adalet.az header logo
  • Bakı 20°C
06 Fevral 2019 00:19
17435
GÜNDƏM
A- A+

XOCALI ŞİKƏSTƏSİ

(roman)

Ulduz Qasım

Xocalı soyqrımının, ümumiyyətlə Qarabağda, Qərbi Azərbaycanda ermənilər tərəfindən aparılan sonuncu qətliamın başlanğıc tarixindən bizi üç onillik ayırır. Xatirələrdəki yaralı yaddaş hələ də insanlara əzab versə də soydaşlarımız silah gücünə tərk etdikləri torpaqlara qayıtmaq ümidlərini bir an belə itirmirlər. Xüsusilə, Heydər Əliyev Fondu tərəfindən müdafiə olunan "Xocalıya ədalət!" harayı hər ilin fevral ayında yenidən dünyanı silkələyir, bəşəriyyəti haqqın yanında olmağa çağırır.
Ulduz Qasımın "Xocalı şikəstəsi" romanı da belə çağrışlardan biridir. Roman ümumiləşmiş şəkildə, bədii obrazlar vasitəsi ilə bir zamanlar baş vermiş faciəni və hadisələrin sonrakı inkişafını dolğunluqla əks etdirir.

***
Düz deyirlər, bu həyatda nə desən baş verir. İndi sizə söylənən, əzabları bitib-tükənmək bilməyən, hətta inanılmaz görünən bu məşəqqət 1992-ci il fevral ayının 26-da zülmət gecənin tən yarısı Azərbaycanın Xocalı adlı məkanında həqiqətən baş verib. Aradan 26 il keçsə də o gecənin yüzlərlə günahsız insanın sinəsinə çəkdiyi dağ bu romanda bir ailənin timsalında hələ də incidir, əzab verir, dəhşətli ağrılar bitib-tükənmək bilmir. Hərdən adama elə gəlir ki, bu üzüntü heç qiyamət gününə qədər də bitməyəcək...
Ömürdən ötüb keçən nəinki günlər, hətta illər var ki, o illərə, o günlərə məxsus olmuşları daha heç bir zaman yada salıb xatırlaya bilmirsən, onlar yaddaşın hansı dərin küncündəsə qaranlığa batıb yox olur, bir anı, bir dəqiqəsi, bir saniyəsi belə yenidən canlanmır. Amma elə gün var, elə gecə var , bir saniyəsini istəsən belə unutmursan. O gün, o gecə qəlb, ömür kitabına pozulmaz hərflərlə yazılır. Fərq etməz, o səni sevindirir, yoxsa ağladır...
... Həmin gecə gördükləri dəhşətlər, faciələr hər gün elə indicə baş verirmiş kimi onların gözü önündən dönə-dönə axır, hər gecə yuxularını qarışdırıb həyatı cəhənnəmə döndərir. Qatbaqat yaşayırlar o dəhşəti. Yurd həsrəti həmin insanların qəlbini oda-alova bükür, Vətən həsrəti, torpaq yanğısı içlərini yandırıb-yaxır, külə döndərir. Qınayan olmasa, hər biri günün günorta çağı küçənin ortasına çıxıb qışqırar, kar olan qulaqlar eşidənə qədər, bir an ara vermədən bu müsibəti törədənlərə lənət oxuyarlar. Hər an min-min uçarı quş olub Xocalıya, Qarabağa sarı qanad çalıb o yerlərə qonmaq həvəsinə düşərlər. O yerin, o yurdun havasıyla nəfəs almaq, suyundan içmək keçər könüllərindən. Üzlərini ana yurdun torpağına, daşına sürtmək, o yerlərin çiçəyini, gülünü qoxlamaq həsrətiylə alışar, od tutar ürəkləri. O an bəlkə də odlu-alovlu şair Şahmar Əkbərzadənin bu misraları yada düşər:

Bu payız küsəcək məndən Qarabağ,
Yollarda qalacaq gözü yolların.
Payım budaqlardan özün asacaq,
Bağrı çatlayacaq güleyşə narın...

