adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
31 Yanvar 2019 23:25
12548
ƏDƏBİYYAT
A- A+

ATA KÜRƏYİ

Hekayə

Çju Szıtsin 22 noyabr 1898-ci ildə Çinin Szyansu vilayətinin Dunxay qəzasında hərbçi ailəsində anadan olub. 1961-ci ildə orta məktəbi bitirdikdən sonra Pekin univesitetinə daxil olub. 1920-ci ildən bir sıra məktəblərdə müəllim işləyib. Bu müddətdə həmçinin fəal surətdə ədəbi yaradıcılıqla məşğul olub, daha çox poeziya nümunələri yaradıb.
1925-ci ildə Çju Szıtsin Pekin universitetində professor dərəcəsini aldıqdan bir müddət sonra Londona köçür. Londonda yaşadığı 1932-33-cü illərdə ingilis dilini mükəmməl öyrənir. Pekinə qayıtdıqdan sonra Sinxua universitetində müəllimlik fəaliyyəti ilə məşğul olur. 1937-ci ildə 2-ci yapon-Çin müharibəsi başlayarkən Çju Szıtsin Çan Kayşinin hökumətinə qoşulur. Daha sonra Çinin Çanşa, Kunmin və Çendu şəhərlərində yaşamaqla ölkənin müxtəlif ali məktəblərində müəllimlik fəaliyyətini davam etdirir.
İkinci dünya müharibəsindən sonra Çju Szıtsin Pekinə qayıdaraq Sinxua universitetində çin dili departamentinin sədri təyin olunur. 1948-ci ildə Çyunun səhhətində problemlər yaranır. Həmin il iyunun 18-də ABŞ-ın siyasətinə etiraz əlaməti olaraq o, aclığa başlayır. 1948-ci il avqustun 12-də mədə xorası xəstəliyindən Sinxua universitetinin xəstəxanasında dünyasını dəyişir.
Çju Szıtsin bir sıra əsərlərin, o cümlədən "Səhərin axtarışında", "Kölgə", "Mən və sən", "Avropaya səyahət", "Filologiyanın öyrənilməsi", "Yeni poeziya haqqında", "Krieriyalar və ölçülər" və digər bədii, elmi-analitik kitabların müəllifidir.
***
Sonuncu dəfə atamı iki il öncə görmüşdüm. O vaxtdan bəri onun görkəmi, qəddi-qaməti hələ də gözlərimin önündən çəkilmir.
Məlum olduğu kimi, bədbəxtlik insanın qapısına tək gəlmir: həmin ilin qışında atamı işdən çıxardılar, nənəm də vəfat etdi. Mən isə nənəmin dəfnində atama gömək etməkdən ötrü Pekində təhsilimi yarımçıq saxlayaraq evə qayıtmalı oldum.
Süyçjouya gələrkən həyətin zir-zibilliklərlə dolu vəziyyətdə olduğunu gördüm. Elə o dəm rəhmətlik nənəmi xatırladım və istər-istəməz gözlərimdən yaş sel kimi axmağa başladı. "Hər şey öz axarı ilə gedir, - deyə atam məni sakitləşdirməyə çalışdı. - Qayda-qanunları dəyişmək bizlik deyil. Gəl bədgüman olmayaq, pis fikirləri başımızdan çıxaraq. Axı, göylər çətin vəziyyətə düşənlər üçün ən azından bir çıxış yolu saxlayır!".
Sonradan Yançjoudakı evimizə qayıdan atam borclarını qaytarmaq üçün nəinki evimizi satmaq, eləcə də əlavə borc almaq məcburiyyətində qaldı. Ailə başçısının iş-gücsüz qalması gənc ailənin daha da miskin həyat yaşamasına gətirib çıxardı.
Yenidən qəriblikdə çətin və məşəqqətli gün-güzəran başladı. Biz neçənci dəfə ayrılmağa məcbur qaldıq: atam özünə yeni iş tapmaq məqsədilə Nankinə yola düşdü, mən isə təhsilimi davam etdirməli idim.
Nankində köhnə tanışlar məni şəhərin görməli yerlərinə apardılar. Səhərisi gün isə sübh tezdən gəmi ilə Yanszdan Pikouya, oradan isə günün ikinci yarısında qatarla Pekinə getməli idim. Atam əvvəlcə demişdi ki, məni ötürməyə vaxtı olmayacaq, amma öz əvəzində bunu buradakı dostuna tapşıracaq. Bununla belə o, tanışına bel bağlamadığından mənə yolda ehtiyatımı əldən verməməyimi dönə-dönə tapşırdı. Onsuz da narahatlıq üçün elə bir əsas yox idi. Mənim artıq iyirmi yaşım vardı. Bu, dəmir yolu ilə birinci səyahətim deyildi. Hər dəfə də sağ-salamat mənzil başına çatmışdım. Amma buna baxmayararaq narahatçılıq hissi keçirən atam şəxsən özü qatara kimi məni ötürmək qərarına gəlmişdi. Yolda bir neçə dəfə ondan geri qayıtmasını israr etsəm də, atam buna razılıq verməmişdi":Əlbəttə, bəlkə də mən qayıdardım, amma görürəm ki, yol yoldaşın da sənin kimi çox cavandır, ona etibar etmirəm,"- demişdi.
