adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Fevral 2019 14:09
11932
ƏDƏBİYYAT
A- A+

SEYRAN SƏXAVƏTİN “Seçilməmiş əsərləri”

XX əsrin 60-70-ci illəri Azərbaycan ədəbiyyatı tarixində, poeziya, nəsr və dramaturgiya tarixində keyfiyyətcə yeni bir mərhələdir. Bu dövrdə milli və dünya ədəbiyyatındakı ən yaxşı ənənələrdən bəhrələnərək bədii sənətkarılq cəhətdən dəyərli əsərlər yazılmışdır. Bu dövrdə həyata bədii təfəkkür baxımından yanaşmaqla, fəlsəfi dərkə, milli mənəvi dəyərlərə köklənməklə yaranan əsərlər artırdı.Təkcə poeziyada deyil, həm də nəsrdə belə poetik zənginlik bu dövrlərdə ədəbiyyata gələn, artıq bu ədəbi aləmdə tanınan qələm sahiblərinin əsərlərində üstünlük təşkil edirdi və oxucularda böyük maraq yaratmışdı. Bu dövrdə Süleyman Rəhimov, Əli Vəliyev, İlyas Əfəndiyev, İsa Hüseynov... artıq Azərbaycan nəsrinin, Mikayıl Müşfiq, Səməd Vurğun, Rəsul Rza... poeziyamızın inkişafında böyük xidmətləri ilə ədəbiyyat tariximizdə imzalarını möhürləmişdilər. Yeni yetişən nəsil –Elçin, Anar, Mövlud Süleymanlı... onların arxasınca gələn müfəssəl əsgərlər idi. Bəxtiyar Vahabzadə, Əli Kərim, Fikrət Qoca, Fikrət Sadıq, Xəlil Rza, Sabir Rüstəmxanlı, Vaqif Cəbrayılzadə, Ramiz Rövşən... Azərbaycan poeziyasına yeni bir abı-hava gətirməkdə idilər. Elə sənətkarlarımız var idi ki, həm poeziya və nəsrdə, həm də dramaturgiyamızın, Azərbaycan teatrının inkişafında böyük xidmətləri ilə tanınırdı. B.Vahabzadə, N.Xəzri,N.Həsənzadə həm poeziya və dramaturgiyada, İlyas Əfəndiyev, Anar, Elçin... həm nəsrdə və dramaturgiyada artıq öz dəsti-xəttilə tanınırdı. Yeni ədəbi nəsil bu ənənələr üzərində inkişaf edirdi və bu Azərbaycan ədəbiyyatının uğurları idi...

Azərbaycan nəsrinin, poeziyasının və dramaturgiyasının inkişafında Seyran Səxavət də öz dəsti xətti ilə seçilirdi. "Qızıl teşt” əsəri, "Nekroloq” romanı, sənətkarlıq cəhətdən diqqəti cəlb edən poeziyası S.Səxavətin uğurlarıdır.Böyük sənətkarımız İsmayıl Şıxlı "Qızıl teşt” əsərinin tamaşa versiyasını yüksək dəyərləndirir. Bu povesti birnəfəsə oxumuş yazıçı iki dəfə də tamaşasına baxır və "hər iki dəfə də camaatın nəfəsini dərmədən, səhnədən deyilən sözləri dinlədiyinin şahidi olmuşam, Xanəhmədin qılıncdan kəskin atmacalarından sonra uzun müddət davam edən alqışlarını eşitmişəm. Sözün düzü, xeyli vaxtı belə səmimiyyətlə qarşılanan tamaşaya baxmamışdım. İlk dəfə idi ki, belə müşahidəm olurdutamaşada ayaqüstə qalxıb yarım saata qədər səhnədəkiləri alqışlayan adamların sevincini unuda bilmirəm...ümumiyyətlə demək istəyirəm ki, həm povest, həm də pyes kimi "Qızıl teşt” əsəri sübut etdi ki, vaxtında yazılmış, cəsarətli əsərlərə həmişə böyük ehtiyacımız var” deyir.


