adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
05 Fevral 2019 09:56
10167
SİYASƏT
A- A+

HÖRMƏTLİ SƏFİRLƏRİMİZ, SABAHINIZ XEYİR!

«26-lar»da belə bir yer var ey, ingilis generalı əlində badə deyir, arxada da gözəl musiqi gedir:

- Oturmuşuq İranın cənnət guşəsində…

İndi Avropadakı hörmətli səfirlərimiz, oturmusunuz Avropanın cənnət guşələrində, Allah işinizi avand eləsin. Camaat bir həftə Fransaya gəzməyə getmək üçün, ya olsun Hollandiya, Almaniya, ya Belçika, İsveçrə altı-yeddi min avrodan keçməlidi. Maşallah, sizlər ilboyu ordasız, hələ buna görə pul da alırsız. Sağlıqla xərcləyin.

Və yuxarıda adı çəkilən ölkələrdə də televizyonlar açıblar, sosial şəbəkələrdə qruplar yaradıblar , dövlətimiz, iqtidarımız, yusək vəzifəli dövlət məmurlarımız, eləcə də Möhtərəm Prezidentimiz haqqında hədyanlar söyləyir, böhtanlar atılır, təhqirlər baş alıb gedir, hətta terrora çağırışlar: «ay övladlarınızın başını kəsəcəyik» və sair hədələr yağdırılır. Deyirəm, bəlkə bir az vaxt ayırıb həmin ölkədəki dövlət qurumları ilə, onların səlahiyyətli orqanları ilə görüşəsiz, bir hüquqi işləm başladasız. Həm də ölkələrlə bizim həm siyasi, həm iqtisadi, həm də hüquqi müqavilələrimiz var. Və sizlər də orda Azərbaycan dövlətini təmsil edirsiz. Soruşuruq, bu məsələlərlə bağlı hər hansı bir addım atmısınızmı?

Cavabı həm sizdən, həm də Xarici İşlər Nazirliyinin müvafiq idarəsindən gözləyirik.

Əgər burda hər hansı bir jurnalist və ya adi vətəndaş Fransada və ya ABŞ-da onların dövlətçiliyi mənafeyinə zərbə vuran və ya hansısa terrora çağırış edərsə, həmin ölkələrin Bakıdakı səfirləri çəkib adamın ciyərini çıxarar.

Sözgəlişi, deyirlər Çexiyadakı səfirimiz haqqında biznes məsələləri ilə bağlı araşdırma aparılır. Biz demirik ha, deyirlər.