adalet.az header logo
  • Bakı 11°C
31 Yanvar 2019 00:21
36921
LAYİHƏ
A- A+

Yaddaşlara yazılan Lələtəpə

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği


Adətən, yer adları hansısa bir tarixin, hadisənin şəninə qoyulur, yaşadılır. Bəzən də hadisələri xatırlayan insanlar həyatdan köçdükdən sonra o adın mənşəyi, adlandırılma səbəbi unudulur və çox zaman növbəti nəslə təhrif olunmuş şəkildə ötürülür. Elə götürək mənim kəndimin adını - kəndin ilk oxumuşu, ziyalısı Mirzə Nağının adıyla bağlıdır, amma Mirzənağlı adlanır. Belə kifayət qədər misal göstərmək olar.
Yazım Binə qəsəbəsində gördüyüm bir obyektin Lələtəpə adlanması ilə başladı. O təpə bizim müasir tariximizin qəhrəmanlıq salnaməsidir və bu adın obyektə verilməsi hədsiz marağıma səbəb oldu. Lələtəpənin adını belə, eşitməyənlər o məlum döyüşdən sonra tanıdılar.
O illər Lələ yatan təpəni indiki kimi bütün ölkəmiz tanımırdı. Bu qədər adı hallanmırdı. Bəlkə də o zaman bizdən başqa onu tanıyan yox idi. İgidlərimiz, onların qəhrəmanlıqları tanıtdı Lələtəpəni. Canını torpaq uğrunda qurban verən oğullar, Şəhidlər tanıtdı. Birləşərkən türkün qarşısını almağın mümkün olmayacağının sübutuydu haqq aşığı Sarı Aşığın - Lələnin (ağanın, böyüyün, ulunun) yurdunun azad olması...
O vaxtlar kiçik bir qızın gözündə böyük dağdı, o qız böyüdükcə gözündə kiçilərək təpəyə çevrildi. İllər sonra isə yenidən hər kəsin, hətta onu görməyənlərin, adını belə eşitməyənlərin sevimlisi - hörmətlə, sayqıyla andığı, şəhidlərin səsini son eşidən, qəhrəmanlıqlarına şahid olan, qürurla, inamla, təəssübkeşliklə paralel səslənən adıyla gözümüzdə ən uca dağa döndü Lələ Təpə.
Məktəbə yolum üzü Lələ təpəyə olduğundan hər gün səhərlər onunla "salamlaşardım". Lələ təpə adını yalnız qəbiristanlıq kimi eşitmişdim. Həm də Lələtəpə deyil, sadəcə "Lələ" deyərdi yerli sakinlər.
Bu adın hardan gəldiyi haqda o zamanlardan maraqlanmışdım. Nənəmin söylədikləri əfsanə məni çox təəsirləndirmişdi. O əfsanəni yazar Ramilə xanım öz gözəl yazısında mən bildiyimdən bir az fərqli şəkildə yazmışdı. Əfsanələr də məhz belə yaranır, hərənin bir az dəyişərək, öz anladığı, onun beynində buraxdığı izlərlə, təsirlə dildən-dilə, ağızdan-ağıza keçirməklə: Uzun illər övladları olmayan bir ailənin başçısı bu dərddən cana doyaraq, uzaq səfərə çıxır və geri dönüncə qadının oğlunu yüyrükdə (beşik, nənni) yelləmədiyini görərsə onu boşayacağını (bəzi əfsanələrdə öldürəcəyini deyirlər-F.R) kəskin şəkildə deyib, evdən çıxır.
Zaman yetişir, ərinin geri dönməsi xəbərini eşidən qadın qorxudan, Allaha pənah apararaq, bir daşı bələyib beşiyə qoyur və yırğalamağa başlayır. Kişi uzaqdan xanımının beşik yırğaladığını görüb sevincindən qaça-qaça beşiyə yaxınlaşır, onu qucağına alır və uşaq ağlamağa başlayır... Həqiqəti öyrənəndə isə el-obasını tərk edir, yurd-yurd, diyar-diyar gəzir.
Uşaq düşüncəmlə Lələnin halına acımışdım o vaxtlar. Və illər keçsə də, Allaha inancım möhkəm olsa da, insanın daşdan yaranmasına şübhəm qalsa da, yenə Lələnin taleyi ağrıdırdı məni.
Son mənzili isə o təpə oldu.

Lələyəm başdan mən
Yemərəm hər aşdan mən.
Nə atam var, nə anam,
Yaranmışam daşdan mən.

Daşdan yaranan Lələnin ipəkdən yumşaq ürəyinə, qəlbinin nisgilindən süzülüb gələn bayatılarına, həyat hekayəsinə təkrar dönürdüm hər səhər üzü o təpəyə məktəbə gedərkən.
El arasında Sarı Aşıq adı ilə də məşhur olmuş Lələnin dərdi təkcə bu deyildi, həm də onun tənhalığı, incikliyi idi - milyonların içindəki tənhalığı.