Özünün yazdıqlarının hamısına "dünyanın mən baxan tərəfdən görünən hissəsidir”deyən Seyran Səxavət həyata baxışlarının orijinallığı, qələmə aldığı hadisələrdə qabartdığı problemlərin aktuallığı və yeniliyi ilə diqqəti çəkir. Onun poeziyasında sevinclə yanaşı, bir acı da var. Bunlar adi acı, adi sevinc deyildir. Bu sənətkarlıq fərdiliyindən doğur. Qələmə aldığı hisslər, problemlər, böyük bir daxili inamın, təəssüfün, qəzəbin doğurduğu duyğular sevinc və acının vəhdətində verilir. Onun mövzuları uzaqlardan gəlmir, yaşadığı həyatdan, mühitdən alınır. Və buna görə də doğmalığı, dərinliyi, sadəliyi və mürəkkəbliyi ilə maraq oyadır. Onun poeziyasında gül bülbül sevgisi, vəfa, sədaqət təbliğ olunmur. Onun yaradıcılığında yaşadığı dünyanın reallıqları və özünün yaşadığı aləm, keçirdiyi hisslər, fərəh, qüssə doğuran hadisələr, məqamlar poetik təfəkküründən keçirilir, əsərin mövzusu olur, daxili dünyası ilə həmahəngləşir, parlaq, duru, şəffaf şeh damçıları kimi ruhu oxşayır. O öz duyğularını ifadə edərkən obrazlı ifadələrində də təbiidir. Sevgi mövzusunda yazılan əsərlərdə bir sevən ürək, sevgisi üçün döyünən ürək, həyəcan, daxili hiss və duyğular predmet üçün götürülən mövzunun içindən rişələnir. Seyran Səxavətin hələ keçən əsrin 60-cı illərində qələmə aldığı "Bizim arx” şeiri sevgi mövzusunda yazılmış gözəl, orijinal, poetik cəhətdən zəngin misralarla dolu poeziya nümunəsidir:

O qızın bağçasında

Şırıldayan büllur arx,

Bizim bağçadan keçir;

O arx ilə həmişə

Bu bağdan o bağçaya

ürək keçir, can keçir.

"Qonşuda qız sevənin ürəyində yağ olmaz” xalq məsələsi yada düşür, ilıq bir nəfəs duyulur, mübhəm və səmimi, zərif, kövrək qəlbin çırpıntıları ilə zəngin bu şeirin hər bəndi aşağıdakı bənd kimi bədii cəhətdən qüvvətli, poetik cəhətdən düşündürücüdür, ruha, duyğulara təsir edir.

O arx üstə yüyürüb

təngənəfəs gələndə

gəlişimi aparıb.

Bəzən o arxın üstə


onun adı dilimdə

danışmışam, gülmüşəm

-gülüşümü aparıb.

Qəlbimdən ulduz saylı


naxışımı aparıb.

Bəzən də qırçın-qırçın

axışına baxmışam-

baxışımı aparıb.


Orijinal, təkrarsız, daxilən poetik ifadə zənginliyi, ülvi bir məhəbbət sahibinin könül çırpıntılarındakı saflıq insanı qarsıyır. Lirik qəhrəman kimi sevə-sevə, öyə-öyə, oxşaya-oxşaya, "qılığına girərək” müraciət etdiyi o "bizim arx”la insan kimi danışır, ona könlünü açır, həm ondan istədiyini, həm içindəki sevgi duyğularını gizlədə bilmir:


Bir səhər su içəndə

onun dodaqlarından

bircə "hə” kəlməsini

qoparmağın qalıbdır.


Bir də mənim özümü

Onların bağçasına

aparmağın qalıbdır,

Bizim arx, ay bizim arx!


Bu şeir keçən əsrin 63-cü illərində yazılıb. Seyran Səxavətin ədəbiyyat aləminə ilk qədəm qoyduğuillərə təsadüf edə bilər. Amma mükəmməl bir poeziya nümunəsidir.