Çayı keçəndən sonra biz dəmiryol stansiyasına gəldik. Mən kassadan bilet almağa yollandım, atam isə əşyalarımla birlikdə qaldı. Onsuz da şey-şüyüm çox deyildi, bu səbəbdən atam hambalın istədiyi haqq-hesaba razılığını vermədi. Amma onun nə səbəbə görə bir neçə qəpiklik hambal əməyindən niyə imtina etməsindən ağlım heç nə kəsmədi.
Vaqona daxil olandan sonra atam mənim üçün qapının yaxınlığında yer seçərək, oturacağa bir müddət öncə aldığı astarı xəzdən olan paltonu sərdi. Ayrılarkən dönə-dönə tapşırdı ki, yolda ehtiyatımı əldən verməyim, özümü gecənin sazağından qoruyum. Üstəlik bələdçidən də mənə göz qoymasını xahiş etdi. Onun bu hərəkətləri isə mənə gülünc görünürdü. Özlüyümdə fikirləşirdim ki, bəyəm uşağam-nəyəm, atam məni adamlara tapşırır? Onun əsas qayğısı isə pula görə idi. Həm də elə yaşdaydım ki, özüm özümü qorumağın öhdəsindən tam gələ bilərdim. Elə buna görə də məni yad adamlara, həm də ahıl şəxslərə tapşırmağa əsla lüzum yox idi. İndi, uzun illər keçəndən sonra "Özümü necə də ağıllı saymışam!", - fikirləşərək özümü qınayıram...
Mən dözə bilməyib":Ata, vaxtdır, sənə getmək lazımdır", - dedim. O isə pəncərədən çölə boylanaraq":Qoy gedim sənə yol üçün naringi alım... Gözlə, bu saat gəlirəm", - deyib aşağı düşdü.
Platformanın kənarındakı hasar boyu sıra ilə düzülmüş sitrus meyvələrin satıcıları müştərilərini səsləyirdilər. Atam nəinki hasara yaxınlaşmalı, həm də onu aşıb keçməli idi. Doğrudur, platformadan düşüb yolu keçmək çox da xüsusi əziyyət tələb etmirdi. Amma yolu təzədən keçib qatara yaxınlaşmaqdan ötrü isə atam kimi yaşlı insan üçün əsl igidlik nümayiş etdirmək lazım idi. Elə bu səbəbdən naringi üçün özüm getmək istədim. Atam heç bir vəchlə buna razı olmadı. Mənim isə qatarın pəncərəsi qarşısında dayanıb ətrafı izləməkdən savayı başqa çarəm qalmadı. İkinci - daha yüksək platformanı aşmaqdan ötrü atam əvvəlcə sol əlini söykədi, daha sonra növbə ilə ayaqlarını aşıraraq yuxarı qalxdı. Uzaqdan o, sakit bir uşağa bənzəyirdi. Bu mənzərəni seyr etmək həm maraqlı, həm də acı idi. İstər-istəməz gözlərim yaşardı. Tez də sifətimi gizlətdim, özümü qaydaya saldım, düşündüm ki, atam nə hala düşdüyümü görə bilər.
Naringini alıb, yenidən platformanı hasardan keçən atama vaqona çıxmaqda gömək etdim. Kişi meyvələri oturacaqdakı xəzli paltonun üstünə tökərək üst-başının tozunu çırpdı. Sonra da üzünü mənə tutaraq":Yaxşı, qoy gedim. Pekindən mənə məktub yazmağı unutma ha!"- dedi.
Biz onunla vidalaşdıq. Uşaqlıqda olduğu kimi mən yenidən onu baxışlarımla yola salırdım. Daha sonra dözməyib aşağı düşərək onun arxasınca getməyə başladım. O, geriyə boylanıb":Qayıt, öz yerinə get! Əşyalarını nəzarətsiz qoyma!",- dedi. Amma mən ona qulaq asmayıb silueti itənəcən yerimdə dayanıb baxmaqda davam etdim. Gözlərim yenə də göz yaşları ilə dolmuşdu.
İllər ötdükcə ailəmizin vəziyyəti daha da ağırlaşırdı. Atam gəncliyində böyük əmək sərf edib müəyyən uğurlar qazansa da, ahıl yaşında bütün bunlardan məhrum olmuşdu. O, həmişə yorğun-arğın görünməklə hər xırdalıq üçün hövsələdən çıxır, bədbinliyə qapılırdı. Elə indi də o, baxmayaraq ki, özünü bədbəxt insan hesab edir, amma mənə əvvəlkindən daha çox mökkəm tellərlə bağlanmışdı. Həm mənim, həm də oğlumun qayğısını çəkməkdən usanmırdı. Bu isə ona uğursuzluqlarını qısa müddətə də olsa unutmağa kömək edirdi. Sonuncu məktubunda yazmışdı":Mən qaydasındayam, amma kürəyim möhkəm ağrıyır. Yemək zamanı çöplərdən istifadə etməkdə çətinlik çəkirəm. Bu gedişlə çox güman ki, tezliklə dünyadan köçəcəyəm...".
Bu sətirləri oxuduqca göz yaşları içində yenidən boğuluram. Fikir məni uzaq illərə - qatarla Pekinə yola düşərkən atamın mənə naringi aldığı vaxtlara çəkib aparır. Daha sonra onun nəhəng görkəmi, enli kürəyi, qara kepkası və əyninə keçirdiyi mavi rəngli pambıq xalatı gözlərimdə əriyərək yox olur. Eh, ata, ata! Görəsən haçansa bir daha görüşəcəyikmi?


Tərcümə
edəni:
Ağaddin
BABAYEV