adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Yanvar 2019 22:39
17697
ƏDƏBİYYAT
A- A+

GƏL, MƏNİ ELDƏN SORUŞ

Kəndimizin adamları

Nizami Rəhmanlı,
Prezident təqaüdçüsü

Bir məşhur mahnıda deyildiyi kimi, biz Əmirxanlılar üçün də Vətən, bəhər vaxtı budaqlarına salba atmaqdan yorulmadığımız, geniş çətirli, bol kölgəli qoz ağaclarından, meyvələrini heç vaxt dəyməyə qoymadığımız, alasulu yoluşdurduğumuz tənha armud ağacından, yaşıdlarımın budaqlarında "meydan suladığı" tut ağaclarından, Günbəz bulağından, Usta bulağındam, "Qabaqlı" çayından, Süleymanın tut bağından, yaz-yay aylarında laləzarı xatırladan "Dərəməz"dən, "Qarğatəpəsindən", bir də əlbəttə ki, hər səhər yuxudan oyanan kimi üzləşib-gözləşdiyimiz tarixlər şahidi, əzəmətlə ucalan Çıraqqaladan başlayırdı. Kəndimizin yalnız özünəməxsus əsrarəngizliyi, ab-havası, doğmalığı qəlbimizə Vətən məhəbbəti, yurd sevgisi, ürəyimizə qürur, fərəh, gələcəyə inam, coşqunluq, zəhmət eşqi, şirin-şirin arzular, min bir dəruni duyğular, ürəyiyuxalıq, xeyirxahlıq və neçə-neçə əbədiyaşar mənəvi keyfiyyətlər bəşx edirdi. Bir də bizim Orta Əmirxanlının havasından idimi, suyundan idimi, kəndimizin söykəndiyi, əzəmətlə sıralanan ağsaqqal dağlarının verdiyi qürurdan idimi bu yerlərin camaatının əsrbəəsr, nəsilbənəsil səxavəti, mehribanlığı, yekdilliyi, dar ayaqda dada çatması adla, ağızdolusu deyilirdi.
Mən gözümü açandan görmüşdüm ki, Allah göstərməsin, sən bu gün kiminsə dədəsini vurub öldürmüsənsə, sabah xeyir-şər işin düşərsə, kin-küdurət həmin dəqiqə unudulacaq, arxa plana keçəcək, hamı qohum-əqrəbalı yığışacaq sənin ocağının başına, hərə bir işin qulpundan yapışacaq, köməyini əsirgəməyəcək ki, məclisin gur keçsin, dədə-baba adətlərinə, qayda-qanuna lazımınca riayət olunsun...
Əmirxanlı məclislərinin bir məxsusiliyi, yaraşığı da o idi ki, həmin məclislərdə kənd adamları, qarasaqqalı-ağsaqqalı, bu torpağın, bu yurdun hazırda kəndimizdən kənarda yaşayan yetirmələri barədə şıdırğı söhbətlər gedirdi. Çox zaman az qala diskussiya xarakteri daşıyan bu söhbətlər, müzakirələr elə bil ki, məhək daşıydı. İnsan təbiətinin, məziyyətlərinin mizan-tərəzisi idi. Xoş soraqlı, yaxşı adları, uğurları ilə kəndimizin şöhrətinə işıq tutan həmyerlilərimizdən söhbət düşəndə çöhrələr elə bil gülümsəyir, gözlər işıq saçırdı. Kənd adamına məxlsus sadədilliklə, səmimiyyətlə, tükənməz bir fərəh, iftixarla danışılan söhbətlər bütün məclis əhlinin ürəyinə yağ kimi yayılırdı. Camaat elimizin, ulusumuzun övladlarına dəyər verməyi, onları qiymətləndirməyi bacarırdı. Çox təəssüf ki, belə məclislərin ağız büzdüyü kəslər də olurdu...
Əmirxanlıların xeyir-şər məclislərinin bəzəyi hesab edilən bu ixtilatlarda adamların müntəzəm yada saldıqları şəxslərdən biri, hər dəfə də onun həyat yoluna bər-bəzək vurduqları, canıyananlığı, təəssübkeşliyi, sözün əsl mənasında insanlığı, bütöv əmirxanlılığı, çoxlarına görk olması ilə tanınan Orta Kəndli (kəndimizi el arasında belə də adlandırırlar) Faiq Şahbazlı olurdu.