"Utancaq məhəbbət” şeirində də bu sevgi ədəbiyyatın ən böyük möv­zularından biri olan UNSAN SEVGİSİ orijinal bir şəkildə ifadə edilir. Sinəsində doğulan "utancaq məhəbbəti” "bir gözəlin baxışı ulduz-ulduz doğranıb dağılmışdı sinəmdə” orijinal deyimdir. O utancaq məhəbbəti şair bədii təfəkküründə obrazlaşdırır, ona canlılıq verir, ona insan kimi baxırhisslər, duyğular surətə cevrilir, bu çevrilmənin özündə bir orijinallıq var. Xitabın ən gözəl keyfiyyətindən istifadə etməklə müraciət etdiyi utancaq məhəbbətinin arxasında bir insan dayandığını oxucu duymaya bilməz. O utancaq, saf məhəbbətinin arxasınca qaçmır, lirik qəhrəman bir az özünü "ağır tutur”, amma o ağır tutumun arxasında kövrək qəlb, o utancaq məhəbbət üçün sızıldayan ürək varlığını o misralarda yaşadır. Ömründən illər "sürünüb keçib”, o utancaq məhəbbətə "heç bilmirəm hardasan” deyə müraciət edərkən məhz onun həsrətini çəkdiyini bəyan etmiş olur. Çünki bu gün o sürünüb keçən illərdən sonra da onu axtarır:

Bilsəm ki,yaşayırsan

dağlar gizlədib səni,

O pəhləvan dağları

yumruğumla əzərəm.

Bilsəm dənizlərdəsən,

mən bütün dənizləri,

dalğa-dalğa gəzərəm.

Bu misralarda o utancaq məhəbbət həsrətlə xatırlanır, peşiman qəlbin çırpıntılarına sərt, soyuq rüzgar əsir, üşüdür oxucunu... o sevgi üçün dünyanı verməyə hazır olan qəlbin, nə vaxtsa əldən verdiyi o sevginin ağrı-acısını çəkən, bu gün həyatında bəlkə də o sevgini tapa bilməmiş bir insan taleyinin ağrı-acıları var... təəssüf hissi keçirən, heyfslənən, o böyük səadətiüçün çırpınan, bu gün onu geri qaytara bilsə bütün dünyanı ona qurban verməyə hazır olan şair "bütün bəşəriyyətin” "utancaq sevgisini”saf, məsum sevgisini, lirik insani duyğuları ümumiləşdirir...

Seyran Səxavətin şeirlərində övlad sevgisi də, torpaq sevgisi də elə sözlərlə, elə bədii priyomla ifadə edilir ki, oxucu ruhuna təsir edir, bunlar təkrarsız ifadələrdir. "On dördü martda” şeiri də bu cəhətdən orijinaldır. 14 mart ola bilsin ki, şairin qızının doğum günüdür. Yanında ola bilməyən, bağrına basıb balasını doyunca öpməyən atanın bütün çəkdiyi mənəvi iztirablar, həsrət, göynərti hopub bu misraların canına. İnsani duyğuların gözəlliyi, səmimiliyi, oxucunun qəlbinin tellərini titrədir, nədənsə həmin gözəl günlərdə doğmalarının yanında ola blməyənlərin dərdini, qübarını "təzələyir”. Bu həsrət:

On dördü martda...

yanaqlarından ötrü quruyan

cadar-cadar

dodaqlarımı yalıyacam...

Ürəyimdə

üstündən bir qız uşağı tullanan

tonqal qalayacam,

Yaşıyacam-təzə şumlanmış torpaq kimi,

Yun təki çırpacam təkliyimi

On dördü martda...

İnsan oğlunun, bala sevgisi kimi müqəddəs hisslərlə dolu qəlbinin bütün narahatlıqları, gərginlikləri, göynərtiləri, yanımcıllığı bu misralardadır. Sənətkarın böyüklüyü qələmə aldığı mövzunun bədii tempini yüksəltmək qabiliyyətindədir. Balasından ayrı düşmüş insan "tərk olunmuş yurd yeriyəm”, "ocaq daşı kimi yanıram”, "tərs adamların ot basmış yoluyam”, "çomağı sınmış bomboş çoban əliyəm”, "balası itmiş quşam” deyir və bu deyimlər itkidən, ayrılıqdan doğan insanın faciəsindən bəhs edən dəyərli bədii təsir qüvvəsinə malikdir... Seyran Səxavətin qələmində bədii cəhətdən qəliblənmiş misralardır.

