adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Fevral 2019 09:40
4310
GÜNDƏM
A- A+

XOCALI ŞİKƏSTƏSİ

(roman)

Ulduz Qasım

(əvvəli ötən sayımızda)

Məryəm yorğun və kədərli baxışlarla Zəriş arvada baxsa da, onun nə dediyini kəsdirmirdi.
- Narahat olma, qızım, əgər yenə lazımdısa uşaqlara baxa bilərəm. Onsuz da bekarçılıqdı. Başım qarışar. Doğru deyirəm. Get dincəl bir az. Çox yorğunsan. Əynin-başın da su içindədi.
Uşaqları yanına alıb yuxarı qalxdı. Körpələri yedirtdi. Aysellə Vüsalın nə vaxt gəldiklərini belə duymadı.
Əynindəki yaş paltarları dəyişdi. Yazlıq, qışlıq olanı bir ayaqqabı idi, o da tamam islanmışdı. Fərqinə varmadan ayağına keçirib qapıdan çıxa-çıxa Ayselə dedi:
- Qızım, balacalar amanatı.
Dərsləri bitən kimi direktorun otağına getdi. Olanları anlatdı. Sahib müəllim çox təəssüf etdi. O da başqaları kimi təskinlik verdi:
-Balaca uşaq deyil ha. Ağlı başında adamdı. Fikir eləməyin, gələr harda olsa. Bəlkə-rayona, filana gedib. Oralarda qohum-əqrəbəsi yoxdu?
-Yox. Qohumlarının da haralarda olduğunu nə o bilir, nə də mən.
-Bəlkə polisə xəbər verək? Xəstəxanalardan da soruşmaq lazımdı. Yağışlı, küləkli havalardı, yolda-irizdə yıxılıb eləyər. Mən xəstəxanalarla əlaqə saxlayaram. Siz də mütləq polisə xəbər verin. Qoyun axtarsınlar. Əgər çatdırmasanız dərslərə gəlməyin. Rəhim müəllimdən xahiş edərəm sizi əvəzləyər.
-Allah sizdən razı olsun!
- Fikir etməyin. Bir də gördünuz gəldi.
Məryəm həyat yoldaşını yaxşı tanıyırdı. Əgər Nəriman ona altdan-üsdən bir söz deyibsə, qayıtmaz heç vaxt. Ölər, amma qayıtmaz. Onu güclə ayağa qaldırmışdı. Bu dəfə çətin özünə gələ. "Kaş biləydim sənə nə deyib o alcaq? Gedib yapışardım boğazına. Ömründə bir qarışqanı öldürməyən mən, gözümü qırpmadan gəbərdərdim o alçağı. Hardan çıxdı qarşıma, dərdim azıydımı mən bədbəxtin?"
Fərhad yataqxananın yaxınlığında diqqət çəkməyən bir yerdə dayanıb, ailəsi qalan otağın pəncərəsinə baxır və düşünürdü. Bəlkə də Nəriman düz deyir. Niyə Məryəmə zülm edir? Onun da haqqıdı gün görmək. Bu şikəst canıyla ona nə verə biləcək. Bəlkə ərə gedər. Övlad sahibi olar.
Sonra vağzala getdi. Ağlına gəldi ki, ən yaxşısı, Bakıdan uzaqlaşsın. Onun izini tapa bilməyəcəkləri ucqar bir yerə getsin. Bir xeyli vağzalda oturdu. Uşaqları gətirdi xəyalına. Onları düşündü, "bəs, onlar necə olacaq? Onlara kim baxacaq? Samir də oxuyur. Ona mənim köməyim lazımdı. Söz vermişdim. Əhdinə vəfasiz çıxdın, Fərhad doktor, - deyəçək. Hələ Vüsal. Sən neyləyirsən, Fərhad? Nə fikirləşirsən? Doğrudan başın xarabdı. Bu qədər külfəti o yazığın üstünə atıb hara qaçırsan? Bir düşün. Yox, onlar böyüyəcəklər, hamısı özünə bir həyat quracaq. Bəs Məryəm?".