Möhtərəm oxucu, mən Faiq müəllimi sizə daha geniş təqdim etməzdən öncə lap uşaqlıqdan tanıdığım, yoldaşlıq, dostluq etdiyim, halına, xasiyyətinə yaxından bələd olduğum bu insan haqqında illər boyu düşüncələrimdə formalaşan bir fikrimi bəri başdan vurğulamaq istəyirəm: Faiq Şahbazlı öz zahiri görkəmi, qaməti, zəngin daxili aləmi, mənəvi dünyası, elmi, biliyi, ziyalılığı, həyatda ardıcıl uğurları ilə ömür yollarında şax, inamla addımlayan kişilərdən biridir. Görünür, onda toplanmış bu keyfiyyətlər də həmyerlim, dostum Faiq barədə nəsə deməyə məni səfərbər edir.
Dövrün, zamanın hansı çağındasa Orta Əmirxanlı kəndində yurd salan, kök atan, qəyim-qədim olan şəcərələrdən biri də Göbəlli nəsli idi. Bu nəslin törəmələri də bineyi-başdan əksər Şirvan əhli kimi taxılçılıqla, heyvandarlıqla məşğul olur, süfrələrinin çörəyini, ruzisini əlinin zəhməti, qabarı ilə, halallıqla çıxarırdılar...
İllər, qərinələr quş kimi qanad çalıb pərvazlanır, Göbəlli tirəsində Əlimirzə Gülmirzə oğlu adlı bir cavan böyüyür, pöhrə palıd tək qol-budaq atırdı. Damarlarında babalarının qaynadığı qan onu doğma torpağa sonsuz məhəbbətə, zəhmətə, işdən-gücdən həzz almağa sövq edir, ədalətli, sözübütöv, nəcib bir insan olmağa səsləyirdi. Əlimirzə kişi ürəyində hər zaman Allah xofu gəzdirər, "Qurani-Kərim"ə, Ulu Peyğəmbərimizin dediklərinə, müsəlmançılığın bütün qayda-qanunlarına dəqiq, dürüst əməl etməyə çalışırdı. O, Əmirxanlının mötəbər nəsillərindən biri, Seyidrzalılardan Bədircahan adlı gözəl-göyçək bir qızla ailə həyatı qurmuşdu. Bu izdivacdan dörd oğul, iki qız dünyaya gəlmişdi. Bədircahan ciyərparalarını şirin, kövrək laylalarla, min bir nəvazişlə sığal-tumarla böyüdür, özünü dünyanın ən bəxtəvər gəlinlərindən, qadınlarından sayırdı... Bəli, el-obasının zəhmətkeş, nüfuzlu şəxslərindən biri kimi tanınan Əlimirzə kişinin də hər səhər ocağının bacasından tüstü çıxar, hər axşam evinin çırağı yanar, şölə saçardı. Şən, coşqun, hənirindən ərköyünlük yağan oğul-uşaq səsi həyət-bacanı başına götürərdi. 
Nə yazıq ki, başlanan Böyük Vətən Müharibəsi insanlara görünməmiş fəlakət gətirdi. Əlimirzə kişinin də, Bədircahan ananın da arzularını gözündə qoydu. Azərbaycanımızın bütün qeyrətli övladları kimi bu ailənin də "laydivar" oğlanları - Rufulla, Həmdulla və Həbib də Vətən torpaqlarını qorumaq naminə cəbhəyə yollandılar. Alman faşist işğalçıları ilə ölüm-dirim savaşında, Vətən uğrunda hünər, şücaətlər göstərən bu üç qardaşdan ikisi Rufulla və Həmdulla qanlı-qadalı müharibədə igidliklə həlak oldular, məzarları qürbət torpaqda "məskən saldı". Təkcə Həbib kişi cəbhədən, od-alov içindən geri dönə bildi - o da əlil.
Mən gördüyüm, tanıdığım ilk günlərdən Bədircahan nənənin, bu mələksima qadının, seyid qızının gözlərində, çöhrəsində bir kədər görmüşdüm, bir niskil sezmişdim. Sən demə, bu kədər, bu niskil Bədircahan nənənin kamını görmədiyi oğullarına yana-yana çəkdiyi bayatıların, oxşamaların, həsrətin ömürlük nişanəsi, yadigarı imiş...
