adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
04 Fevral 2019 13:07
20712
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: YOL POLİSİ AVTOMOBİLDƏ 16 KİLOQRAMDAN ÇOX MARİXUANA VƏ 420 QRAM HEROİN AŞKARLADI

Bu il qış aylarında havaların mülayim keçməsi respublikanın avtomobil yollarında bir o qədər də təhlükə yaratmayıb. Ancaq bu o demək deyil ki, yollarda bütün təhlükə aradan qaldırılıb. Sirr deyil ki, yanvarın axırlarında ölkə ərazisinin bir çox yerlərinə möhkəm qar yağdı. Bax onda Bakı-Şamaxı, Bakı-Qəbələ və Bakı-İsmayıllı avtomobil yolunda yollar buz bağladı və nəqliyyat vasitələrinin hərəkəti çətinləşdi. Amma mövcud problem Yol Patrul Xidməti Alayının əməkdaşları və Yol İstismar İdarələri tərəfindən vaxtında aradan qaldırıldı. Belə ki, qarlı yollar texnika ilə təmizləndi və buz bağlamış yerlərə duz qarışıq qum səpildi. Bu addımlardan sonra adlarlnl qeyd etdiyimiz rayonlara gedən yolda avtomobillərin təhlükəsiz hərəkəti təmin edildi.

Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları da qış mövsümünə çox ciddi hazırlaşıblar. Öncədən onu qeyd edək ki, tağımın stasionar postunda soyuq, yağışlı, yağmurlu havada avtomobillər saxlanılır, sürücülərə yol polisi əməkdaşları ehtiyatlı olmağı tövsiyyə edir. Təbii ki, bu cür maarifləndirici tədbirlərin həyata keçirilməsi baş verə biləcək qəzaların qarşısının alınmasında önəmli əhəmiyyət kəsb edir.


Hamı yaxşı bilir ki, bir çox qəzalar sürücülərin sürət həddinə əməl etməməsi, sükan arxasında sərxoş vəziyyətdə əyləşməsi və yuxulaması nəticəsində baş verir. Tağım komandiri, polis mayoru Vüqar Əsgərov əməkdaşlara tapşırıq verib ki, sərxoş sürücülərə qarşı daha ciddi mübarizə aparılsın və onlara heç bir güzəşt edilməsin. Bu tapşırıqlardan sonra keçirilən reydlər zamanı neçə-neçə sərxoş sürücü aşkarlanaraq məsuliyyətə cəlb edilib.

Eyni zamanda, yükdaşıma qaydalarının pozulmasına qarşı da mübarizə geniş vüsət alıb. Bir çox sürücülər qum, çınqıl apararkən yükün üzərinə örtük bağlamırlar. Örtüksüz yük maşınlarından isə yollara qum, çınqıl səpilir, nəticədə yollar çirklənir və digər avtomobillər üçün təhlükə yaranır. Son vaxtlar bu cür qayda pozuntusuna görə, bir neçə yük maşınının sürücüsünə inzibati protokol tərtib edilib. Bu cür tədbirlərdən sonra yük maşınlarının əksəriyyəti apardıqları tikinti materiallarının üstünü örtüklə bağlayırlar.


Tağımın əməkdaşları Bakı-Qazax yolunun Ələtə qədər olan təhlükəli yerlərində xidməti gücləndirirlər. Məsələn, bu yolun 57-ci kilometrində əvvəllər yerüstü piyada zolağı yox idi. Hərəkət iştirakçıları isə məscidə ibadətə gedəndə və qayıdanda təhlükəli anlar yaşayırdılar. İndi həmin yerdə piyadalar üçün zolaqlar çəkilir və insanlar da təhlükəsiz həmin yerdən gedib-gələ bilirlər. Eyni zamanda, Bakı-Qazax yolunun 25-ci, 37-ci, 44-cü, 48-ci, 57-ci və 68-ci kilometrlərində təhlükəli anlar mövcud olur. Bu təhlükəli anları aradan qaldırmaq üçün günün müəyyən saatlarında həmin yerlərə naryadlar göndərilir və yol polisi əməkdaşları qabaqlayıcı tədbirlər nəticəsində mövcud təhlükəni aradan qaldırırlar.

Keçirilən reydlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, ötmə əməliyyatını pozan, avtomobilin konstruksiyasında dəyişiklik edən və eyni zamanda normadan artıq sərnişin daşıyan sürücülər barəsində elektron protokol tərtib edilib. Bu cür qayda pozuntularına yol verən heç bir sürücü məsuliyyətdən kənarda qalmayıblar.


