adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Fevral 2019 00:16
22578
GÜNDƏM
A- A+

Səfiyyə xanım Dibirova şərəfli ömür yaşadı

Müdriklərimiz deyib ki, yaxşı, dürüst insan, rəhbər Allahın yerdəki elçisidir. Sovet dövründə məsul rəhbər vəzifədə çalışanların heç də hamısına elin-obanın rəğbətini, xalqın səmimi hörmətini qazanmaq səadəti nəsib olmurdu. Haqqında söhbət açmaq istədiyim Səfiyyə xanım Dibirova xoşbəxtlərin - xoşbəxti sayıla bilər. Mən xalqın sevgi və rəğbətini rəhbər işçiyə verilən ən böyük mükafat, dəyər hesab edirəm. S.Dibirova öz müdrikliyi, ədalətli, dürüst insan, gözəl ziyalı, ləyaqətli şəxsiyyət olması ilə, Vətəni, xalqı bütün varlığıyla sevən rəhbər işçi kimi bu mənəvi mükafatı hələ sağlığında qazanmışdır. Dörd ildir haqq dünyasında olsa da onun işıqlı xatırəsi qəlblərdə, xeyirxah əməlləri isə yaddaşlarda yaşayır, hamı ruhuna rəhmət oxuyur. Səfiyyə Dibirovanın ömür kitabının hər səhifəsi mənalı, maraqlı və oxunaqlıdır.
O, 1933-cü ildə Balakən rayonunun Qullar kəndində halal zəhmətlə dolanan, el-oba yanında hörmətli sayılan bir ailədə dünyaya gəlib. Doqquz qardaş və bacının ən balacası Səfiyyə olub. Atası Hacı kişi Dağıstanda dini təhsil alıb. O, övladlarının ən balacası olduğu üçün Səfiyyəni daha çox əzizləyər və ömürgün yoldaşı Əsiyyət xanıma deyərmiş ki, bu uşağa yaxşı bax, ürəyimə damıb, yuxuda mənə əyan olub ki, Səfiyyənin yaxşı gələcəyi var. O, böyük vəzifədə işləyəcək. Qəfil ölüm Hacı kişinin bu dünyadan, ailəsindən, övladlarından ayıranda Səfiyyənin bir yaşı vardı. Doqquz övladın atadan vaxtsız yetim qalmasına baxmayaraq, Əsiyyət xanım özündə təpər tapdı, balalarını təkbaşına ağıllı-kamallı böyütdü. Evin son beşiyi Səfiyyə kənd məktəbini əla qiymətlərlə, nümunəvi intizamla bitirəndən sonra rayon rəhbərliyi onu təşəbbüskar, fəal gənc kadr kimi əvvəl rayon pionerlər evinə müdir, az sonra komsomol komitəsinə şöbə müdiri təyin etdi. İlyarım sonra isə S.Dibirova rayon Soveti sədrinin müavini seçildi.
1953-cü ildə rayon Sovetinə sədr təyin olunan Səfiyyə xanım 1960-62-ci illərdə Balakən rayon Partiya Komitəsinin birinci katibi kimi son dərəcə məsul rəhbər vəzifədə çalışıb. 1962-ci ildə qonşu Zaqatala rayon Partiya Komitəsinin, 1963-cü ildə indiki Oğuz və Şəki rayonlarının Birləşmiş İstehsalat İdarəsi Partiya Komitisinin birinci katibi seçilir. İki ildən sonra bu birlik ləğv olunur, Səfiyyə xanım Oğuzun birinci katibi kimi fəaliyyətini davam etdirir.
1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycanın siyasi rəhbəri seçilməsindən sonra bir çox səriştəsiz, yarıtmaz rəhbər işçilər , kadrlar vəzifələrini itirsələr də, S.Dibirova üçün daha geniş imkanlar yaranır, onun təmizliyi, işgüzarlığı, xalq arasında olan hörməti respublika rəhbərinin diqqətindən yayınmır. Heydər Əliyev 1970-ci ildə S.Dibirovanı Qax rayon Partiya Komitəsinin birinci katibi təyin edir. Səfiyyə xanım bu vəzifədə 1982-ci ilin aprelinə kimi çalışır. S.Dibirovanın 25 illik rəhbərlik fəaliyyəti, işgüzarlığı, ideal təmizliyi dəfələrlə ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilib. O, bir çox orden və medallarla təltif olunub , uzun illər Mərkəzi Komitənin üzvü və respublika Ali Sovetinin deputatı olub. Azərbaycan Prezidenti Heydər Əliyevin 2002-ci il 11 iyun tarixli sərəncamı ilə Səfiyyə Dibirova Prezident təqaüdünə layiq görülüb.