Sonra ilk gördüyü avtobusun sürücüsünə yaxınlaşdı. Hara getdiklərini soruşdu. Sürücü:
- Əli Bayramlıya gedirik, - dedi.
Sürücü onun əziyyətlə oturduğunu görürdü.
- Arxa boşdu, - dedi. Sonra Fərhadın dinmədiyini görüb əlavə etdi: - Orda uzanın. Belə sizə əziyyət olacaq.
Fərhad dillənmədi. Sürücü təkrar etdi:
-Dəyirəm, əgər otura bilmirsinizsə, arxadakı yer boşdu, orda rahat yerləşin.
-Sağ olun.
Sonra qoltuq ağaclarına söykənə-söykənə arxaya keçdi. Yol boyu yenə həmin fikirlər ondan əl çəkmədi: "Döyüş meydanından qaçırsan, Fərhad həkim. Beş uşağı necə qoyub gedə bilərsən? Onlar səndən bunu soruşmazlar elə bilirsən? Bəs, onda mənim gözəllər-gözəli Məryəmim necə olsun? Onun taleyi necə olsun? Özü də əgər Nərimanı sevirsə... Niyə onların arasına girim? Görəsən doğru deyir? Bu neçə ildə məni sevən adam necə birdən-birə onu sevdi? Necə?"sonra qışqırmağa başladı: "Yalandı! Yalandı! Yalandı!" Sərnişinlər mat-məəttəl qalmışdılar. Sürücü sürəti azaltdı, dönüb Fərhada sarı baxdı:
-Ə, bunun kirişası çoxdan gedib deyəsən. Nəyə qışqırır bu? Qələt elədik, yazığımız gəldı götürdük maşına. Şikəst adamdı, yolda qalmasın dedik. İndi yarı yolda düşürüm?
Sürücünün köməkçisi onu sakitləşdirdi:
-Görmürsən nə haldadı, yəqin bir dərdi var. Çarəsiz adamı yarı yolda buraxmaq günahdı. Dəymə, qoy getsin.
-Adamları narahat eləyir axı.
Bir kişi dilləndi.
-Dəyməyin, uşaqlar. Neyləsin, əlində deyil ha. Kim bilir, nə dərdi var.
Başqa bir yaşlı qadın da sözə qarışdı:
-Qardaş düz deyir. Yəqin Qarabağ əlillərindəndi. Kefindən eləmir ha. Kim bilir alçaq ermənilər başına nə müsibətlər gətirib. Allah köməyi olsun! Siz də, ay bala, bir az dözümlü olun, səbrinizi basın.
-Bir söz demirik, ay xala. Sizi narahat edir, ona görə deyirəm.
Bizim üçün narahat olmayın. Yazıqdı. Qoyun mənzil başına çatsın.
Yaxşı ki, Fərhad sakitləşdi. Daha doğrusu, yuxuya getdi. Əli Bayramlıda sürücü onu qaldırdı.
-Ay qardaş, çatdıq. Düşmək istəmirsən? Biz geri dönəcəyik bir saatdan sonra.
Fərhad harda olduğunu xatırlamırdı. Gözünü açıb onu silkələyən gənc sürücüyə key-key baxırdı.
-Çatdıq deyirəm. Düşəcəksən?
-...
-Elə bil lal oldu adam. Danışırdı axı. Nə oldu buna?
Bir də təkrar etdi:
-Əli Bayramlıdı.
Fərhad qalxmağa çalışdı. Sürücü ona kömək etdi. Avtobusdan enib yan-yörəyə göz gəzdirdi. Bayaqkı qoca kişinin gözündən yayınmadı onun nabələd davranışı. Yaxınlaşıb soruşdu:
-Deyəsən, ilk dəfədi buralara gəlirsiniz?
-Hə.
-Xeyir ola?
-Həkiməm, gəlmişəm iş axtarmağa, tapa bilərəm?
Kişi alnını ovuşdurdu:
-Mən Əli-Bayramlının kəndindənəm. Bax elə biri biz, kəndimizdə həkim yoxdu. Amma burdan ora qışda maşın gedə bilmir. At, eşşək arabasıyla gedirik oralara.