Şairin "Ürək” şeirindəki poetika da güclüdür. Ürək mövzusunda nə qədər gözəl şeirlər oxumuşuq, efirdən dinləmişik. Seyran Səxavətin "Ürək” şeiri təkrarsız fikirlərlə zəngindir. Hələ çox qaranlıqları onunla birlikdə "yıxmalı” olacaq ürəyi ilə insan kimi rəftar edir, verdiyi suallar ("Nə tez başlamısan ağrımağa sən?, "Bir de, tuş gəlmisən hansı dərdə sən”), müraciətlər, ona verdiyi təskinliklər, eyni zamanda ondan etdiyi xahişlər sənətkar incəliyinin, sənətkarlıqimkanlarının təzahürüdür. Diqqəti çəkən aşağıdakı misraların təhlilinə belə ehtiyac yoxdur. Çox aydın, çox səlis, çox gözəl bir poetiklik var, sarı simlərə toxunur...

Əməlim səninki, eşqim səninki,

Məndə həsrət yaşar, o qoy ölməsin.

Demirəm, ağrıma, elə ağrı ki,

Anam dözümsüzdür, ana bilməsin.

Dağlar mövzusu Azərbaycan poeziyasında geniş mövzudur. Aşıq ədəbiyyatın­da, dastan­larımızda "Dağ” "Dağlar” "Vətən”, "Torpaq” anlamında da işlədilir. Seyran Səxavətin "Azərbaycan dağları” şeirində dağlar qüdrət, qüvvət, alınmazlıq, basılmazlıq simvoludur:

Dağda dağ qüdrəti var,deyib insan.

Siz deyin, nə zaman basılıb dağlar?

Buludlar qoynuna dolaşan zaman,

Sanki səmalardan asılıb dağlar.

Küləklərlə döyüşəndə göylərə "boyun əyməyən”, əsrlərlə, yaranandan üzü bəri qar, boran, çovğun görmüş bu dağların yaşıl, güllü-çiçəkli sinəsini xalça bilir, gümüş kəmər kimi qoynunda qıvrılan yollarını sevir, yer kürəsinin "maralı dağlar”da payına düşən vətən dağlarına necə böyük bir ürəklə bağlı olduğunu dilə gətirir:

Sinəndə tələsik bir addım atdım,

Yavaşdım, göy otu əzməyəm gərək.

Vətəni gəzməsəm mən addım-addım,

Qürbətdə qarış da gəzməyəm gərək!

Doğulduğu, qoynunda böyüdüyü dağları, kəndi, eli-elatı sevən S.Səxavət gözəl şeirlərini də eləo kənddə, dağlar qoynunda yazıb, yaşadığı o dağlarınmöcüzəsini görüb, vurğunu olub, ilk şeirini də kənddə yazıb, nəsr əsərlərini yazmağa başlayanda da əslində kəndiylə "salamələykim”i kəsməyib...

Seyran Səxavətin bütövlük, vahidlik həyat idealıdır. Ayrılıqlar, çəkişmələr dörd bir yandan Azərbaycan torpağını, xalqını faciələrə düçar elədi. Bölgələrə bölünməyin ağır nəticələrini əsrinin köləsi Seyran Səxavət yana-yana dilə gətirir. "Aşıq Ələsgərə xəbərçilik” adlandırdığı şeirində xalqın böyük faciəsini verir. Qərbi Azərbaycanda doğulub, yaşayıb-yaratmış böyük ustadına

Xəbərin var, ay Dədə

Sənə Yeraz deyirlər.

Mənim adım olmasın

Borçalı çökəyindən

Gələnlərə Qraz deyirlər?

Yanır bundan, göynəyir içi, bütöv torpağın insanlarıyla birgə bölünməsini xə­yanət sayır. Amma demir xəyanətdir. Elə deyilişindən, sətiraltı kinayə və təəssü­fün­­dənduyursan, anlayırsan ki, torpağı, vətəni bölənlərə sinəsində nifrəti kükrəyir, daşır:

Elə bil ki,

gözümnən görmüşəm,

Üç yerdən çatlayıb gorun.

Mən də üç dəfə deyirəm:

Durun! Durun! Durun!

Ölmüşəm ay Dədə,

Molla çağır, ehsan ver,

Yerdən götür məni.

