adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Yanvar 2019 00:22
9132
MƏMLƏKƏT
A- A+

PROBLEMLƏRİ BAŞINDAN AŞAN DAĞ KƏNDİ

(əvvəli ötən saylarımızda)

Çox sakinlər torpaq sahələrinin harada olduğunu hələ də bilməyirlər. Bu gün kolunu qırıb, daşdan təmizlədiyin, şumlayıb əkdiyin sahəyə, sabah başqası sahib çıxır.
Camaatin xəbəri olmadan, torpaq xəritələri tez-tez dəyişdirilir. Tarixən əkin-biçin sahələri olmuş məhsuldar torpaqlar, bu gün "meşə zolağı" qrifi adı altında başqa məqsədlər üçün sakinlərin əllərindən alınır.Şəxsən, kəl-öküz boyunduraqlarında oturub, xışla, kotanla yer şumladığım 40 ha Çürməngalı yaylası, Cavanşir Ordusunun təlim-məşq yeri olmuş Sərdüz, biçənəkliyi, torpaq xəritəsində "meşə zolağı" kimi göstərilib.
Lakin kənddə gənc ailələrə ev tikmək üçün veriləsi torpaq sahələri yoxdur. Bu da, gənclərin kənddən uzaqlaşmalarına səbəb olur.
Sahiblərinin xəbəri olmadan, bir çox pay torpaqlarının, saxta imzalarla satılması, adi hal alıb. Göz görə-görə, başqasının yurduna göz dikib, ona sahib çıxmaq istəyən "kişilər" də peyda olubdur.
70 il vahid ailədə yaradılan vahid heyvandarlıq təsərrüfatı bölüşdürüləndə də, ölçüyəgəlməz ədalətsizliklərə yol verilib. Birisinə otlaq sahələrlə birlikdə sürü ilə mal-qara düşdüyü halda, başqasına bir quzu da düşməyib.
Düşünüb ibrət almağı bacaranlar, Məscidlərin ALLAHa məxsus olduğunu dərk edirlər. Minbəri 1930-cu illərdə götürülüb taxıl anbarına çevrilmiş Cümə Məscidi, SSRİ-nin süqutuna kimi, ora, heç bir kənd sakini tərəfindən anbar binası kimi tanınmayıb. Hamı oranı "meçit" kimi tanıyıb. Lakin, milli və islami duyğulardan kasad olan cahillər, 110 yaşlı məscidin nəinki bir tarixi abidə kimi dövlət qeydiyyatına götürülməsinə səy göstəriblər, əksinə onu bölünəsi əmlaklar siyahısına daxil edib, ALLAH qorxusu duymadan, 18 nəfər arasında pay bölgüsü kimi bölüblər.
Bununla da kifayətlənməyib, bu dəfə məscidi , H.Əliyev fondunun vəsaiti hesabına tikilmiş məktəbin, "yaddan çıxıb" tikilməyən idman zalı etmək fikrinə düşüblər. Giriş qapısına basketbol toru da asıblar.
Hər bir Tircanlının, hər bir məzunun heysiyyətinə toxuna biləcək yaramaz hərəkətlərdən biri də, 90 yaşlı, hələ çox-çox əsrlər boyu təbiətin kor qüvvələrinə sinə gərə biləcək, 13 sinifli, arxitekturalı bir məktəbin, ,məzunu olmuş Azad adlı birisi tərəfindən sökülərək, daşının Lahıcda satılması, qalmış matrriallarını isə, özünə məxsus obyektlərin tikintisinə sərf etməsidir. (Qeyd: tarixi qədimliyini qoruyub saxlamaq üçün, Lahıcın mərkəzində mişar daşından istifadəyə icazə verilməyir). Babasının "uşkol"təhsili, atasının, bacı və qardaşlarının, özünün isə orta təhsil aldığı, onların mühəndis,müəllim. həkim, hətta alim olmalarına, ilkin həyat vəsiqəsi verən tarixi bir təhsil ocağının sökülməsinə fərman vermək üçün, insan hansı qəlbə malik olmalıdir? Sizi bilmirəm, mən bu suala cavab verməkdə acizəm.
