adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Fevral 2019 00:42
15966
ƏDƏBİYYAT
A- A+

BANK SƏDRİ

Mini romandan parçalar

FƏXRİ MÜSLÜM

(əvvəli ötən saylarımızda)

Sədr danışırdı, - hə, mən özüm bu təşkilata sədr gələndə, bir çox məsələlərin həllini onunla məsləhətləşirdim.
Bu dəfə, başqa bir tərəfdə canlanma başladı, cavan və boynu yoğun biri o birinə astadan, - gör nə günə qalmışıq ki, bizim bütün zəhmətimizi, bu köpək oğlu hayın ayağına yazırlar, mən beş dəfə səmərəli təklif verdim birini də qəbul etmədilər ki, etmədilər. Necə oldu ki, hayın təklifləri özünə yer alır, bizim ki, yox.
Onun yanındakı həmkarı, - bəzi işlərdən mənim xəbərim var, ancaq onları sən bilməzsən, çünki sənin təkliflərini baxıb, redaktə eləmək üçün ona yönləndirirlər, o da fikirləri götürür və təkliflərin üstündən xətt çəkərək ləğv edir və bildirir ki, bunlar zəif təkliflərdi. Sonra sənin təkliflərini başqa bir formada işləyir, cilalayır və təqdim edir. Moskvada da idarə rəislərindən biri onun hay tanışlarındandı, o da orda ona dayaq durur. Ona görə də sənin təkliflərin ayaq tutub yerimir.
Sədr pıçıltı gələn tərəfə dönsə də, danışa-danışa onları baxışlarıyla tənzimləyərək,
- mən, çıxışımı qısa edəcəm, çünki burda, söz deyənlər çox olacaq, belə ki, Akop Ayriyan bizim hamımızın sevimlisidi, gəlin ona bu yubileyi münasibətiylə can sağlığı arzu edək və gün o gün olsun ki, elə bu restoranda da yüz illiyini keçirək. Onu da bildirim ki, Akop Ayriyan əslən Qarabağlı olduğuna görə üstündə Qarabağ şəkili olan balaca bir hədiyə sifariş etmişik, indi icazənizlə onu təqdim edək, -deyərək, restoranın küncünə qoyulmuş və naxışlarında Qarabağı əks etdirən Azərbaycan xalçasının gətirilməsinə işarə etdi.
Restoranın küncünə yaxın oturmuş işçilərdən biri yerindən güclə qaldırdığı xalçanı sürüyüb sədrin yanına gətirdi, sədr xalçanı açaraq, - Akop Ayriyan səni kollektiv adından təbrik edirəm, -deyərək, açdığı xalçanı, yenidən bükdürüb əvvəlki yerinə qoydurdu.
Badələr qaldırılsa da, bakallar bir-birinə dəyib səs salsa da, məclis əhlinin bəzilərində bu, başqa bir əhval-ruhiyyə yaratmışdı. Çünki bilirdilər ki, tarixən Qarabağ Azərbaycanın yaralı yeri olub, bunu onlar sovet hakimiyyətinin yaradılmasının ilk illərindən, belə bir məsələnin baş ağrısına çevrildiyi, Göyçə mahalından tarixən azərbaycanlıların deportasiya edildiyi, girəvə düşəndə Azərbaycanlıların öldürüldüyü pıçıltıya çevrilmişdi, ancaq pıçıltı ilə danışanlar Akopdan xeyli aralıda oturduqlarından onun xəbəri yox idi. Həm də Akop çörək yeyəndə fikri özündə olardı, əllərini bütün qab-qacaq boyu gəzdirərdi, yeyə bilmədiyi tikəni qabının qırağına qoyub, başqa tikəyə əl atardı və elə bir vəziyyət yaradardı ki, qarşıdakı bir də qələt edib onunla ortaq olan qabdan yemək götürə bilməzdi. Bu hörmət əlaməti deyildi, bu sadəcə olaraq Akopun yaratdığı iyrənc bir nəsnəydi ki, bu da qarşıdakını iyrəndirərdi. Odur ki, Akop hələ acgöz adamlar kimi öz hayında idi və başı qarışıq idi.
