaman gələcək, o qanunu pozan, xalqa xidmət etməyən məmurun özünü cəzalandıracaqlar. Bax, bu cəzanı həmin vəzifəli şəxslər hər an gözlərinin önünə gətirməlidilər.

Avtobusların və metronun qiymətini 10 qəpik qaldıranda bəh-bəhlə dedilər ki, xidmətin səviyyəsi yüksələcək. Görəsən xidmətin səviyyəsi yaxşılaşdımı? Bu sətirlərin müəllifi hər gün həm metrodan, həm də avtobuslardan istifadə edir. Nə metroda, nə də avtobuslarda xidmətin yüksəlməsindən danışmağa dəyməz. Əksinə, vəziyyət bir az da pisləşib. İnanmırsınız, gedin bu ictimai nəqliyyatdan istifadə edən sərnişinlərdən soruşun. Biz onların çoxundan soruşmuşuq, hamısı da narazılıq eləyir. Tək-tük adam tapılar ki, razılıq eləsin. Metrodan, avtobusdan kim istifadə edir? Kasıb, imkansız adamlar, təqaüdçülər və tələbələr. Pullu və imkanlı adamlar nə metroya, nə də avtobusa minirlər. Metro və avtobuslara da minənlər dediyimiz o kasıb təbəqənin adamlarıdır. 10 qəpik onlar üçün (elə mənim üçün də) çox böyük puldur. Əvvəllər işdən evə, evdən də işə gedib-gəlməyə 1 manat 20 qəpik verirdim. İndi 2 manat pul verirəm. İndi görün kasıb təbəqə yol pulu ödəməkdə hansı çətinliklərlə üzləşir.

Hər halda, bunun özü də bu dövlətə, bu xalqa bir badalaq atmaq deməkdir. Və nə yaxşı ki, ölkə prezidenti bu badalağın qarşısını almağı bacarır. Amma gərək bir xalq olaraq biz özümüz də dövlətimizə, dövlətçiliyimizə və prezidentimizə badalaq atanların qarşını alaq. Və hətta bu badalaq atan doğma qardaşımız olsa da, onu yerində otuzduraq və cavabını verək. Və biz elə etsək, badalaq atanlar həm prezidentdən, həm də xalqdan çəkinib öz yerlərində oturacaqlar...


TƏQVİM / ARXİV