adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Fevral 2019 20:19
23674
GÜNDƏM
A- A+

QABİL XEYİRXAHLIĞI


Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Unudulmaz şairimiz Qabillə elə bir tanışlığı yox idi. Yazıçılar Birliyində olanda, şair Fikrət Sadığın yanına gedəndə, onunla da salamlaşıb görüşərdi. Bəzən belə görüşlər xeyli uzanar, şirin söhbətə çevrilərpdi.
1995-ci ildə Siyəzən rayon dövlət notariusu təyin olunandan bir müddət sonra idi... Rayon İcra hakimiyyətinin başçısı Fizuli Hacıyev dedi ki, gənclər səninlə görüş keçirmək istəyirlər. Açığı bu barədə Gənclər təşkilatının sədri Vahid Əhmədov ona desə də, razı olmamışdı. İndi daha başçıya etiraz edə bilmədi. Dedi:
- Fizuli müəllim, etirazım yoxdur... Keçirilirsə, onda lazımı səviyyədə hazırlanıb keçirilsin.
- Əlbəttə ki... - deyə, o, fikrini bildirdi. - Nə lazımsa, biz də kömək edərik.
Tədbirə bir müddət hazırlıq getdi. Televiziya məsələsini ona həvalə etsələr də, Bakıda olanda ürəkaçan cavab olmadı. Demələrinə görə bir qədər əvvəldən demək lazım imiş, artıq gecdir.
Bu səbəbdən kefsiz halda Yazıçılar Birdiyində idi. Şair Fikrət Sadıq da yerində yox idi. Qabil müəllimlə salamlaşıb - görüşəndən sonar, otaqdan çıxmaq istəyirdi ki, onun mehriban səsini eşitdi:
- Xoş gəlmisən... Əyləş...
Üzürxahlıq edəsi oldu:
- Qabil müəllim, bağışlayın... Tələsirəm...
O, ərkyana onu bir daha içəri çağırıb dedi:
- Otur... Çox da vaxtını almayacam.
- Bu nə sözdür... Buyurun...
Qabil müəllim özünəməxsus bir səmimiyyətlə gülümsəyərək bildirdi:
- İnan, sənin xətrini çox istəyirəm... Eləsi olur ki, heç içəridə ləngiməsinə imkan vermirəm, özüm qovuram...
Şəhərə gəlişimin məqsədini soruşanda, fikrimi olduğu kimi, qarşılaşdığım çətinlik barədə söhbət açanda, o dərhal telefonun dəstəyinə əl ataraq dedi:
- Səbirli ol, bu dəqiqə...
- Əziyyət çəkməyin...
- Niyə ki...
Telefonun dəstəyində məlahətli bir qız səsi eşidiləndə, Qabil müəllim dedi:
- Mehriban xanım, mənim bir yazıçı dostum yanımdadı. Əlisəfa Azayev... Gözəl hekayələr yazır... Siyəzəndə onun yaradıcılıq gecəsi keçiriləcək...
- Çox yaxşı...
- Orada deyiblər ki, gecdi... Hər şey insanın əlindədi də...
- Qabil müəllim, siz zəng çalandan sonra hər şey mümkündür.
- Özü də dövlət notariusu işləyir...
Beləcə onda hər şey heç nədən düzəldi. Mehriban Hacıyeva öz çəkiliş qrupu ilə Siyəzənə gələsi oldu.
Onda Qabil müəllim onun haqqında elə bir xoş intervü vermişdi ki, hələ də onun söz-söhbətinin təsiri alitındadı. Hiss etdi ki, şair Fikrət Sadığa hədiyyə etdiyi hekayələr kitabına o da baxıb, mütaliə edibmiş.
1997-ci ilin xoş bir payız günü Siyəzəndə Bəşir Səfəroğlu adına Mədəniyyət evində keçirilən həmin tədbiri şair Fikrət Sadıq aparırdı. Ona Yazıçılar Birliyi rəhbərliyinin təbrikini ünvanlayanda, şair Qabilin xüsusi salamlarını, xoş sözlərini çatdırdı. Hətta onda Fikrət müəllim onu, heyrətləndirən sözlər də dedi: "Əlisəfa müəllim, cəhənnəm kimi isti Kürdəmirdən gəlib, burada, cənnət kimi Siyəzəndə yazıb-yaradır da..."
Sözsüz ki, şair Qabili ona bu dərəcə yaxın edən mərhum yazıçı Əlfi Qasımovla yaxınlığı, bağlılığı idi. Bunu özü də söz-söhbətində dəfələrlə demiş, vurğulamışdı.
Əlfi Qasımov da onun xətrini çox istəyirdi. Yadında idi. Bir dəfə "Azərnəşr"də olanda Əlfi Qasımovu yerində görmədi. Şair Vilayət Rüstəmzadə dedi:
- Hə, ustad bir balaca soyuqlayıb. Vaxtın olsaydı, gedib baş çəkərdik.
- Bu nə sözdür, mən hazır...
Onunla elə həmin gün də Vaqif küçəsinə, Yazıçılar Evinə gəldik. Beşinci mərtəbəyə qalxdıq. Əlfi müəllim bizi səmimiyyətlə qarşıladı. Hətta "Toy gecəsi" romanının ikinci hissəsindən yazdığı səkkizinci fəslin əlyazmasını bizə göstərdi. Rəhilə xanım canıyananlıqla gileyləndi:
- Ay Əlfi, bir ara ver... Xəstəsən axı...
- Heç nə olmaz... İndi yaxşıyam..
Rəhilə xanım onlara üzürxahlıq edərək dedi:
- Bu gün Mədəni- Maarif texnikomunda şair Qabillə görüş olacaq. Mən ora tələsirəm...
Rəhilə xanım özü də orada müəllim işləyirdit. Əlfi müəllim dedi:
- Şair Qabil gözəl insandı... Həm də duzlu, məzəli bir şairdi... Bir dəfə dostlarımızdan birinin oğlunun sünnət toyunda idik. Qabilin uşağın kirvəsi olmasını istədilər. Dedi: " Mən yox... Mən qandan qorxuram..." Onun bu sözlərinə ay gülmüşük ha...
Aralarında ciddi pərdə olduğu üçün neçə dəfə şair Qabillə görüşsə, şirin söhbət etsə də, bu barədə ona bir söz deyə bilmədi. O isə elə deyib- danışır, söhbət edirdi ki, sanki lap yaxını idi. Bir dəfə söhbət zamanı dedi:
- Əlfi Qasımovla xəstəxanada idik. Hər ikimiz yeyib-içən, şən adamlarıq da. Hərdən vurmağımızdan da qalmırdıq. Özü də hər ikimiz bu şoğərib ürəkdən müalicə olunurduq da...
- Hə. eşitmişəm...
- Bir gün dedim ki, ay Əlfi, içkili halda ürəyimiz tutar, ölərik, heç kimin xəbəri olmaz. Gəlsənə belə edək, növbələşib içək... Bir gün sən, bir gün mən... Razılaşdı... O gündən də belə edərdik...
Qabil müəllim bu sözləri deyib, sanki Əlfili günlərinin xiffətini çəkən bir adam kimi gülümsədi, gözləri yaşardı, dedi:
- Dünyadı da... Gözəl yazıçı, gözəl insan idi...
Sonra başladı yenə də onunla bağlı bir əhvalatı danışmağa:
- İnanın, vədələşdik ki, xəsitəxanadan çıxandan sonra dincəlməyə gedək. Birlikdə... Artıq aradan bir müddət keçmişdi.
İşə çıxmışdım. Yazıçılar Birliyinin qapısının önündə yazıçı Natiq Rəsulzadə ilə qarşılaşdım. Dedi: "Xəbrin var... Əlfi Qasımov da belə getdi..."
- "Nə?!. Hara?.. Biz ki vədələşmişdik ki sanatoriyaya birlikdə gedəcəyik..."
- ...
Natiq Rəsulzadə sözlərimə heyrətlənib, duruxanda, özümə gələn kimi olub, hər şeyi başa düşdüm... Əllərimlə başımı tutdum... Şair belədi də həmişə fikirli, öz aləmində olur...
Özünü xoşbəxt hesab edir ki, şair Qabil kimi bir adamla görüşüb, söhbət edib, onun xoş münasibətinin, xeyirxahlığının şahidi olub. Qabil müəllim həqiqi mənada gözəl, əvəzsiz insan idi. Onun böyüklüyünü Ulu Öndərimiz Heydər Əliyev qiymətləndirmişdi. Müxaliflər Yazıçılar Birliyinə hücum çəkəndə, onlara silah göstərəndə... Onların qarşısında duruş gətirənlərdən biri də şair Qabil olmuş, Prezidentin siyasətini alqışlamışdı.
Bir dəfə internetdə şair Qabil haqqında oğlunun xatirəsini oxudu. Deməsinə görə, atasından birisi haqqında xatirəsini yazmağı xahiş edəndə, deymib ki, düzdür, həmin adamı tanıyıram, yaxınlığımız olub, bir dəfə iki yarım birlikdə içmişik.
Daha bundan başqa onun haqqında nə deyib, yaza bilərəm ki?
Şair Qabil bizə böyük şairimiz İmaməddin Nəsimini sevdirdi, ona "Nəsimi" poemasını həsr elədi. İndi hər dəfə Şamaxıya yolu düşəndə bu böyük şairlə yanaşı, istər-istəməz şair Qabili də xatırlayır. Diri-diri dərisi soyulan haqq şairi, onun unudulmaz misraları yada düşür:

Zahidin bir barmağın kəssən əgər
dönüb həqdən qaçar,
Bu miskin şairi sərpa soyarlar
ağlamaz.

Şair qabilin poeziyasında ona xoş gələn nədir? "Qara tut" şeirində oxuyuruq:

Kökün dərin,
Kölgən sərin,
Barın şirin.
Qara tut, xar tut!
Babamdan yadigar tut!

"Azad nəfəs" şeirində isə oxuyuruq:

Bir gün bazardan bir bülbül aldım,
Gətirdim onu qəfəsə saldım.
Dedi: - Çəkərəm hər nazını mən,
Təki dinləyim avazını mən.

"Tənha qağayı" şeirində isə sanki əsil canlı lövhə yaradır:

Bir qağayı süzür, süzür,
Gözümüzün qabağında.
Qanadına inci düzür,
Dalğaların qucağında.

Hələbdə Nəsimilə xəyalən görüş vaxtı yazdığı "Eheyy" şeiri çox təsirlidi:

Sənin dastanının qoyub yarıda,
Sənin görüşünə gəlmişəm, ustad!
Qəbrini hifz edən bu diyarı da
Yurdum tək müqəddəs bilmişəm, ustad!

Böyük Sabirə həsr etdiyi "Sən xalqın özüydün..." şeirində onunla bağtlı ürək sözlərini deyir:

Sahilsiz dəryada bir uca dağsan,
Sinən çalın-çarpaz, zirvən dumanlı.
Dayanmış, dayanır, dayanacaqsan
Dağlar cərgəsində şöhrətli, şanlı.

(ardı gələn sayımızda)


ƏLİSƏFA AZAYEV
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