-Olsun, mənim üçün daha yaxşı.
-Onda gözlə, indi uşaqlar gələcəklər məni götürməyə. Gedərik bərabər. Doğrudan həkimsən?
-Həkimin yalançısı da olur?
-Bağışlayasan, ay oğul. Hər cür adam var bu dünyada. Qarışıq zamanadı. Elələrinə də rast gəldik. Gəlib adamları aldatdı kənddə. Sonra öyrəndik ki, həkim deyilmiş.
-Haqlısınız. Ancaq mən həkiməm, lakin üzü qara olsun müharibənin. Başımıza gəlməyən qalmadı.
-Elədi, müharibənin gətirdikləri müharibəylə bitmir. Onun ağrısını insanlar ömrü boyu çəkirlər, oğlum. Kimin-kimsən yoxdumu?
-Yox...
Fərhad ona bu cür doğma münasibət göstərən insana yalan dediyi üçün utandı. Amma məcbur idi. Başqa çıxış yolu yoxdu.
Səməndər kişi Fərhadın gözündə çox gizli mətləbin yazıldığını oxudu. Ancaq sual vermədi. Oğlunun at arabasıyla bir az aralıda durduğunu gördü:
-Hə, gəl doktor, gəl. Gəldi bizim mersedesimiz.
Fərhadla Səməndər kişi at arabasına mindilər.
-Ancaq yolumuz uzundu. Aclığın varsa, ayından-oyundan yeyək. Ə, Bəxtiyar, nəyin var arabada?
-Dədə, nənəm pendir-çörək qoyub. Al, torbanın içindədi.
Səməndər kişi oğlunun ona uzatdığı çit torbadan pendir, təndir çörəyi çıxartdı.
-Bəri dur, həkim. Allah verəndən yeyək.
Dünən günortadan Fərhadın dilinə bir şey dəyməmişdi. Təndir çörəyinin arasına pendir qoyub yedilər. Sonra da termosdakı kəklikotulu çaydan içdilər.
Anasının təndirdən çörək çıxardığı günlər yadına düşdü. Təzə buğda çörəyinin ətri bütün kəndə yayılardı. Fərhad elə təndir başındaca isti çörəyin arasına nehrə yağı ilə motal pendirini doldurub ləzzətlə yeyər, toqqanın altını bərkidərdi. Bu, ona görə dünyanın ən ləzzətli yeməyi idi.
-Nə fikrə getdin, oğul, çayını soyutma, iç.
-Çoxdandı belə ləzzətli şey yeməmişdim. Qurban olum kəndin nemətinə. Çox sağ olun!
-Hə, oğul, kəndin hər neməti dadlıdı. Halal xoşun olsun! Sən haralardansan?
-Adı qalmış Xocalıdan.
-Ağsaqqal bayaqkı sualını təkrar etdi:
-Hmm. Kimin, kimsən yoxdu?
-Dedim ki sizə... Yaxınlarımın hamısını itirdim. Uzaqlar da düzü, heç bilmirəm hardadılar? Hərə bir yerə dağılıb pərən-pərən düşüb. Başım öz dərdimə, öz ağrılarıma qarışıb deyin kimsədən xəbər tuta bilməmişəm.
-Allah köməyin olsun!
-Sağ olun!
Kəndə çatanda gecədən xeyli keçmişdi. Doğrudan da yollar həm çətin, həm də qorxulu idi.
- Səməndər dayı, insanlar qorxmurlar? Bu yollarla necə gedib-gəlirlər?
-Neyləyək, ay bala, olanımız budu.
Sonra da oğluna döndü:
-Anana gəldiyimizi xəbər ver, süfrə hazırlasın.
-Gecənin bu vaxtı gərək yoxdu, əziyyət verməyin.
-Var, oğlum, var. Çöldə deyilik ha. Allah verəndən nə varsa, bir loxma yeyərik.
Süfrə yığışılan kimi Səməndər kişi yenə üzünü oğluna tutdu:
-Anana denən, qonağa yer hazırlasın.
-Yaxşı, dədə.