Ayrılığın daşı dəyən sinəsi göynəyən, yad əllərdə nalə çəkən Qarabağ bu ayrılığın, bu bölünmələrin əzabını çəkir. Hakimiyyətə həris qüvvələrin məddəsi torpaqlarımızın başında çatladı. Hərəsi öz tərəfinə çəkən Azərbaycanımızın "yeraz­ları”, "qrazları”, "birazları” dəhşətdir, bu gün bütövlükdə faciəmizin sona yet­mə­si­nə əngəl törədən məsələdir. Seyran Səxavətin şeirində "Durun! Durun! Durun!” bu Vətənsizlərə. Qəlbsizlərə mesajdir.

Daşın nə yaman ağırdır, deyə müraciət etdiyi Qarabağın içindən "gəmir­diyi” taleyinə acıyır, qəzəbindən söyür özünə, qarabağlılara, əslində bu söyüşdə ("it unu kimi dağıldı, pərən-pərən oldu camaatımız”) nə qədər güclü təəssüf hissi var.

İndi həsrət qalmışıq

Qarabağın yazına.

Gözümüz görə-görə

getdi Qarabağ

kreslo davasında

anasının əmcəyini kəsənlərin

güdazına...

Ancaq əməlinin cəzasını çəkməyənlərin, belələrinin təpəsinə güllələrin vurul­mamasını görüb "cızdığım çıxıb yanmışam” deyən şair əslində vətəndaş səsini yüksəldir. Günahkarların, torpağı satanların cəzasını tələb edir.O bu reallıqların şahididir ki, "vətənşünasların”, "gödənşünasların” işinin hamar getdiyi bir zaman­da Qarabağ qumar masasına qoyulmuşdu

Namus-qeyrət, nə vardısa,

Hamsı nəfsin ayaqları altına

sərilmişdi

qəzil palaz kimi...

Vicdanı "lal-kar”, namusu "çopur”, satqın, "kreslo müharibəsi” aparanların mümkün olsa başına gülləni şair özü çaxar.Aşağıdakı misralarda məhz belə kreslo hərislərinə "hücum” var, "nifrət” var, "kinayə” var, o kin, nifrət daha yüksək pa­fos­­laməqamında işlənən, xalqdan gələn "oyna, gülüm, oyna...” ifadəsinin canın­dadır...

Oyna, gülüm, oyna...

Oyna, gülüm, oyna...

Oyna, dirim, oyna...

Zəngilanı, Şuşanı,

Füzulini, Cəbrayılı,

Laçın yurdu Laçını

Sabaş verim, oyna,

Oyna, gülüm, oyna...

Oyna, gülüm, oyna...

Bu oynamada əldən gedən vətən torpaqları xatırladılır, vətən xainlərinin ba­şına Təbriz, Ərdəbil, Dərbənd, Göyçə toxmaq kimi vurulur. Yurdu satanlara, vətən xainlərinə ölüm hökmü oxunur. Vəba, taun kimi Qa­rabağ elini çuğlayan qaçqınlıq, köçkünlük dərdini qabardır...

Kirvən gəlsin toyuna;

Ərdəbil, Göyçə, Dərbənd,

Təbriz gəlsin toyuna...

Qorqud qurban boyuna,

Oyna, gülüm, oyna...

Xalq yurdunu tərk edir...

Bu son misra "Xalq yurdunu tərk edir” böyük bir faciənin ağrısını çiyin­lərində daşıyan şairin vətəndaş səsidir...

Hər sətrində, hər misrasında vətəndaş şairin qeyrət hayqıran bağırtısı duyulur. Şair yurdunu tərk edən xalqına, bütövlüyünü itirməkdə olan Azərbaycanına yas tu­tur bu "Oyna, gülüm, oyna...” misralarıyla...

"Dördayaqlı xəyanət hamımızdan bərk gedir” deyən şair doqquzmilyonluq xalqı üçün bir kreslo diləyir, "doqquz milyonluq kreslo görməmişəm”deyərkən, torpağını, vətənin belə satan o kreslo ölülərinə qarşı kükrəyən nifrətini ifadə edir.

