adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Fevral 2019 10:00
20685
GÜNDƏM
A- A+

Kitabxanalar artsa camaat kitab oxuyacaqmı? – Ziyalılar danışdı

Milli Məclisin deputatı Aqil Abbas parlamentin plenar iclasında kitabxanaların vəziyyəti haqqında danışıb: "Kəndlərdə kitabxana qalmayıb. Elektron kitabxanaya kim gedəcək? Mən buna inanmıram. Evdə telefonu, kompüteri olan elə kitabxanaya getməz. Elektron kitab oxumaq əleyhqaz geyinib qızılgül iyləmək kimi bir şeydir. Bəzi rayonlarda kitab mağazaları bağlanıb. Kitab istəyən haradan almalıdır? Restoran tikdirirlər, özləri bilərlər, amma nə olar ki, kitabxana da tikdirsinlər”.

Kitabxanaların vəziyyəti necədir? Kənd yerlərində kitabxanalara ehtiyac varmı?

Adalet.az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.




Millət vəkili, yazıçı Sabir Rüstəmxanlı qeyd edib ki, Azərbaycanı kitabxanasız təsəvvür etmək mümkün deyil: "Mən bu məsələni dəfələrlə qaldırmışam ki, Azərbaycanı kitabxanasız qoymaq olmaz. Vaxtı ilə Bakıda 120-dən çox kitab dükanları vardı, indi hamısı bağlanıb. Hazırda yeni kitab evləri açılır. Rayonlarda isə kitab dükanları yarıbayarı azaldılıb. Bir çox kitabxanalar kitabsız qalıb. İlk növbədə yeni nəşriyyatlar Mədəniyyət Nazirliyi ilə əlaqələri gücləndirməlidir. Nəşriyyatların illik planları olmalıdır. Planlar Mədəniyyət Nazirliyinə göndərilməlidir. Mədəniyyət Nazirliyi müəyyən kitabları seçib sifariş verməlidir. Bundan ötəri də pul ayrılmalıdır. Bu, sistemdir. Sistemsə dağılıb. Vaxtı ilə Kütləvi İnformasiya Nazirliyi vardı. Onda işlər qaydasında gedirdi. İndi o nazirlik də yoxdu, o işlə məşğul olan da. İndi isə bircə Mədəniyyət Nazirliyinin nəşriyyat şöbəsi var. O da bu işin öhdəsindən gələ bilməz. Həm də dediyim kimi, maliyyə vəsaiti çatmaz. Ona görə də bu məsələ ciddi şəkildə kökündən həll olunmalıdır. Azərbaycanda kitab təbliğatı ilə bağlı dövlət proqramı hazırlamaq lazımdır.”





