adalet.az header logo
  • Bakı 19°C
30 Yanvar 2019 00:12
3387
GÜNDƏM
A- A+

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

Sürücülər, sizin üçün!

"Yol hərəkəti haqqında" Qanun

(əvvəli ötən saylarımızda)

Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir.
II. Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində aşağıdakılar aparırlar:
1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
2) tramvayların və trolleybusların - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
3) traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
4) texnoloji nəqliyyat vasitələrinin, habelə bu maddənin II hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
5) hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
III. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələrinin vahid dövlət qeydiyyatını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı aparır.
IV. Hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda:
1) əldə edildiyi vaxtdan on gün ərzində;
2) fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində;
3) nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində;
4) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar.
Qeyd: Vərəsəlik üzrə alınan nəqliyyat vasitələrinin qeydiyyatı istisna olmaqla, nəqliyyat vasitələri 18 yaşına, asma mühərrikli velosipedi, mopedi və motosikletləri isə 16 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alınır.
Nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur.
(ardı var)