Seyran Səxavət: İndi gedin işinizlə məşğul olun

SEYRAN SƏXAVƏT
155617 | 2019-01-31 10:06

Əzizim Aqil Abbas!

"Camış bağa girdi, gəl” hekayəni, povestini, romanını oxudum – oxumadım e, gözümə təpdim. Ona görə gözümə təpdim ki, adam nə qədər oxuyar e-e-e, ayda ildə bir dəfə də gözümüzə təpək də. Üç janrda qələmə aldığın bu yazıdakı obrazlar o qədər diridir, diribaladır ki, adama elə gəlir onlar heç vaxt ölməyəcək və inşallah Qarabağ alınanda gedib onları orda görəcəyik, bir yerdə şəkil çəkdirəcəyik, sonra da fəxrlə Bakıda gözümüzə şirin dəyən adamların hamısına göstərəcəyik ki, bax bu Dayıdı, bu Sədidir, bu Bacıoğludur, bu Klarnetçalandır, bu, Nağaraçalandır, bu Şuşadır, bu Ağdamdır, bu Laçındır... Bu Qarabağdır. Sonra da bu şəkili böyüdüb ürəyimizin başından asacağıq.

Əzizim Aqil, sən bu hekayəni yazmamısan, onu belə yazmaq mümkün deyil – sən bu hekayəni danışmısan, nağıl eləmisən, dilinə gətirmisən... Səni dilləndirən Qarabağın keçmiş xoşbəxt günlərinə bu günün şüşələri sınıq pəncərəsindən baxmağın olub.


Bu əsər bəlkə də dünya ədəbiyyatında təhlilə gəlməyən yeganə yazılardandır. Dünyanın ən nəhəng və qəddar tənqidçisi də bu hekayəni təhlil etməyə qıymaz, ürək eləməz – onu ancaq oxuyar.

Gözümə təpdiklərimin – sənin nağıl elədiklərinin hamısını gördüm. Mən həm oxudum, həm nağıla qulaq asdım, hə də özümü hadisələrin içində hiss elədim; inandım ki, bədii filmə baxdım – ürəyimdən İtaliya kinorejissorları keçdi – Allah bizimkilərə insaf versin, imkan varsa, bir az da istedad versin.

Son olaraq bir fikrimi də bu əsəri oxuyanlarla bölüşmək istəyirəm. Mənə elə gəlir ki, (yenə yuxarıda dediyim fikrimdə qalıram) Aqil Abbas bu əsəri yazmayıb; obrazları: Dayını, Bacıoğlunu, Musiqiçiləri, Ağdamı, Şuşanı, Laçını başına yığıb bunlarla söhbət eləyib, göstəriş verib:

– Hər şey aydındır?

– Aydındır...

– İndi gedin işinizlə məşğul olun.

Və Dayı, Bacıöğlu, Musiqiçilər, Ağdam, Şuşa, Laçın da Aqil Abbasın tapşırdığı kimi öz işinin dalınca gediblər.

Aqil Abbas da söhbətcil adamdır, bunu bizə söhbət eləyib və bu söhbət şedevrdir – Qarabağ şedevri.

Yoxsa Aqil Abbaslıq burda nə iş var ki?...

Vəssalam.


Seyran Səxavət


TƏQVİM / ARXİV