adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Fevral 2019 00:28
8797
GÜNDƏM
A- A+

NƏSİMİ YARADICILIĞINDA TƏRBİYƏVİ İDEYALAR

Ruhəngiz Əliyeva,
Naxçıvan Müəllimlər
İnstitutunun müəllimi,
AYB-nin üzvü

Böyük filosof şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixndə bədii- fəlsəfi şeirin özülünü qoymuş, bədii söz sənətimizi forma və məzmunca zənginləşdirmiş söz ustadıdır. Nəsimi yaradıcılığının nəinki Azərbaycan ədəbi mühitinin formalaşmasına, eləcə də ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm etməklə dünya ədəbiyyatına böyük təsiri olmuşdur. Çünki, Nəsimi bütün bəşəriyyəti öz yaradıcılığı ilə əsərlərində ifadə etməyi bacaran dahi şair və mütəfəkkirdir. 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar təntənəli tədbirin keçirilməsi Nəsimi yaradıcılığının ümumbəşəri dəyərinin, onun bəşəriyyət üçün gərəkli şəxsiyyət olmasının ifadəsidir.
Nəsimi insanların qəlbini, onların iç dünyasını ilahi ustalıqla özünəməxsus zəngin söz yaradıçılığı ilə tərənnüm edən müəllimdir, ustaddır. Şeirlərini təhlil edərkən onun bütün yaradıcılığı boyu gələcək nəsillərə verdiyi töhfələr göz önündə dayanır. Nəsiminin insanlıq, kamil şəxsiyyət haqqında təsəvvürləri olduqca yüksəkdir. "Bulunmaz" rədifli qəzəlində kişilik, igidlik, xalqa əməllə xidmət etmək kimi ideyaları aşılayır:

Hər bihünər insafı yox, uş mənsəbi tutdu,
Sahib hünərə mənsəbü idrar bulunmaz,
Xəlqin əməli azdı, könül yıxıcı ögüş,
Bir xəstə könül yapıcı memar bulunmaz.

Nəsimi belə hesab edirdi ki, nəfsi öldürmək kamil insana məxsus ən böyük bir mənəvi qəhrəmanlıqdır. "Nəfsə qalib gəlmək Xeybər qalasını almaqdan çətindir." Nəfs düşgünü olan insan adi bir heyvandan seçilmir. Eşq yolunu tutan isə ruhuna qida verən, öz könlündə ilahi nuru gəzdirən, öz idealını arayıb axtaran insandır. İkilik pərdəsini aradan qaldıran insan gizli sirləri duya bilər, gizli sirləri duymaq isə haqqa qovuşmaqdır.
Nəsimi öz şəxsində insanın bəşəri keyfiyyətlərini açır, onu mənalandırır, poetik səviyyəyə yüksəlir. Nəsimiyə görə, "mən" həyatdır, elə bir gözəllikdir ki, əgər özünü dərk edərsə, ülvi bir varlığa çevrilib ilahiləşir. Şairin fikrincə insan bütöv bir aləmdir, insan kainatdır. Nəsimi əsərlərində insanın ən gözəl xüsusiyyəti özünü dərk etməsidir. O, bir sıra şeirlərində insanı özünü dərk etməyə çağırır. Nəsimin "Bəhrüləsrar" adlı fəlsəfi qəsidəsi bu baxımdan xüsusilə təqdirəlayiqdir. Bu əsər dərin fəlsəfi məzmuna malik olması ilə bərabər, həm də böyük tərbiyəvi əhəmiyyətli nəsihət və fikirlərlə zəngindir.
Əsərdə şair insanı özünü dərk etməyə, həyat və ölüm haqqında düşünməyə, Xəyyamyanə bir ruh ilə dünyanın başdan-başa acı və şirinliklərlə dolu olduğunu dərk etməyə çağırır və göstərir ki, bütün həyatını ancaq sərvət qazanmaq uğrunda sərf edən insan əzab və əziyyətdən başqa heç bir şeyə sahib ola bilməz.

