adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 Fevral 2019 20:01
29930
ƏDƏBİYYAT
A- A+

Nakam ömrün nəğməsi

Tale səni çox çətin sınağa çəkdi, qardaş. Mən düşmənə də o xəstəliyi arzulamazdım. Nə etməli ki, kosmosda göylərə meydan oxuyan insan adi bir xəstəliyin əlində acizdir. Təbabətin gücü çatmır adamları amansız xəstəliyin əlindən almağa.
Söhbət qəlbinin işığını şam kimi əridən, zəka məşəli ilə qaranlıq arxivlərə işıq saçan, öz qəm-qüssəsini unudub dara düşənlərə həyan olan bir insandan gedir. Elə insandan ki, ensiklopedik biliyə, yüksək erudisiyaya malik idi. Onun elmi dərəcəsi, babat vəzifəsi, maşını, evi olmasa da bəzi alimlərin indiyə qədər arayıb tapdıqlarını üzə çıxarmışdı, maraqlı tapıntıları ilə diqqəti cəlb etmişdi. Ona çatası evini də didərginlərdən birinə vermişdi. Ehtiyac içərisində yaşasa da, özünü həmişə məğrur tutardı, heç bir dəyərlə ölçülməyən ucalığa, saflığa üstünlük verərdi. Ömrü boyu yaxşı dost-sirdaş qazanmışdı. O, insanları sevirdi. Neçə-neçə küsülünü barışdırmışdı. Cibindəki son manatını da dost yolunda xərclərdi.
O, Azərbaycanın ərazisini, obalarını-oymaqlarını qarış-qarış gəzməklə bərabər, tez-tez respublika Əlyazmaları İnstitutuna, mərkəzi Dövlət arxivinə, M.F.Axundov adına respublika Dövlət kitabxanasına, Sankt-Peterburq şəhərində Saltıkov-Şedrin adına kitabxanaya, Ermitaj muzeyinə, Tiflis Dövlət arxivinə, Təbrizə və İstanbul arxivlərinə baş vurur, sanki okeanın dibində incilər axtarardı...
Qırx bir yaşında dünyasını dəyişən bu insan ömrünün yarıdan çoxunu ötən əsrlərdə yaşamış tarixi şəxsiyyətlərin, elm və din xadimlərinin, sərkərdələrin, tariximizin daş pasportu olan qalalarımızın, abidələrimizin öyrənilməsinə, araşdırılmasına və tədqiqinə həsr etmişdi. Yazırdı: "Tarixin bir hissəsi şəxsiyyətlərin ömründə, fəaliyyətində yaşayır".
İşıqlı ruhun şad olsun, yerin behişt olsun. Səni təkcə tariximizin araşdırıcısı kimi tanımaq insafsıqlıq olardı...
Onun adı Gülməmməd idi. Adı kimi özü də gül qoxuyurdu, gül üzlü balalarını çox istəyirdi. İnsanda həmişə cismani və mənəvi paklıq arzu edərdi.
Ilahiyyata bağlı adam idi.
Allahı və Peyğəmbəri, (s) övliyaları vəsf edən hədislər danışmaqdan yorulmazdı. Bəzi mollalar onun yanında danışmağa cürət etməzdilər. Müqəddəs şəxsiyyətlərin şəcərəsini mükəmməl bilirdi. İranda olarkən din xadimləri onun biliyinə, yaddaşına, danışıq və şərhetmə qabiliyyətinə heyran qalmışdılar. "Tövbə qapısı həmişə açıqdır", deyən mərhum dostumuz və qardaşımız insanları dinə, imana, saflığa, birliyə, bərabərliyə dəvət edərdi. Qurani-Kərimin müqəddəs ehkamları, fəlsəfəsi, əxlaqı, elmi, mədəniyyəti, milli və ümumbəşəri mənəvi dəyərləri onun ciddi marağına səbəb olmuşdu. O, yaxşı dərk edirdi ki, əqidənin möhkəmlənririlməsində ideal dərəcədə yüksəkdə dayanan şəxsiyyətlərin rolu böyükdür. Çünki Quranın elmi - ədəbi mirasını öyrənib ona əməl edən hər bir kəs şəxsiyyət kimi formalaşır, müdrikləşir. Bu səmavi kitab on dörd əsrdən çoxdur insanıların təlim-tərbiyəsinə, əxlaqi-mənəvi təkamülünə, dünyagörüşünə müsbət təsirini göstərməkdədir...
Şeyxülislam Əbdüssəlam Axundzadənin 1993-cü ildə nəşr olunmuş "Müqəddəs peyğəmbərlərin tarixi" kitabına ən söz yazmışdır. 1920-ci ildən bu yana Azərbaycanda yaşamış 12 nəfər şeyxülislam və on iki Qafqaz müftisi haqqında sanballı məqalələrin müəllifidir. Lerikdə Xanəgah və Babagil türbə, Lənkəranda Şeyx Zahid türbəsi, Gəncəsər məbədi, Ağsuda türbə, Yardımlıda Əbu Dürdə türbəsi, Naxçıvanda Əshabu-Kəhf (Mağara yoldaşları) türbəskəri, Nuh türbəsi və digər müqəddəs pirlər, ocaqlar barədə qələmindən süzülən elmi-tədqiqat məqalələri gənc alimin ciddi axtarışlarından xəbər verirdi. Tədqiqatçı alim və jurnalist 1996-cı ildə Azərbaycan Jurnalistlər Birliyi beynəlxalq İslam Xeyriyyə Cəmiyyəti Asiya Müsəlmanları Komitəsinin İslam sivilzasiyasına həsr olunmuş müsabiqəsinin diplomuna layiq görülmüşdür. Həzrəti Məhəmməd Əleyhissalamın mövludu şərəfinə elan edilmiş jurnalist yaradıcılıq müsabiqəsinin qalibi sayıldığı üçün Qafqaz Müsəlmanları Ruhani İdarəsi Elmi-Dini Şurasının, "İrşad" İslam Araşdırmalar Mərkəzinin, Azərbaycan Jurnalist Həmkarlar İttifaqı Rəyasət heyətinin "Ziya" fəxri diplomu ilə təltif edilmişdir.

