adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Fevral 2019 00:23
9921
ƏDƏBİYYAT
A- A+

Üşüyən adamın istisi...

Fariz Çobanoğlu

Aylar öncə bədii sözün məkanlarından biri, söz, sənət, mədəniyyət beşiyi Tovuz rayonunda doğulmuş istedadlı şairimiz Vaqif İsaqoğlu mənə üç kitabını hədiyyə etmişdi. Açığı, o kitablardan ikisi, necə oldusa, masamın üstündən yoxa çıxdı- qaldı bir kitabı. O kitabı da elə indiyədək evdən işə, işdən evə daşıdığım kiçik sellofan torbada gəzdiriəm. Qorxuram birdən o da itər, şairin yanında üzüqara qalaram. Özümlə gəzdirdiyim o şeirlər kitabının adı belədir: "Dərdimi saralmış yarpağa yazdım".
Bənzərsiz üslub, doğmalıq və səmimiyyət şeirlərinə, yaradıcılığına hakim kəsilən şairin şeirlər kitabına seçdiyi ad fərqlidir. Şeirlərinin mahiyyət və məzmunu da bu adın məna dərinliyinə çox yaxındır. Saralmış yarpaqlar payızdan, payız ovqatından, son baharın kədərindən nağıllar, nəğmələr xatırladır adama. Vaqif İsaqoğlu yaxşı bilir ki, bu torpağın altı da, üstü də Vətəndir. Və hər bir saralmış yarpaq da öz ömrünü başa vurandan sonra yurdumuzun, məmləkətimizin bir çimdik torpağına dönərək Vətən olur. Elə bu Vətən səhifəsinə də şeirlərini yazır şair...
Saralmış yarpağa dərdini söyləyən şair adını çəkdiyim kitabını ömür-gün yoldaşı - sədaqətli Bəyaz xanıma həsr edib. Elə kitabın ilk səhifəsində ayrıca yazılmış bir bənd şeir də olduqca bəyaz sətirlərdən ibarətdir;

Ancaq sənə görə çiçəklər açır,
Günəş şəfəq saçır, ay işıq saçır.
Mələklər Allaha səndən söz açır,
Dünyanın ən gözəl qadını sənsən.
...Vaqif İsaqoğlu da başqa şairlər kimi insanın qayğılarından, kədər və sevincindən, cəmiyyətin problemlərindən, ölümdən, ayrılıq və itkinlikdən yazır, lakin qeyri şairlər kimi yox. Onun öz üslubu, öz yolu var. Şair daha çox dərdə köklənir. İlhamını insan mənzərələrində boy verən kədərin əlvan rənglərindən alır. Məsələn, anasından yazanda, şairin sətirlərə axan göz yaşlarını da görməmək mümkün deyil.

Xoşbəxtlik üzümə boylanır gendən,
Neyləyim, qəm-kədər əl çəkmir məndən.
Canım sevinməyib sən köçən gündən,
Ürəyim səninçün darıxır, ana. 

...Şair dağlara üz tutanda da anasını xatırladığı qədər qəm-qüssəlidir. Şəhərin boz, doğmaları yada çevirən tənha havasından baş götürüb doğma bildiyi dağlara sarı getmək istəyir. Şəhərdə eşidilməyən səsini dağlarla paylaşmaq, dağlarla bölüşmək istəyir. Deyir ki...

Məni məngənə tək sıxdı bu şəhər,
Ayağı altına yıxdı bu şəhər,
Axır ki axırıma çıxdı bu şəhər,
Götürün, dağlara aparın məni.

Şeirin son bəndi şairin şəhərdəki havasızlığını, onun mənəvi cəhətdən boğulduğunu tam təfərrüatilə göz önünə gətirir. Sanki sonuncu misralar olmasaydı, oxucu üçün şairi axıra qədər anlamaq da bütövləşməz, yarımçıq qalardı.

Öz halal haqqımı ala bilmədim,
Uduzdum, qələbə çala bilmədim.
Bir gün də şəhərli ola bilmədim,
Götürün, dağlara aparın məni.

Bu sətirlərin müəllifi təpədən-dırnağa şairdir. Bütün vücudu, ağlı və düşüncəsi, hissiyatı ilə birgə... Amma hərdən "mən şair deyiləm" deməyi də var Vaqifin: "Mən dünyaya şair kimi gəlmədim. Şair adının yükü çox ağırdı. Bu yükün altına girməyə cəsarət eləmirəm. Ərz etdiyim kimi, hisslərimi, duyğularımı, ürək çırpıntılarımı şeirlərimdə əbədiləşdirirəm".
"Dərdimi saralmış yarpağa yazdım" şeirlər kitabında Vaqifin atasının, anasının dilindən, həm də özünün söylədiyi aforizmlər toplanıb. Bu aforizmlər də şairin şeirləri kimi fikir dünyamız üçün çox faydalı, çox önəmlidir.
Kişilikdə uduzmaq olmaz (atasının dilindən).
Torpaq- eyiblərimizi örtən, günahalrımızı gizlədən qaranlıq dünyadır.
Hər ağacın çiçəyi onun ürəyidir. Çiçəyə toxunmaq ürəyə toxunmaq deməkdir.
Bir bayatı da nənəsi Lalənin dilindən səslənib. Bu bayatının da misraları mahiyyəti qədər yüklüdür.