Gözəl bir el deyimi var: "Bu dünya bir güzgüdür, hər gələn baxar gedər." Baxanda da gərək elə baxasan ki, bu güzgüdə yaxşı izin, yaddaşlarda işıqlı xatirən, xeyirxah əməllərin qalsın. S.Dibirova xatirələrdə yaşayan xanımlardandır. Səfiyyə xanımın şərəfli, mənalı, nəsillərə nümunə ola biləcək ömür yolundan ətraflı bilgilər olan "Vətənə xidmət rəmzi- Səfiyyə Dibirova" kitabını tapıb oxusanız onu daha da sevəcəksiniz. Səfiyyə xanım tanınmış siyasi-ictimai xadim olmaqla bərabər, poeziya vurğunu idi. Özünün yazdığı "Ana" adlı poeması, çoxlu şeirləri var. Meliorasiya və su təsərrüfatı naziri Əhməd Əhmədzadənin S.Dibirovaya verdiyi qiymət: "Dünyada, eləcə də Azərbaycanda beş nəfər saf insan varsa biri Səfiyyə xanım idi."
S.Dibirovanın qardaşı Həmzətin qızı, orta məktəbdə mənim ən sevimli müəlliməm olmuş Zümrüd Dibirovanın ürək sözləri: "Səfiyyə ərəbcə "saf", "təmiz", "pak" deməkdir. Bibim bu həyatı adına layiq yaşadı. Heç kim deyə bilməz ki, Səfiyyə xanım kimdənsə rüşvət alıb. Xatirimdədir, bibim 1999-cu ilin fevralında 12 saat davam edən beyin əməliyyatına məruz qaldı. Həkimlərin onun sağ qalacağına ümidi az idi. Allah qorudu.
81 yaşında isə evdə yıxılıb xəsarət aldı, iki il yataq xəstəsi oldu, ən çətin günlərində bibimi gecə-gündüz mən baxdım. Halalı olsun. Səfiyyə xanım üçün ən yaxşı hədiyyə telefon zəngi, bir gül və yaxud kitab idi. Evdə son dərəcə zəngin kitabxanası vardır. O, ailə qurmayaraq bütün ömrünü Vətən, xalq yolunda şam kimi əritdi. Bibim kişi təbiətli idi, bərbəzəyi əsla sevməzdi, həmişə qara kostyum geyinərdi"
"Ulu öndər mənə Prezident təqaüdü verməsəydi günüm nə olardı?" deyirdi tez-tez. Həlimət adlı baxıcı da bibimə öz doğma anası kimi baxıb. Mən bunu dana bilmərəm.
Rasim Paçalov: - Rayon Gənclər və İdman İdarəsinin rəisi- "Səfiyyə xanım elm dalınca gedənlərə, ali təhsil alanlara kömək etməyi, mənəvi dəstəyi, daim diqqət mərkəzində saxlayırdı. Ulu Öndər bir dəfə S.Dibirovanı yanına çağıraraq ona 3 otaqlı mənzil vermək istədiyini bildirir. Səfiyyə xanım sonsuz təşəkkürünü bildirərək "Tək adamam, mənə birotaqlı da bəs edər" deyir. Səfiyyə xanım Heydər Əliyev məktəbini keçmiş şəxsiyyət, ləyaqətli dövlət məmuru idi. O, işlədiyi rayonlarda gənc və istedadlı kadrları heç bir təmənna güdmədən müxtəlif vəzifələrə təyin edirdi. Səfiyyə xanımın ən ülvi arzusu rayonumuzun gənclərini savadlı, ali təhsilli, Vətənə layiqli vətəndaş kimi görmək idi. Onun vaxtı ilə mənə verdiyi öyüd və nəsihətlərə hər zaman əməl edirəm, bəhrəsini də görürəm. Bunun nəticəsidir ki, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" Medalı ilə təltif olunmuşam.
Züleyxa Dibirova- "3 saylı şəhər uşaq bağçasının müdiri, S.Dibirovanın qohumu:- Səfiyyə xanım atamın bibisi idi. O, poeziya, musiqi vurğunu idi. Möhkəm yaddaşı vardı. Evdə zəngin kitabxana yaratmışdı. Bizə lazım olan kitabları ondan alıb oxuyardıq. Dəqiqliyi çox sevirdi. Bir rayon rəhbəri kimi Oğuzda işləyərkən "Yenilməz batalyon", Qaxda isə "Qorxma, mən səninləyəm" filmlərinin çəkilişinə çox kömək etmişdir. Tanınmış şair və yazıçılarla dostluq əlaqəsi saxlayırdı. Allah ruhunu şad eləsin"
Şirin canlarını Vətən, millət yolunda şam kimi əridənlər heç vaxt unudulmur, işıqlı xatirələri ilə xalqın, tarixin yaddaşında daim yaşayırlar.
S.Dibirova 2015-ci il yanvarın 31-də dünyasını dəyişdi. Vəsiyyətinə uyğun olaraq şəhərimizdə cümə məscidinin məzarlığında dəfn olundu. El- aləm bu gözəl insanı böyük ehtiramla yola saldı. Bu cür şərəfli ölüm heç kimə qismət olmur. S.Dibirova rəhmətini sağlığında qazanmışdır.