Yurdun tarixçisi

Elə bil ki, Allah-Təala onu tarixin əngilliklərinə baş vurmaq üçün yaratmışdı. "Hər ömür bir tarixdir, - deyərdi. - Hər bir xalq tarixi yaddaşı olmadan yaşaya bilməz. Hər bir insanın, hər bir vətəndaşın öz yurdu, torpağı, mədəniyyəti, tarixi keçmişi haqqında bilgisi olmalıdır...
Azərbaycanın tarixini mahal-mahal öyrənmədən tariximizi öyrənmək mümkün deyildir". Ona görə də bütün qayğılarını unudub Azərbaycanı oba-oba, el-el gəzirdi. Azərbaycanın ilk milli kitabxanası, Bakı, Dərbənd, Naxçıvan, Gəncə, Cəlilabad, Qarabağ, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Ağsu abidələri, qalaları, türbə və ziyarətgahları, hərbi sərkərdələri, müqəddəs şəxsiyyətləri, nadir hadisələr barədə elmi məqalələri yeni faktlarla zəngin idi. Yadımdadır ki, Gülməmməd "Bəlləbur qalası" barədə şövqlə danışardı. Onu mərhum akademik Ziiya Bünyadova göstərmiş, bəyəndikdən sonra tarixçi alim Teymur Bünyadovun təqdimatı ilə "Kənd həyatı" jurnalında çap etdirmişdi. O deyərdi ki, Azərbaycanın bir neçə ərazisində Babəkin Bəzz qalaları olmuşdur. Bəzi tarixçilərimizi də çaşdıran budur.
1994-cü ildə nəşr olunmuş "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası" kitabında Gülməmmədin "Abidələrimiz, ziyarətgahlarımız" (V fəsil) elmi məqaləsi maraq doğurmuşdur. Azərbaycanın ilk general-leytenantı Mir Mustafa xan Talışlı, Mir Həsən xan Talışlı, general-poruçik Ağacan bəy Nurullabəyov, general-mayor Mir İbrahim bəy Talışinski, general Mir Kazım xan Mir Əlixan oğlu Talışinski, general Əsəd bəy Ağali bəy oğlu Talışxanov, general Xəlil bəy Mir Əlixan oğlu Talışinski, general Fətulla bəy Cahangir bəy oğlu Bayraməlibəyov, Səməd bəy Sadıq bər oğlu Mehmandarov, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov və digər məşhur əmirlər, qorçibaşları haqqında tədqiqatları, tarixi oçerkləri 1996-cı ildə "Azərnəşr" tərəfindən "Lənkəran mahalının sərkərdələri" adlı kitabında öz əksini tapmışdır. Bu kitabın qısa müddətdə işıq üzü görməsində Mir Mustafa xanın nəslindən olan xeyriyyəçi və ziyalı, Lənkəran şəhər icra hakimiyyətinin başçısı olmuş mərhum Dilrübə xanım Camalovanın himayədarlığı xüsusi olaraq qeyd olunmalıdır.
