QIZIM, UğUR DüNDARLAR ERMƏNiDƏN PiSDiLƏR

AQİL ABBAS
25192 | 2009-06-06 01:29
Mayın 27-də Türkiyənin "Star" kanalında Uğur Dündar "Hürriyyət" qəzetində getmiş bir köşə yazısını az qala Zəki Mürenin səsi ilə oxudu. Bir süjet verdilər, süjetin də üstündə bir erməni "Sarı gəlin"i oxuyurdu.
   
   Adamın tüstüsü təpəsindən çıxırdı. Səhər istədim bu məsələyə münasibətimi bildirim, amma bildirmədim. Birincisi ona görə ki, son zamanlar Türkiyə ilə bağlı çox yazılar yazıram, bizi sevməyənlər bundan başqa cür bəhrələnirlər. İkincisi də day yazmaqdan da yorulmuşam.
   
   Məsələ nədi? Ərdoğan böylə bir fikir demişdi: "Fərqli etnik kimlikli olanlar ölkəmizdən qovuldu. Bu, əslində faşistcəsinə bir yanaşmanın nəticəsi idi". Ərdoğanın bu sözlərindən ruhlanan Bəkir Coşğun adında bir yazar da babasının (bizim türkcədə baba) ikinci arvadı olan erməni qadını haqqında yanıqlı-yanıqlı bir yazı yazıb. Uğur Dündar da Zəki Mürenin səsi ilə həmin yazını televizyonda oxuyurdu. Bəli, mən bu məsələyə münasibət bildirmədim.
   
   Amma səhərisi "Yeni Müsavat" qəzetində Şəhla Əbusəttarın ""Sarı gəlin"i erməni mahnısı sayan türk yazarının ayıbı" adlı bir məqaləsini oxudum. Yazı çox ürəkağrısı ilə yazılmışdı. "Sarı gəlin"i erməni mahnısı kimi təqdim edən Uğur Dündar haqqında Şəhla xanım yazır ki, "40 ilin qəzetəçisi" bunu bilmir, yoxsa bilə-bilə deyir?
   
   Şəhla xanım daha sonra yazır: "Doğrusu, bunu gerçəkləri üzə düz deməkdən çəkinməyən yaşlı bir həmkarıma əsla yaraşdıra bilmədim. Bir azərbaycanlı jurnalist olaraq Uğur bəyə ermənilərə göstərdiyi bu jestdən dolayı, türklərin təbirincə desək, "madalya" taxmayacaqlar. Saxta bir medal taxsalar da Uğur bəy tarixi azacıq vərəqləsəydi, "Sarı gəlin"in ən sağlam məntiqə görə kimə aid olacağına bir baxsaydı.
   
   "Sarı gəlin" Azərbaycan xalqının mahnısıdı, Uğur bəy. Bunun əksini deyənlər, iddia edənlər mənim xalqımı təhqir etmiş olurlar".
   
   Qızım, əvvəla biləsən ki, Uğur bəy ermənilərə göstərdiyi bu jestdən dolayı "madalyasını" çoxdan alıb. Və Uğur bəy "Sarı gəlin"in türk mahnısı olduğunu da çox gözəl bilir. Uğur bəy və Uğur bəylər onlara pul verənlərin istədiyi mahnını çalırlar. Bunlar Sorosun cocuqlarıdılar. Özü də damarlarından da erməni qanı axır.
   
   Qızım, yadına sal Hrant Dink öldürüləndə qardaş Türkiyənin öz əllərində olmayan televiziya kanallarının, həmin bu "Star" da içində olmaqla, ağlamaqdan göz yaşları qurumuşdu. O cümlədən də Uğur Dündarın. Hrant Dinkin altı deşik ayaqqabısı az qala "Star"ın və "Star" kimi kanalların embleminə çevrilmişdi.
   
   Və qızım, Uğur Dündar və uğurdündarların da babalarını qohum-əqrəbalarını vaxtilə ermənilər qanlarına bələyiblər. Amma görürsən bu haqda danışmırlar. Niyə? ABŞ-a və Sorosa qulluq edən ağaları icazə vermir.
   
   Həmin ağalar sabah sifariş versələr ki, onlarla türk diplomatı, yüz minlərlə türkü qətlə yetirən ASALA-nı təmizə çıxarın, uğurdündarlar bunu da yaparlar.
   
   Dilxor olma, qızım. Sən hərdən Atatürk haqqında yazılmış bir şarkıya qulaq as:
   
   
   
   Sarı saçlım,
   
   Mavi gözlüm,
   
   Nerdesin,
   
   Nerdesin gəl!
   
   
   
   Və yaxşı ki, sarı saçlı, mavi gözlülər uğurdün- darlardan çoxdu.
   
   

TƏQVİM / ARXİV