Əziziyəm alçalar,
Yaşıl çalar, al çalar.
Dərdlərimi yükləsəm,
Uca dağlar alçalar.

Vaqif İsaqoğlu yurdkeş, vətənkeş şairdir. Torpağı elə sevir, yurdu elə oxşayır, elə bil doğma balasıdır. Şeirlərinin birində belə misralar var;
Vaqifə bu həyat hər gün mat verir,
Çəkilməz dərdlərdən hey sovqat verir.
Torpağın sinəsi harda çat verir,
Ora yağış olub yağasıyam mən.

Və yaxud başqa bir bəndinə fikir verək:

Hər gün yol gedirik məzara sarı,
Dünyada qalacaq dünyanın varı.
Yaltaq adamları, şər adamları,
Özüm öz əlimlə boğasıyam mən.

Hər yaradıcı insanın şəxsiyyətilə sənəti üst-üstə düşmür. Bu baxımdan Vaqif xoşbəxt taleli bir sənətkardır. Çünki şəxsiyyəti də, şeirləri də dürüstdü. Və həmişə biri o birisini səsləyir...
Yaxşı əməli, yaxşı işi gərək həmişə təqdir edəsən. Pisin pisliyini deməsən də olar, amma yaxşının yaxşılığını demək, dilə gətirmək cəmiyyətə hər an fayda gətirə bilər.
Tovuzda hərbi xidmətdə olan oğluma baş çəkmək istəyirdim. Açığı, bu yerlər mənə yad olduğundan, bir simsar adam axtarırdım. Vaqif İsaqoğluna dedim ki, Tovuza - əsgər oğluma baş çəkməyə gedəcəm. Mənə kim bələdçi ola bilər? Tələm-tələsik Tovuz rayon qəzetinin baş redaktoru Çingiz müəllimə zəng vurub xahiş etdi ki, bizi qarşılasın. Fürsətdən istifadə edib, Çingiz müəllimə də dərin təşəkkürümü bildirirəm ki, bizi çox böyük ehtiram və qonaqpərvərliklə qarşıladı. Gələndə də eyni hörmət-izzətlə yola saldı. Əlbəttə, bu xeyirxah işə Vaqif İsaqoğlu körpü olmuşdu. Çox böyük ürəyi, işıqlı diləkləri var Vaqifin. Özü də həyata, dünyaya vaqif olanilhamlı bir şair, tanınmış bir nasirdir. Amma heyif ki, bir çox ziyalımız kimi onun da cibindən üşüməyi var. Və bu üşüməyi şeirə də gətirib.
Şeir hər bir yaradıcı ziyalının ağrıyan yeri, kövrək məqamı kimi oxunur. "Cibindən üşüyür söz adamları"- deyən şair bu mövzuda ruhu göynədən bir şeir yazıb.
Qəlbimin səsini dünya eşitməz,
Ürək yaraları heç vaxt bitişməz,
Nə şaxta, nə boran onu üşütməz,
Cibindən üşüyər söz adamları.

...Şahın sarayına qulluğa getməz,
Ancaq zülüm çəkər, bu zülüm bitməz.
Halal qələminə xəyanət etməz,
Cibindən üşüyər söz adamları.

Çox qəribədir ki, Vaqif İsaqoğlu haqqındakı bu qeydləri yazmağa başlayanda mən də üşüyürdüm. İçimdə rüzgarın soyuq tufanı, qasırğası vardı. Yazdıqca, yavaş-yavaş isinməyə başladım. Və son sətirləri yazanda anladım ki, üşüyən olsa-olsa Vaqifin vücudu ola bilər. Onun ruhu isə ətrafa hər zaman istilik verir. Çevrəsində xoş ovqat yaratmağı bacarır. İnsana qayıdıb özünə, öz dünyasına baxmağı təlqin edir. Bütün bunlardan ötrü o, elə kədərdən danışmalı, dərdin ucalığından boylanmalıdır- oxucularının işıqlı və qaranlıq dünyasına. Füzuli kədərdən yazmasaydı, o qədər işıqlı görünməzdi.
Vaqifi də işıqlı edən, ucalıqda saxlayan onun dərdi sevməsi, dərdi oxşamasıdır. Bir sözlə, üşüyən adamın istisi uzaqdan bəllidi. Çünki cəmiyyətin ağrı-acısı, ətrafımızda baş verən biganəlik və laqeydliklərin hər biri Vaqif üçün yeni bir mövzu, üşüyən adam üçün yeni poetik enerji mənbəyi deməkdir.
"Dərdimi saralmış yarpağa yazdım" kitabını sətir-sətir, misra-misra oxuduqca, bu qənaətə gəldim ki, vaqifin heç bir sözü, heç bir ifadəsi sevgisiz yazılmır. Bu sevginin ölçüsü elə Vətən boyu, bayraq zirvəsi qədərdir.

Unuda bilmədim bir an sevgimi,
Məni gözüyaşlı qoyan sevgimi.
Vətənə sevgimi, məhəbbətimi,
Qanıma bələnən bayrağa yazdım.