adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
25 Yanvar 2019 22:16
12705
ƏDƏBİYYAT
A- A+

ANAM...

(ESSE)

Firuz MUSTAFA
yazıçı-filosof

Anam Firəngiz Rəhim qızının və dünyadan köçmüş bütün anaların əziz xatirəsinə ithaf edirəm

O, çox iradəli və güclü bir qadın idi. İradəli və güclü olduğu qədər də zərif və gücsüz idi. Bəli, anamı deyirəm, bu günlərdə itirdiyim Firəngiz Rəhim qızı Hacızadə-Mustafayevanı...
Atam 55 yaşında dünyasını dəyişmişdi. Xatırlayıram, o gözlənilməz faciə bizim həyatda aldığımız ilk böyük zərbə idi. Nə edə bilərdik ki? Axı bu, bizim taleyimizi, özümüzdən asılı olmayaraq, etibar etdiyimiz həyatın zərbəsi idi və sonrakı illərdə biz onun, yəni həyatın daha ağır sınaqlarına tuş gələsi olduq.
...Atam Qədimalı Mustafayev birinci Dünya müharibəsindən əvvəl pedaqoji texnikum bitirmişdi. Uzaq Şərqə qədər uzun bir döyüş yolu keçmiş, yaponlarla savaşda iştirak etmişdi. O, maarifçi bir adam idi. 1946-cı ildə cəbhədən geri döndükdən sonra da təhsilini davam etdirmiş, əvvəlcə Rus dili institunda, sonra isə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdı. Atam ömrünün sonunacan öz kəndimizdə- Gədəbəy rayonunun İsalı kəndində Azərbaycan və rus dili ixtisasları üzrə müəllimi işləmişdi. Öz peşəsini çox sevərdi. Dünyasını qəfildən, elə dərs dediyi məktəbdə dəyişən atamdan sonra bizim həyatımız da büsbütün dəyişdi.
Biz üç qardaş o vaxt tələbə idik. Mən Pedaqoji universitetdə tələbə idim. Fuad indiki Texniki universitetdə, Fasad Tibb universitetində təhsil alırdı. O vaxt bacım Səyyarə və kiçik qardaşım Ayaz hələ orta məktəbdə oxuyurdular. Anam əvvəllər heç yerdə işləməməmişdi. Amma az sonra nəslimizin ağsaqqalı, böyük maarif xadimi Əli Rəsulovun və atamın uzun illər işlədiyi təhsil ocağının direktoru Əziz Qurbanovun təklifi ilə anam məktəbdə laboratoriya müdiri təyin olundu.
Atamın və anamın valideynləri vaxtilə repressiyaya məruz qalmışdı. Ata babam Mehralı Məşədi Müstafa oğlu 1930-cü illərdə "kulak" damğası ilə güllələnmiş, ana babam Rəhim Hacı Məmməd oğlu isə bir müddət məhbəs həyatı yaşamalı olmuşdu. Bizim böyük nəslimiz böyük faciələrdən, od-alovdan, qasırğadan keçmişdi.
Onlar, yəni anamgil iki qardaş, iki bacı idilər. Rəhim babam ziyalı bir adam idi və övladlarına Cabbarlının, Cavidin qəhrəmanlarının adını qoymuşdu: Sitarə, Fərrux, Firəngiz, Nahid... Bir neçə il əvvəl anam böyük qardaşı, tanınmış kimyaşı alim Fərrux Hacıyevi itirmişdi. Əlbəttə, necə deyərlər, ölüm haqdır. Lakin bu amansız əcəl də bir az "insaflı" olsun gərək. Niyə, nə üçün belə deyirəm? Anam bu son bir il ərzində ağır sınaqlarla üzləşməli oldu. Belə ki, o, əvvəlcə, ötən il böyük bacısı, ana əvəzi Sitarə xanımı itirdi. Keçən ilin, yəni 2018-ci il yanvar ayının 19-da