Bir ovuc tozdur küləklər qarşısında bu bədən
Ömrümüz qor tək ərir hər an günəşdən, şölədən
İnsan üçün mərifətdən özgə yoxdur bir bəzək
Aqil insan zər üçün öz ömrünü verməz hədər.

Nəsimi yaradıcılığının böyük tərbiyəvi və maarifçi əhəmiyyəti vardır. Bu gün gənc nəslin əxlaq tərbiyəsində Nəsimi yaradıçılığı kamil insan formulunu misralarla oxucuya aşılayır. Bu kamillik, insan qüdrəti heyranedici bir himn kimi səslənir. Və bu gözəllik, bu qüdrət dünyada bütün insanlara deyil, yalnız özünü tanımış, dərk etmiş kamil insanlara xasdır. Nəsiminin əsərlərində hər kəsə özünü tanımaq yollarını göstərmək, kamil insan yetişdirmək, insanlardakı bacarıqları üzə çıxarmaq və onlara istiqamət vermək kimi ideyalar müasir pedaqoji fikrin əsas ideyaları ilə uzlaşır.
Böyük sələfi Nizami Gəncəvidən sonra ədəbiyyatımızda humanizm, insansevərlik ideyalarının alovlu təbliğatçılarından, carçılarından biri kimi tanınmış Nəsimi sənətindəki dərin humanizm ideyaları əxlaq tərbiyəsinin ən bariz nümunələrindən biridir. Şairin dərin humanizmi qlobal-bəşəri mahiyyət daşıyırsa, onun yüksək poetik sənətkarlığı, dilinin şirinliyi və axıçılığı, heyrətəramiz poetik ritmi öz dogma xalqına xidmət edir, onun estetik zövqünün kamilləşməsində əhəmiyyətli rol oynayır. Xüsusən xalq dilinin üslub-qrammatik imkanlarından yaradıcı şəkildə bəhrələnməkdə Nəsimi şeiri misilsizdir. Nəsimi şeirində rəqibin üzünə cəsarətlə fikrini sübut etmək bacarığı var.

Rəqib məndən sorur: nəndir sənin yar?
Rəfiqimdir, həbibimdir - nəm olsun!

Rəqibinin istehzalı, kinayəli, tikanlı sualına bu cür sərras, səlis və şirin cavabı, ancaq Nəsimin lirik qəhrəmanı verə bilərdi. Nəsimi yaradışılığında dini-fəlsəfi əsərlərlə yanaşı, dünyəvi şeirlər də vardır.
Onun bu şeirlərində səmimiyyət və təbilik daha qabarıqdır, hər şeiri xəlqiliyi, dil-ifadə və üslub gözəlliyi ilə fərqlənir. Şair burda insan səadətini, onun könül sərbəstliyini və könül azadlığını irəli cəkir. Pedaqoji tərbiyədə doğruçulluq, söz bütövlüyü, yalansız, haqqı tanıyan kamil şəxsiyyət anlayışını Nəsimi bu cür ifadə edir.

Qanı bir əhdi peyman bütün yar,
Qanı bir qövlü gerçək, doğru dildir.
Qanı, həqqi bilən bir gercək ər kim,
Ola doğru anın dilində göftar?

Nəsimi irsinin qorunması və təbiğinə dövlət səviyyəsində çox böyük diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 15 noyabr 2018-ci il tarixli Sərəncamı görkəmli şairin Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus rola malik olduğunu bir daha təsdiq edir. Sərəncamda deyilir: " Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir".
Nəsimi öz əsərlərini Yaxın və Orta Şərqdə geniş yayılmış üç dildə: ərəb, fars və Azərbaycan dillərində yaradan ilk böyük söz ustadıdır. O, bu dillərdə divanlarını ərsəyə gətirmişdir. Müxtəlif dillərdə yazıb-yaratmaq qabiliyyəti şairə öz mütərəqqi fikirlərini geniş təbliğ etmək imkanı yaratmış, xalqlar arasında mədəni əlaqələrin və ədəbi mühitin inkişafında mühüm rol oynamışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar "Nəsimi ili" elan edilməsi şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın ən yüksək ifadəsidir. Eyni zamanda, bu Sərəncam Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsinin təbliğinə də çox böyük töhfədir.