adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Fevral 2019 14:29
10523
GÜNDƏM
A- A+

“Mübariz İbrahimov xalqımızın diri qalması üçün canını fəda etdi” - SORĞU

Fevralın 6-sı Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. "Ədalət” qəzeti olaraq bununla bağlı sorğu keçirtdik, Mübariz haqqında onların fikirlərini öyrəndik.

Adalet.az sorğunu sizə təqdim edir.





QAT-ın sədri Akif Nağı


"Mübariz İbrahimov öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış bir insandır. O vaxtlar Elçin Hüseynbəyli "Üzümə gün düşür” adlı bir hekayə yazmışdı. Sağalmaz xəstəliyə tutulmuş bir qaçqın əhd edir ki, gedim öz kəndimizdə ölüm. Cəbhə xəttini keçir, sonra ermənilər onu tuturlar. Ermənilərin başını aldadır ki, həyətimdə qızıl basdırmışam, gedək onu göstərim. Həmin həyətə gedirlər, həyətdəki çalaya yıxılır, dünyasını dəyişib arzusuna çatır. Elçin Hüseynbəylini görəndə ona dedim ki, bu düzgün ideya deyil. O qəhrəman ölməyə yox, öldürməyə getməliydi. Ondan sonra Varisin bir əsəri çıxdı. O əsər ürəyimcə oldu. Bir uşağın babası ölüm ayağındadır, amma can verib ölə bilmir. Deyir ki, öz kəndimizin torpağından bir ovuc gətirməsələr, ölə bilməyəcəm. Nəvəsi eşidir, gedir o torpaqdan gətirir. Varisin bu əsəriylə biraz irəliləyiş oldu. Dostlarıma deyirəm ki, istədiyimiz əsəri Mübariz İbrahimov yaratdı. Düşmən tərəfə keçdi, vuruşdu, öldürdü, öldü. Təbii ki, həlak olmasaydı daha yaxşı olardı, yaşayıb mübarizəsini davam etdirərdi. Onun qəhrəmanlığından dünya danışır. Biz müharibə dövründəyik, müharibə mütləq olmalıdır və müharibə başlayanda gənclərə Mübariz İbrahimovun igidliyi örnək olacaq, ruh verəcək, güc verəcək. Bəlkə də digər xalqların belə döyüşən, belə mübarizlik göstərən qəhrəmanları olmayıb”.


Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı:


Mən "Vətən sağ olsun!” adlı mahnımı ona həsr eləmişəm. Mübariz İbrahimov qəhrəmanlığın, vətənsevərliyin simvoludur, başqa söz ola bilməz. Gələcək nəısil üçün, xalqımız üçün igidlik, qəhrəmanlıq simvoludur. Ona hələ çox şeirlər, dastanlar yazılacaq.


Qarabağ qazisi Rey Kərimoğlu: 


"Mübariz İbrahimov başda olmaqla bütün şəhidlərimizə Allah rəhmət eləsin. Mübariz İbrahimov həm də Azərbaycan xalqının Qarabağ məsələsinə münasibətidir, dünyaya mesajıdır. Yəni bu xalq Qarabağı erməniyə verən deyil, bu torpaqlar işğalda qalmayacaq. Mübariz Azərbaycan xalqını silkələdi, diri qalması üçün canını fəda etdi. Ondan əvvəl də, ondan sonra da qəhrəmanlıq nümunələri var. Bütün bunlar Qarabağ məsələsini xalqımızın yaddaşında daha da möhkəmlənməsi üçün vacibdir. Təbii ki, xalqımız Qarabağı unutmayıb, unutmayacaq da. Mübarizin qəhrəmanlığı ermənilərə, onların arxasında duran böyük dövlətlərə, lobbilərinə böyük bir cavab oldu ki, Qarabağ Azərbaycanındır".