Şair bütün ümidlərini itirməyib, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımıza bəxş etdiyi müstəqillik xain qüvvələrin əliylə beşiyində boğulsa da, M.Ə.Rəsul­zadənin dediyi kimi "bir kərə yüksələn bayraq bir daha enməz” kimi tarixi həqiqət yerini tapdı. 70 il müstəqilliyi uğrunda gizlin-aşkar döyüşən,vətən oğulları onu yenidən başımız üstündə dalğalandırdı. Şair müstəqilliyini sevən vətən övladlarına, ölkəsinə, yurduna güvənir. Bu gün dünyanın hər yerində dalğalanan Azərbaycan bayrağına, o bayrağın mənsub olduğu Azərbaycan Dövlətinə, xalqına güvənir. Xalqının birliyi amalı olan vətən oğullarına üz tutur. Tanıdığı bir kreslo yeri varo da Azərbaycandır... Doğmalarına sahib çıxan Azərbaycan. Dərdi tarixlərə sığmayan Azərbaycan... Köksü yaralı AzərbaycanDərbənd, Borçalı, Göyçə, Təbriz kimi balaları üçün qanlı göz yaşları tökərkən dərdinin üstünə dərd gələn Azərbaycan...O kreslolara həris qüvvələr unutdular onun dərdini; hərə özünə tərəf çəkdi, arada dağlardan səngəri olan Şuşa, Laçın, Kəlbəcər, Dirili Qurbanın məzar torpağı Cəbrayıl, Zəngilan, muğamın beşiyi Ağdam... düşmən tapdağına məruz qaldı. Bir qərinəyə yaxındır mələr qalıb... şair o vicdanı çirklilərin əməllərinin əzabını çəkən Azərbaycanın bir daşı üçün canını qurban verməyə hazır olan qazilərinin, igidlərininsəsini bəyan edir... kor gözləri, kar qulaqları açmağa çalışır:

Doqquz milyon

Bir kresloya yerləşməz.

Qardaşım, bacım

doqquz milyon

bir kresloda birləşməz...

Güvəndiyi milyonlarla həmvətənlərinə üz tutur; Azərbaycanı sevək, bir otaqda olan kreslo üçün yox, hakimiyyət üçün yox, Vətən-Bütöv Azərbaycan uğrunda döyüşək, birləşdirək şərqli, qərbli, cənublu, şimallı Azərbaycanımızı... əl çəkək şəxsi istəklərimizdən, əl çəkək varidat həvəsimizdən, bölgələrə bölünməyimizdən, bir-birimizin ayağımızdan çəkməyimizdən... əl çəkək Avropa, Amerika, ATƏT pərdəsi altında yurdumuzda nəfsi olanların arxasınca sürünməkdən... Böyük amal uğrunda hər şeyə hazır şair torpağımıza göz dikənləri, onlarla həmrəy olanları, onların pulu ilə ölkədə "parçala və hökm sür” siyasətini dəstəkləyənləri məhv etməyə qadirarzusunu boğa bilmir.

Sevək ki, parçalanmasın...

Sevincdən ölə bilərdim,

Gör nə gözəl olaydı-

Hamımız bir kresloda,

Yaxası gen olaydı-

bir ayağı Təbrizdə,

İrəvanda, Dərbənddə,

Borçalı çökəyində

Gəlin!

Vətəni o satılmışlar satıb, şair indi özündə, xalqında, dövlətində o torpaqları geri almaz üçün təpəri, gücü görür və o siyasi dulları rədd edir, öz gücümüzlə işğal altında olan torpaqlarımızı almağa səsləyir vətən oğullarını, onun-bunun havasına oynamağın acı zəhərini dadmış vətən oğlu kimi döyüşə hazırdır...

