adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Yanvar 2019 00:19
6233
GÜNDƏM
A- A+

PROBLEMLƏRİ BAŞINDAN AŞAN DAĞ KƏNDİ

(əvvəli ötən sayımızda)

İtgilərimiz bu gün də davam etməkdədir. Bu dəfə isə, vətənimizin ərazi bütövlüyü uğrunda. Qarabağ uğrunda gedən döyüşlərdə 10-dan çox igid oğlanlarımız canlarını fəda etmişlər, itgin düşmüşlər. Allahın rəhməti olsun onlara.
İstər təbiətin kor qüvvələrinə, istərsə də ictimai-iqtisadi formasiyaların ədalətsizliklərinə məruz qalan Tircan və tircanlılar, cəsarət tapıb. hər zaman ayağa durmağı bacarıblar. Təkcə bunu demək kifayətdir ki, kollektivləşdirmənin ilk dövründə yaradılmış "Bakı Fəhləsi" kolxozu, 1938-ci ildə, rayonun ən qabaqcıl təsərrüfatlarından biri olub. Savadsız, imza atmağı yalnız barmağını mürəkkəbə batırıb, kağız üzərinə basmağı güclə bacaran, ilk kolxoz sədri Məhəmmədrza Əliyev, təsərrüfatı sıfır nöqtəsindən milyonçu səviyyəsinə qaldırıb. Yüksək nailiyyətlər göstərən kolxoz üzvlərindən Nargilə Əhmədova ("Ulduz"komediyasının qəhrəmanı), 1938-1939-cu illərdə Moskvadakı Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin, qızı Cəmilə isə Respublika əhəmiyyətli sərginin iştirakçısı olublar.Tircanın şan-şöhrəti ətrafa yayılır.
Lahıc və ətrafındakı kəndlərdən, Azərbaycanın əbədi və əzəli torpaqları olmuş, indi isə Dağıstan Respublikasının tərkibində olan, Qasımkənd və Məhərrəmkənddən, işləmək üçün, Tircana çoxlu sayda ailələr köç edirlər.
Məhəmmədrza Əliyevin və ilk kənd soveti sədri İmamnəzər Muradovun tələb və təkidləri ilə , daşı-daş üstə qalmayan xaraba məktəbin və Qonaq evinin daşları cəm edilərək, rayonda,kəndlər arasında ilk orta məktəb binası inşa edilir. Bu məktəb, 2015-ci ilə kimi rayonda memarlıq baxımından ən arxitekturalı, ən böyük , ən tarixi (90-il) məktəb idi. İbtidai təhsillərini öz kəndlərində başa vuran Maçaxı, Sərdahar, Zərnəva, Minkə, Keyvəndi, Şəbyan, Bəhliyan. Bilistan, Zarat, Zərgəran. Pirəbilqasım, Kəlfərəc. Nügədi kəndlərinin məktəbliləri, orta təhsil almaq üçün Tircana üz tutardılar.
Müharibə illərində Lahıc və Basgaldan sonra hamamı olan yeganə kənd də, Tircan idi. Onun da təməl daşı , adları bu gün də ehtiramla yad edilən, Məhəmmədrza Əliyev və İmamnəzər Muradov tərəfindən qoyulmuşdur.
Əfsuslar ki, birisi müharibədə, digəri isə naməlum yerdə dünyalarını dəyişmiş bu insanlardan sonra , onları bu vəzifələrdə əvəz edənlərin heç birisi haqda, kənddə xoş söz deyə biləcək bir adam tapa bilmədim. Əksinə... Vəzifədən vəzifəyə sıçrayan bu "rəhbərlər", gəlib-gedənləri qarşılayıb yola salmaqdan, öz mənafelərini güdməkdən başqa bir iş bacarmayıblar. Su çəkməyiblər, yol salmayıblar, özlərinə bir idarə binası tikməyiblər. Molla Kamildən müsadirə edilən evdə oturub, hökm ediblər, bir çanta armud və bir dəstə sünbül üstündə, ata-analarını aclıq illərində itirmiş yetimləri qanlarına qəltan ediblər,qovub qayadan uçurublar. Evlərinə suyu Hacı Əlinin çəkdirdiyi bulaqdan daşıyıblar. "Azneft"də məsul vəzifədə çalışan, Molla Kamilin əmisi nəvəsi, həmyerlimiz, "Stalin"mükafatı laureatı, mərhum Mübarək Məmmədov, su çəkdirmək üçün dəfələrlə yer qazan texnika, qaynaq aparatı, müxtəlif düyməli , təzə, polad neft boruları hədiyyə edib, işçi qüvvəsi göndərsə də, işin üstündə durub bir yana çıxarda bilən adam tapılmadı. Gətirilən aparat və texnika açıq səma altında sıradan çıxdı, borular satılaraq , həyətlərdə çardaqlara, tövlələrə, təndirxanalara... çevrildilər.
