adalet.az header logo
  • Bakı 20°C
06 Fevral 2019 20:31
11663
GÜNDƏM
A- A+

BANK SƏDRİ

Mini romandan parçalar

FƏXRİ MÜSLÜM

(əvvəli ötən saylarımızda)

V

Həsən Qasımoviçin yanında, mən, tək deyildim. Təftiş şöbəsinin rəisi də var idi. Hələ o, təftiş şöbəsinin rəisini dinləyirdi. Təftiş şöbəsinin rəisi tutarlı sübut və dəlillərlə, sanki öz dediklərini özü də təsdiq edirdi.
O, üzünü Həsən Qasımoviçə tutaraq, - bu yoldaş birinci yoxlama işində iştirak edir, akt materiallarını oxudum, birinci dəfə üçün yoxlama materialları pis deyil. Ancaq verilən məlumata əsasən, qeyd edim ki, bu yoldaş yerlərdə tamam başqa işlərlə məşğul olur. Bu, həm onun təftişçi adına, həm də işlədiyi təşkilatın adına ləkə gətirə bilər. O, yoxlama dövründə, şeir yazmaqla məşğul olub, yerli radio verlişlərində günaşırı çıxışlar edib, rayon qəzetində şeirlər dərc etdirib. Fikirləşin ki, bu işlər belə davam edərsə, onda təftiş işi hansı müsibətlərlə üzləşə bilər, həm keyfiyyət cəhətdən, həm də yoxlanılan təşkilata qarşı tələbdən və s. söhbət gedir. Axı, bu bizim işimizlə daban-dabana zidd bir məsələdir. Sonra yerlərdən bizə eyham edəcəklər ki, siz bura təftişçi göndərmisiniz, yoxsa jurnalist, yazıçı, şair.
Mən bunların haradan qaynaqlandığını bilirdim və öz-özümə fikirləşirdim ki, işə girdiyim günün səhəri təftiş şöbəsinin rəisi, təşkilatın, bütün rayonlara gedəcək məktublarını, mən də daxil olmaqla bir neçə nəfərdən xahiş etdi ki, baş poçt idarəsinə aparıb təhvil verək. Bu məsələyə mən etiraz edərək, - təşkilatın maşını yoxdu, nədi, - demişdim və müəyyən bir məsafəyə, özü də şəhərin mərkəzində, şəllənib yük aparmağı özümə sığışdırmamışdım. Və mən öz payıma düşən məktubları taksi tutaraq poçta aparmışdım, bu da şöbədə məndən gizli söz-söhbətə səbəb olmuşdu. Üstəlik də bütün bunlar mənim yekəxanalığım kimi dəyərləndirilmişdi. O, danışdıqca həmin əhvalat yadıma düşdü və özlüyümdə fikirləşdim ki, rəisin əlinə girəvə düşüb, hayıfını bu yolla və birdən çıxmaq istəyir. Gözlərim onun üzündə, qulaqlarım isə onun gileyində olmasına baxmayaraq, sakit oturmuşdum, çünki hər şey Həsən Qasımoviçin verəcəyi qərardan asılı olduğunu, artıq, götür-qoy etmişdim. Ancaq bütün bunlara baxmayaraq, içimdə bir rahatlıq da var idi və bu rahatlıq tək mənim içimdəkilərlə bağlı deyildi, həm də təftiş şöbəsinin rəisinin Həsən Qasımoviçlə olan mənfi münasibətləri ilə bağlı bir məsələ idi.
Həsən Qasımoviç də ona diqqətlə qulaq asmasına baxmayaraq, sanki onun şikayət xarakterli gileyinə yox, "ağ atlı daşdəmirin nağılına" qulaq asırdı. Təftiş rəisi artıq hiss etdi ki, danışmağa bir şey qalmadı, oturduğu stulda yayxandı və ağır bir yükün altından azad olmuş kimi dərindən bir nəfəs aldı. O, sifətində bir ovuc qom olmuş, kölgə rəngində təbəssümü ilə adamda ikrah hissi doğururdu. O, elə adamı boğan bu ikrah hissi ilə də arxayın-arxayın Həsən Qasımoviçin üzünə baxıb qalmışdı. Qalmışdı ki, Həsən Qasımoviç bu məsələyə necə yanaşacaq. Birdən-birə, mənə isə elə gəldi ki, bu adam canlı deyil, yapon dəzgahlarında istehsal olunmuş robotdu və düymə ilə avtomatlaşdırılmış formada idarə olunur, lazım olanda danışır, lazım olmayanda susur.