Azərbaycanda Talışlı, Talışxanov və Talışinski kimi tanınan məşhur nəslin sərkərdələri, görkəmli hərbçiləri, alimləri G.Məmmədzadə tərəfindən ətraflı öyrənilib tədqiq edilmişdir. Habelə, o, Böyükxanım Talışinskaya, Mirzə Səlim Axundzadə, Zülfüqar Əhmədzadə, Teymur bəy Bayraməlibəyov, Şəfi bəy Rüstəmbəyli, general İsmayıl bəy Qutqaşınlı, general Mehdiqulu bəy Usmiyev, "Talanmış kitabxana" (İrandakı Şeyx Səfi kitabxanası - İ.Ş.) barədə yaddqalan elm-publisistik məqalələri dərc olunmuşdur. "Xarici səyyahlar nə deyirlər?" (Lerik və Astara abidələri barədə) araşdırmaları çoxillik əməyinin məhsuludur. İranda çıxan "Yol" jurnalında, "Etelaat" qəzetində, Türkiyədə nəşr olunan "Zaman" qəzetində, Ukraynada yayılan "Rovestnik" qəzetində onun sanballı yazıları oxuculara təqdim olunmuşdur. "Azərbaycan" qəzetinin xüsusi müxbiri, "İncəsənət" və "Amin" qəzetlərinin redaktoru işləmiş, respublika və Lənkəran televiziyası ilə çıxışlar etmişdir.
Gülməmməd Məmmədzadə cəbhə bölgəsini, səngərləri qarış-qarış gəzmişdi, igid əsgərlərimizi həmişə qələbəyə, Vətənin müdafiəsinə ruhlandırırdı, mətbuatda bu barədə yazılar dərc etdirmişdi, xalqın dərdini-möhnətini həmişə ürəyində yaşadardı.
İstedadlı qələm dostumuzun məhsuldar yaradıcılığı qaynar çeşməyə bənzəyirdi. Şəxsi arxivində bir neçə orijinal kitab üçün çox qiymətli materiallar toplamışdır. Elə yazısı da var ki, onu on ilə, hissə-hissə toplamışdır.
"Tarixi abidələr, tarixi şəxsiyyətlər", "Lerik. Tarixi-etnoqrafik oçerk" kitabları nəşrini gözləyirdi...

O həm də şair idi

Gülməmməd Məmmədzadə həm də şair idi, lakonik və aydın danışığa malik maraqlı müsahib idi, gözəllik aşiqiydi, fenomenal yaddaşa, biliyə malik sadə bir insan idi. Poeziya almanaxlarında, mətbuatda çoxlu şeirləri çap olunmuşdu. Radio dalğaları dəfələrlə onun səsini dinləyicilərə çatdırmışdı. O, Azərbaycan Jurnalistlər Birliyinin ən fəal üzvlərindən sayılırdı.
Xalq yazıçısı İsmayıl Şıxlının "Güc qeyrətdədir" məqaləsindən "Düşmən bir xalqı məhv etmək istədikdə hər şeydən əvvəl onun dilini əlindən alır. Dilin məhvi xalqın məhvi, dilin yaşaması xalqın yaşaması deməkdir" fikrini doqquz bəndlik "Ana dili" şeirinə epiqraf seçən şair dostum yazırdı:
Dilim, müqəddəssən göydə Günəş tək,
Sayəndə boy atmış uca bir dağıq.
Sənsiz sinəmizdə döyünməz ürək,
Nə qədər sən varsan yaşayacağıq.