-Sizə də zəhmət verdim.
-Nə zəhməti, həkim? Qonağımızsan. Evə gələn müsafir başımızın tacıdı. Evimiz, eşiyimiz Allah qonağına qurbandı. Heç bu haqda düşünmə. Gecələr soyuq olur. Əlavə yorğan var yükdə. Bilirsən, kəndlinin nəyi olmasa da, yorğan - döşəyi bol olur, götürərsən.
-Narahat olmayın, Səməndər dayı. Biz də kənddə böyümüşük, kənd adamıyıq.
-Bəxtiyar, həkimə yatağını göstər.
-Baş üstə, dədə.
Məryəm polosə gedib ərizə yazdı. Sahib müəllim Səhiyyə Nazirliyinin əliylə xəstəxanalara sorğu göndərtdi. Evdə demək olar ki, heç kim dinib-danışmırdı. Hamının zehni Fərhadın yoxa çıxmağının xofu ilə dolu idi. Balacalar da sanki evdə nəsə baş verdiyini hiss etmişdilər. Səsləri çıxmırdı. Məryəm bu dəfə Həmid kişinin evini yığışdırmağa bu dəfə getməmişdi. Daha doğrusu, gedə bilməmişdi. Ev sahibi nigaran qalıb xəbər tutmağa gəlmişdi. Məryəm onun gəlişindən narahat oldu. Daha doğrusu, utandı. Həmid kişini görən kimi əl-ayağa düşdü:
-Bağışlayın, bu dəfə gələ bilmədim. Yəqin, narahat oldunuz.
Məryəm başına gələni danışdı. Həmid kişi təəccübləndi:
-Doktor pis adama bənzəmir. Niyə belə iş tutsun? Səbəb nə ola bilər? Çox qəribədi. Mən onu bir dəfə görmüşəm. Amma bu bir dəfə yetdi ki, adamı tanıyım. Burda ciddi nəsə var. Mən də kömək edərəm axtarmağa. Bəlkə vəziyyəti pisləşib. Xəstəxanalara sorğu göndərməliyik, elə birinci bundan başlamaq lazımdı.
-Sahib müəllim söz verib xəstəxanalarla məşğul olmağa, siz zəhmət çəkməyin.
-Nə zəhmət var? O boyda adam yoxa çıxıb. Biz nəsə eləməliyik. Polis gərək operativ işləsin.
-Gedib bildirdim. Nə dedilərsə, yazdım.
-Yaxşı eləmisən. Mən də nə lazımsa, edərəm.
-Sizin işiniz çoxdu, zəhmət çəkməyin.
-Qızım, bu nə sözdü danışırsan? Sənə bir köməyim dəysə, çox rahat olaram. Səni qızım bilirəm.
Məryəm Nərimanın etdiklərindən sonra, elə bil heç kimə güvənmirdi. Ancaq qəlbinin dərinliklərində Həmid kişiyə qarşı nəsə bir doğmalıq duyurdu. Özünü danlasa da, bacarmırdı: "Niyə onu görəndə sevinirəm. Elə bil hardasa görmüşəm, həmişə elə yanımda olub. Yaxın bir qohumumdu. Çox qəribədi. Niyə bunları düşünürəm? Axı, bizim aramızda nə əlaqə ola bilər? Bir yaxınımız olsaydı, bilərdim. O hara, mən hara. Bəlkə yaxşı insan olduğuna görədi bunlar. Deyəsən, ağlım gedir lap...". Həmid kişi elə bil onun ürəyindən keçənləri oxudu.
-Bax, qızım, insanlar bir-birinə kömək əlini uzatmalıdı. Biz ki yad deyilik. Mən səni öz övladım bilirəm. Ağlına özgə şey gətirmə. Doğrudur, zamanə elə olub ki, hər gördüyunə inana bilməzsən. Ancaq mənə güvənə bilərsən. Bunu açıq ürəklə deyirəm. Nə çətinliyin varsa, çəkinmədən söylə. Əgər bilsəm nəyəsə ehtiyacın var, demirsən, küsərəm səndən.
(ardı var)