Tağım əməkdaşları həm də cinayətkarlığa qarşı fəal mübarizə aparırlar. Belə ki, yanvarın 15-də Qaradağ rayon Polis İdarəsindən Yol Patrul Xidməti Postuna məlumat daxil oldu ki, Ələtdən Bakı istiqamətində hərəkət edən "Mitsubişi L 200” markalı 99 XZ 712 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmasında onlara kömək göstərilsin. Həmin gün saat 15:00-da tağım komandiri Vüqar Əsgərovun göstərişi ilə posta yaxınlaşan avtomobil süni tıxac yaradılaraq saxlanıldı. Avtomobil saxlanılarkən sürücü və sərnişin özlərini şübhəli apardıqları üçün nəqliyyat vasitəsinə vizual qaydada baxış keçirilib. Qaradağ rayon Polis İdarəsi əməkdaşları ilə birlikdə avtomobilin salonunda idman çantasında 470 qram heroin və 16 kiloqram 250 qram marixuana aşkar edilib. Avtomobilin sürücüsü Qaradağ rayon Qobustan qəsəbəsi, N.Niftiyev küçəsi ev 17-də yaşayan 1957-ci il təvəllüdlü Tofiq Əli oğlu Kərimov və Bayıl qəsəbə sakini 1955-ci il təvəllüdlü Andrey Qismət oğlu Fomenko saxlanılaraq Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Şübhəli şəxslərin saxlanılmasında və müəyyənləşməsində tağımın əməkdaşlarında polis leytenantı Rəşid Ağayev, polis baş serjantları Ramil Vəliyev, Elmir Məmmədov, Fuad Rzayev, Rəşid Həsənov, Firudin Mürsəlov xüsusilə fərqləniblər. Bəzən elə olur ki, yol polisi ən ağır cinayətkarla üzləşir. Bax, onda onun köməyinə yüksək fiziki hazırlığı, çevikliyi çatır. Bu mənada 6-cı tağımın əməkdaşları həm də dəfələrlə belə ağır cinayətkarları zərərsizləşdirməyi bacarıblar.

Altıncı tağımın naryad rəhbəri, polis kapitanı Namiq Əzizov bizimlə söhbətində bildirdi ki, bəzi reydlərdə biz həm də cinayətkarlığa qarşı mübarizə də aparmalı oluruq. Dəfələrlə əməkdaşlarımız xüsusilə təhlükəli cinayətkarla üzləşib və yüksək peşəkarlıqla onları zərərsizləşdirib. Düzdür, bizim əsas vəzifəmiz yol hərəkətinin təhlükəsizliyini təmin etməkdir. Amma bir də görürsən ki, saxlanılan maşında əyləşənlər hansısa cinayəti törədib aradan çıxmaq istəyənlərdi. Bax, bu vaxt biz onları ram edirik.


Namiq Əzizov onu da qeyd etdi ki, fevral ayının 1-dən başlayaraq əməkdaşlarımız Qaradağ rayonunun Sahil, Sanqaçal, Ələt, Qobustan qəsəbələrindəki məktəb və müəssisələrdə hərəkətin təhlükəsizliyi ilə bağlı söhbətlər aparmağa başlayıblar. Bu məktəblilərin və hərəkət iştirakçılarının maarifləndirilməsinə yönəldilib. Tağımımızın əməkdaşlarından polis kapitanları Bakir Həsənov və Qalib Rzayev məktəblilərlə görüşlərdə iştirak eləyir, yol hərəkəti ilə bağlı onların suallarına cavablandırır və daha diqqətli olmalarını tövsiyyə edirlər. Təbii ki, hərəkət iştirakçıları yol hərəkəti qaydalarının, xüsusən də məktəblilər yaxşı bilsələr, mövcud təhlükədən qurtarmış olurlar. Sözün açığı, bizdə əksər piyadalar yolu keçərkən səhlənkarlıq edir, hətta başını qaldırıb qarşıdan gələn nəqliyyat vasitəsinə belə baxmaq istəmirlər. Bu isə birmənalı olaraq piyadanın öz həyatı ilə oynaması deməkdir. Bax, bu təhlükədən bütün piyadalar uzaq olmalı, yolu keçərkən ehtiyatı əldən verməməlidir.

Reyddə iştirak edirdilər: Vüqar ƏSGƏROV – Yol Patrul Xidməti Alayının 6-cı tağımının komandiri, polis mayoru; Namiq ƏZİZOV – 6-cı tağımın naryad rəhbəri, polis kapitanı: Elçin ORUCOV – 6-cı tağımın baş inspektor, polis kaptanı; Qalib RZAYEV – 6-cı tağımın , baş inspektor, polis kapitanı; Elmir MƏMMƏDOV – 6-cı tağımın inspektoru, polis baş serjantı; Abbas ABDULLAYEV – 6-cı tağımın inspektoru, polis baş serjantı; Xəyyam MUSTAFAYEV – 6-cı tağımın inspektoru, baş serjantı; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı.