adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
06 Fevral 2019 12:51
8490
GÜNDƏM
A- A+

Faiq QİSMƏTOĞLU: DAMLARIN ÜSTÜNDƏKİ SU ÇƏNLƏRİ

Heç kimə sirr deyil ki, Bakıda həmişə su qıtlığı olub. Elə su qıtlığı bu gün də mövcuddur. Ona görə də şəhərin mərkəzdən uzaq bir çox yaşayış sahələrinə 24 saat deyil, fasilələrlə su verilir. Ən azından bu yaşayış sahələri gündə bir dəfə axşam saatlarında su ilə təchiz edilir.

Bir neçə ildir ki, Bakıda su sisteminin yenidən qurulması üçün böyük layihələr həyata keçirilir. Hətta Qubadan Bakıya ikinci su kəməri də çəkilib. Birinci su kəməri isə rəhmətlik Zeynalabdin Tağıyev tərəfindən həyata keçirilib. Özü də həmin su dağların bulaqlarından süzülüb gələn və hər cür tələblərə cavab verən içməli sudur. Ancaq bu suyu heç də Bakıda bütün yaşayış sahələrinə deyil, şəhərin mərkəzində yerləşən binalara verirlər. Əksər yaşayış sahələrinə Kürdən təmizlənmiş və emal olunmuş su ötürülür.

Və onu da qeyd edək ki, həyata keçirilən yeni layihələr əsasında hətta Bakının ucqar qəsəbələrinə də fasiləsiz su verilir. Bunlar hamısı alqışlanasıdır. O ki, qaldı suyun keyfiyyətinə, mütəxəssislər bildirirlər ki, Kür çayından emal olunan və təmizlənən suyu qaynadılmadan içmək olmaz. Amma hər halda həmin suyun da keyfiyyəti əvvəlki vaxtlarla müqayisədə xeyli yüksəlib.

Düzdür, bəzi özəl qurumlar bina-bina, ev-ev gəzərək mənzillərdə istifadə edilən sudan analiz götürürlər və deyirlər ki, bu suda çirklənmə səviyyəsi normadan dəfələrlə çoxdur. İcazə verin sizin mənzilinizdə sutəmizləyici qurğu quraşdıraq və bununla da bütün problemlər öz həllini tapsın. Sən demə, qara qızın da dərdi varmış. Bu təmizləyici qurğunun qiyməti isə nə az, nə çox 600 manatdan 1000 manata qədərdir. Ona görə də çox insanlar heç özəl qurumların su təmizləyici qurğularına da etibar eləmir. Camaat deyir ki, bu da özəl qurumların pul tələsidir, yüz oyundan çıxırlar. O tələyə düşənlər də var və o tələyə düşməyənlər də. Ancaq düşənlərdən düşməyənlər daha çoxdur.

İndi keçək əsas məsələyə. Yəni 5 və 9 mərtəbəli binaların üstündəki su çənlərinə. Əksər 5 və 9 mərtəbəli binalarda bu cür su çənləri quraşdırılıb. Özü də belə binalar Yeni Əhmədlidə, Köhnə Günəşlidə, Yeni Günəşlidə, Zeynalabdin Tağıyev qəsəbəsində, Hövsanda və şəhərdən kənarda bir çox yaşayış sahələrində daha çoxdur.

Bəs bu su çənlərinin yaşayış binalarına hansı mənfi təsirləri var? Bax, bu barədə həmin çənlərin binalarda yerləşdirilməsindən əziyyət çəkən insanlar daha çox danışa bilərlər. 30-40 il bundan əvvəl binalarlın damlarına qoyulmuş su çənlərinin bir çoxu ya çürüyüb, ya da istismar müddətini başa çatdırıb. Aydındır ki, çürümüş su çənlərindən ətrafa, xüsusən də damın üzərinə su sızır. Və bu sızması zaman-zaman böyüyür, böyük axın yaradır. Üstəlik də, damların üstündəki tonlarla su çənləri ağırlıq yaradır, binaların uzun ömürlüyünü azaldır. Bu isə o deməkdir ki, müxtəlif yaşayış binalarının üstündəki su çənləri xeyirdən çox əhali üçün problem yaradır.

Məsələn, Yeni Günəşli, "D” massivi 13 nömrəli binanın dam örtüyündə çoxlu sayda tonlarla su tutan çənlər quraşdırılıb. O çənlər nə az, nə çox düz 30 il bundan əvvəl damın üstünə yerləşdirilib. Elə gün olmaz ki, o çənlərdən tonlarla su axıb aşağı mərtəbələrə və həyətə tökülməsin. Hətta bəzi səhlənkar mənzil sahibləri su çənləri dolsa da, onu bağlamağı unudur və su saatlarla 9 mərtəbəli binanın damından yola axır.

Bu cür su axması nəticəsində həyətdə gölməçələr yaranır, asfalt döşəmə sökülüb dağılır. Hələ üstəlik də aşağı mərtəbədə yaşayan insanların eyvanlarındakı pəncərələr və döşəmələr islanaraq sıradan çıxır. Su çənləri olan mənzil sahibinə irad tutanda onlar minbir bəhanəylə aradan çıxır, "su axan çən mənimki deyil, qonşununkudur” fikrini səsləndirirlər. Bu isə sadəcə olaraq, səhlankarlıq və məsuliyətsizlik adlana bilər. Hansı ki, başqa ölkələrdə hər hansı bir sakinin səhlənkarlığı nəticəsində digərlərinə dəymiş maddi ziyan məhkəmə yoluyla ödətdirilir və bir daha həmin şəxs belə səhlankarlığa yol vermir.

Yeni Günəşlinin əksər massivinə 24 saat su verilir. Ən az su verilən yer bizim binadı, o bina da gündə iki dəfə - günorta və axşam saatlarında içməli su ilə təmin edilir. Onu da qeyd edək ki, ötən il Yeni Günəşlidə bütün su sistemi yenidən qurulub, su xətləri və sayğaclar dəyişdirilib. Deməli, su təchizatı sahəsində elə bir problem qalmayıb. Onda belə çıxır ki, yaşayış binalarının üstündəki su çənlərinə də ehtiyac yoxdur.

Bu yaxınlarda eşitdik ki, Sabunçu rayonu ərazisindəki 24 saat su verilən binaların əksəriyyətindəki su çənlərini götürməyə başlayıblar. Sözün düzü, bu addımı biz çox alqışlayırıq. Bakı şəhər icra hakimiyyətinin bu təşəbbüsü alqışlanasıdır. Yaxşı olardı ki, həmin addımlar Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində də atılsın. Çünki bu qəsəbədə binaların üstündə olan su çənləri sözün həqiqi mənasında aşağı mərtəbədə yaşayan insanlar üçün başağrısına çevrilib.

Əgər binaya 24 saat, yaxud da gündə iki dəfə su verilirsə, bu çənlərə nə ehtiyac var? Üstəlik də su çənləri köhnə binaları həddindən artıq yükləyir və onu təhlükəyə sürükləyir. Onsuz da köhnə binaların min bir dərdi var. Min ikinci dərdi isə bax, bu su çənləri yaradır.

İnanırıq ki, Bakı şəhər İcra hakimiyyəti və eləcə də digər əlaqədar qurumlar qaldırdığımız məsələni diqqət mərkəzində saxlayacaq, problemi qısa zaman kəsiyində həll edəcəkdir. Bununla da sakinlərin su çənləri ilə bağlı çətinliklərinə və narazılıqlarına nöqtə qoyulacaqdır.