adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Yanvar 2019 16:08
6781
MƏMLƏKƏT
A- A+

“Həkimlər bu xəstəxanada işləmək istəmirlər” - Səhiyyə Nazirliyi

"İsmayıllı rayon Lahıc qəsəbə xəstəxanasında boş qalan həkim yerlərinə dəfələrlə vakansiya verilib. Lakin orada işləmək istəyən yoxdur"

Adalet.az xəbər verir ki, bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından mütəxissislər ehtiyac olduqca Lahıca göndərilir.

"Lahıc qəsəbə xəstəxanasının baş həkimi Sədrəddin İsgəndərov hazırda məzuniyyətdədir. Vəziyyəti tənzimləmək üçün İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından mütəxisissələr göndərilir ki, xəstəxana boş qalmasın, xəstələr müraciət etdiyi halda onlara yardım edilsin. Xəstəxanadakı boş yerlər barədə dəfələrlə vakansiya verilib. Lakin ora gedən yoxdur. Gənclərin hamısı şəhərdə işləmək istəyir”.

Səhiyyə Nazirliyi Lahıc qəsəbə xəstəxanasına gedən həkimlərə az maaşın verilməsi məsələsinə də aydınlıq gətirib: "Əmək haqqının azlığından söhbət gedə bilməz. Ora gedən həkimlər bütün həkimlərə şamil olunan əmək haqqını alırlar. Hətta bir sıra hallarda həvəsləndirici imtiyazlar da nəzərdə tutulur. Sadəcə insanlar şəhərə meyillidirlər. Xəstəxananın bağlanması barədə isə məlumat yoxdur, hələlik bu məsələ müzakirə olunmur”.

Qeyd edək ki, İsmayıllı rayonunun Lahıc qəsəbəsində 2011-ci ildə inşa edilən xəstəxana müasir avadanlıqlarla təchiz edilib. Tibb ocağında xəstələrin ambulator və stasionar müalicəsi üçün hər bir şərait yaradılsa da, ən böyük problem həkim çatışmazlığıdır. Xəstəxananın yeganə həkimi olan 82 yaşlı Sədrəddin İsgəndərov səhhətində yaranan problemə görə bir müddətdir işə çıxmır. Hazırda xəstəxanada 4 həkim və 4 tibb bacısı yeri boşdur.