Adət-ənənəsinə görə də, Tircan digər kəndlərdən fərqli olubdur. Xeyir-şərdə Tircan kimi birləşməyi bacaran kənd tanımıram. Mərasim sahiblərinin xəbərləri olmadan, hər şey yoluna qoyular. Dara düşənlərə, ziyana uğrayanlara hər kəs öz imkanı dairəsində yardım göstərər.
Qonağı necə qarşılayıb, necə yola salmaq ədəbi, bütün tircanlılara məxsusdur.Otağın ən rahatı, yorğan-döşəyin ən yumşağı, qonaq üçün ayrılar. Xörəyin ən əzizi, ən ləzizi qonaq üçün bişirilər.
Valideyinlərimizi ALLAHdan sonra özümüzə ikinci yaradan bilərdik. "Qurani-Kərimdə" buyrulduğu kimi, onlara "of" da deməzdik. Onlarn yaninda, evladları uşaqlarını qucaqlarına almazdilar, oğul-gəlin bir-birlərini adları ilə çağırmazdılar,"sizin oğlunuz", "sizin qızınız","sizin gəlniniz"deyə müraciət edərdilər.
Göz açıb kənddə böyük-kiçikliyin nə olduğunu anlamışıq. Özümüzdən iki-üç yaş böyük olanları "qardaş", "bacı" -deyə çağırardıq.Yaşlı nəslın toplandıqları gimgələrin yaxınlığından ötüb keçmək, bizim üçün ən müşgül iş sayılardı. Həya edərdik. İçimizə qısılardıq, yolumuzu dəyişərdik. Qız, gəlinlər yaşmaqlanardılar. Bir ağsaqqal bizi öz adımızla çağırıb iş buyurduqda, bundan qürur duyardıq. Günlərlə bu təsirin altında yaşayardıq.
Müəllimlərimizi yeyib-içməyən qeyri bir məxluq sanardıq. Onlar yaşayan məhlələrə burulmazdıq, məclislərə ketməzdik . Ən çox bilən. ən düzgün danışan,ən ədalətli insan müəllimlərimizi bilərdik.
Tircan bəlkə də yer üzərində yeganə yaşayış məntəqəsidir ki, Böyük Vətən Müharibəsi illərində, sevdiklərini cəbhələrdə itirən nişanlı qızlar, sonrakı illərdə də ərə getmədilər,ailə qurmadılar. Oğulsuz qalmış nişanlılarının ata-analarına oğulluq etdilər, oğul əvəzi oldular, onlar kimi yaşa doldular, evlərdə qız qarıdılar.
Tircan Qubadan sonra ikinci bağlar diyarı sayılırdı. Bu bağlara qulluq edən dörd təsərrüfat briqadası vardı. Onların sayəsində Tircanda müharibə və sonrakı qıtlıq illərində, o qədər də adam itgisi olmayıb. Tircan aşıb -daşan qəsəbəni xatırladırdı. Binəqədidən, Coratdan, Saraydan gələn dəvə karvanları burada lövbər salardılar. Özləri ilə iri, qara tuluqlarda gətirdikləri ağ nöyütü, qara nöyütü, duzu, quru balığı burada taxıla, meyvə qurusuna, lavaşnaya, kömürə, yağa, pendirə, şora dəyişərdilər. Qonşu kəndlərdən gələnlər də öz məhsullarını satmaq üçün buraya gətirərdilər. Dəvə boyda dəvələrin, ariq bir sərbanın "kıx" əmri ilə necə yatıb durmalarına maraqla tamaşa edərdik.
Dini ehkamların qadağan olunduğu bir zamanda, dinini, imanını yaşadan yaşlı nəslin nümayəndələrindən, çox az adam qalmışdı.Onlar qırmızı ləçəkli, qırmızı qalstuklu, "MAİ" (mübariz allahsızlar ittifaqı) üzvlərinin şərindən çəkinərək, gündə beş öynə namazlarını evlərinin qaranlıq künclərində qilardılar. ALLAHın yer üzərinə xilaskar din olaraq göndərdiyi İslama inanan insanlar, o şəxslərin yanına gedib, şam, lampa işığında, olmayanda isə Ay işığında öz dlnlərini öyrənərdilər, ALLAHı unutmazdılar. Göydə cilvələnən Ayın hərəkətindən, onun nazilib-qalınlaşmasından, Ramazan, Qurban Bayramlarının vaxtlarını təyin edərdilər. Pay-pay olub gizlində qurban kəsərdilər, sevinclərini paylaşardılar, heç kəs diqqətdən kənarda qalmazdı.