Yemək-içmək davam etdikcə, çıxışlar da bir-birini əvəz edirdi. Kiminsə ürəyindən oynamaq keçdi və gitara çalan şöbə rəisinə, kefli-kefli dönərək, - ayə bir erməni havası çal Akop dayımla oynamaq istəyirəm, - deyərək, səndirləyə-səndirləyə ayağa qalxdı.
Gitara çalan aşağıdan onun üzünə bozardı, - evi yıxılmış erməni havası var, onların havasının hamısı ölü götürmək üçün çalınan havadı, - deyərək, ona acıqlandı.
Oynamaq istəyən, - onda, nədi ey o, dayı, dayı havası var, sən de adını, bax, onu çal, - deyib Akopa tərəfə səndirlədi, - Akop dayı səninlə oynamaq istəyirəm, sən mənim atam olmusan, arxam olmusan, - deyərək, onun qolundan yapışdı.
Akop tərəddüd etsə də, yer-yerdən, - Akop dayı durun, Akop kirvə durun kəlmələri onun ürəyindən oldu və yarı könüllü, yarı könülsüz ayağa durdu. Könülsüz olmağın da səbəbi, onu oyuna dəvət edənin yerində səndirləməsiydi ki, o da ondan ehtiyat edirdi.
Gitara çalan bir qarışıq hava çalırdı ki, elə buna da sərxoş olub oynamaq olardı. Akopu oyuna dəvət edən, bir əliylə Akopun boynundan tutub səndərləyə-səndərləyə əl-qolunu bir az atdıqdan sonra, Akop gördü ki, bir az belə davam etsə, yer ölçəcək, odur ki, bir təhər onun əlindən qurtarıb, tez də yerinə qayıtdı.
Məclisin axırına qalmış olsa da, beyinlər artıq dumanlı idi, gitaranın səsi bu kefli oyunçuya görə kəsilmişdi, o da özünü bayıra salmışdı ki, bir az hava alsın.
Kişilər qadınlara him-cim elədilər ki, onlar öz məharətlərini göstərsinlər, qadınlara da elə bu lazım idi, gitara çalana işarə edərək, meydanın ortasında ortalandılar və gözlədilər ki, gitara çalan hansı havanı çalacaq. Gitara çalan dəyəsən "Yanıq Kərəmi" çalırdı və onu da elə çalırdı ki, heç çalmasa ondan yaxşıydı, qadınlar bir az atılıb düşdükdən sonra yorulduqlarını hiss edib stullarına qayıtdı. Bu təmtaraqla da kişilər də ortada var-gəl edib, tez də yerlərinə qayıtdı, çünki onlar müdir və şöbə rəisi vəzifələrini tutduqlarına görə, özlərini sədrin yanında ağır aparmağa çalışırdılar.
Təftişin şöbə rəisi söz alaraq, - yoldaşlar, bu gün yüksək və yaddaqalan bir səbəbdən bura yığılmışıq. Bizim hamımızın atamız yerdə olan Akop dayının 80 illiyinə. Bilirsiniz, şəxsən mən Akop dayıdan həmişə atalıq qayğısı görmüşəm, o, çox qayğıkeş bir insandı. O, bizim sistemin işini bizim hamımızdan yaxşı bilir, çünki uzunmüddətli iş təcrübəsinə malikdir, - demişdir ki, - qarşıda oturan kefli-kefli ona işarə etdi:
- Hə, sən onun oğlu kimi çıxış edirsən, elə bir az oxşarlığın da var, - deyə, onu məzəmmət etməyə çalışdı.
Onun böyrndəki isə, - ayə görmürsən, bu da sağlam adam deyil, elə bil ki, haylar bunun atası, anasıdı. Bu, bu qədər bic olmasaydı, Akop evinin, eşiyinin açarını ona verməzdi ki, o da gizlin işlərini orda görür də.
Təftişin şöbə rəisi qızarsa da, özünü o yerə qoymadı və ürəkdolusu sinəsini boşaltdı və təklif etdi ki, badələri Akopun sağlığına qeyd etsinlər, və hamı əllərində ki, qədəhləri başlarına çəkdilər.
