adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Fevral 2019 00:41
12987
İDMAN
A- A+

DÜNYA ŞÖHRƏTLİ HAKİM

Stadiona toplaşan on minlərlə azarkeş futbol matçına baxarkən, ilk növbədə, öz sevimli komandasının nümayiş etdirdiyi texnikadan, rəqibə qarşı apardığı cəsarətli mübarizədən, düşünülmüş taktiki gedişlərindən və ustalıqla vurduğu qollardan estetik zövq alır. Komandasını çempionluq zirvəsinə qaldıran məşqçinin peşəkarlığı və müdrikliyi də futbol biliciləri tərəfindən həmişə alqışlanır və yüksək qiymətləndirilir.
Məşhur futbolçuların və məşqçilərin sayı olduqca çoxdur. Bəs nüfuzlu hakimlərin necə? Ümumiyyətlə, hakimlik asan peşədirmi? Gəlin, bu suala cavab tapmağa çalışaq. Tamaşaçı öz sevimli komandasının qələbə qazanmasından əlavə, qüvvələr arasında gedən mübarizədən də zövq almaq istəyir. Çünki futbol tamaşaçılara, ilk növbədə, dinclik, rahatlıq və nəhayət, bayram əhval-ruhiyyəsi bəxş etməlidir. Bunun üçün isə hər bir futbolçu məzmunlu və texnikalı oyun nümayiş etdirməklə bərabər, mübarizənin ən gərgin anlarında belə oyunun qaydalarını pozmamalı, rəqibinə hörmətlə yanaşmalıdır.
Məlum məsələdir, futbol nə balet, nə də boksdur. Çox vaxt oyun iştirakçılarından böyük əzmkarlıq və iradə, hətta müəyyən mənada cəngavərlik cəsarəti də tələb olunur. Lakin bu, heç də o demək deyil ki, oyunçular bir-biriləri ilə amansız və kobud davranmalıdırlar. Hakimlərin vəzifəsi məhz bu münasibətləri tənzimləmək, ədalət prinsiplərinə riayət olunmasını təmin etməkdir. Sanballı mükafatlar uğrunda gedən mötəbər yarışlarda, emosiyaların qızışdığı məqamlarda hakimlərin üzərinə böyük məsuliyyət düşür. Onlar sərt oynayan, qaydaları tez- tez pozan futbolçunu vaxtında cəzalandırmalı, özləri isə daim hadisələrin mərkəzində olmalı, lazımi profilaktiki tədbirlər görməli, əsəbləri cilovlamalı və oyunun axarını sakit məcraya yönəltməyi bacarmalıdırlar. Ən vacibi isə, hakim öz qərarlarında obyektiv, qətiyyətli və yerli azarkeşlərin təzyiqinə biganə olmalıdır. O, meydanda həm də tərbiyəçi rolunu yerinə yetirməli, davranışı, səliqəsi və intellektual səviyyəsi ilə futbolçulara nümunə göstərməlidir. Bu keyfiyyətləri özündə cəmləşdirən hakim həm azarkeşlərin, həm də futbolçuların hörmətini qazanır.
Beynəlxalq idman arenalarında nüfuz qazanan yüksək intellektə malik olan, futbolçuların psixologiyasını yaxşı bilən, ən çətin və mübahisəli anlarda düzgün qərar çıxarmağı bacaran futbol hakimləri beynəlxalq dərəcəli hakim adına layiq görülürlər.
Belə hakimlərdən biri də mərhum həmyerlimiz Tofiq Bəhramov idi. Tofiq Bəhram oğlu Bəhramov 1925-ci ildə yanvarın 29-da Bakıda anadan olub.
O, futbol oynamağa 1943-cü ildə, Bakının "Spartak" komandasında başlayıb. Sonrakı illərdə "Dina-mo" və "Neftyannik" komandalarında çıxış edib. Gənc yaşlarından yaşıl meydanda mərkəz müdafiəçisi kimi oynayan T.Bəhramov Azərbaycanın görkəmli futbolçuları Ə.Məmmədov, N.Naumtsev, V.Karmayev, Ə.Talışinski, T.Rəsulov, İ.Abramaşvili, V.Xlıstov və digərləri ilə bir komandada çıxış edib. Məşqlərin birində aldığı ciddi zədə T.Bəhramovun futbolçu karyerasına son qoysa da, o, yaşıl meydanı tərk etməyib və hakimliyi özünə peşə seçib. Tələbəlik illərindən başlayaraq, əvvəlcə şəhər və respublika birinciliyi oyunlarına, sonra isə SSRİ çempionatı və kuboku matçlarına hakimlik edib. 1952-ci ildən SSRİ birinciliyinin "B" qrupundakı komandaların oyunlarını idarə edən həmyerlimiz sonralar güclülər dəstəsindəki matçlara dəvət alıb. 1958-ci ildə o, ümumittifaq dərəcəli hakim adına layiq görülüb. Qeyd edək ki, fəxri ad almazdan on il əvvəl T.Bəhramov Moskvada hakimlərin üçaylıq ixtisasartırma kurslarını bitirmişdi.
