adalet.az header logo
  • Bakı 19°C
06 Fevral 2019 14:44
6983
GÜNDƏM
A- A+

ÇEXİYADA ŞƏRİƏT QANUNU İLƏ CƏZALANDIRIRLAR

Çexiyada Yablonets adında bir şəhər var, bizim dillə Almalıq. Təxminən 50 min əhalisi var və 3 gündəlik də qəzeti. Şəhər meşənin içində salınıb. Özü də dünyada analoqu olmayan bir meşədi, necə ki bizdə Zəngilanda yalnız çinarlardan ibarət meşə vardı. Bu şəhərdə də bütün meşə alma ağaclarıdı. Eləcə də şəhərin küçələrindəki bütün ağaclar almadı və özü də təbii.

«Qarabağ» komandası Avroliqada həmin şəhərin eyni adlı klubu ilə görüşürdü. Səfər oyununa mən də getmişdim, böyük oğlumu da özümlə götürmüşdüm. Və şəhərin mənzərəsini, eləcə də küçədəki alma ağaclarını görəndə çox təəccüblənmişdim. Dedilər ki, nəinki meşədə, hətta küçədəki ağaclardan alma dərmək qadağandı. Amma cəza cərimə ilə deyil, şəriət qanunuyladı, hər almaya görə adamın gündöyməzinə iyirmi şallaq vururlar.

Gecə çıxmışdım şəhərə. Qayıdanda gördüm küçədə heç kim yoxdu, tamahm durmadı, ikisini dərdim: birini özümə, birini uşağa. Onlar necə adlandırır bilmirəm, bizim İsmayıllının Qızıl Əhmədisi kimiydi.

Gəldim otağa, oğlum gördü əlimdə iki alma. Dedi, ata, neyləmisən? Dedim, iyirmi şallaqla heç nə olmaz. Qayıtdı ki, ikisini dərmisən axı, qırx şallaq.

Dedim:

- Qırx yox, iyirmi. İyirmisini də sənə vuracaqlar.

Güldü.

- Bəri başdan məni çıx. Deyəcəm ki, almaya heç əlimi də vurmamışam.

Amma axşam almanın ikisini də özü yedi.

Xoşbəxtlikdən o vaxt həmin şəhərin küçələrində onların Nəqliyyat Agentliyinin kameraları qurulmamışdı. Meşədə də kamera qurmaq ağıllarına gəlməmişdi.