Azərbaycanda piyada işıqforları və keçidlərinin sayı artırılacaq
Azərbaycanda müasir tələblər nəzərə alınmaqla piyada işıqforlarının tətbiqi meyarları dəqiqləşdiriləcək və onların sayı artırılacaq.
Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir.
Həmçinin əlilliyi olan şəxslərin yollarda sərbəst hərəkətinin təmin edilməsi üçün tədbirlər (piyada keçidlərinin ayaqla hiss edilə biləcək qabarıq elementlərlə, işıqforların səs siqnalı ilə təchiz edilməsi və s.) görülməsi, layihələndirilməsi, tikintisi və təmiri nəzərdə tutulan avtomobil yollarının əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması, eləcə də səkilərdə piyadaların hərəkəti üçün maneələrin aradan qaldırılması və gələcəkdə belə maneələr yaradılması hallarının qarşısının alınması, səkilərin ölçülərinin dövlət şəhərsalma norma və qaydalarına uyğunluğunun təmin edilməsi nəzərdə tutulur.