Gözü yollarda qalan o gözəl, əvəzi olmayan torpağın arzusunu dindirmək istəyir onlar. Həsrətdən dodaqları çat-çat olmuş cənnət Qarabağın qoynunda dərindən nəfəs almaq cənnətə qovuşmaq deyilmi məgər?
Qeyd: Əsərdəki hadisələr Xocalı sakinlərinin söylədikləri əsasında qələmə alınıb.
İmdadımıza çat, Allah!
Sus! Tez elə qızı da götür, girin ot tayasının içinə. Mən deməmiş çıxmayın ordan. Baxım görüm, yan-yörədə kimsə var, ya yox? Qonşuların səsi-küyü lap uzaqdan gəlir. Bəlkə lənətə gəlmişlər hamını qırıblar? Ov tüfəngini axurda gizlətmişdim... Gedim eşələyim, görüm tapırammı? Nə də olmasa, yaman günün yarağıdı. Allahdan, bayaq tövləyə girəndə əl fanarını götürmüşəm.
Məryəm ətraf duymasın deyə imkanı çatan qədər səsini boğaraq vaysındı:
- Oğlumu, balamı vurdular!
Əgər istəmirsən hamımız məhv olaq, sus, Məryəm! Tövlədə olmasaydıq, çoxdan o dünyalıq eləmişdilər. Dediyimi eləyin. Eşidirsən, qızı da götür, ot tayasının içində gizlən. Gözləyək, baxım görüm, neynirik...
Yox, səni tək qoyub heç yana gedən deyiləm. Qorxuram, Fərhad...
Ay qız, sənə deyirəm get! Eşitmirsən, vanövsəni? Allah göydən başımıza daş yağdırır, daş...
Məryəm ətrafdan gələn atəş səslərindən hövllənib hər iki ovcunu qullaqlarına sıxdı.
Uzaqda deyillər, hər an qayıda bilərlər. Səhər açılmamış necə olur-olsun, özümüzü meşəyə çatdırmalıyıq. Hava işıqlansa, heç! Cəld olun!
Məryəm bayaqdan bəri çaş-baş qalan, qorxudan gözləri böyüyən qızının əlindən tutdu, onu ot tayasına tərəf dartdı. Qupquru ot-ələfi eşələyib taya oyuğunun içinə girdilər. Pəri nə baş verdiyini doğru-düzgün dərk edə bilməsə də fəryadlar, ağlaşma, qışqırtı, atışma səsləri onu dəhşətə gətirirdi...
Ana, niyə evimizə getmirik? Niyə qışqırırlar hər yerdə? Bunlar kimdi? Ermənilərdi?
Anası əli ilə onun ağzını yumdu, yəni, səsini çıxarma! Hardasa xeyli aralıdan gələn ermənicə danışıq səslərini eşidən Məryəm tir-tir əsir, hər nədən irəli özünün və bir əlcə qızının o vəhşilərin əlinə düşəcəyindən qorxur, bu zaman ona elə gəlirdi ki, başının ortası keyləşir, damarında qan donur. Səslər uzaqlaşdıqdan sonra bir az özünü ələ ala bilsə də ərindən aralı düşmək, onu itirmək qorxusu yenidən təlaş qasırğasına çevrilib əl-ayağını uçundururdu. Qorxuya baxmayaraq arabir başını ot tayasının altından qaldırıb, yan-yörəyə göz gəzdirdi. Həyətin zəif işığında kimsə görünmürdü. Amma xeyli aralıda yenə imdad səsləri eşidilirdi. Qadınların vay-şüvəni sinə dağlayırdı, tüklər biz-biz olurdu.
Birdən kimsə onun əlindən yapışdı. Dəhşətli diksinti içində onsuz da solğun olan sifəti qar kimi ağarıb dondu.
Qorxma, Məryəm, mənəm.
Allah, sənə şükür!