Artıq məclisin sona yeməyinə az qalmışdı, Akop yerində qurcuxdu, bu o demək idi ki, sözü var və icazə alıb ayağa durdu, - eli yoldaşlar ha, man çox minnatdaramkı, eli manı yad etmisiniz ha. Vallah man eli yaman kövraldım, lap eli utanmasam ağlamağım da galardi ha. Çünki man doğulduğum Qarabağın eli bütün çiçəlarini eli, elə bil mana baxş ediniz ha. Man bu hadiyyani hara getsam ha, eli özümla aparacam ha. Mən çoxdan maliyya sferasında çalışaıram ha, biz har çatınliyi görmüşük ha. Eli yadımdadı biz vergi vermayan kişiların başından papaqlarını götürüb eli vergiya daxil edirdik ha. Bir köpakoğlu bizim qarşımıza çıxa bilmazdı ha. Eli ela kişilar vardıkı ha, biz onların əynindakı çuxanı da, paltonu da alırdıq ki, vergi planı dolsun, çnki onlar vergi vermək istəmirdilər ha. Buna göra eli ssri maliyya naziri şaxsan mani neça dafa mukafatlandırmışdı ha. Man sadra taşakkür ediram ha, o mənim həmişə qayğıma qalır ha, təftiş şöbasının raisina da taşakkürlar ha, o, lap mana oğulluq da edir ha. Hamınıza eli taşakkür ediram ha, çox sağolun ha.,-deyərək, özünü şad-xürrəm hesab edərək, stuluna əyləşdi.
Artıq hiss etmək olardı ki, məclis yekunlaşır, bunu hazırlanan çay süfrəsindən bilmək olardı və çay süfrəsi də yekunlaşdı, kimi öz maşınına, kimi də taksi dalınca tələsməyə başladı.
Həsən Qasımoviç evə gələn kimi sürücüsünü Kəlbəcərin "isti suyunun" arxasınca göndərmişdi. Bilirdi ki, ad günündə əməlli-başlı araqlanmışdı və onun yanğısı bir yana, baş ağrısı da səngiməyəcək Buna görə də birdən birə Kəlbəcərin isti suyuna ehtiyac duydu. Çünki çox hallarda Şuşanın "İsa bulağının" suyunu, Gədəbəyin "Narzan bulağının" suyunu tərifləsə də, o suların Bakıya gətirilməsi və satışa çıxarılması həmin dövrlərdə müşkül bir məsələ idi.
Sürücü getdiyi kimi də, tez də geri qayıtdı və çətinlik çəkmədən əldə etdiyi bir taxta yeşik "İsti su"yla içəri daxil oldu. Əvvəl bir neşə şüşə suyu Həsən Qasımoviçin qarşısındakı stolun üstünə qoydu, bir neçəsini də soyuducunun alt gözünə qoyub otaqdan çıxdı.
Həsən Qasımoviç oturduğu stuldan ayağa qalxdı, dolabın üst gözündən, iyirimi il öncə, Kislovodskidə onun ad gününə yazılmış və bağışlanılmış, çox sevdiyi fincanı götürdü. Şüşə qabdan tökdüyü suyu bir nəfəsə başına çəkdi, bunu bir neçə dəfə təkrar edəndən sonra oxxay edib, dərindən nəfəs aldı. Elə bil onun bütün narahatlıqları da, baş ağrısı da, yanğısı da Kəlbəcərin bu isti suyuna bağlıymış. Qayıdıb yenidən kreslosunda otursa da, könlündən televizora baxmaq keçdi. Yerindən durdu qara rəngli televizoru işə saldı və keçib divanda yarımköndələn söykənərək, onsuz da kasıb xəbərlər proqramını izlədi.
