adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
31 Yanvar 2019 23:19
12848
ƏDƏBİYYAT
A- A+

ALİM ÖMRÜNÜN XOŞBƏXT ANLARI

Hər dəfə universitetin qarşısından keçib sevimli tələbələrimin yanına tələsən bu müəllimləri görərkən qeyri-ixtiyari kosmik tədqiqatlarla məşğul olan bir akademikin həyat gerçəkliklərini xatırlayıram. Yaxınlıqdakı laboratoriyada gecə yarıyadək işləyən akademik tədqiqatlarının nəticələri ilə razılaşmır. Narahat halda laboratoriyadan evinə dönür. Onu ömür-gün yoldaşı qarşılayarkən heç bir səbəb olmadan əsəbi halda arvadına tərs bir sillə çəkir. Səmimiliyi, mehribanlığı ilə fərqlənən qadın onu vuran ərinə cavab vermədən öz otağına çəkilir. Akademik yorğun halda divana uzanır və öz hərəkətini təhlil etməyə başlayır. "Mən, onu nə üçün vurdum?", "O, mənə niyə cavab vermədi?", Akademik dərin xəyallara dalır və qəflətən "tapdım..." deyərək, laboratoriyaya qayıdır və analizləri yenidən nəzərdən keçirir. Bu, görkəmli alimin elmi tədqiqatlarında və həyatında dönüş yaradır. Sonralar akademikin etirafına görə, həmin gün arvadını səbəbsiz vurduğuna görə cavab verməməsini elmi axtarışlarının başlanğıcı adlandırır. Və etiraf edir ki, səbəbsiz yerə arvadını vurarkən ona cavab verməməsi akademiki dəlilikdən xilas etmiş...
ADAU-nun yerüstü nəqliyyat vasitələri və texniki servis kafedrasının dosenti Fəxrəddin Yusibov ömrünün 60-cı baharı ilə görüşür. 35 ildir sədaqətli ömür-gün yoldaşı Dursun xanımla ailə ağbirçəyi, ağsaqqalıdılar. Ötən bu illər ərzində onlar ailənin sevincini də, kədərini də birgə bölüblər. Daim elmi axtarışlar aparan, yuxusuz gecələr keçirən Fəxrəddin müəllimin ən etibarlı dayaq nöqtəsi olan Dursun müəllimlə iki oğul böyüdüb, boya-başa çatdırılıblar. İndi onların ailəsini şaqraq gülüş səsi ilə bəzəyən üç nəvələri var: Fərəh, Sehri, Murad...
Fəxrəddin müəllim 1959-cu ilin yanvar ayının 31-də Qəbələ rayonunda ziyalı ailəsində dünyaya göz açıb. 1966-cı ildə Qəbələ şəhər 2 saylı orta məktəbini fərqlənmə attestatı ilə bitirib. Bir il "Qutqaşen" kolxozunda fəhlə işləmişdir. 1977-ci ildə AKTA-nın kənd təsərrüfatının elektrikləşdirilməsi və avtomatlaşdırılması fakültəsinə qəbul olub. Ali təhsil aldığı illərdə S.Ağamalıoğlu adına təqaüd almış, ali məktəbi fərqlənmə diplomu ilə başa vuraraq AzETKTME institutunun əyani aspiranturasına qəbul olmuşdur. Həmin il rayonlarındakı ASK-nin Qəbələ konserv zavodunda mühəndis-elektrik işləmişdir. Çox keçmədən o, taleyini bütövlükdə qədim Gəncə şəhərinə bağlamışdır. Aspiranturada oxuduğu illərdə AzETKTME-də laborant, kiçik elmi işçi, aparıcı mühəndis, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmış, gərgin elmi axtarışlar aparmışdır.
1992-ci ildə AKTA-da (ADAU-da) assistent, dosent kimi fəaliyyət göstərmişdir.
1991-ci ildə Fəxrəddin Yusibov "Azərbaycan Respublikası şəraitində təmiz süd almaq məqsədilə sağın və emal qurğularının təkmilləşməsinin elmi əsaslarının işlənməsi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək texnika elmləri namizədi, elmi dərəcəsi almışdır. Sonralar F.Yusibov universitetdə kafedra müdiri, dekan vəzifəsində çalışmışdır. Hansı vəzifədə işləməsindən asılı olmayaraq, F.Yusibov öz təşkilatçılığı, gərgin əməyi, daima axtarışlarda keçən ömrü ilə çalışdığı ali məktəbin professor-müəllim heyətinin, tələbə kollektivinin dərin hörmət və rəğbətini qazanmışdır. Təsadüfü deyildir ki, ötən illər ərzində o, müəllim və tələbə kollektivinin sevimlisinə çevrilmiş, əsl pedaqoq kimi böyük nüfuz qazanmışdır. Onun təşəbbüsü və təşkilatçılığı ilə dərs dediyi fakültədə tələbə həyatı daim diqqətdə qalmış, gələcək kənd təsərrüfatı mütəxəssisləri Fəxrəddin müəllimin dəyərli məsləhətləri