Həsən Qasımoviç isə yaxşı iş görmədi, ona qulaq asandan sonra onun getməyinə işarə etdi. Görünür, o, məni rəisin yanında ya pis vəziyyətdə qoymaq istəmirdi, yada fikirləşdi ki, mən də insanam, bu məsələyə mənim də öz yanaşmam ola bilər və onda təftiş şöbəsinin rəisi pis vəziyyətdə qala bilər. Bəlkə də, o, mənimlə təkbətək danışmaq da, məni gələcək işlər üçün tədqiq etmək istəyirdi, fikirləşdim. Bu o qədər də çox çəkmədi, Həsən Qasımoviç sağ çiyini üstdə mənə tərəf döndü: - a kişi mən gəlmişəm rayona raboçi paltarda, sən isə kostyumda oturmusan, boğazında da qalstuk, o qız da böyründən belə keçir, elə keçir, saçları da sənin çiynində gəzə-gəzə. Sən də feyzyab olub, söz qoşursan, şeir yazırsan, nə bilim daha nələrlə məşğul olursan. Birinci növbədə, o qız baş mühasibdi və sən də onun sənədlərini yoxlayırsan, bu formada sən hansı nöqsanları üzə çıxarda bilərsən. O qız səni baxışlarıyla aldada-aldada ciddi nöqsanları, mənimsəmələri də səndən yayındıra bilər. Bu, bu rayonda olmasa da, başqa bir rayondakı olacaqdır. Mən səni iş görməyə göndərmişəm, sən də lə,..lə,..lo,..lo...işlərlə məşğulsan. Bu, bəs eləmir kimi, qəzet belə getdi, radio belə getdi. Gördün ki, səhərdən təftiş şöbəsinin rəisi durub-dayanmadan üyüdüb tökür, mən burda sənə güzəştə gedəcəm, ondan iş tələb edəmməyəcəm, ona güzəştə getsəm, sənin əmək kitabçan korlanacaq.
Mən, veriləcək cavablarımı, içimdə yavaş-yavaş götür-qoy edirdim. Və bu cavabları götür-qoy etdiyimə görə də bir qədər arxayınlaşmışdım və gözləyirdim ki, Həsən Qasımoviç sözünü deyib qurtarsın, mən də öz dəlil-sübutlarımla onu inandırım ki, Həsən Qasımoviç, axı elə deyil, bu iş mənim əsas işimə maneçilik etmir, əksinə, bu iş də, o iş də bir-birini tamamlayır.
O, artıq, sarışın və cod sifətində gizlətdiyi göy və zəhmli gözlərini mənə zilləmişdi və mənim nə deyəcəyimi səbirsizliklə gözləyirdi.
Mən, ani olaraq özümü yığışdırdım və nədən başlayacağımı götür-qoy etməyə çalışdım, çünki qarşımda yaşlı bir insanın olduğunu düşündüm. Və bir qədər ehtiyatla, inandırıcı şəkildə onun üzünə baxdım, - Həsən Qasımoviç, - dedim,- yazı-pozu heç vaxt dəqiq sahələrə maneçilik törətmir, əksinə, bir-birinə, bəlkə də, dayaq durur, çünki burda mənəviyyat ölçüləri də, həyat ölçüləri də bir-birini tamamlayır və möhkəm bir bağlantı yaradır. İstər dünyada, istərsə də yaxın Şərq ədəbiyyatında taa qədimdən yazı-pozu adamları həmişə dəqiq və ciddi işlərlə məşğul olmasına baxmayaraq, şeirlə də, yazıçılıqla da, bəstəkarlıqla da, rəssamlıqla da, nəqqaşlıqla da və s. məşğul olublar. Böyük Türk imperiyasının şahı Sultan Süleyman həm də dövrünün yaxşı şairlərindən olmuşdu. Azərbaycan imperiyasının yaradıcısı Şah İsmayıl Xətai sərkərdə və şah olmasından asılı olmayaraq öz şairliyi ilə Azərbaycan ədəbiyyatının aparıcılarından biriydi. Bununla yanaşı, mən bütün bunları sadalamaq da özümə haqq qazandırmaq istəmirəm. Məsələ bundadır ki, mən bütün bu yazı-pozu məsələsi ilə işdən sonra məşğul oluram. Mən, danışıb qurtardığımı hiss etmədim, bircə onu hiss etdim ki, bu sarışın kişinin üzündə nəsə, mənə qarşı bir xoş əhval-ruhiyyə əmələ gəlmişdi. Və mən bunu, özlüyümdə razılıq hissi kimi, özümün də qələbəm kimi hiss etdim. Bu dağınıq hisslərimin altında o, heç nə demədən getməyimə işarə etdi. Özümdən razı qalsam da, içimdə bir narahatlıq hissi də yox deyildi və bu hisslərlə də otaqdan çıxdım.
Sanki özümə arxayın idim, ancaq bu arxayınçılığın fərqini saf-çürük edə bilmirdim. Bircə onu bildim ki, təftiş şöbəsində stulumda oturmuşam. Təftiş şöbəsinin rəisi də təftişçilərlə hansısa, mürəkkəb bir sualın həllini aydınlaşdırır. Mənə çatan o oldu ki, söhbət, mühasibat hesablarından birinin hansı hesabla müxabirləşməsindən gedir. Belə başa düşdüm ki, hesabın debetini düzgün təyin etmişdilər, ancaq onun hansı hesabın kreditinə müxabirləşməsi mübahisəli qalmışdı. Donmuş baxışlardan hiss etdim ki, təftiş şöbəsinin rəisinin özü də bunu düz-əməlli bilmir. Mən, özlüyümdə götür-qoy etməyə çalışdım, ancaq mən də bu məsələlərin dərkindən çox uzaqda idim.

