adalet.az header logo
  • Bakı 20°C
08 Fevral 2019 09:13
5100
GÜNDƏM
A- A+

MÖHTƏŞƏMLİK SİMVOLU - NAXÇIVAN

Bu iqtisadi, ictimai, mədəni yüksəliş, firavan həyat və qurub-yaratmaq əzminin inikasıdır.
Qoca şərqin yaxasında müdriklər oylağı, ucalıqlar məskəni, ulular məkanıdır Naxçıvan. Bəşər ilkinliyinin müqəddəslik simvolu, ucalığın, ululuğun möhtəşəmlik rəmzidir bu torpaq. Əsrarəngiz gözəlliyin ülviyyət çələngi, füsunkarlıq, ecazkarlıq nişanəsi, yaranışın dan yeridir bu diyar. Köz rəngində, alov biçimində olan uca, ulu dağlarla əhatələnən, həsrət timsallı Xan Arazın sahilinə sığınan qədim Oğuz-Türk yurdu, hələ antik səyyahlar dilində, salnaməçilər qələmində vəsf edilib: Nəqşi-cahan- dünyanın naxışı, bəzəyi, yaraşığı, ilkinlik təsdiqi olan Nuhçıxan, Nuh varan yer olduğu göstərilib.
Sözün yaddaş ilkinliyi, hikmətin əzəli, kəlamin müqəddəsliyi, müdrikliyi də Naxçıvanda, onun min çalarlı qızılı rəngli qayasında, daşında həkk olunub, nəqş edilib. Qədimdən qədim, uludan ulu bu məkanda ta əzəldən söz daşa yazılıb, daş sözə çevrilib. Gəmiqayada qaya rəsmlərindən uluların hikməti süzülür. Əbubəkr oğlu Memar Əcəminin əllərinin möcüzəsindən daş dilində dürlü-dürlü kəlamlar dil açır, sözlər axır. Bu torpağın hər qarışında sanki daş sözü bağrına basıb, söz də daşı.
Naxçıvanın torpağından, daşından hər qarışıda tarixin möhtəşəmliyi boy göstərir, hər qayasından əzəmət, vüqar boylanır. Haçadağı qürur nidasıdır. Əshabi-Kəhf bəşər ilkinliyinin müqəddəslik sədası, inanc ocağıdır. Əlincə qalası şah vüqarı, əyilməzlik möhürüdür. Əmir Teymur qəzəbinə 14 il sipər olan bu möhtəşəmlik nişanəsi çox sirlər hifz edir.
Eldəgizlər dövründə də xüsusi əhəmiyyət kəsb edib Əlincə. Səltənətin xəzinəsinin saxlanc yeri də bu məkan olub. Sərt, sıldırım qayalıqlar üzərində yerləşən bu yer strateji mövqedə zaman-zaman Naxçıvan hakimlərinin iqamətgahı da yerləşib. Bu mənada Əlincədə aparılan quruculuq, görülən bərpa-abadlıq işləri təqdir olunası möhtəşəm tədbirlər sırasında çox dəyərlidir. Beləcə bu müqəddəs torpaqda qəlbi saf, pak məfkurə ilə coşan Vətənə, xalqa xidmət amalı ilə çağlayan onlarlaş yüzlərlə böyük dühalar, filosoflar, mütəfəkkirlər, dahi sərkərdələr, şəxsiyyətlər bəxş edib cahana.
Elə bu günün Naxçıvanının möhtəşəmliyi də tarixi köklər, rişələrdən qaynaqlanan yurda, torpağa, Vətənə sevgi, insanlığa xidmət kimi amallar üzərində pərvəriş tapıb.
Bu qədim diyar bu gün sözün həqiqi mənasında tarixi şöhrətini- cahanın nəqşi, dünyanın bəzəyi adını özündə ehtiva edir. Doğma diyar başdan-başa gülüstana, cənnətməkana çevrilir. Yeni, müasir arxitetktura üslubunda inşa olunan orijinal quruluşa malik tikililər, tarixi abidələrin mənsub olduqları dövrün, memarlıq ənənəli fonunda restavrasiya edilməsi, mövcud binaların göz oxşayan təmiri, aparılan abadlıq işləri onun hüsnünə ecazkar çalarlar gətirib, əsrarəngiz məkana çevirib. Bu sırada tarixi məkanlara, memarlıq incilərinə qayğı, o cümlədən Əlincəqala ərazisində, Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində yaradılan dolğun kompozisiya və həmçinin burada uyuyan Nuh Peyğəmbərin məzarüstü türbəsinin mahiyyəti, onların tariximizdə kəsb etdiyi önəm dərk etdiyimizdən belə böyükdür, əhəmiyyətlidir. Qədim diyarın bu gün elm, təhsil və mədəniyyət mərkəzinə çevrilməsi də təqdir olunası hadisədir. Və bunlar deməyə əsas verir ki, XXI əsrin ilk onillikləri Naxçıvan tarixində intibah, inkişaf, tərəqqi dövrü kimi qeyd olunacaq.
Tariximizə qızıl hərflərlə yazılan bu səhifələr dövrün ictimai-iqtisadi və sosial inkişafı ilə yanaşı insanların da qurub-yaratmaq əzmini, eləcə də zövqlərini əks etdirəcək...
Adilə Səfərova,
Azərbaycanın əməkdar
mədəniyyət işçisi