adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Fevral 2019 14:20
9362
SİYASƏT
A- A+

Zəlimxan Məmmədli baş tutmayan aksiyadan danışdı

Borçalı cəmiyyətinin sədri Zəlimxan Məmmədli Gürcüstanda baş verən son olaylar haqqında fikirlərini bölüşüb. Adalet.az həmin fikirləri diqqətinizə çatdırır:

"Millət vəkili Azər Suleymanov danışdı. Haqqına danışdı. Deputat parlament tribunasından səmərəli istifadə etməlidir. Özü də o halda ki, dövlətin və millətin, eyni zamanda regionun təhlükəsizliyi üçün ciddi nəsə baş verir. Axı bizim orada ondan başqa 3 deputatımız var. Onlar harada idilər, niyə susdular? Axı milli dövlətlərinin heysiyyatına toxunan, əli qoca, uşaq, qadın demədən millətimizin qanına batmış Xocalı cəlladına Gürcüstanda abidə ucaldırlar. Bunu edən terroristdir, qaniçəndir. Erməni bu hiylə ilə həm də hadisələri Gürcüstana daşıyır, Gürcüstan təhdid olunur. Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığına kölgə salınır. Regionun gələcəyi üçün yeni münaqişə ocağı alovlandırılır. Bizim "deputatlar” isə ənənlərinə sadiq qalaraq dinmirlər. Bu birinci hal deyil. Bundan öncə onların sığındığı iqtidar adı dünya ilə bir olan, soydaşlarımızın, Azərbaycan xalqının mədəniyyətinin təqdimat və gürcü cəmiyyəti ilə qarşılıqlı inteqrasiya modeli olan Elat bayramı faktiki yasaqlanır, adının üzərinə ad pərçimləyirlər, həmin "deputatlarımız” yenə dinmirlər. Bu cəhənnəmə, müxtəlif məclislərdə mədəniyyətimizə xor baxanlara haqq qazandırırlar. Mahir Dərziyev, Savalan Mirzəyev, Ruslan Hacıyev şəxsimi tanıyırlar, fəaliyyətimizin şəffaflığını da bilirlər. Günlərin biri onların iqtidarı əsassız, absurd bəhanələrlə Zəlimxan Məmmədlinin Gürcüstana, öz ata yurduna girişinə 2014-cü ilin oktyabrından yasaq qoyurlar. Əlahəzrət deputatlarımız yenə dinmirlər, təkidlə orada-burada saxta qərara don geyindirməkdən belə çəkinmirlər.

İndi isə Azərbaycanın əsrin insanlıq faciəsi adlandırdığı Xocalı soyqırımını törədən terroristə Axalkalakidə abidə ucaldılır. Yenə dinmirlər, yenə bu şərəfsizliyə haqq qazandırmağa çalışırlar. Guya ki, iqtidarlarının bu cinayətdən xəbərləri yox imiş. Olmaz belə. Mənim millətimin, icmanın adını daşıyırsansa, danışmalısan. Bu təhlükənin miqyasını görməlisən. Görməlisən ki, Azərbaycanın milli maraqlarının kürəyinə xəncər sancırlar. Soydaşlarımızla mərkəzi hakimiyyət, Azərbaycan - Gürcüstan strateji tərəfdaşlığına, regionun təhlükəsizliyinə təhdid sayılan bir xəyanət baş verib. Bunun arxasında daha böyük xəyanətlərin olması da istisna deyil. Artıq Ermənistanı Rusiya ilə qidalandıran yeni kommunikasiya layihələri masa üzərində müzakirə olunmaqdadır. Cənab deputatlar, nə vaxt ağzınıza aldığının suyu töküb, dil açıb, millətin, təmsil etdiyiniz dövlətin maraqlarının ifadəçisi kimi danışacaqsınız. Şübhə etmirəm ki, günlərin birində bu xəyanəti edənlərin hədəfində olan vaxtlarınız da olacaq. Gürcü milləti öz millətinin dərdinə biganə olanları geci-tezi cəzalandırır. Onda El sizin sözü deməyəcək. Buna şübhəniz olmasın. Eloğlu kimi bunu deməyi özümə borc bildim.

Gəncliyimiz formalaşır. Sevinirəm. Onlar həqiqətin gözünə dik baxmağı həyat normasına çevirməkdədirlər. Soydaşlarımızın gerçək mahiyyətini onlar ifadə edəcəklər, buna inanıram. O gəncliklə qürur duyduğumu da gizlətmirəm.

O gəncliyimizin hədəfi, niyyəti çox safdır. Güclü Gürcüstan və sarsılmaz Azərbaycan-Gürcüstan dostluğu arzulayırlar. Nəzərdə tutulan aksiyada Tbilisi merinin sözünü tutdular, sabah ağılla öz sözlərini deyəcəklər. Gürcüstan dövlətçiliyi üçün qurulan düşmən tələsini dağıdacaqlar. Onda bizləri daha aydın tanıyacaqlar...

Müşahidələrim köhnə komplekslərin daşıyıcılarının hələ də islah olmamaları qənaətini formalaşdırır. Yaxşı hal deyil. Həm də, faciə də deyil. Hərşeyşünaslar prosesin önünə, mərkəzinə yürüyüb daha ağıllı, aydın, müdrik yollar təqdim etmək əvəzinə hər şeyə "mız” qoymaqla məşğuldurlar. Gərək dəyişələr. Allah güc versin.

Bir şeyi də anlamalıyıq ki, Gürcüstandankı soydaşlarımıza baxan gözlər çoxdur. Rusiya, İran, Ermənistan, hətta PKK yanlı zehniyyətlərin kəşfiyyat qrupları, sosial şəbəkə qəhrəmanları eyni komanda ilə fəallaşa bilərlər. Bizim isə gözümüz, həm də deputatlarımızdadır...

Odur ki, baş vermə ehtimalı az olmayan mənfilikləri önləmək üçün təcili təmərküzləşmə, icmalaşma, təşəbbüskar gəncliyə dəstək xətləri isiqamətində əməkdaşlıq formaları tapılmalıdır. Gürcüstan dövlətçiliyini və xalqlarımız və dövlətlərimiz arasında dostluq tellərini zədələməyə çalışan mərkəzlərin təxribat planlarını zərərsizləşdirmək əsəs hədəfə çevrilməlidir. Bu gün dinməsək, sabah məcburən dindirərlər. Gələn qatarı qarşılayaq, gedəndən sonra fitin faydası olmaz....”