Həsən Qasımoviç səhər tezdən iş otağında idi. Qara telefonun xoşa gəlməyən və vahiməli səsi otağı ağzına götürmüşdü, o, cəld telefona əl atdı mərkəzi komitədən idi, - bəli, bəli, eşidirəm sizi, - və eyni tonda da cavablandırdı, - bu, mümkünsüzdü, o, işə yaramayan adamdı, bəlkə, siz onu kənardan yaxşı kimi tanıyırsınız, ancaq o mənim işçim olduğuna görə onun iş qabiliyyətinə bələdəm, yox, yox, qəti, buna yol vermək olmaz, siz də buna qol qoymazsınız. Siz məni başqa cür başa düşməyin, sizdən əvvəl mənim də, onun haqqında təşəbbüsüm olub və müvafiq tapşırıqlar vermişəm və sınaqdan keçirmişəm, baxmışam ki, o, rəhbər vəzifəyə hələ yetişməyib. Yox, yox nə danışırsınız, heç elə şey olar. Sağ olun, sağ olun, xahiş edirəm, xahiş edirəm, inciməyəsiniz, səhər bir xoşa gəlməz hadisə olar siz də pis vəziyyətdə qalarsınız, mən də, -dedi və telefonun dəstəyini aparatın üstünə qoyaraq: - belə işləmək olmaz. Telefon zəngiylə götürdüyün adamı necə işlətmək olar? Bu barədə Həsən Qasımoviç bir az vicdanlı adam təsiri bağışlayırdı, bu da o dövrün bəzi aparat rəhbərlərinə xas olan bir proses idi. Kənardan yuxarı vəzifəyə nadir hallarda işçi götürərdilər. Əvvəl öz iş qabiliyyəti olan işçilərini irəli çəkirdilər, onun yerinə isə təzə işçi qəbul edirdilər. Bu Həsən Qasımoviçin hobbisinə də aid olan bir yenilik idi.
Günorta üstünün ora-bura gedib, gəlməsi başını, beynini, və gözlərini dumanlandıran kimi olmuşdu. Sanki küt bir ağrının içindən keçdiyini anlayıb, kreslosuna əyləşdi 10-15 dəqiqədən sonra işdən çıxmağını qərarlaşdırsa da, bu fikrindən vaz keçdi.
IV
Qruppanın rəhbəri, həmkarım, mənə işarəylə üz-gözünü oynatdı. Nəyə işarə etdiyini anlamadığımdan, - nə qaş-gözünü oynadırsan, dilini Allah əlindən alıb, nədi, dilinlə de görüm nə olub axı, - dedim.
O, mənim anlamadığımı görüb, - təşkilatımızın rəhbəri, Həsən Qasımoviç gəlib, ayağa dur, görüş, - deyərək fikrini dəqiqləşdirdi.
Mən, geri çevrildim, sifətini bir dəfə işə girəndə, ikinci dəfə isə indi gördüyüm Həsən Qasımoviçin arxamda şəstlə durduğunu görüb cəld ayağa qalxdım, onun içəri girdiyindən xəbərim olmamağımın bir səbəbi də, yay vaxtı olmasına görə qapının açıq olması idi, fikirləşdim. Onunla salamlaşıb oturduğum stulu cəld geri çəkdim, oturmağını təklif etdim. Elə, eyni anda da həmin baş mühasib dediyim o qarabuğdayı qıza tərəf döndüm, - kəklikotu qarışıq bir çay dəmləyin gətirin, - deyə ondan xahiş etdim.
Qarabuğdayı qız cəld yerindən qalxdı, çay dəmdəsgahına getmək ərəfəsində kürəyində bərq vuran şabalıdı saçlarının bir hissəsi, otaq darısqal olduğundan mənim sol çiynimi tutdu və ani olaraq sürüşüb özüylə də getdi. Ani baş vermiş və mənim hisslərimə hakim kəsilmiş, duyğularımı isidən bu qeyri adi mənzərə Həsən Qasımoviçin nəzərindən yayınmadı və qırışları bənövşəyi kölgə üstə çiçəklənsə də, bir söz demədi.
Qarabuğdayı dağ qızının dəmlədiyi və armudu stəkanlarda gətirdiyi bu kəklikotu qarışıq çayın ətri, bu darısqal otaqla bir olmuşdu. Sanki bu darısqal bir otaq yox, yaşıl bir yamacın xalıya bürünmüş çəmənzarlığı idi. Mən hələ ayaq üstdə idim, çayım isə həmin o şabalıdı saçlı qızın stolunun üstündə buxarlanırdı və o stol Həsən Qasımoviçdən başda olduğuna görə oturmaq istəmirdim. Buna görə də xahiş etdim ki, Həsən Qasımoviç o stulda rahat otursun və belə də oldu.
(ardı olacaq)