adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
07 Fevral 2019 17:34
23153
HÜQUQ
A- A+

31 prokurorluq işçisi məsuliyyətə cəlb edildi

Ötən il 31 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, bu barədə fevralın 7-də Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2018-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında Baş prokuror Zakir Qaralov bildirib.

Vətəndaş müraciətləri üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi, qəbullarının keçirilməsi qaydalarının pozulması kimi çatışmazlıqların hələ də mövcud olduğu nəzərə alınmaqla, bütün struktur qurumların rəhbərləri və tabe prokurorlardan "Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” əmrin qeyd-şərtsiz icrası, müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, bu sahədə bütün neqativ halların təxirəsalınmadan aradan qaldırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunub.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq Baş prokuror tərəfindən respublikanın müxtəlif bölgələrində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilib.

Qeyd edilib ki, çox ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə prokurorluq orqanlarında aparılmış xidməti yoxlamalar nəticəsində 31 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 16-na töhmət və şiddətli töhmət elan edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 8 nəfər vəzifədən azad edilib, 6 nəfər isə prokurorluq orqanlarından xaric olunub.

Uzun illər ərzində aparılan islahatlar nəticəsində prokurorluq orqanlarında şəffaflığın təmin edilməsi, neqativ hallara yol vermiş şəxslərin ifşa edilməsi istiqamətində çox mühüm işlər görülməklə prokurorluğun demokratik və hüquqi cəmiyyətdəki rolunun möhkəmləndiyini qeyd edən Baş prokuror bu işlərin davamı olaraq ötən il prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verdiklərinə, qanunvericilikdə nəzərdə tutulan səlahiyyətləri çərçivəsindən kənar fəaliyyətlə məşğul olduqlarına, həmçinin formalaşmış nizam-intizam qaydalarının tələblərinə riayət etmədiklərinə görə bir sıra prokurorluq işçiləri barəsində ciddi tədbirlər görüldüyünü, o cümlədən İsmayıllı rayonunun sabiq prokuroru Ü.Abbasov və rayon prokurorunun sabiq böyük köməkçisi F.Quliyevin qabaqcadan əlbir olmaqla 2 sahibkardan külli miqdarda rüşvət alması ilə əlaqədar sonuncuların həbs olunmalarını və müvafiq məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzalarına məhkum edildiklərini bildirib.

Eyni zamanda, hesabat dövründə prokurorluq orqanlarında dövlət qulluqçusu kimi işləyən bəzi şəxslərin onlara həvalə olunmuş vəzifələri layiqincə yerinə yetirməməklə səlahiyyət hüdudlarından kənara çıxmaları və prokurorluğun nüfuzunu aşağı salan qeyri-prosessual münasibətlərə yol vermələri aşkarlanaraq barələrində müvafiq məsuliyyət tədbirləri görülüb.