adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
31 Yanvar 2019 19:07
54919
MƏDƏNİYYƏT
A- A+

“Dəli Kür” filminin əsl variant üzə çıxacaqmı? - SORĞU

Prezident İlham Əliyev yanvarın 28-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət və Təhsil nazirliklərinin, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcəklər.

Sərəncamda vurğulanır ki, 2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi tamam olur. İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Bildiyiniz kimi, İsmayıl Şıxlının ən məşhur romanı "Dəli Kür” romanıdır. Əsər əsasında çəkilən film isə bir vaxtlar senzuraya məruz qalmışdı. Cahandar ağanın öldürülmə kadrına görə senzura işə düşmüşdü. Filmin sonunda Cahandar ağa torpağını mənimsəmək istəyən kazaklarla mübarizə aparır. Kazaklardan biri sonda Cahandar ağanı arxadan güllə ilə vurur. Bu kadr sovet ideoloqlarının xoşuna gəlmir. Bildirilir ki, kazaklar, rus əsgərlərinin azərbaycanlılara güllə atması, onların işğalçı kimi təqdim olunması qəbuledilməzdir. Nəticədə kadrlar dəyişdirilir, Cahandar ağanı onun mal-dövlətini talayan öz həmyerlisi güllələyir.

Adalet.az İsmayıl Şıxlının 100 illiyi və həmçinin bu məsələ ilə bağlı sorğu keçirib.

Yazıçının oğlu, tanınmış jurnalist, publisist Elçin Şıxlı İsmayıl Şıxlının yubileyi ilə bağlı yüksək səviyyədə tədbirlərin keçiriləcəyini bildirib. Vaxtı ilə "Dəli Kür”ün kəsilmiş hissəsi ilə bağlı danışan E.Şıxlı bunu diqqətdə saxlayacağını vurğulayıb:


"Təklif edərəm. Yaxşı ki yadıma saldınız”.

"Nə zamansa filmin bərpasını təklif etmişdinizmi?” sualına isə Elçin Şıxlı qısa cavab verib: "Xeyr. Etməmişdim”.

Filmin ilkin variantı isə şəxsi fondda qorunub saxlanılır və sovet dövləti dağıldıqdan sonra kinoşünas Aydın Kazımzadə tərəfindən tapılaraq Dövlət Film Fonduna təqdim olunur. Film bəzən ictimaiyyətə ilkin variantda təqdim olunur. Kinoşünas "Dəli Kür” barədə bunları söyləyib:




"Dəli Kür” filmindəki kəsilmiş kadrları o vaxt mən tapdım. Həmin kadrlar 27 il yatıb qalmışdı. Onu qoruyub saxlayan isə azərbaycanlı deyil, Pribaltikadan olan bir oğlan olub, hazırda yaşlı kişidir. Adətən azərbaycanlılar senzuradan keçməyən kadrları yandırıb, məhv edirdilər. Beləliklə, həmin şəxsdən kadrları alıb kinostudiyaya, Film Fonduna verdik. Sonradan ictimaiyyətə təqdim etdik ki, baxın bu ilkin, digəri ikinci variantdır. Televiziyalarda bir çox hallarda filmin ilkin variantı nümayiş olunur”.

"Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov orijinal variantın üzə çıxarılmasının çox müsbət hadisə olduğunu bildirib:



"Çox gözəl fikirdi. Mən bunu müsbət qarşılayıram. Biz "Azərbaycanfilm” olaraq bunu dəstəkləyirik. O filmin əsl variantı hazır Fondda var. Operator Vornovski o çəkilişlərin hamısını təqdim edib dövlətə”.