adalet.az header logo
  • Bakı 13°C
30 Yanvar 2019 00:30
12715
İDMAN
A- A+

ƏFSANƏVİ QAPIÇI, UNUDULMAZ İNSAN

Yaşıl meydanda top qovan futbolçulardan fərqli olaraq, qapıçının üzərinə daha böyük məsuliyyət düşür. Çünki futbol qapıçısı komandanın sonuncu ümidi, sonuncu dayağıdır. Bir mahnının sözlərində deyildiyi kimi "...ey qapıçı, zənn et ki, arxandan sərhəd zolağı keçir!"
Mahir qapıçı, fiziki ya texniki hazırlıqdan əlavə, bir çox keyfiyyətləri ilə yoldaşlarından seçilməlidir. Möhkəm iradə, cəsarət, çəkinmədən rəqibin ayaqlarına atılmaq bacarığı futbol qapıçısının səciyyəyi xüsusiyyətləridir. İstər ölkə yığmasının qapıçısı olsun, istərsə də zavod komandasının, o hamıdan cox əsəb gərginliyinə məruz qalır.
Məşhur qapıçılardan biri də 20 il Moskva "Dinamo"sunun qapısını qorumuş və 75 dəfə SSRİ yığmasının heyətində meydana çıxmıs böyük istedad sahibi, sabah bu gündən daha yaxşı oynamaq arzusu ilə alışıb yanan Lev İvanoviç Yaşin olmuşdur.

"Uembli"də keçirilən matç

...1963-cü il oktyabrın 23-də Londonun "Uembli" stadionunda FİFA-nın yığması ilə İngiltərə milli komandası arasında İngiltərə futbolunun 100 illiyinə həsr olunmuş matç keçirilirdi. Oyunun ilk dəqiqələrindən dünya yığmasının qapısına tərəf ardı-arası kəsilməyən hücumlar edən meydan sahibləri hesabda irəli çıxa bilmirdilər. Tribunalarda əyləşən azarkeşlər, habelə dünyanın müxtəlif ölkələrində mavi ekran vasitəsilə oyunun gedişini izləyən milyonlarla futbolsevər başda Cimmi Qrivs olmaqla ingilis hücumçularının rəqib komandanın qapısı qarşısında aciz vəziyyətdə qalmalarının şahidi oldular. Bunun səbəbkarı isə qara köynəkli qapıçı Lev Yaşin idi. İkinci hissədə sovet qapıçısını əvəz edən yuqoslav M. Şoşkiç iki qol buraxdı. Nəticədə, hesab İngiltərə yığmasının xeyrinə 2:1 oldu.
1963-cü ildə "France Football" həftəliyinin Avropada ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi "Qızıl top" mükafatı Lev Yaşinə verildi. O zaman jurnalın baş redaktoru olan Maks Yurbini laureat haqqında bu sözləri yazmışdı: "Mən həyatımda çox qapıçılar görmüşəm: Svift, Ramalyets, Zeman, Qroşiç, Jilmar, Koşta Pereyra, hətta bizim Bernarı da. Lakin Yaşin öz fantastik oyunu ilə onların hamısını kölgədə qoymuşdur. Çünki Yaşin, eyni zamanda, həm Şeyriqes, həm Kombi, həm də Zamora, Planiçka, Xiden və bir çoxları deməkdir. Yaşin unikal, fövqəladə istedada malik qolkiperdir. Əsl strateq olan moskvalı qapıçı, sanki, sehrlənmiş əllərə malikdir. Ən nəhayət, Yaşin elə bir insandır ki, meydanda iştirakı ilə "düşmənləri zəiflədir, dostları isə ruhlandırır...".

