GüL BAYRAMI...

AQİL ABBAS
21660 | 2009-05-07 00:12
Artıq neçə illərdi ölkəmizdə Gül bayramı keçirilir. Bu, gözəl ənənədir. İlk əvvəl bu, Bakıda keçirilsə də, sonra bütün ölkəyə yayıldı. Bu bayramın təşəbbüsçüsü də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur. Yəni bu insan ortaya gözəl bir ideya atdı, bu ideyanı çox gözəl də həyata keçirtdi. İl boyu yalnız işğal günlərini, matəmləri qeyd eləməkdən yorulmuş millətimizin çox az olan bayramlarına bir bayram da qatdı. Bunun nəyi pisdi?!
   
   7-dən 77-yə hamıya bir xoş əhval-ruhiyyə bəxş etmək, sevgi və sevinc bəxş etmək, insanların öz sevinclərini paylaşmağa gözəl bir şərait yaratmaq niyə görən bəzi insanları təbdən çıxarır? Bu bayramın əleyhinə gedirlər. Sən Hacıbala Abutalıbovu sevməyə bilərsən, bu sənin öz işindi. H.Abutalıbovu istədiyin qədər tənqid də edə bilərsən. Hər hansı bir məmuru tənqid etmək çox asandı, çünki iş olan yerdə nöqsan da var. Buyur, sən də merin nöqsanlarını tap, Allaha şükür, qəzet də bol, buyur de. Amma merdən xoşun gəlmir deyin bir gözəl işə, bir xeyirxah işə kölgə salmaqda insan nə dərəcədə haqlı ola bilər?!
   
   Neft Akademiyasında baş verən hadisə çox böyük bir faciədir. Və illərdi biz belə faciələri yaşayırıq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik, amma millət faciələrin içində boğulub qalmamalıdır. Xeyirlə şər qardaşdı deyirlər. Biz niyə həmişə elə şərin içində qalmalıyıq?
   
   Proqnoz verməkdən zəhləm gedir. Bu qanlı terrorla bağlı da bizim proqnoz ustaları bəlkə yüzdən çox versiya irəli sürüblər. Təbii ki, əsl həqiqəti istintaq üzə çıxaracaq. Day keçib, bir proqnoz da mən verim. Terrorun Gül bayramı ərəfəsində həyata keçirilməsi bir təsadüfdürmü?! Özü də təhsil ocağında keçirilməsi, bu da bir təsadüfdürmü?! Özü də Gül bayramının keçiriləcəyi ərazidə törədilməsi təsadüfdürmü?! Heç kəsə sirr deyil ki, ölkəni qarışdırmaq istəyənlər həmişə tələbələrdən daha çox istifadə edirlər. Burda da qeyri-adi bir şey yoxdur, gənclik ipə-sapa yatmaz, enerjisi çox, emosiyaya qapılmağa hazır, hər hansı bir qığılcımdan bir anda alovlanmaq bir içim su.
   
   Ermənilərin Türkiyə kimi bir dövlətə qan-qan dediyi bir vaxtda, Türkiyə ilə Azərbaycanın münasibətlərinə kölgə düşdüyü bir vaxtda, Azərbaycan prezidenti möhtərəm İlham Əliyevin həmişəki kimi müstəqil bir siyasət yürüdərək hətta dünyanın bir nömrəli "ağası"
   
   Obamanın xahişini qəbul etməyib İstanbul səfərindən imtina elədiyi bir vaxtda Azərbaycanı qarışdırmaq istəyən görün nə qədər düşmən var. Məlum terror hadisəsi də əslində elə burdan qaynaqlanır, özü də Gül bayramı ərəfəsində.
   
   Biz dərdimizi çəkməyi də bacarırıq, sevinməyi də. Dərd paylaşanda azalır, sevinc paylaşanda çoxalır. Niyə sevincimizi paylaşmayaq və bu gözəl bayramı siyasiləşdirək?
   
   Və hamımız da çox gözəl bilirik ki, Gül bayramı Ulu Öndər Heydər Əliyevin ad gününə bir ərməğandır. Doğrudanmı bütün ömrünü bu millətə həsr eləyən Ulu Öndərin ad gününü Gül bayramı ilə qeyd etmək qəbahətdir?!
   
   Millət vəkili Gülər Əhmədova parlamentdə çıxış edərək deyir ki, bu bayrama 12-14 milyon manat pul xərclənir, bu qədər pulu çölə atmaq nəyə lazımdı? Gərək Gülər xanm hansısa bir qəzetin verdiyi informasiyaya əsaslanmayaydı, Bakı Şəhər İcra Hakimiyyətinə adi bir sorğu ilə bayrama nə qədər pul xərcləndiyini öyrənmək olardı.
   
   Əvvəla, qeyd edək ki, Gül bayramına büdcədən pul ayrılmır. Bakıda fəaliyyət göstərən xarici şirkətlər, eləcə də özümüzün milli şirkətlərimiz şəhərdə müxtəlif əraziləri, xüsusilə də Heydər Əliyev adına Sarayın önündəki parkı hamiliyə götürürlər. Hətta orda nümayiş etdirilən və əkilən gülləri də öz ölkələrindən gətirirlər. Həmin gül-çiçəklərə diqqət etsəniz görərsiniz ki, onların çoxu Azərbaycanda becərilmir. Həmin şirkətlərin Ulu Öndərimizə bir hədiyyəsidir. Kim inanmırsa yolunu Sarayın qabağından salıb orda bayrama hazırlaşan xaricilərdən öyrənə bilər.
   
   İkincisi, doğrudanmı bizə milyardlarla miras qoyub gedən, Azərbaycanı dünyaya tanıdan bir şəxsiyyətin ad gününə bu dövlət 12-14 milyon manat pul xərcləyə bilməz?!
   
   

TƏQVİM / ARXİV