1960-1963-cü illərdə Bakının "Neftyannik" komandasının rəisi vəzifəsində işləyən Tofiq Bəhramovun hakimlik karyerasında üçillik fasilə yaranıb. Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda kafedra müdiri təyin ediləndən sonra bakılı hakim yenidən SSRİ birinciliyi güclülər dəstəsinin oyunlarını idarə etməyə başlayıb. Ümumittifaq çempionatının, həmçinin SSRİ kubokunun ən məsuliyyətli oyunlarını məharətlə idarə etdiyi üçün Tofiq Bəhramovun adı dəfələrlə ilin sonunda 10 ən yaxşı hakim siyahısına daxil edilib. SSRİ birinciliyində 80 oyunu idarə etdiyinə görə Ümumittifaq Futbol Federasiyasının gümüş, 100 oyuna hakimlik etdiyinə görə isə qızıl medalına layiq görülüb. İdman üzrə fəxri hakim adını alıb. 1965-ci ildə isə bir neçə beynəlxalq görüşü uğurla idarə etdiyi üçün həmyerlimizə beynəlxalq dərəcəli hakim adı verilib.
Ən məsuliyyətli və beynəlxalq səviyyəli mötəbər oyunlara dəvətlər alması Bəhramovun dünya şöhrətli hakim kimi tanınmasına sübutdur. Onun adı dünyanın ən məşhur hakimləri sayılan Artur Ellis, Nikolay Latışev, İştvan Jolt, Lobello və digərləri ilə bir sırada çəkilirdi. SSRİ çempionatının güclülər dəstəsində və beynəlxalq yarışlarda Tofiq Bəhramovun idarə etdiyi matçların sayı 197-yə çatmışdı. Bu rəqəmi bir qədər xırdalamaq lazım gələcək. O, 1966-cı ildə Londonun "Uembli" stadionunda VIII dünya çempionatının İngiltərə-Almaniya yığma komandaları arasındakı final matçına hakimlik etdiyi üçün "Qızıl fit" mükafatına və "Qızıl İlahə" kubokunun kiçildilmiş surətinə layiq görülüb. Londondakı final matçını təfsilatı ilə danışmağa eh-tiyac yoxdur. Çünki o zaman oyunun gedişini televizor ekranlarında izləyənlər rəqiblər arasında gedən mübarizənin gərginliyini, yəqin ki, yaxşı xatırlayırlar. Görməyənlər isə bu barədə mətbuat səhifələrindən oxuyublar. Lakin həmin görüşün ən dramatik anını bir daha xatırlamaq maraqlı olar. Çünki çempionluq tacına hansı komandanın sahib çıxacağını məhz həmin an həll etdi. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatmışdı. İsveçrəli hakim Qotfrid Dinst 30 dəqiqə əlavə vaxt təyin etdi. 100-cü dəqiqədə ingilislərin hücumçusu Cefri Xerstin vurduğu 3-cü top qapının yuxarı küncündən tora toxunaraq meydana qayıtdı. Baş hakim Dinst topun qapı xəttini keçməsini görmədiyi üçün bunu köməkçisi Tofiq Bəhramovdan soruşmağa ehtiyac duydu. Bu həlledici anı Tofiq Bəhramov özünün "1001-ci matç" adlı kitabında belə təsvir edib: "Bəli, mən bunu açıq-aşkar gördüm. Əllərini başı üzərinə qaldırmış qapıçı Tilkovskinin sifətindən bir şaşqınlıq oxunurdu. Top dirəyin alt tərəfindən ağ neylon tora toxunmuşdu. Enlikürək Xerst yerində donub qalmışdı. Bu mənzərə gözlərimin önündən çəkilmirdi. Mən hətta alman futbolçularından kiminsə yerə dəyib qayıdan topu başı ilə qapıdan kənara vurduğunu da görmədim. "Uembli" bir anlığa sükuta qərq oldu. Gözlənilmədən meydandan hakim Q.Dinstin səsini eşitdim. O qaça-qaça yanıma gəlib ucadan soruşdu:
-Qol?
Mən qətiyyətlə mərkəzi göstərdim".
Final matçı bitdikdən sonra isveçrəli hakim Qotfrid Dinst başda olmaqla hakimlər briqadası mübahisəli qolun vurulmasına videolentdə bir neçə dəfə baxdıqdan sonra qərarın düzgünlüynə əmin oldular. Q.Dinst yerindən qalxaraq, köməkçisinin əlini sıxıb dedi: "Cənab Bəhramov, təşəkkürümü qəbul edin. Siz mənim nüfuzumu xilas etdiniz!"