O, Azərbaycan dilini varlığımız hesab edirdi. Başqa bir şeirində "Əlimin yumruq vaxtında, Barmaq-barmaqdan ayrıldı" deyə fəryad qoparırdı...
Aramızdan çox tez getdin, tez. Yoxluğun bizi yandırır. İlk kitabını görmək sənə nəsib olmadı. Buna heç tələsmirdin də. Ömrün vəfasızlığına inanmırdın. Biz inanmırdıq belə tez saralıb-solmağına. Sonuncu dəfə ağır xəstə olsan da bizimlə Babagil türbəsini ziyarətə getdin. Türbəd özünə diriykən Ya-Sin oxutdurdun. Şam kimi əriməyin sürətlənirdi. Fəqət dərdinə çarə tapa bilmədik!..
Sənin hüzr məclislərinə dostların, doğmaların yığışıb xatirəni böyük ehtiramla yad etdilər. Binə qəbiristanlığında məzarın önündə ehtiramla baş əydik, vida nitqi söylədik. Kiçik qardaşın Hafizin məzarı vəfasız həyata sual dolu bir ittihamdır.
Çağırdıq, səsimizə səs vermədin. Yarpaq şəkilli qələmin daşa dönüb, qardaş. Qara mərmərdən sual dolu nəzərlə baxırsan, fəqət danışa bilmirsən, qardaş. Bilirəm ürəyindən çox şey keçir. Barı ruhunu dilləndir.
Bu da sinə daşın üstündəki yazı. Doğma fəryadların, matəm simfoniyasının son akkordları...
Sən tədqiqatçısının yolunu gözləyən tarixi faktların, elmi mənbələrin axtarışına çıxan geoloqlara bənzəyirdi. Barı əsərlərini oxuyub təsəlli tapırıq ki, ömrünü bada verməmisən. Hər yazında barmaqlarının izi, gözlərinin nuru, isti nəfəsin qalıb. Amansız xəstəlik səni əlimizdən alandan sonra ömründən sonrakı ömrün başlandı...
Xətrini çox istədiyin akademik Ziya Bünyadovun ruhu da sənin ruhunla görüşə gəldi, əziz dost! Axı, kitabına ön söz yazmış, imza etmişdi. Onu qansızlar qətlə yetirdilər. Azərbaycan elmi yetim qaldı.
Qurani-Kərim buyurur: "Allah-Təalanın hüzurunda bu üç dəstə şəfaət edər: peyğəmbərlər, sonra alimlər, sonra şəhidlər". Yəqin Ziya müəllimin də, onun məsləhətlərindən bəhrələnən Gülməmmədin də yeri behiştdir. Hər ikisi Şər üzərində Xeyirin qələbəsini, haqqın, ədalətin təntənəsini görmək istəyirdi.

Bu son söz əvəzi deyil

...Ömürdən sonrakı ömür. Yaşanmış dəyərli bir ömrün davamı. Bu ömür qəzetlərdə qara haşiyəyə alınmış baş sağlıqlarına, acı təəssüflərə sığmır. Bu ömür baharı xəzana dönən ömür deyil, ilahi, dahiyanə bir ömürdür...
Uca dağların yaşıl hörükləri-meşələr, diş göynədən çeşmələr, ayaq izlərini yaşadan cığırlar əsrlərin daş pasportları sayılan qalalar, əsrləri görüşdürən arxivlər, kitabxanalar sənin yolunu gözləyir...
Məzarına üz surtən, göz yaşı sellənən, qübardan yanıb-qovulan bir ana gördüm. Göyərçin əlləri haqqın dərgahına uçurdu sanki. Bizə dikilən körpələrinin baxışlarına dözə bilmirik. Tanrı eşitmədi duamızı. "Ana" deyib sevdiyimiz torpağın qucağında rahat yat qardaş! Əvvəl-axır yerimiz oradır. RUHUNA QOVUŞMAĞA RUHUMUZ GƏLƏCƏK, QARDAŞ!

İdris Şükürlü,
yazıçı-jurnalist