adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
31 Yanvar 2019 00:12
4317
GÜNDƏM
A- A+

VENESUELAYA QARŞI NEFT SANKSİYASI


Vaşinqton Maduro hökuməti üçün bir neçə gəlir mənbəyindən biri olan Venesuelanın dövlət neft şirkəti PDVSA-ya qarşı sanksiyalar tətbiq edib. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ağ evdə keçirdiyi brifinqdə Venesuelanın neft şirkətinə qarşı qəbul edilmiş sanksiyalar paketi barədə ətraflı məlumat verib.
Lakin ABŞ Xəzinədarlığı tərəfindən göstərildiyi kimi, ABŞ şirkətləri Maduronun girmə imkanı olmayan xüsusi hesablara pul göndərməklə PDVSA ilə əməliyyatlara davam edə biləcəklər. PDVSA şirkətinin törəmə müəssisəsi olan Citgo Petroleum ABŞ ərazisində işini davam etdirəcək, lakin sanksiyalar ləğv edilənə qədər vəsaitləri Venesuelaya köçürə bilməyəcək.
"New York Times" qəzeti enerji sektoru mütəxəssislərinə istinadən bildirib ki, prezident Nikolas Maduronun administrasiyası Venesuelada neft sənayesinə qarşı Vaşinqtonun tətbiq etdiyi sanksiyaların mənfi təsirini minimuma endirə bilər. "Sanksiyalar Maduro hökuməti tərəfindən nəzarət edilən pul axınına əhəmiyyətli bir zərbə vuracaq olsa da, onların təsiri ABŞ gözlədiyi qədər ağır olmayacaq"- deyə Norveç Rystad enerji konsaltinq şirkətinin analitiki Paolo Rodrigez bildirib. O hesab edir ki, "Venesuela indi ABŞ-a ixrac etdiyi nefti digər ölkələrə yönəldə və aşağı qiymətə sata bilər."
"The New York Times" qəzetinin verdiyi xəbərə görə, "Venesuela neftini böyük endirimlə təklif edərsə, bir çox ölkə o nefti alacaq." Çünki hazırda Karakas Hindistana gündə 300 min barel, Çinə 240 min barel və bəzi Avropa və Cənub-Şərqi Asiya ölkələrinə neft tədarük edir. Prezident Donald Trump administrasiyası hesab edir ki, Venesuela bu neft sanksiyalarından 11 milyard dollar itirəcək. ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin prezident Nikolas Maduro hökumətinin artıq neft satışından əldə olunan gəlirləri almayacağını bildirib. Mnuçin həmçinin bildirib ki, ödənişlər PDVSA-nın müxalifət lideri Xuan Quaydonu ölkənin prezidenti kimi tanıdıqdan sonra bərpa olunacaq.
ABŞ-ın Venesuelaya tətbiq etdiyi sanksiyanı tənqid edən Kreml sözçüsü Dmitri Peskov Vaşinqtonun tez-tez iqtisadi məhdudiyyətlərə əl atdığını dilə gətirərək bildirib ki":Biz bunun doğru olmadığını düşünürük. Biz bu addımları ədalətsiz rəqabətin təzahürü kimi dəyərləndiririk. Bu sanksiya qeyri-qanuni olmaqla yanaşı, Venesuelanın daxili işlərinə müdaxilə cəhdidir".