adalet.az header logo
  • Bakı 16°C
29 Yanvar 2019 00:03
4128
GÜNDƏM
A- A+

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

Sürücülər, sizin üçün!

"Yol hərəkəti haqqında" Qanun

(əvvəli ötən saylarımızda)

III. Bu Qanunun müddəalarını pozmağa görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsait Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və subyektlər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır.
Maddə 24. Yol hərəkəti təhlükəsizliyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotunun təşkili
I. Azərbaycan Respublikası ərazisində yol hərəkətinin təhlükəsizliyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotu aparılır. Bu göstəricilər aşağıdakılardır:
1) yol-nəqliyyat hadisələrinin;
2) yol-nəqliyyat hadisələrində zərər çəkmiş şəxslərin;
3) nəqliyyat vasitələri sürücülərinin;
4) yol hərəkəti qaydalarını pozmuş şəxslərin;
5) yol hərəkəti sahəsində inzibati xətaların və cinayətlərin sayı;
6) yol hərəkəti təhlükəsizliyi vəziyyətini əks etdirən göstəricilər və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə dair fəaliyyətin nəticələrinin göstəriciləri.
II. Azərbaycan Respublikası ərazisində yol hərəkəti təhlükəsizliyi vəziyyətinin dövlət uçotu aparılarkən yol-nəqliyyat hadisələrində zərər çəkmiş şəxslər aşağıdakılar sayılır:
1) yaralılar - yol-nəqliyyat hadisəsi nəticəsində səhhətinin müəyyən müddətə pozulmasına səbəb olan şəxslər;
2) həlak olanlar - yol-nəqliyyat hadisəsi yerində həlak olmuş və ya bu cür hadisə nəticəsində sonrakı 7 gün ərzində ölmüş şəxslər.
III. Dövlət uçotunun sistemi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi işinin təşkilini və tətbiqini təmin edir.
IV. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
Maddə 25. Yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid uçot sistemi
I. Azərbaycan Respublikasında yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin (avtomobil yollarının, nəqliyyat vasitələrinin, sürücülərin və yol hərəkəti sahəsində inzibati xətaların, yol-nəqliyyat hadisələrinin, yol-nəqliyyat zədələnmələrinin və sair) vahid dövlət uçotu sistemi müəyyən edilir.
II. Yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısını, uçot və hesabat qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
III. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid uçotu sistemində nəzərdə tutulmayan hesabatlar verilməsini tətbiq edə bilməzlər.
Maddə 26. Layihə və elmi işlərin aparılması
Mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq, yol hərəkəti təşkilinin perspektiv proqramlarını, kompleks sxemlərini və layihələrini hazırlayan, habelə bunları həyata keçirən fiziki və hüquqi şəxslər həmin sənədlərdə hərəkət təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitə çirkləndirici maddələr buraxılmasının və tullanmasının, habelə səs-küyün və vibrasiyanın qarşısının alınması və azaldılması istiqamətində tədbirlər nəzərdə tutmalı və bunları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalıdırlar.

Üçüncü fəsil

Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması
Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı
I. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında" Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar.
(ardı var)