adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Fevral 2019 15:58
11140
MƏMLƏKƏT
A- A+

CIR ARMUDUN VESİNƏ BAX, Ə!

Baxıram, televizyonlarda Nazirlər Kabinetinin meşələrlə bağlı son qərarının xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığını və dəstəkləndiyini görürəm. Çox vacib qərardı. Yoxsa, camaat daraşıb meşələrdə mer-meyvə qoymurdular, yığıb gah şorabasını, gah özünü, gah mürəbbəsini, gah irçalını satırdılar. Özü də kustar üsulla hazırlayırdılar. Qida Təhlükəsizliyi üzrə Agentllik gərək bu məsələ ilə məşğul ola. Necə bir vaxtlar Standartlaşdırma Komitəsi təndirləri yığışdırdı ey, Avropa standartlarına uyğun deyil. Amma cərimələr çox azdı ey, bir neçə dəfə artırılmalıdı. Cərimələr bol olarsa, basılmaz meşələr.

İndi cır alma bağ almasına lağ edəcək ki, sənin qiymətin 30 qəpikdi, mənimki oldu 2-3 manat. Amma səhv eləyir, cır alma elə cırrayıb qalacaq meşədə. Özü də cır almayla cır armud içki içənlərin sevdiyi meyvələrdi. Məsələn, Qarabağda Zarıslı meşələrinin cır armudu Ağdam bazarında Qızıl Əhmədidən baha satılırdı.

Çox təəssüf ki, Nazirlər Kabinetinin qərarında meşə meyvələrinin siyahısı çox kiçikdi. Onu iki-üç dəfə artırmaq olar. Biz də təklif edirik siyahıya quşəppəyini, pərpətöyünü, çöl keşnişini, yemliyi, yarpızı, quşüzümünü, kəkotunu, müxtəlif adda çiçəkləri, böyürtkanı, moruğu, baldırğanı, əvəliyi, cincilimi, quzuqulağını, qanqalı və sair və ilaxırı da əlavə etsin.

Ümumiyyətlə, parket düzəldənlərdən başqa hamıya meşəyə girməyi qadağan etsinlər.