Seyran Səxavətin yaradıcılığında bir məqam da diqqəti çəkir və bu da onun fərdi yaradıcılıq keyfiyyətləri kimi dəyərləndirilə bilər. O vəzifəpərəstləri, təhlükəli bir xəstəlik olan kreslo ölülərini tənqid edərkən, yaxud da başqa bir məsələni qabardarkən yüksək yaradıcı keyfiyyətləri üzə çıxır. Elə "Oyna gülüm, oyna” xalq mahnısından gələn bir misra şeirin ideya-məzmun keyfiyyətlərinə orijinallıq verməklə yanaşı, yazıçı, şair fərdiyyətinin bədii təfəkkür gücünü də ortaya qoymuş olur. Ümumictimai-siyasi hadisələrin gərginləşdiyi bir zamanda başımızın üstünü almış bəlanın xalq, dövlət səviyyəsində nələrə gətirib çıxara biləcəyindən, nə kimi faciələr törədə biləcəyindən narahat bir vətəndaş qayəsini, narazılığını, qəzəbini ortaya qoymağa imkan yaradır. Onun fərdi arzu və isəklərdən çox, milli və bəşəri dəyərləri üstün tutan, milli motivə köklənən bir şair, sənətkar olduğu görünür. Burada onu özündən çıxaran dərd ictimai xarakter daşıyır. "Məsələn, "oyna, gülüm, oyna” şairin qəlbində yaratdığı dərdi, ürəyinə dolan qəhəri bədii cəhətdən daha təsirli, daha qüvvətli vermək üçün düşünülmüş gözəl, təsirli priyomdur.

Seyran Səxavətin poeziyası kimi nəsri də dəyərlidir. Bədii cəhətdən maraqlı, ideya-məzmun keyfiyyətlərinə görə orijinal nəsr əsərləri S.Səxavətin mənsub olduğuyazıçı nəslinin müvəffəqiyyətlərindəndir. İsi Məlikzadənin "Gümüşü göl əfsanəsi”, "Dədə palıd”, Elçinin "Dolça”, "Ağ dəvə”, Sabir Əhmədovun "Azıxa doğru”, Sabir Azərinin "Dalanda” kimi nəsr əsərləri sırasında Seyran Səxavətin "Nekroloq”u da var.

Bu əsərlərdə insan həyatı, şəxsin fərdi və ictimai şüuru, əxlaqı, konkret insan talelərində reallaşmış olur. Milli şüurda baş verən milli anlayış məsələsinin ictimai düşüncədən estetik düşüncəyə keçməsi yaranan əsərlərdə reallaşır. Keçmiş həyat təsvirləri, baş vermiş və yaddaşına həkk edilmiş hər hansı həyat lövhələrinin yazıçının qələmə aldığı əsərdə məqsədə çevirməsi və qazandığı uğurlar müəllifə uğur gətirə bilir. Seyran Səxavət bu mənada uğurlara imza atıb. S.Səxavət həyat həqiqətlərinə dərindənbələd olan, kənd, şəhər məişətini yaxşı bilən yazıçı kimi yaratdığı əsərləri məsələn, "Nekroloq”, "Hamı elə bilirdi”, "Yüz ilin kişisi”, "Mən kiməm”, "Təndir çörəyi”, "Leyli-Məcnun və ferma müdiri”, "Haram pul”, "Toy havası”, "Rəmiş”, "Karusel”, "İstəmirəm”, "Gün ağladılar”, "Çayçı Rəşid” kimi nəsr əsərləri tədqiqatçılarını gözləyir. Poeziyası kimi nəsri də Azərbaycan ədəbiyyatının uğurlarıdır. F.e.d., tənqidçi Mürşüd Məmmədovun bu fikirləri ilə şərikik ki, o bir yazıçı kimi, "XX yüzilliyin problemlərini, dərdlərini və nəhayət, 90-cı illərin itkilərini, Qarabağ dərdlərini, insanda insani başlanğıcın zədələndiyi və deformasiyaya uğradığı vaxtlarda insanı özünə qaytaran və onun təkrarsız fenomenliyini sübut edən söz ustadıdır”.Onun nəsr əsərləri də dəqiq müşahidəyə, analitik təhlilə uyğun olaraq elmi-nəzəri fikirlərə yol açır. Onun "Nekroloq” romanı, "İt intervüsü”, "Cəhənnəm” hekayələri ədəbi-tənqidçilər tərəfindən dəyərləndirilir. Ümumilikdə Seyran Səxavətin həm nəsrinə, həm də poeziyasına ədəbi, elmi-nəzəri baxımdan, fərdi üslub məsələsində müasir ədəbiyyatşünaslığa uyğun tendensiyalarla toxunulmalıdır.

Gülxani Pənah