Əlimirzə kişinin sonbeşik oğlu Şaban idi. Valideynləri onun kiçik yaşlarından zəhmətlə ünsiyyət tapmasına, torpağın hikmətini duymasına, təbiətin qüdrətinə vaqif olmasına çalışardılar. Onlar kiçik oğullarına dövrünün tələblərinə uyğun, imkanlarına müvafiq savad da verə bilmişdilər. Aylar, illər öz axarı ilə ötüb keçir, yeniyetməliyi, ilk gəncliyi ağır müharibə illərinə düşmüş, inanılmaz çətinliklər, məhrumiyyətlər görmüş, həyatın sınaqlarından çıxmış, sinəsini iki qardaş dağı göynədən və artıq diqqət çəkən bir cavan olan Şaban ömür yollarında öz arzusuna, məqsədinə doğru qətiyyətlə addımlayırdı.
Hərbi xidmət illərini başa çatdırdıqdan sonra xaraktercə daha da möhkəmlənmiş, dolğunlaşmış bu gənc doğma Əmirxanlıya qayıtdı. Çox keçmədi ki, ona kolxozda hesabdar vəzifəsini etibar etdilər. Bir müddət sonra el-oba gördü ki, belə bacarıqlı, canıyanan adam üçün hesabdarlıq o qədər də insafdan deyil. Odur ki, camaat Şaban Şahbazovu əvvəlcə Kənd Xalq Deputatlar Sovetinə deputat, sonra isə Əmirxanlı kənd sovetinin sədri seçdilər. Artıq neçə kəndin yaxşısına, pisinə, elin güzəranına, asayişinə, maarifinə, mədəniyyətinə, tərəqqisinə cavabdehlik daşıyan bu şəxs həmişə öz zəhməti, bacarığı, uğurları ilə həmkəndlilərinin nəzər-diqqətində idi. Ötən bu müddətdə o, Quba kənd təsərrüdatı texnikumunu da bitirdi. Uzun illər kəndimizdə, Dəvəçi üzümçülük sovxozunda məsul vəzifələrdə işlədi. İstər çalışdığı təsərrüfatın, istərsə də qoynunda yaşadığı doğma kəndin inkişafında, xeyrində-şərində sözünü deyən şəxslərdən biri oldu.
Şaban kişi vəfalı, qayğıkeş, əsl Azərbaycanlı qadının mücəssəməsi kimi tanıdığım sevib-seçdiyi Hörmətxanımla ailə həyatı qurmuşdu və gərək bu əsnada yaddaşıma həkk olan bir sözümü də deyim ki, neçə illər Şaban kişi ilə xoşbəxt ailə həyatı sürüb, əl-ələ, çiyin-çiyinə verib, doqquz övlad böyütsələr də, Hörmətxanım xalanın heç vaxt ərinin adını çəkdiyini görmədim, eşitmədim. Hər zaman yeri gələnə ona elə Faiqin atası dedi. Əlimdəki bu yazının qəhrəmanı Faiq isə bu ailənin nübar oğludur.
Kənd uşaqları erkən yaşlarından bir-birilərini tanıyırlar. Kənd yerinin səhər tezdən qaş qaralanadək bitib-tükənməyən qayğılarının, iş-gücünün mühüm qismi onların üzərinə düşdüyündən, qoyunlarımızı çoban Əhmədin sürüsünə qatanda, naxır qabağına çıxanda, ot-ələf tədarükü görəndə, çır-çırpı yığmağa gedəndə çox vaxt bir yerə toplaşır, ünsiyyətimiz, bir-birimizə olan istəyimiz daha da artırdı. Hələ məktəb illərində Faiqdə bir cəhət açıq-aşkar nəzərə çarpırdı. Faiq nə kənd arasında, nə də məktəbdə öz yaşıdlarına sən deyən qoşulmaz, daha çox özündən böyüklərlə yoldaşlıq edərdi. Hələ orta məktəbin ilk siniflərinə gedən bu oğlan öz maraq dünyası, müşahidə qabiliyyəti, dünyagörüşü, ətrafındakılara, hadislərə dəyər vermə qabiliyyəti ilə seçilərdi. Bəlkə də elə o günlərdə bizim gələcək dostluğumuzun təməli qoyulurdu.