Azad bəy, xatırladım ki, ermənilərdən 90 il sonra, onları təkrarlayaraq yenidən uçurduğunuz məktəbin yerində , əvvəllər də məktəb binası olubdur. Amma, o, türk qanlı insanlar tərəfindən yenidən, yerindəcə bərpa edilmişdir. Hətta, o məktəb binasının fasadına, ərəb əlifbası ilə belə bir xatirə lövhəsi də vurulubmuş: "Bu binanın yerində əvvəllər də məktəb binası olubdur. O 1908-ci ildə inşa edilmiş, 1918-ci ildə isə, ermənilər tərəfindən yandırılmışdır". Sonralar lövhə götürülülübdür. Öz tarixini məhv edib, başqasına tarix yaradan Azad bəy. incimə, sizə bir iradımı da bildirmək istəyirəm. Rəhbərliyiniz altnda, doğma kəndində inşa etdirdiyiniz məktəb binası da, qonşu Minkə və Şəbyan kəndlərindəki 8 illik məktəblərlə müqayisədə çox cılız ğörünür.
Onların idman zalları olduğu halda, siz öz kəndinizdəkini "unutmussunuz".
Əvəzində, məscidi idman zalı etmək ideyasını da irəli sürmüsünüz, yoxsa, onun da daşlarına müştəri tapmısınız? Siz, bu hərəkətinizlə, 72 nəfəri bir gündə cəbhələrə göndərən babanıza çox bənzəyirsiniz...
Azad bəy, yaxşı olmazdımı ki, vəzifənizdən, imkanınızdan istifadə edib, təhsil aldığınız siniflərə yüngülcə əl gəzdirib, oranın bir otağını xalça sexi, bir otağını tikiş sexi, diğərlərini barama kümxanaları, böyük zalını idman zalı, həmkəndlilərin üçün xeyir-şər yeri edəydiniz? Evlərdə oturub, işsizlikdən gözləri vol çəkən qızlarımız, gəlinlərimiz də, sizdən məmnun qalardılar, dua edərdilər, necə ki, ruhlarına daim minnətdarlıq edilən Mübarək Məmmədov kimi, Eldar Misir oğlu kimi. Bu insanların rəhbərlik etdikləri müəsisələrin işçilərinin çoxu tircanlılardan ibarət olub.
Orta məktəbi əlaçı şagird kimi (arxası olmadığı üçün "Qızıl medal" verilmədi) , oxuduğu Ali Məktəbi isə, Fərqlənmə Diplomu ilə bitirən,16-il Tircan kənd orta məktəbinin direktoru işləmiş, iki dəfə Müəllimlər Qurultayının iştirakçısı, bir çox medallar və fəxri fərmanlar mükafatçısı, "Qabaqcıl marif xadimi", marif əlaçısı, anadan fiziki cəhətcə qüsurlu doğulan, tək qıçlı, birinci dərəcəli əlil, yataq xəstəsi, 81 yaşlı, ağsaqqal Ayaz müəllimin dediklərindən:
"Şagirdim olmuş Azad bəyin özbaşnalığından hiddətlənərək, eşitdiyim xəbərdən, həmin gün ikinci qıçımı da itirdim, həmişəlik olaraq yorğan-döşək düşgünü oldum. Axı, mən o məktəbi üfləyə-üfləyə bəsləyirdim. Şagirdlərimə onun tarixi keçmışıni danışardım. Aldığım müəllimlik məvacimlə hər il onun dam örtüyünün iki-üç təbəqəsini dəmirçi-usta Kamandara dəyiştdirərdim, rənglətdirərdim.Vallah, o məktəbin yüngülcə təmirə ehtiyacı vardı. Heyf o məktəbdən!".
Əfsuslar olsun ki, Ayaz müəllimdən başqa, nə onu bu vəzifədə əvəz edən indiki direktor, nə bu məktəbin məzunları olmuş müəllimlər, nə Bələdiyyə, nə İcra nümayəndəliyi, bu özbaşnalığa öz münasibətlərini bildirməyib, dəstək verən bir tamaşaçı mövqeyində durmuşlar.