VI

Artıq Xankəndində idik. Üç nəfər idik. Mən, kadrlar şöbəsinin işçisi Namiq və hüquqşünas İlqar. Namiq təbiətən it oynadan idi. İlqarın özü kimi də təbiəti var idi, haynan hay kimiydi, yaynan yay kimiydi, yayını çəkib oxunu gizlədirdi. Kimliyini bilməyən bir adam idi. Gah əsirdi, gah küsürdü, gah da asıb kəsirdi, həmişə də adamı aldatmağa çalışırdı. O, mənimlə bir az xoş rəftar edən kimi, hər şeyi unudurdum və onunla da tez razılaşırdım, bu da mənə baha başa gəlirdi. Sonra hiss edirdim ki, düşməni hardasa axtarmaqla deyil, düşmən elə öz içimizdəymiş. Qan qrupu çox köpəkoğlu nəsnəymiş. Bu türklük də bizim başımıza bəla olub. Boz qurdu özümüzə bayraq etmişik, ulam-ulam ulayırıq, ulaya-ulaya da vaxt aparırıq, bu vaxt ərzində də hay başımızı kəsib qoyur dizimizin üstünə. Arxada qalıb gecikənlərmiz isə salidorla yumşaltdığı çəkmələrini sürüyə-sürüyə və soyuqqanlı, soyuqqanlı yanda, yörədə canını girələyir.
Hay olmasına baxmayaraq Razmik mənim üçün yaxşı adam təsiri bağışlayırdı. Bu, bəlkə də, mənə elə gəlirdi. Çünki o, mənim üçün yaxşı adam, haylar üçün pis adama çevrilmişdi. Fikirləşirdim ki, bəlkə. qan damarı bizdəndi. Bütün bunlar da ehtimal xarakteri daşıyırdı. O, mənə yalmanıb özününküləri satırdı, bu isə məndə başqa bir təsir yaradırdı. Fikirləşdim ki, özününkünü satan adam, sabah mənim özümü də pis vəziyyətdə qoya bilər və şükür edirdim ki, hələ onun yanında bir qəbahətim yoxdur. İkimiz bir otaqda oturmuşduq, onun üzünə baxdım, yəni baxdım ki, o, elə belə işçi deyil, hər halda bizim baş idarəmizin ştat vahidi kimi, məsul bir vəzifə daşıyır. Və ona görə, birinci dəfə olduğum bu Xankəndindəki təşkilatın idarə sisteminə aid məsələlərlə yaxından tanış olmağım üçün onun yardımına ehtiyacım var idi. O, elə bil mənim içimdən keçənləri dərk etmişdi və əlindəki sənədi stolun üstünə qoyub, sözə başladı:
O, - ela man siza bir neça pakt veracam, siz da eli ona uyğun iş gorun ha. Birincisi, siz eli soruşa bilarsınız ki, Şuşa şöbasında işlayan işçiların mukafatını niyə kasıblar ha. Eli siza qaranlıq qalmasın deya izah edim ha. Şuşa rayonu hesabatı beş gün gecikdirib ha, ona göra da mükafatlarını kasıblar ha, ancaq Qadrut şöbəsi hesabatı on beş gün gecikdirb ha, ancaq bunlar öz adamlarıdı deya tarixda duzaliş ediblar və hesabat vaxtında verilmiş kimi qeydiyyata alınıb və saxta yolla da onlara mukafat veriblar ha.
Mən, bunları bilirdim ancaq dərinləşdirmək üçün onun üzünə baxdım:
- bunları onlara necə izah edim ki, sənin informasiyan olduğunu bilməsinlər, - dedim