Ümid Partiyasının sədri İqbal Ağazadə dövlətin kitaba qayğı göstərməsinin vacib olduğunu vurğuladı: "Təbii ki, elektron kitabxanaların yaranması müasir dövrümüzün tələbləridir. Dünyanın hər bir yerində bu gün daha çox elektron kitabxanalardan istifadə edirlər. Daha çox internet resurslarının inkişafını texnologiyaların yaranışı şərtləndirir ki, bu tipli məsələlərdə dövlət də, səlahiyyətli qurumlar da dünyanın – müasir dövrün tələblərinə uyğunlaşdırılmış kitabxana sistemi yaradılsın. Lakin Azərbaycanda hələ elə bir nəsil var ki, o nəsil kitabdan tamamilə uzaq düşüb elektron versiyalardan istifadə etmək bacarığında və həvəsində deyillər. Hansı ki, bu nəsil dünyanın yeniliklərinə alışmayıblar. Nə qədər ki, ölkəmizdə bu nəsil var və kitabın gerçəkdən də təmasının, vərdişlərinin də insan psixologiyasına və düşüncəsinə, hətta sağlamlığına belə təsiri var, ona görə də bu cür vərdişləri tərgitmək çətin olur. Hətta deyərdim ki, olmaz. Çox istərdik ki, regionlarda, kəndlərdə, xüsusilə də internet resurslarının zəif olduğu yerlərdə kitabxanalar qalmalıdır, dövlət də kitab çapına qayğı göstərməlidir. Bununla da insanlar kitab oxumaq vərdişlərini tərgitməməlidir. Bu vərdişləri tərgitmək əslində bir az da fərqli şəkildə ifadə etsək, ağız ədəbiyyatı – şifahi ədəbiyyata qayıdışa bənzəyir. Əlimizdə heç nə yoxdur, danışırıq, eşidirik və ya oxuyuruq. Oxuduğumuz, eşitdiyimiz də ya başımızda qalacaq, ya da elektron variantda olacaq. Amma kitab elədir ki, yazılanlar yazı kimi də qalır. Hansı ki, bu zamanda internetə - online versiyaya belə tam güvənmək olmur. Baxın, yazılar var ki, müəyyən müddətə qədər arxivdə qalır, müəyyən vaxtdan sonra silinir. Amma kitabxanalar, arxivlərin sayəsində müraciət etdiyimiz nə qədər kitabxanalar var ki, əsrlər öncədən də yazılanları orada tapa bilərik. Təbii ki, elektron kitabxanaların da olması istisna deyil. Sadəcə parelel olaraq, kitabxanalar da olduğu kimi qalmalıdır. Biri digərinə mane olmaz. Kitab belə bir şeydir ki, insanlar kitaba fərqli sevgiylə baxır, canlı vasitə kimi, toxunuş kimi həm də bir az doğmalaşır - orda oxuduğun söz də doğmalaşır, ədəbiyyat da doğmalaşır, hətta təsəvvür edin ki, sevdiyin hər hansısa bir ifadəni, sözü kitabın hansı səhifəsinin hansı küncündə yazıldığını belə əzbər yadda saxlayırsan. Təbii ki, zaman-zaman dünyanın tələbləri dəyişəcək, yeni vərdişlər formalaşacaq, ortaya çıxacaq. Və o anda da biz də o vərdişlərdən kənarda qalmayacağıq. Sadəcə heç bir ziyanı olmayan bu vərdişin də tərgidilməsinin tərəfdarı deyilik”.




Yazıçı Səfər Alışarlı düşünür ki, insanların maddi vəziyyəti düzəlsə kitab oxumaq da öz-özünə həll olunacaq: "Yəni deyirsiniz ki, kitabxana çox olsa, millətin problemləri həll olunacaq? Məncə, rayonlarda insanlara kitabxanadan öncə heç olmasa sərbəst əkinçilik və maldarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları gücləndirilməlidir. İnsanların maddi rifahı yüksək olsa, onlar öz uşaqlarına kitab oxutmağın yolunu kitabxanasız da tapacaqlar. Kitabxanalara kollektorlar tərəfindən hansı kitabların göndərildiyi məlumdur, bu gün internet şəraitində onları oxumaq elə də vacib deyil.”










Yazıçı Elçin Hüseynbəyli bu məsələnin aktual olduğunu söyləyib: "Aqil Abbas həmişəki kimi aktual mövzuya toxunub və mən onun fikirlərini bölüşürəm. Təəssüf ki, gerçəklik belədir. Adamlar rayondan gəlib müəllifdən utana-utana kitab istəyirlər. Özü də bu məsələ dəfələrlə müxtəlif səviyyələrdə qaldırlıb. Amma ciddi nəticə yoxdur. Kitabxanaların elektron varianta keçməsini isə doğru sayıram”.










Yazar Rəbiqə Nazimqızı kitabxanaların sayının artırılmasının doğru olduğunu bildirib: "Ümumiyyətlə, kitabxanaların sayının artırılması vacib məsələdir. Bəzən deyirlər, oxuyan yoxdur, gələn yoxdur. Səhv yanaşmadır. Heç olmasa, camaatın gözü giriş qapısındakı lövhədəki "kitabxana" sözünü görməlidir. Bundan başqa, kitabxanalar müasir ədəbiyyatla - təkcə bədii ədəbiyyatı demirəm - təmin olunmalıdır. Məktəblər də uşaqları arada bu kitabxanalara ekskursiyaya aparmalıdırlar ki, uşaqlar heç olmasa onun içini görsünlər. Yəni kitablar nəinki açılmalıdır, artmalıdır, həmçinin və daha vacibi təbliğ olunmalıdır. Kitabxanasız, kitabsız, mütaliəsiz, savadsız xalqın nə indisi olar, nə gələcəyi. Aqil müəllimin təklifini çox təqdir edirəm."