Ulu tanrı Tircana sığal çəkəndə, ondan öz səxavətini əsirgəməyib. Gözəl coğrafi məkana, təmiz havaya, çoxlu meşəliklərə, bolluca meyvə və giləmeyvələrə malik olduğu kimi, tərkibcə müxtəlif olan "Soltanlı bulağı"."Bədo","Qarasu","Qarabulaq","Ağbulaq","Çömçəli","Kükürdlü bulaq","Novruzbulağı" və s. kimi durna gözlü təbii bulaqlara da malikdir. Amma, bu qədər bulaqlar əhatəsində olan bir kənd, susuzluqdan əziyyət çəkir.
Bir neçə il bundan əvvəl, kənd sakinlərindən bir neçəsi, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Xanım Əliyevanın qəbulunda olmuş və kənddə su təchizatını yaxşılaşdırmaq üçün, ondan köməklik ğöstərməsini xahiş etmişdilər.
Azəri xalqının Böyük Qızı, bu müraciətə müsbət cavab vermiş və müəyyən maliyyə yardımı ayırmışdır. Lakin, naşı və qeyri mütəxəssis adamların gördükləri başdansovdu işlərindən sonra, kənddə su təchizatı nəinki yaxşılaşmış, əksinə böyük problemə çevrilmişdir.
Tələm-tələsik ləğv olunan 110 yaşlı "Hacı Əli" bulağının daş kürəbəndinin yatağı əsasında, əvəz olaraq,ucuz, qara, sintetik borularla, suyu qışda donan, yayda quruyan su xətti çəkildi. Az-yarım gələn su, qərəzli halda, müxtəlif ölçülü borularla bölüşdürüldüyündən,kənddə böyük su qıtlığı yarandı.17 yaşları Böyük Vətən Müharibəsi cəbhələrində tamamlanan müharibə veteranlarindan, bir qıçını itirmiş Oruc Əsədov kimi, 95 yaşlı Babakişi Fətullayev kimi bir çoxları tamamilə unuduldular.
Kəndin ətrafındakı digər bulaqlar isə, ayrı-ayrı adamlar və istirahət mərkəzləri tərəfindən mənimsənilmişdir.Onlar, ərazisində yerləşdiyi kənd bələdiyyəsinə müəyyən vəsait köçürməli olduqları halda, əksinə, kəndin mal-qarası dərələrdə içməyə su tapmayır.
100 illik meyvə bağlarının ağacları, S-80 markalı traktorlara qoşularaq məhv edilmələrindən bir neçə il sonra,intensiv surətdə artan torpaq sürüşməsi, Tircanı növbəti dəfə fəlakətlə üz-üzə qoymuşdur.Hətta, bir çoxlarının evləri,tikililəri ucub, çat vermişdir. Bir neşə il bundan əvvəl baş vermiş bu hadisə zamanı , Möhtərəm Prezidentimiz humanistliyini nümayiş etdirmiş, Tircanlılara sanballı maliyyə yardımı ayırmışdır. Lakin bu yardımlar "Əl əli yuyar, əl də üzü formulasi" ilə bölüşdürüldü.
Qaz çəkilişi zamanı da, analoji hallar baş veribdir. Dənizdə, neft-qaz istehsalının ilk günlərindən çalışan, 55 il bu yolda can qoyan, 2 oktyabr 1997-ci il, "28 May" yatağında baş vermiş vertalyot qəzasında 36 yaşında, oğul qurban verən, əmək veteranı, 90 yaşlı Abdulkərim və 85 yaşlı Emka Piriyev cütlükləri, öz adlarını, öz gözləri ilə, qaz çəkiləcək layihə xəritəsində görsələr də, son anda adlarının xəritədən silinmələrinin səbəblərini indi də bilməyirlər. Neçə illərdir ki, taleyin hökmünə buraxılmış bu ahıl insanlar, istədikləri qədər odun tapıb yandıra bilmədikləri sobanın tüstüsündə ,öz aqibətlərinin müsbət həllini gözləyirlər.
(ardı gələn sayımızda)