London. "Uembli" stadionu.
1963-cü il 23 oktyabr

Yaşinin qazandığı mükafatlar, yüksək nüfuz, heç şübhəsiz, böyük zəhmətin, çalışqanlığın nəticəsidir.
Bununla belə o, təvazökar, prinsipial, məqsədə çatmaq naminə yorulmadan işləyən, yoldaşlarına qarşı münasibətdə çox səmimi olan, özündən kiçiklərə kömək və məsləhətini heç vaxt əsirgəməyən əsl vətəndaş olmuşdur. Lakin onun keçdiyi ömür yolu heç də hamar olma-mışdır. İyirmi ildən artıq futbolçu ömrü yaşamış Yaşin çətinliklərlə üzləşmiş, bir çox maneələri dəf etməli olmuşdur, özü də təkcə karyerasının başlanğıcında yox.

Ədalətsiz tənqid qapıçını
sındırmadı

1962-ci ildə Çilidə keçirilən dünya birinciliyində SSRİ yığmasının uğursuz çıxışından sonra hətta çempionatda iştirak etməyən "özündən razı strateqlər", Yaşinin ağır zədə ilə meydana çıxmasından xəbəri olmayanlar onun ünvanına tənqidlər yağdırır, bütün günahları qapıçının üzərinə yıxmağa çalışırdılar. Lakin 34 yaşlı veteran təslim olmaq istəmirdi. O, "Dinamo"nun məşqlərində və ölkə birinciliyində qapını daha səylə qoruyurdu. Vətənində haqsız tənqid olunmasına baxmayaraq, o, bir il sonra qeyd etdiyimiz kimi, FİFA yığmasına dəvət aldı və həmin il "Qızıl top" mükafatına layiq görüldü. Bəs necə olub ki, sadə sovet futbolçusu dünyanın ən yaxşı qapıçısı hesab edilib? Bu suala cavab tapmaq üçün onun tərcümeyi-halını bilmək lazımdır.

Uşaqlıq və gənclik illəri

Lev Yaşin 1929-cu il oktyabrın 22-də Moskvada fəhlə ailəsində anadan olmuşdur. 1943-cü ildə o, maşınqayırma zavodunda frezerçi şagirdi kimi işləməyə başlamışdır. Ailəsinə kömək etmək istəyən Lyovanın o zaman 14 yaşı var idi. Ağır müharibə illəri onun xasiyyətinin formalaşmasına öz təsirini göstərmişdi. Hər bir hərəkəti ölçüb biçmək, dost yardımını qiymətləndirmək, çətinlikdən qorxmamaq və əməyi sevmək elə o vaxtdan onun şüurunda həkk olunmuşdu. Zamanın ağırlığına baxmayaraq, əksər yeniyetmələr kimi, Lyova da işdən sonra idmanla məşğul olurdu. Ucaboylu yeniyetmə idmanda ilk addımlarını basketbol meydanında atdı, sonra isə qüvvəsini hokkeydə sınamaq qərarına gəldi.
Zavod komandasında futbol oynamağa başlayan Yaşin hücum xəttində çıxış etməyə çalışırdı. O da digərləri kimi Qriqori Fedotova bənzəmək arzusu ilə yaşayırdı. Lakin nədənsə ona hər dəfə qapını qorumağı tapşırırdılar, ilk məşqçisi Larionçikov da ona qapıda dayanmağı məsləhət bildi: "Lyova, sən yaxşı qapıçı olacaqsan!"
Boyu 180 sm-ə çatmış gənci məşqçi Arkadi Çernışov Moskva "Dinamo"sunun qapısında yoxlanaq istədi. Zənni onu aldatmamışdı. Tezliklə Yaşini "Dinamo"nun əvəzedici heyətinə daxil etdilər. Məşqçinin göstərişi ilə Yaşin əsas qapıçı Aleksey Xomiç ilə birgə məşq etməyə başladı.