ilə bəhrələnmişlər. İstər bakalavr, istərsə də magistratura şöbəsində onun dərs dediyi fənlər üzrə tələbələri elmə həvəsləndirilmiş, müasir elmi axtarışların istehsalata tətbiqi sahəsində uğurlu və yaddaqalan axtarışları ilə gənc mütəxəssislərə istiqamət vermişdir. Təsadüfi deyildir ki, daim elmi axtarışları ilə gələcək mütəxəssislərə istiqamət verən tanınmış elm adamı F.Yusibov elmi axtarışları ilə istehsalata bir çox yeniliklər gətirmişdir. Aqrar sahədə ferma daxilində südün ilkin emalının işlənməsi ilə enerjiyə qənaət edilməsinin texnoloji araşdırılması sahəsində axtarışları təcrübəli alimin sanballı yenilikləri ilə yadda qalır. Uzun illərdir F.Yusibov aqrar sahədə fermadaxilində südün ilkin emalında enerji qoruyucu texnolojiyalarının öyrənilməsində və istehsalata tətbiq edilməsində maraqlı və yaddaqalan elmi əsərlər yazır, dərsliklər üzərində işləyir.
Təsadüyi deyildir ki, onun yazdığı çoxsaylı əsərlərində, dərs və metodiki vasitələrində qaldırdığı məsələlər mütəxəssislər tərəfindən həmişə yüksək qiymətləndirilmişdir.
F.Yusibov dəfələrlə beynəlxalq trenniklərin, simpozium və komfransların iştirakçısı olmuş, sertifikat və fəxri fərmanlarla təltif edilmişdir. Almaniyada, Gürcüstan Respublikasının Tbilisi şəhərində və Bolqarıstanda əldə etdiyi uğurlar alim ömrünün yadda qalan nailiyyətləri sayılmalıdır.
Fəxrəddin Yusibov dəfələrlə respublika təhsil nazirliyinin və kənd təsərrüfatı nazirliyinin fəxri fərmanlarına layiq görülmüşdür.
O, həm də səmimi, qayğıkeş ailə başçısıdır. Oğlu Muraz Yusibov ADAU-nun mühəndis-iqtisadiyyat fakültəsini prezident təqaüdü ilə bitirmiş, Qəbələ futbol akademiyasının meneceridir. ADAU-nun doktorantura pilləsini bitirmiş, hazırda müdafiə ərəfəsindədir.
İkinci oğlu Tural Yusibov da ADAU-nu fərqlənmə diplomu ilə bitirmiş, ADİU-nin magistraturasının və Azərbaycan Respublikasının Polis Akademiyasının məzunudur. Əfqanıstanda hərbi xidmət keçib. Hazırda Bakı şəhəri Nizami rayonunun polis idarəsində bölük komandiri vəzifəsində çalışır.
...Gecədən xeyli keçməsinə baxmayaraq, Dursun müəllim mətbəxdən çıxmaq istəmirdi. Bu, təsadüfi deyildi. Axı, sabah mehriban ailə ağbirçəyi, sevimli nənə, ADAU-nun dillər kafedrasının təcrübəli müəllimi Dursun xanımın xeyli qonağı olacaqdı. Qəbələdən, Bakıdan, respublikanın ayrı-ayrı guşələrindən gələn qonaqlar ömrünü, gününü, yuxusuz gecələrini elmə həsr etmiş Fəxrəddin müəllimin 60 illik yubileyinə gələcəklər. İki gün idi ki, istər ev telefonu, istərsə də mobil telefonlar vasitəsilə aramsız təbriklər alan Dursun xanım və Fəxrəddin müəllim bu yubileyə xüsusi hazırlıq görmüşlər. Sehri də, Fərəh də, Murad da qürur hissi ilə nənələrinin böyük zövqlə hazırladığı torta qürur və riqqət hissi ilə baxırdılar. Dursun müəllimə neçə gündən bəri poçtalyonun gətirdiyi təbrik teleqramlarını, açıqlamaları yazı masasının üstünə qoyub nəvələrini bağrına basdı.
- Əziz balalar, bax, babanız bu ad-sana, elmi zirvəyə gərgin əməyi, yuxusuz gecələri ilə çatmışdır. Çalışın siz də müstəqil ölkəmiz, qədirbilən xalqımız üçün məhz babanız kimi insan olun - dedi.
Biz söhbətimizin əvvəlində kosmik kəşflər aparan bir akademikin həyatından yuxarıda oxuduğunuz epizodu təsadüfi yada salmamışdıq. Müdriklərin dediyi kimi, dünyanı kişilər idarə etsə də, qadın böyüklüyü ailənin və ömrünü elmə sərf edən alim, ziyalı həyatını həmişə rövnəqləndirir və başqalarına nümunə olur.
Söhbətimizin sonunda səmimi insan, qayğıkeş ailə başçısı, tanınmış kənd təsərrüfatı alimi Fəxrəddin Yusibova və onun xoşbəxt ailəsinə bir dünya sevinc və fərəh arzulayırıq.
Ad gününüz mübarək, Fəxrəddin müəllim!
Gözünüz aydın, Dursun xanım!

Məmməd QASIMOV,
Füzuli RÜZİGAR