adalet.az header logo
  • Bakı 20°C
31 Yanvar 2019 13:15
13000
GÜNDƏM
A- A+

Taleh Yüzbəyov: “Bəzi insanlara kəllə vurmaq istəmişəm”

Bu yaxınlarda məşhur blogger, vayner Əlixan Rəcəbov "Qınama” adlı bir video-rolik çəkmişdi. Video-rolik çoxlarının qəzəbinə tuş gəlmişdi, etirazlar olunmuşdu. Əlixanın təqdim etdiyi videoda film çəkənləri qınayan bir nəfərin ifşa edilməsi göstərilmişdi.

Adalet.az məsələ ilə bağlı Taleh Yüzbəyovun fikirlərini təqdim edir:

"Əlixanın videosunun bu qədər etiraza səbəb olacağını gözləmirdim. Amma neçə gündür dostluğumda olanların statuslarını oxuyub, mən də Əlixanın dostu kimi bu mövzuda öz fikrimi bildirmək istəyirəm. Amma maksimum obyektiv.

1. Videonun adı "Tənqid etmə" yox, məhz "Qınama"-dır. Yəni hədəf tənqid edənlər yox, qınayanlardır. Film çəkən və ümumiyyətlə kontent yaradan insanların ən yaralı yeri məhz bu tip insanlardır. Facebook və Twitterdə bir qrup insan var ki, məhz bu işlə məşğul olub, öz aralarında həmişə kimisə ələ salırlar, qınayırlar. Onlara cavab verməsən də, yazdıqlarını görüb pis olursan. Çünki hərdən insanlar həddini aşır, amma hamıya cavab verə bilmirsən. Hərdən elə söz deyirlər, xətrinə dəyir. Məsələn, mənə bir dəfə "İnstagram qaraçısı" demişdilər, çox pis olmuşdum.

2. Hər tənqid edən izləyici tənqid etdiyi sahəni bacarmağa məcbur deyil. Bu fikirlərinizlə razıyam. Amma o insanlar heç öz sahələrində də əksər hallarda heç nə bacarmırlar. Dəfələrlə mənim reklamlarımı tənqid edənlərin reklamla məşğul olduğunu, amma ortaya uğurlu bir iş qoymadığını görmüşəm. İşgüzar insanın başqalarını ələ salmağa vaxtı olmur adətən. İşi ilə məşğul olur. Bu videoda isə Elvinin personajı sırf tənqid etmir. Deyir ki, gətirin mən çəkim baxın. Və ona belə bir şans yaradırlar. Film çəkmək asan iş deyil. Tamaşaçıların çoxu isə heç kinoteatra gedib, filmə baxmadan çox vaxt elə pisləyirlər. Aralarında haqlısı da olur, haqsızı da. Amma çox yaxşı filmlərimiz olub ki, prokatda batıb.

3. Videoda şöyüşün olması bir çox insanı qıcıqlandırıb. Əzizlərim, internet TV deyil. Və Əlixanın kanalı dövləti kanalı deyil ki, senzura olsun. O da, mən də videolarımızda zaman-zaman söyüşlərdən istifadə etmişik. Və bir çoxunuz bu videoları bəyənmisiniz də. Çünki söyüşü çalışmışıq, sırf söyüş söymək üçün yox, yerində işlədək. Amma əgər videoda söyüş varsa gərək tamaşaçıya xəbərdarlıq olunsun. Mövzuya uyğun olaraq +16 və ya +18 yazmaq lazımdır. Bu videoda Əlixanın sadəcə yadından çıxıb. Bu isə texniki səhvdir.

4. Sillə məsələsi. Sillə mənim üçün də gözlənilməz oldu. Əlixana da dedim ki, sərt finaldır bu. Amma bir çox film çəkən və kontent yaradan insanların əminəm ki, ürəyincə oldu. Bu bir günün aqressiyası deyil. Elə vaxt olub, bəzi insanlara sillə nədir, kəllə vurmaq istəmişəm. Çünki bayaq dediyim kimi insanlar bəzən tənqid və təhqiri səhv salırlar, yaxşı gördüyün işə susub, sənin hansısa səhv etməyini gözləyib, hücuma keçirlər. Və elə bilirlər ki, ağızlarına gələni deyə bilərlər, sən məşhursansa hər şeyə dözməlisən. Xeyr, əzizlərim. Məşhur olan insan hər şeyə dözməyə məcbur deyil. Yəni insan məşhur olsa da insandır. Sənə ağır gələn sözlər ona da ağır gəlir. Hər izləyicinin də ağzına gələni deməyə haqqı yoxdur. İnternetin verdiyi bu imkanı zəhər tökməyə istifadə edənlər isə ürəyin istəyən qədər. O sillə də aylarla yığılmış əsəbin, hər qınayan insana cavab verə bilməmək imkanının nəticəsidir. Məsələyə bir az da bu tərəfdən baxın”.