Faiq Şahbazlı 1955-ci ilin füsunkar bir bahar günündə, aprelin 25-də həyata göz açıb. Körpəlikdən doğmalarının and yerinə çevrilib. Valideynləri ömürlərinə gur fərəh işığı salan ilk oğullarına xüsusi məhəbbət, qayğı, nəvaziş göstərir, onun ayaq tutub yeriməsindən, dil açmasından, əlinə çanta götürüb məktəbə getməsindən dəryalar, ümmanlar qədər sevinir, səadət duyurdular. Lakin ata-anası ciyərparalarını nə qədər sevib-əzizləsələr də, onu ərköyün öyrətmir, işguzar, əməksevər, böyük-kiçik yeri bilən bir insan kimi ərsəyə çatdırmağa çalışırdılar. Orta məktəb illərində Faiq dərslərinə müntəzəm hazırlıqlı gəlməsi, zəhmətə bağlılığı, geniş mütaliəsi, həmçinin, ədəbi, kamalı, rəftarı, yoldaşlarına münasibəti, ictimai fəallığı ilə həm müəllimləri, həm də şagirdlər arasında böyük hörmət sahibi idi.
1971-ci ildə Dəvəçi şəhər (Şabran) T.Abbasov adına orta məktəbi yüksək qiymətlərlə bitirən Faiq Şahbazlı bir müddət ailələrinin dolanışıq qayğılarına dayaq durmağı üstün tutdu. Dəvəçi üzümçülük sovxozunda çalışmağa başladı.
Azərbaycan Pedaqoji İnstitutuna (indi ADPU) daxil olan Faiq ömrünün yeni mərhələsinə qədəm qoydu. "Çox-çox adi dolanan..." yalnız gələcəyə inanan bütün tələbələr kimi Faiq də sabaha öz odlu-alovlu arzularının, ipə-sapa yatmayan xəyallarının, ümidlərinin gözü ilə baxırdı. Tələbəlik həyatında da o, orta məktəb ənənələrinə sadiq qaldı, oxumaqdan, öyrənməkdən, çalışmaqdan yorulmadı, gecələr, necə deyərlər, kirpikləri ilə od götürsə də, ilk semestrdən tutmuş son imtahana qədər qiymət kitabçasına yalnız "əla"lar yazıldı.
Adı, hörməti fakültə ilə bir olan bu gəncə təkcə əməksevərliyinə, biliyinə, əlaçı olduğuna görə hörmət göstərmirdilər. Ondakı həyat eşqi, fəal ictimai mövqe, xeyirxahlıq, səmimiyyət daim diqqəti cəlb edir, o bu keyfiyyətləri ilə yetərincə dəyərləndirilirdi. Faiqin ali məktəb illərindən söhbət düşmüşkən qeyd edək ki, onun təhsil aldığı, özünəməxsus ovqatla köklənmiş, formalaşmış 99-cu qrupun yekldilliyi, təəssübkeşliyi barədə bu tələbə dünyasında az qala rəvayətlər dolaşırdı. Hamı da, qrup nümayəndəsi, əlaçı tələbə, fəal ictimaiyyətçi, yüksək təşkilatçılıq, liderlik bacarığına malik Faiq Şahbazlının bu birliyin, səmimi dostluq ab-havasının əsas səbəbkarı sayırdı...
Gərək onu da vurğulayım ki, Faiqlə bu gün onun uşaqlarının anası Amaliya xanım arasında yaranan ülfət-ünsiyyət körpüsü də elə tələbəlik illərində yaranmış doğma Dəvəçiyə (Şabran) dönəndə bura ona taleyini etibar etmiş Amaliya xanımla qoşa gəlmişdi.
1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən Faiq Şahbazlı və Amaliya xanım təyinatla Quba rayon Xalq Maarif Şöbəsinin sərəncamına göndərildi. Burada isə gənc müəllimlərə rayonun ən ucqar dağ kəndlərindən olan Xaltanda işləmələri məsləhət bilindi.
Bu sətirləri yazarlkən kiçik bir xatirə yadıma düşür: Mənim mərhum valideynlərim də ötən əsrin otuzuncu illərinin sonlarında Quba Pedaqoji Texnikumunu bitirəndən sonra ailə həyatı qurub təyinatla elə bu Xaltan kəndinə yollanmış, iki il burada müəllimlik fəaliyyəti ilə məşğul olmuşdular. Ata-anam bu dağlar diyarı, onun adamları barədə yaddaşımda həmişəlik kök salmış elə söhbətlər, elə xatirələr danışırdılar ki, heç vaxt yolum düşməsə də sanki bu yerləri qarış-qarış gəzib-dolanmışdım.