Tez olun, getməliyik. Cəlladlar kəndin ortalığında, bir də yuxarı başdadılar, kiminsə burada qalmağı ağıllarına gəlməz. Fərhad sanki sayıqlayırmışcasına kimə müraciət etdiyi bilinmədən danışırdı. Deməli, Pəri yatılı olub, qaranlıqda görməyiblər. Fuad səsə çölə çıxmasaymış, salamat qalarmış. Hara baxırsan, ay Allah, nədi bu binəva millətin günahı, ərşə çıxan bu zülmü niyə görmürsən? Qonum-qonşu, qohum-əqrəba hamısı qanına qəltan oldu, gözümüzün ağı-qarası tək oğluma qıydı qansız cəlladlar. Cəld ol, Məryəm, nə qədər ki, aralıdadırlar, heç olmasa sizi təhlükəsiz bir yerə çıxarım. Hanı qız?
Otun altındadı.
Məryəm otun içindəki oyuqda qısılıb qalan Pərinin əlindən tutub özünə sarı çəkdi:
Qorxma, anan qurban, atan yanımızdadı, burdan nə qədər tez aralaşsaq bir heylə yaxşıdı.
Anasının əlindən möhkəm yapışan qız hara və niyə getdiklərini bilməsə də qaçmağa, valideynləri ilə ayaqlaşmağa çalışdı. Anasının ağlaya-ağlaya, güclə eşidiləçək səslə Yaradandan kömək istəməsi, bu müsibətin necə də qorxulu olduğunu bildirirdi. Onun qolundan möhkəm yapışan Məryəmin əlinin yarpaq kimi əsib titrəməsi qorxudurdu qızı. Uşaq olsa da anlayırdı ki, nəsə soruşmağın zamanı deyil, nəsə çox pis şeylər baş verir...
Qarın üstü ilə yerimək çətin idi. Ona görə də yeyin gedə bilmirdilər. Meşənin ağacları get-gedə sıxlaşan yerinə çataçatda uşaq səsi eşitdilər. Fərhad ehtiyatlandı. Bu səs onları bəlaya sala bilərdi. Əlindəki fanarı səsə tərəf tutdu. Yerə uzanılı, hənirsiz qadının yanında ağlayırdı körpə. Fərhad uşağı qucağına aldı.
Ağlama, bala, ağlama, görən kimlərdəndi bu bədbəxtlər?
Kimlərdən olacaq, kəndin adamıdı, yəqin. Yoxsa, gecənin bu vədəsində burda nə gəzir belə tifil körpə?..
Səsi eşidən körpə daha bərkdən qışqırmağa başladı. Qaranlıq meşənin vahiməsi uşağı sarsıdıb havalı dərəcəsinə çatdırmışdı. Məryəm Pərini bağrına basdı.
- Elə bil, bu uşaq laldı. Ya da qorxudan dili batıb.
- Fərhad, neyləyək, bu uşaq hamımızı qırğına verər. Deyəsən heç yerimir, danışmır hələ.
Fərhad halsız halda qarın üstünə döşənib qalmş qadına sarı əyildi. Sağ olub-olmadığını bilmək istədi.
Kimsən, kimlərdənsən, a bajı?
Qadın erməni ləhcəsində, amma türkcə qırıq-qırıq mızıldandı:
Lənətə gəlsin hamısı! Hüseyn əmigilin tanışıyıq. Onlarda xeyir iş var idi, çağırmışdılar. Qonaq getmişdik Allah qoymasa. Öz qırılmışlarımız bu kökə saldı bizi. Ərimi də vurdular. Nədi-nədi azərbaycanlıya qonaq getmişik. Sizi tanıyıram.
Yaralı erməni qadının qırıq-qırıq kəlmələrindən belə anlaşılırdı ki, Fərhad həkimi tanıyır. İndi onun qucağında tutduğu körpəni və ondan bir neçə yaş iri oğlu xəstələnəndə onun yanına müalicəyə aparıb. Qadının son yalvarışı ilə birlikdə son nəfəsi də vahiməli, qaranlıq meşədə, Allah bilir neçə saatdan bəri əsim-əsim titrəyən bədənindən ayrıldı. Çarəsiz ana ölüm ayağında yalvarırdı ki, körpəsinə rəhm eləsinlər, onu bu cəhənnəmdə atıb getməsinlər.