Bundan sonra bakılı hakim 1970-ci ildə Meksikada keçirilən növbəti IX dünya çempionatına da vəsiqə qazanıb. O vaxta kimi Bəhramov Avropa birinciliyinin bir neçə məsul oyunlarını, habelə Qitələrarası kubokun iki final görüşünü idarə edib: 1968-ci ildə "Mançester Yunayted" (İngiltərə) - "Estudiantes" (Argentina), 1972-ci ildə isə "İndependyente" (Argenti- , na) - "Ayaks" (Hollandiya) matçlarını. Buenos-Ayresdə keçirilən birinci oyunda meydanda baş hakim azərbaycanlı Tofiq Bəhramov, onun köməkçiləri italiyalı Qonella və ingilis Teylor idi. Bundan əlavə, 1968-ci ildə Avropa çempionları kubokunun yarımfinalında "Mançester Yunayted" - "Real" (Madrid) komandalarının oyununa, 1972-ci ildə UEFA kubokunun İngiltərə klubları "Vulverxempton" və "Tottenhem Xotspur" arasındakı final görüşünə hakimlik edib. Belə oyunların sayını artırmaq da olar. Ancaq qısaca qeyd edək ki, T.Bəhramov müxtəlif illərdə SSRİ kubokunun beş final görüşünün iştirakçısı olmuş, 1970-ci ildə Moskvanın "Dinamo" və OMİK komandaları arasında qızıl medallar uğrunda gedən 210 dəqiqəlik oyuna da hakimlik etmişdir. Tofiq Bəhramovun hakimlik karyerasında ən yaddaqalan oyunlardan biri də 1971-ci ildə məşhur qapıçı Lev Yaşinin böyük futbolla vidalaşması münasibətilə Moskvada keçirilən dünyanın rəmzi yığma komandası ilə "Dinamo" yığma komandası arasındakı görüş olmuşdur. Bu oyunu idarə etmək üçün T.Bəhramovun namizədliyini şəxsən L.Yaşin özü irəli sürmüşdü.
Uzun illər Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunda futbol kafedrasının müdiri işləmiş T.Bəhramov 1975-ci ildə hakimlik karyerasını bitirdikdən sonra həm beynəlxalq görüşlərin, həm də SSRİ birincilyi oyunlannın komissarı olub. Sonra o, M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda bədən tərbiyəsi kafedrasına rəhbərlik edib. Dünya şöhrətli hakimimiz təkcə yaşıl meydanlarda oyunlara hakimilik etməklə kifayətlənməyib. O, öz bilik və bacarığını Moskva, Mexiko, Florensiya və digər şəhərlərdə keçirilən hakimlərin ittifaq və beynəlxalq seminarlarındakı çıxış və məruzələrində də göstərib. T.Bəhramovun mərkəzi mətbuat səhifələrində - "Sovetski sport" və "Futbol- xokkey" qəzetlərində dərc edilən maraqlı və dəyərli məqalələri, analitik oçerkləri, verdiyi müsahibələr hakimlik peşəsinin səviyyəcə yüksəlməsinə kömək edib. T.Bəhramov "1001-ci matç", "Hakim mərkəzi göstərir" və "Futbolu sevin" kitablarının müəllifidir.
Azərbaycanda futbol hakimlərinin yetişməsində əvəzsiz xidmətləri olan T.Bəhramov sonralar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşəkkül tapmasında da böyük rol oynayıb. O, ömrünün sonuna kimi AFFA-nın baş katibi olub.
T.Bəhramovdan hakimlik estafetini qəbul edən Teymur Vəliyev, Nəsir Məmmədzadə, Adil İsmayılov, Eldar Əzimzadə, Rüstəm Rəhimov və Rauf Adıgözəlov SSRİ-nin və bir çox xarici ölkələrin stadionlarında ən məsuliyyətli matçlara və mötəbər yarışlara yüksək səviyyədə hakimlik ediblər.
İdmanın inkişafında göstərdiyi xidmətlərə görə Tofiq Bəhramov "Qırmızı Əmək Bayrağı" və "Şöhrət" ordenləri ilə təltif edilib. İctimaiyyətimiz onun adını əbədiləşdirmək məqsədilə ölkəmizin ən böyük idman qurğusu olan Respublika stadionuna Tofiq Bəhramovun adını verib. Stadionun görməli yerində dünya şöhrətli hakimin heykəli ucaldılıb.
Mərasimdə FIFA prezidenti Yozef Blatter, UEFA-nın birinci vitse-prezidenti Şenes Erzik, 70-80-cı illərin məşhur fransalı futbolçusu, UEFA İK-nın üzvü Mişel Platini, İngiltərə Futbol Federasiyasının prezidenti Ceffri Tompson, 1966-cı il dünya çempionatının həlledici matçında vurulan mübahisəli qolun müəllifi Ceffri Herst və Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri Əbülfəs Qarayev, AFFA prezidenti Ramiz Mirzəyev iştirak ediblər. Elə həmin gün Tofiq Bəhramov adına respublika stadionunda Azərbaycan və İngiltərə milli komandalarının matçı olub.
T.Bəhramov 1993-cü ilin mart ayında, 68 yaşında dünyasını dəyişib.
Həsən TAĞIYEV