Faiq müəllim burada işləyəndə bu xatirələrin sorağı ilə bir dəfə güzarımı Xaltan kəndinə saldım, uşaqlıq dostuma qonaq getdim. Valideynlərimin söylədikləri xatirələr birər-birər gözlərim önündə canlandı. Əlbəttə, Faiq müəllim öz təbiətinə uyğun yüksək qonaqpərvərliyi, səxavəti ilə yanaşı, məni bu torpağın ürək açan mənzərələri, göz oxşayan güşələri, tarixi abidələri, neçə-neçə sakini ilə də tanış etdi. Bunlar öz yerində. Cəmi üç günlük səfərimdə yerli adamlarla görüşlərimdə öyrəndim ki, Faiq Şahbazlı əldən-ayaqdan uzaq bu qədim yurda özü ilə yeni nəfəs, işguzar ab-hava, müasir bir ovqat gətirib. Elə ilk günlərdən kəndin bütün təsərrüfat və ictimai həyatında yaxından iştirak edib. Kənd camaatı ilə qaynayıb-qarışıb. Əvvəl məktəbin dərs hissə müdiri, sonra isə məktəb direktoru vəzifəsinə irəli çəkilib. Gənc nəsli oxuyub-öyrənməyə, biliklərin əsasına yiyələnməyə ruhlandırıb. Yaşı bir əsrə yaxın olan Xaltan kənd məktəbinin təmirində, abadlaşdırılmasında, yeni sinif otaqlarının tikilməsində təşəbbüs göstərib və bu işlərdə yaxından iştirak edib. İndi Xaltanda Faiq müəllimin fəxr etdiyi keçmiş şagirdləri mühüm vəzifələrdə çalışır.
1981-ci ildə təyinat müddəti başa çatdıqdan sonra Faiq Şahbazlı Bakıya köçdü, təhsil aldığı ali məktəbin əyani aspiranturasına daxil oldu. "Azərbaycan dilinin inkişafında Ə.M.Dəmirçizadənin rolu" mövzusunda namizədlik dissertasiyası üzərind çalışmağa başladı. Məşhur filoloq-alim, dilçiliyimizin inkişafında ciddi xidmətlər göstərən Dəmirçizadənin elmi fəaliyyətinin araşdırılması, böyük zəhmət, gərgin yaradıcılıq axtarışları tələb edirdi.


Cild-cild kitablarla həmdəm olan, günlərinin mühüm hissəsini arxivlərdə, kitabxanalarda keçirən Faiq çox zaman günün necə axşam olduğuna mat-məəttəl qalırdı. Onun elmi rəhbəri, tanınmış dilçi alim, professor Afat Qurbanov aspirantının çalışqanlığından, ortaya qoyduğu müddəalardan razılıq edirdi.
Məsələnin başqa bir tərəfinə də nəzər yetirək: Faiq aspiranturada oxuyarkən bu ailədə artıq Könül və Çingiz kimi gözəl övladlar böyüyürdü.
1986-cı ildə qəhrəmanımız namizədlik dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi aldı. Elmi rəhbər də, opponentlər də müdafiədə iştirak edən bir çox dilçi alimlər də, disertasiyanın əhatəliliyindən, dolğunluğundan, elmi dəyərindən razılıq edirdilər.
Faiq Şahbazlı uzun illər Azərbaycan Pedaqoji İnstitutunun dilçilik kafedrasında dosent vəzifəsində çalışıb. Bu, bir həqiqətdir ki, ali təhsil aldığımız illərdə hər birimizin bu gün də unutmadığımız sevimli müəllimlərimiz vardı. Mən yaxşı bilirəm, inamla deyirəm ki, Faiq tələbələrinin böyük əksəriyyətinin rəğbətini, hörmətini qazanmışdı. Onlarla xoş duyğulu münasibətlər qurmuşdu.
1996-cı ildə Faiq Şahbazlını Dəvəçi rayon (Şabran) İcra Hakimiyyətinə işə dəvət etdilər. Öz işi, əməyi ilə doğma elə fayda vermək həvəsi, niyyəti ilə o, bu təklifi qəbul etdi, bir müddət Dəvəçi Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işlədi. Lakin çox keçmədi, hiss etdi, aydın şəkildə gördü ki, o, bütün varlığı ilə yalnız elmi-pedaqoji fəaliyyət üçün yaranıb.