Uğursuz debüt

Yaşin əsas heyətə çıxacağı günü səbirsizliklə gözləyirdi. "Spartak" ilə matçın sonuna yaxın dinamoçu Xomiç ağır zədələnərək meydanı tərk etdi. Yaşinə böyük futbolda debüt etmək şansı verildi. Lakin hakimin fitindən dərhal sonra spartakçılar Yaşinin qoruduğu qapıya qol vurdular. Tbilisi dinamoçuları ilə növbəti görüş onun üçün daha uğursuz oldu. Moskvalılar 4:1 hesabı ilə irəlidə idilər. Bu vaxt Yaşin iki dəqiqə ərzində öz qapısından üç top buraxdı. Hesab bərabərləşdi. Yalnız sonuncu dəqiqədə moskvalı Konstantin Beskov qələbə topunu vura bildi. Bu oyundan sonra Yaşin üç il müddətinə əsas heyətdən kənarda qaldı.
Uğursuz debütdən sonra Yaşin əvəzedici heyətdə daha artıq səylə çalışırdı: məşq vaxtının qurtarmasına baxmayaraq, Beskovdan, Solovyovdan, Kartsevdən, Trofimovdan qalıb onunla məşqi davam etdirmələrini xahiş edirdi. Məşhur futbolçuların vurduqları zərbələri tutmaqdan xüsusi zövq alan gənc qapıçı öz çalışqanlığı və məqsədinə çatmaq əzmi ilə yaşlı futbolçuları da heyran etmişdi. Yaşinin simasında Xomiçə layiqli əvəz olacaq qapıçını görən "Dinamo"nun baş məşqçisi M.Yakuşin və SSRİ yığmasının məşqçiləri Q.Kaçalin, A.Starostin, K.Beskov onun istedadının parlaması üçün çox əmək sərf etmişdilər.

Əsas heyətə qayıdış

24 yaşında ikən Yaşin ikinci dəfə "Dinamo"nun əsas heyətinə qatıldı. Müşahidəçilər onun həmin mövsümdə məharətli oyunu ilə azarkeşlərin məhəbbətini qazandığını söyləyirdilər. O, Xomiçi və Sanayanı əvəz etdikdən sonra dinamoçu qapıçıların şöhrətini daha da artırdı. Demək lazımdır ki, Lev Yaşin sovet qapıçılarından birincisi idi ki, təkcə qapı çərçivəsində yox, həm də bütün cərimə meydançası boyunca hərəkət edir, topu havada tutmaq üçün çox irəliyə çıxırdı. Ko-mandaların üç müdafiəçi ilə "dubl- ve" sistemi ilə oynadığı dövrdə gənc qolkiperi "dördüncü müdafiəçi" adlandırırdılar.

Ölkə yığmasına dəvət aldı

1954-cü ildən SSRİ yığmasının heyətində meydana çıxan L.Yaşin məharətli, eyni zamanda, sadə və xarici effektsiz, lakin həddən artıq etibarlı oyunu ilə Qərb futbol ekspertləri və jurnalistlərinin nəzərləri ni özünə cəlb etmişdi. Lev İvanoviç Yaşin 14 il SSRİ yığmasının əsas qapıçısı olmuşdur! Çıxış etdiyi beynəlxalq yarışlardan beşini o, xüsusilə xatırlayırdı: 1956-cı il Melburn Olimpiadası, 1958-ci il İsveçdəki dünya birinciliyi, 1960-cı il Avropa kuboku, 1962-ci il Çilidə və 1966-cı il İngiltərədə keçirilən dünya çempionatları. Nəhənglərin turnirində o, xüsusilə böyük ruh yüksəkliyi ilə oynamış, əsl ustalıq nümayiş etdirmiş və tamaşaçıların alqışlarını qa-zanmışdır. Bunun səbəbini isə Yaşin özü də izah edə bilməmişdir: "Yəqin ki, belə də olmalı idi, sovet futbolunun şərəf və ləyaqətini qorumaq lazım gəldikdə məsuliyyət və döyüş ruhu ikiqat, üçqat artır".
Yaşin "Dinamo"nun ən sadiq futbolçusu idi. Beşqat SSRİ çempionu olmuş, üç dəfə ölkə kubokunu qazanmış, iki dəfə ilin ən yaxşı futbolçusu elan olunmuş əməkdar idman ustası Lev İvanoviç Yaşin təkrarolunmaz oyunu ilə bütün dünyada ən populyar qapıçı, müxtəlif xalqların məhəbbətini qazanan idmançı hesab olunurdu. Bununla belə, o, çox sadə və təvazökar insan olaraq qalmışdı. Xarici səfərlərdə olarkən onu əhatə edən yeniyetmələrə avtoqraf paylamaqdan özü də zövq alırdı.