Lələyəm, həyanım yox,
Al-yaşıl geyənim yox,
Yüz il də görünməsəm,
Gəlmədi! - deyənim yox...

Xalq sevərmiş bu küskün, adamayovuşmaz, ərköyün, tənhlığı sevən Haqq Aşığını. Əsl tənhalığı isə yurd-yuvalarımız qarı düşmən tərəfindən yağmalananda oldu Lələnin. O təpədən boylana-boylana qaldı uzun illər. Gəlmədilər... deyən o özü oldu bu illər ərzində. Hər kəsdən qaçdığı elatının hər bir fərdi üçün darıxdı. Sazının tellərini dilləndirə bilsəydi, sözləri ürəyinin qanı ilə axardı dilinə, ordan da uyuduğu təpəyə.
Düşmənin azğınlığına elat igidləri çox səbr etdilər, çox dözdülər. Amma səbrin də bir həddi olurmuş. Böyüklərin - səbr et! - deməsinə dözməyən Mübarizlər də oldu, amma tək əldən səs çıxmaz deyib babalarımız. El birliyi gərəkdi. Aprel ayının 2-dən düşmənin daha da həyasızlaşdığını görən igidlərimiz dözmədi artıq, layiqli cavabını aldı düşmən, bir heç olduğunu, özgə kölgəsində hürdüyünü anladı və damına çəkildi.
Lələ də təpəsində şad-xürrəm idi - elatı geri dönürdü. Uzun illərin həsrəti sona yetirdi. O təpədəki məzarlıqda Lələnin qəbrinin üstü gül-çiçəklərə qərq olmuşdu... həm sevincindən, həm də şəhid qanından...
"Yüz illərlə bu gözəl vətənimizi ələ keçirmək üçün cəhd göstərənlərin tapdağı altında əldən-ələ keçdi bu diyar. Bəlkə də heç bir xalqı məhv etmək üçün üzərində bu qədər eksperiment aparılmayıb". Amma yenə bu xalqın əzmini qırmaq, inamımı məhv etmək nəsib olmayıb heç kimə. Dözüb, səbr edib millət, amma sonunda səbr kasası dolanda başını bir qaldırıb, bir nərə çəkib ki, düşmən qorxusundan pərən-pərən düşüb. Lələtəpə neçə şux qamətli, elmli, təhsilli, vətənpərvər igidimizin qanı hesabına alındı. Olsun! "Torpaq, uğrunda ölən varsa, Vətəndir!" deyib Cavid babamız. Beş igidimiz bu yolda şəhid olacaqsa, əvəzində bir millət azadlığa çıxacaq, gələcək nəsillər qarşısında üzüqara qalmayacağıq, utanc duymayacağıq. Bu dığaların bitib-tükənməz - qonşulardan əlinə keçəni oğurlamaq şakərinin gələcək nəsillərə keçməsinin qarşısı alınacaq. Düşmən qane olmadığı "az"ı da itirmək təhlükəsində qalacaq.
İllərlə dünya birliyinin göz yumduğu - yağı tapdağında qalan torpaqları, dağıdılmış evlərin xarabalıqlarını, ağacları kəsilmiş meşələrimizin yerindən məyus-məyus boylanan qurumuş kötükləri, yol-cığırını tikan, qanqal basmış bulaqları, çayları Lələ təpə ucalığından nəhayət ki, görə bildilər.
Bir xalqı məhv etmək üçün onun düşünən beynini, təhsilini, mədəniyyətini, tarixini, qədim dövlətçilik ənənələrini və müstəqillik şüurunu məhv etmək, parçalamaq, adət və ənənəsini dəyişmək, dilini əlindən almaq kifayətdir. Bir millətin gələcəyini məhv etmək üçün öncə keçmişini məhv etmək yetər, bunun üçün atom bombasına gərək yoxdur.
Amma bu millətin qədim keçmişi var, tarixi, adət-ənənəsi, mədəniyyəti, dili, cana can verən təbiəti, sərvəti, havası, suyu var və düşmən qarşısına istənilən qaydada çıxmağa gücü də var. Qan-qada, müharibə istəmir bu millət, amma buna məcbur edilərsə, layiqli cavab verməyə qadirdir.
Düşmənsə daim pusqudadı, başı əzilməyincə öz istəyiylə rədd olub gedən deyil.
Bir kiçik təpəsi üçün şəhidliyə yüksələn belə igidlərlə torpaq düşmən tapdağında qalmayacaq, inşaallah!
Fəridə RƏHİMLİ


AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