Həmkarları 1999-cu ilin dekabrın 20-də bu təcrübəli pedaqoq və alimi Azərbaycan Respublikası Təhsil Nazirliyində Elm idarəsinin rəis müavini vəzifəsində işə başlaması münasibətilə təbrik etdilər. Bir müddət sonra isə onun nazirliyin Dərslik və nəşriyyat şöbəsində işləməsini məsləhət gördülər. 2006-cı ildə o, həmin şöbənin müdiri vəzifəsinə irəli çəkildi və on ilə yaxın çətin, həmişə diqqət mərkəzində olan bu sahədə yüksək məsuliyyət hissi ilə çalışdı. Nazirlikdə işləmək bir sıra vacib məziyyətlərlə yanaşı, idarəçilik və təşkilatçılıq bacarığı xüsusi əhəmiyyət kəsb edirdi. Bu prinsiplərdən irəli gələn vəzifələrin öhdəsindən layiqincı gələn Faiq müəllim həmin illərdə təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi, tədrisin müasir səviyyəsinin və keyfiyyətinin daha da yüksəldilməsi, müxtəlif ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi, Azərbaycan təhsilinin daha məqsədyönlü istiqamətlərə yönəldilməsi, dünya təhsilinə inteqrasiyası işlərində yaxından iştirak edirdi.
O, Hollandiya, Braziliya, Türkiyə, Bosniya-Hersoqovina, Cənubi Koreya, Litva, Gürcüstan kimi ölkələrdə tədris səfərlərində olmuş, bu səfərlərin nəticələri, öyrənilən təcrübə və yeniliklər bu sahədə müvəffəqiyyətlər qazanılmasına öz töhvəsini vermişdir. Dəfələrlə dərsliklərin qiymətləndirilməsi təcrübəsinin öyrənilməsi ilə bağlı Türkiyədə səfərlərə rəhbərliyi böyük bir ekspert qrupunun yetişməsinə rəvac verdi.
Zəngin elmi, elmi-publisistik məqalələrin, kitabların müəllifi olan Faiq Şahbazlı bir sıra elmi toplantılarda, o cümlədən, Özbəkistanda keçirilən Onomostika Konfransında, Türkiyədə Beynəlxalq Türk dil qurultaylarında da ölkəmizi ləyaqətlə təmsil edib, elmi məruzələri geniş maraq doğurub.
2015-ci ildə Faiq Şahbazlı Təhsil İnstitutunun direktor müavini və həmin institutun Elmi Pedaqoji Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, dərin məsuliyyət hissi, daxili mütəşəkkilliyi, qətiyyəti, özünün işəyanaşma tərzi sayəsində burada da bir sıra elmi pedaqoji yeniliklərə imza atıb.
Bir neçə ay bundan əvvəl kəndimizin yetirməsi olan bu ziyalı insan və təcrübəli pedaqoq Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə yeni təyinat alıb, Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsinə göndərilib.
17 ixtisas üzrə kadr hazırlığı aparan, bu tədris ocağında 1600-ə yaxın gənc təhsil alır. 300-ə yaxın müəllim, tədris köməkçi heyəti və texniki personal çalışır. Onların öz ixtisas və sənətlərinə daha mükəmməl yiyələnməsi, müasir tələblərə cavab verən kadrlar yetişdirilməsi ilə bağlı direktor ilk günlərdən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Düzdür, təzə iş yerində yeni direktor bir sıra problemlərlə də üzləşdi. Lakin uzun illərin idarəemə səriştəsi, əzmkarlıq və iradə burada da öz sözünü dedi.
Bu yerdə mən də öz sözümü bitirmək fikrindəyəm. Lakin onu da deyim ki, indi bu günümüzdən, keçib gəldiyimiz o günlərə boylananda Faiq müəllimin duyduğu fərəh, qürur təəssüf hissindən qat-qat çoxdur.
Faiqin ailə həyatı ilə bağlı fərəh və qüruru özünü daha qabarıq göstərir. Bu ailədə üç övlad böyüyüb ərsəyə yetib. Evin ilki Könül xanım valideynlərinin sənətini sevib-seçib. İndi o, pedaqogika üzrə fəlsəfə doktorudur. Həyat bilgisi və Biologiya dərslik komplektlərinin həmmüəlifidir. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun müəllimidir. Həyat yoldaşı Nazim ekologiya sahəsində mühüm postdadır. Özü də iki övlad anasıdır. Qızı Aysel artıq ali məktəb tələbəsidir.
Çingiz Kosmos Açıq Səhmdar Cəmiyyətində, sonbeşik Oğuz isə Azərbaycan Respublikası Daxili Qoşunlarında çalışır. Hər ikisinin xanımı hüquqşünasdır. Səkkiz nəvəsi var.
Bəli, bu mənim çox uzun illərdən bəri tanıdığım Faiqdir. Elimizin-obamızın yaxşı tanıdığı, qədrini bildiyi, elinə-obasına bağlı Faiq Şahbazlıdır.