Televiziya şirkətində pullu şouda iştirak etdi

Moskva dinamoçularının 1957-ci ildə Cənubi Amerika ölkələrinə səfəri zamanı Rio-de-Janeyroda Yaşini televiziya şirkətinə dəvət etmişdilər. Pullu şou təşkil edən televiziya əməkdaşları 11 metrlik zərbələr vurmaq üçün pavilyonda futbol qapısı qurmuşdular. Müsabiqə iştirakçıları arasında reklam xatirinə gələn varlı adamlar da var idi. Demək olar ki, bütün Braziliya bu şounu televiziya vasitəsi ilə izləyirdi. Üç dəfə Yaşin təkbətək mübarizədə üstün oldu. Diktor bu qeyri-adi turnirin qurtardığını və Yaşini qalib elan edərək onun bir neçə min dollar mükafat qazandığını bildirdi. Sonda braziliyalıların gözləmədikləri bir hadisə baş verdi. Mikrofonu əlinə alan Lev Yaşin şounu təşkil edənlərə minnətdarlığını bildirdi və qazandığı pul mükafatını yetimxanaların birinə keçirməyi xahiş etdi.
Yaşinin idmançı bioqrafiyasında sevincli anlar daha çox olmuşdur. Avropa birinciliyinin qızıl və gümüş medalları, dünya birinciliyinin bürünc medalı, Melburn Olimpiadasının qızılı və qazandığı digər mükafatlar, medallar və s. Bir də ki, çox məsuliyyətli beynəlxalq görüşlərdə Zeyeler və Matsolla kimi superulduzların Yaşinin qapısına vura bilmədikləri 11 metrlik zərbələr. Lakin onun həyatında ən kədərli gün 1971-ci il may ayının 27-də oldu, özü də təkcə Yaşin üçün yox, həm də onun pərəstişkarları üçün. Həmin gün dünya futbolsevərlərinin kumiri Lev Yaşin 41 yaşında sonuncu dəfə yaşıl meydana çıxdı. FİFA-nın qərarı ilə dünya futbolunun inkişafında göstərdiyi xidmətlərə görə əfsanəvi qapıçının böyük futbolla vidalaşması üçün dünyanın seçmə komandası ilə "Dinamo"nun yığma komandası arasında benefis matç keçirildi. Məşhur dəri top us-taları Bobbi Çarlton, Gerd Müller, Mazurkeviç, Fakketti və başqaları Moskvaya təşrif buyurmuşdular. SSRİ-də ilk dəfə təşkil olunmuş belə bir oyuna həmyerlimiz Tofiq Bəhramov hakimlik edirdi. Onun final fiti görüşün 2:2 hesabı ilə qurtardığını bildirdi.
Buna bənzər bir oyun Lev Yaşinin 60 illik yubileyi münasibəti ilə təşkil edildi. 1989-cu il avqustun 10-da Moskvanın "Dinamo" stadionuna toplaşanlar dünyanın seçmə veteran futbolçuları ilə "Dinamo"nun veteranlarının qarşılaşmasını izlədilər. Ələkbər Məmmədovun iştirakı ilə keçən bu oyun da 2:2 hesabı ilə başa çatdı. Bu görüşdən sonra ikinci heyət meydana daxil oldu. "Dinamo"nun ikinci heyəti xarici qonaqların qapısından iki top keçirərək qalib gəldilər.
Həmin il Lev Yaşin Sosialist Əməyi Qəhrəmanı adına və Beynəlxalq Olimpiya Komitəsinin ordeninə layiq görüldü. Keçirilən sorğuya əsasən, Yaşin XX əsrdə Rusiyanın ən yaxşı idmançısı elan edilib. 1989-cu ilin sonunda o, uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişdi. Bütün varlığı ilə idmana bağlı olan dünya şöhrətli qapıçı Lev İvanoviç Yaşinin əziz xatirəsi bütün dünya futbolsevərlərinin qəlbində əbədi yaşayacaq.