Məryəm ölümün ağuşunda çapalayan qadına ikrahla baxıb dodaqaltı vaysınırdı ki, bunda həyasızlığa bax, bizi yer-yurdumuzdan didərgin salıblar, camaatı böyüklü-kiçikli qanına qəltan eləyiblər, çarəsiz insanlar canını qurtarmaq istəyən yalquzaq kimi gecəyarısı, qar-boran demədən ayaqyalın, başıaçıq meşələrə səpələnib. Bu da istəyir ki, dığasını xilas edək, isti paltarımıza büküb, qoynumuzda ilan bəsləyək. Bəs mən ana deyiləm? Gözümün qabağında madar oğlumu qanına bələdilər. İndi mən erməni balasını qucağıma alım, ona nəfəs verim?
Məryəm Fərhadın ürəyinə bələddi. Peşəsinə olan sədaqətini də bilirdi. Odur ki, ərinə qəti şəkildə söylədi ki, uşağı götürmək fikrinə düşməsin.
Fərhad, - dedi, Məryəm, - əgər bu uşağı özümüzlə götürsək, hər şey cəhənnəm, yolda aclıqdan, soyuqdan qışqırıb ağlayacaq. Hər kolun dibində bir erməni cəlladı pusqudadı. Vallah, əməlli-başlı başağrısıdı, bu dığa, özümüzə iş açmayaq...
Fərhad bir an duruxdu, sonra qəfil ilan çalmış kimi meyitdən, ona sarı dartınan uşağın qorxudan hədəqəsindən çıxan gözlərindən uzaqlaşmaq üçün dar cığırla irəlilədi. Elə bu zaman körpə bayaqkından daha yanıqlı səslə ağlamağa başladı. Var gücüylə qışqıran uşağın səsi insanın tüklərini ürpədir, qəlbini dağlayırdı. Məryəm ayaq saxladı.
Fərhad, öldür onu. Qoy səsi kəsilsin.
Ana...
Nədi, Pəri?
O, lap balacadı, yazıqdı!
Məryəm qızının soyuqdan donan əllərini donunun ətəyindən aralamaq istədi.
Kiri, qız, yum ağzını. Nə tez yadından çıxardın, bəlkə elə qardaşının canına qıyan bu dığanın dədəsi idi. Sabahdan bəri kəndi başına götürən fəryadları nə tez yadından çıxardın, bala?
Ana, onun nə günahı var?
Məryəm yenə israrından dönməyib ərinə hökm etdi:
Sənə deyirəm, vur onu, Fərhad!
Fərhad sanki görəcəyi qorxunc işin vahiməsinin təsiriylə təntiyə-təntiyə:
Yox. Məryəm, mən bacarmaram.
Məryəm:
- Bəri elə, tüfəngi, - dedi və Fərhadın sol çiynindən aşırdığı qoşalüləni dartıb götürdü. Tüfəngi körpəyə tuşladı. Qadının tətiyə güclə çatan donmuş barmaqları dəhşətli bir çarəsizliklə uçundu, bütün bədəni əsdi, dizi üstə yerə çökdü, hönkürdü. Bir az əvvəl gözünün qabağında doğma oğlunu dəlik-deşik edən millətdən törəyən körpəni vurmağa ananın əli qalxmadı!
Məryəmin əlindən sürüşüb düşən tüfəngi qaldırıb çiyninə keçirdən Fərhad həkim ikinci dəfə aşağı, qalın qarın altında tapdanıb bərkimiş yer səthinə sarı əyildi, üşüntü və qaranlıq vahiməsindən, aclıqdan, susuzluqdan başqa heç bir hissiyyatı olmayan yad körpəni, düşmən balasını qucağına götürdü. Ani olaraq ayıb iş tutan günahkar gözlərlə ömür-gün yoldaşına baxdı və bəraət üçün söz tapmadı. Bircə kəlmə:
Gedək, dedi, - bayaqkı cığır boyu qaranlığın içinə addımladı.
(ardı var)