Razmik , - eli, siz baş mühasibi çağırın və ondan soruşun ha, o da izah edacak ki, elədi, belədi. Onda siz hər iki şöbanın hesabatını tahlil edin ha, onda göracaksınız kı, Şuşanın gecikma tarixi olduğu kimi qalıb ha, ancaq Qadrutun hesabatında isa lap ammalı-başlı duzalış ediblar ha, və vaxtında qabul edilmiş kimi də sanadlaşdırıblar ha, rubluk mukafatlarını da veriblar ha. Biliram ki, boyunlarına almayacaqlar ha, ondan sonra Qadruta bir teleqram vurarıq ha, onlar da hesabatın giriş-çıxış tarixini tasdıq edacaklar ha. Onda sən bunları onların gözlarına soxarsan və Şuşanın rubluk mukafatını da verdiracaksan, ya da Qadrutun mukafatını tutduracaqsan ha.
Razmikin faktlarla dediyi, yoxlamanın gedişatına köməyi olsa da, İlqarın aldadıcı hərəkətləri məni qane etmirdi. Guya o, bu işdə özünü düzgün, hüquqşünas təsiri bağışlayan kimi göstərsə də, doxsan dərəcə bucaq altında o tərəf, bu tərəfə əyilərək faktların düzgünlüyünün sənədləşdirlməsində mənə maneçilik etməyə çalışırdı. Bu isə ondan irəli gəlirdi ki, o, mənim, Razmikin diktəsindən faydalandığımı bilirdi.
Mən, Razmikin dediklərini və özümün aşkar etdiyim nöqsanları təsdiqləmək üçün təşkilatın baş mühasibini yanıma çağırtdırdım. Tipik hay qadını idi. Yəni, sifətindən, duruşundan, boy-buxunundan, irəli çıxmış qarnından tutmuş üzünün qıpqırmızı rənginə və içinin xıltına kimi hay qadını olduğu anlaşılırdı.
Baş mühasib bu yöndəmsiz bədəniylə artıq qarşımda idi. Çox da yaxşı danışa bilmədiyi türk ləhcəsində: - eşidiram sizi, - deyərək, əllərini qarnının üstündə cütləyib məni süzdü.
Mən, bir xeyli qarşımdakı kağız-kuğuzu o üz, bu üzünə çevirərək, nədən başlayacağımı götür-qoy etdim:
Mən, - deyə bilərsinizmi, Şuşa şöbəsinin rüblük mükafatını nə səbəbdən kəsmisiniz?
Baş mühasib dili-dodağı əsə-əsə, -onlar atçotu gecikdirmişdilər, ona görə.
- Neçə gün gecikdirmişdilər?
- Beş gün.
- Hadrut şöbəsi də hesabatı gecikdirib, özü də on beş gün, bəs necə olur ki, onların pul mükafatları ödənilib, kəsilməyib?
- Yox, gecikməyib ha, kim bunları deyib siza, -deyərək, sağımda oturmuş Razmikə tərəf ötəri bir baxış etdi.
Mən, onun Razmikə tərəf dönməsində belə başa düşdüm ki, o," Razmikə işarə etdi ki, adam kişi olar, sən öz haylarını bir türkə satmısan və sən biqeyrətsən, elə olmasaydın çox vaxt səni türkə oxşatmazdılar" fikirləşdim və onun üzündəki yalanın qızartılarını saf-çürük edə-edə: -onda buyurun hər iki şöbənin hesabatlarını gətirin mənə, -dedim.
(ardı var)