İndiki dövr isə tamam başqa dövrdir. Samanlı palçıqla, çiy kərpicdən və çay daşlarından tikilmiş evlər uçurularaq, yerlərində tikilən, qapıları kameralı, hündür hasarlı, bərli-bəzəkli evlərin sayı çoxaldıqca, mənəvi dəyərlərimiz də, qohumluq, mehribançılıq da unudulur, tarixi yaddaşa çevrilir. Dünənə kimi bir-birimizi qohum,qardaş, qonşu, dost kimi tanıdığımız insanlarda qoşa nömrəli, qoşa seriyalı bahalı maşınların sayı artdıqca, qohumluq, tanışlıq, dostluq, qonşuluq əlaqələri də, keçən əsrin 70-ci illərindən qeybə çəkilən təndir çörəyinin ətri kimi yox olur.
Çirklənən dünyamızda eybəcərliklər baş alıb gedir. Dəyərlər dəyişir. Tanrı qorxusu olmayan, çəkinməyən, getdikcə bütləşən, lütləşən, təbəqələşən, aldığını yox, verdiyini hesaba gələn, yaramaz, üfunətli bir cəmiyyət formalaşmaqdadır. Axı, bu dünya belə deyildi! Köhnəliyə baxa-baxa qalmışıq, həsrətini çəkirik. Ən bərk poladı belə parçalayan pasa bənzər bu cür neqativ hallar,neçə vaxtdır ki,tarixi ənənələrə malik olan, dağlar diyarı Tlrcanıma da ayaq açıbdır.
Çox yaxin keçmişədək,özünün yanacaqdoldurma məntəqəsi, avtoparkı, su və cərəyanla işləyən un dəyirmanları, taxta emalı sexi, əhəng istehsal edən neçə-neçə quyuları, klubu, daimi kino qurğusu, poçt, rabitə, radio qovşağı, meyvə emalı məntəqəsi olan Tircan, indi suyu kəsilmiş dəyirmana bənzəyir. Bu saydıqlarımdan poçt və rabitədən başqa heçnə qalmayıb. 70 il ərzində,90-cı illərdə tikilən yeganə klub binası, neçə vaxtdır ki,öz əhəmiyyətini itirib, Respublikanın Əməkdar Mədəniyyət İşçisi Aşıq Yanvar Bədəlovun dünyasını dəyişəndən sonra, onun mədəniyyət mərkəzi kimi fəaliyyətinə xitam verilib, çöl göyərçinlərinin yuvasına çevrilib, uçub dağılmaq üzrədir, satılmaq üçün hərraca çıxarılıb.
Aparılan torpaq islahatları, bir növ insanların iç paxırını üzə çıxardı. Torpaq şöbələrinin bələdiyyələrlə əlbir olub, onun qohumlar, tanışlar,vəzifəli şəxslər arasında necə gəldi talan edilməsi və əli qabarlı insanların bu işlərdən uzaqlaşdırılması, adamlarda ruh düşgünlüyü yaratdı.
Dövlət Aktına əsasən torpaqların paylanmasında, ilk növbədə o prosesdə iştirak edənlərin maraqları iəmin edildi. Yola yaxın, gedib gəlməsi asan olan, ən münbit torpaqlar o şəxslərə verildi, özü də kompakt şəkildə, yəni , bağ, əkinaltı və biçənək sahələri bir-birinə bitişik halda və yaxud da, çox yaxın məsafədə verildi. Digərlərinə isə bu sahələr, bir-birindən kilometrlərlə, hətta 110-120 km. aralıqda verilib. Məsələn, Qubaxəlilli və Acıdərə sahələri, həmin uzaqlıqda olan sahələrdəndir. Bu yerlərdə hər adam başına düşən pay torpaqları, 5-7 sotdan artıq deyil . Sual olunur, o baş-bu baş 200 km.-dən çox yol qət edib, (nə ilə. hansı vəsaitlə?),bu sahələri əkib becərmək kimə sərf edər?

(ardı gələn sayımızda)
Vaqif Məmmədov