isə o, kiçik qardaşı, tanınmış yazıçı Nahid Nacızadənin ölümündən dolayı daha bir sağalmaz yara aldı. Yeri gəlmişkən, anam öz yazıçı qardaşının bir əsərini çox sevərdi: "Mənim analı dünyam" adlı məşhur hekayəsini. Mən o dünyanı, o analı aləmi indi daha yaxşı dərk edirəm. Dünyanın işlərinə bax ki, mənim Firəngiz anam qardaşının bir ili keçirilən yas mərasimi günü, yəni yanvar ayının 20-də dünyaya əlvida dedi. 20 Yanvara biz "qara yanvar" da deyirik. Həmin gün bizim azadlığımız uğrunda həyatlarını qurban vermiş şəhidlərin "qara bayramıdır". Mən o qanlı hadisədən 29 il sonra vəfat etmiş anamı da bir şəhid hesab edirəm. Axı o da öz həyatını bizim, yəni övladlarının azadlığı və xoşbəxtliyi uğrunda qurban vermişdi.
1934-2019. Bu, anamın müqəddəs, ibrətamiz həyatının 85 illik zaman məsafəsidir.
Anam bizdən, öz qohum-qardaş və övladlarından heç zaman heç nə ummazdı. Onun bütün arzuları, istəkləri Tanrıyla, təbiətlıə bağlıydı. Hərdən söz düşəndə deyərdi ki, kaş Allah məni də öz dərgahına atanız kimi ayaq üstə, əzab-əziyyətsiz aparaydı. O, özü demişkən "yorğan-döşək xəstəsi" olmaqdan, yaxınlarına əziyyət verməkdən ehtiyat edərdi. Sanki Tanrı onun bu arzusunu eşitdi və mənim anam qəfildən, ayaq üstə keçirdiyi qısamüddətli xəstəlikdən dünyasını dəyişdi. Onun bir istəyi də vardı: arabir yarızarafat-yarıciddi deyərdi ki, qorxuram soyuqda-qarda öləm. Sanki təbiət onun bu ricasını da eşitdi. Yanvarın 20-23-ündə qışın ortasında bahar Günəşi doğdu. Halbuki cəmi iki-üç gün öncə tufan, boran, qasırğa dünyaya meydan oxuyurdu. Biz onu Günəşin, işığın bir parçası kimi dəfn etdik. Və nəhayət, anam həmişə deyərdi ki, arzum bu dünyadan övladlarımın çiynində köçməkdir. Neyləyim ki, onun arzulamadığımız bu nisgilli arzusu da çin oldu. Heyhat...
Anam etiqadlı bir insan idi. Onun qəribə, qeyri-adi intuisiyası, güclü yaddaşı vardı. Ürəyinə damanlar daim çin olardı. Adamlar haqqında, hətta hərdən bizim əleyhimizizə, başqa sözlə "kölgəmizcə" danışanlar haqda belə, heç vaxt heç bir bəd söz deməzdi.
O, bizə uzun-uzadı nəsihətlər etməz və ya didaktika dolu məsləhətlər verməzdi. Amma tez-tez işlətdiyi bir ifadə vardı və o ifadə daim bir sırğa olub qulağımızdan asılmışdı: "Adam heç vaxt haqqı nahaqqın ayağına verməz"... Haqla nahaqqın, xeyirlə şərin əbədi vuruşduğu bu dünyadan o dünyaya köç etdi anam. Bu dünyanın əbədi gərdişinə mən neyləyə bilərəm ki? İntəhasız zamanın amansız dəyirmanı işləməkdə, həmin o dəyirman o sahilsiz zamanın içində qovrulan ömürləri "üyütməkdədir". Bəli, hamı "buradan" nə vaxtsa "oraya getməyə məhkumdur. Bir dəfə yazmışdım, yenə xatırladım: "Orada əbədiyyət, buradasa ölüm var"...
Doğrusu, bilmirəm, "ana" sözü ilə "anmaq" ("an") leksemi arasında bir əlaqə var, ya yox?.. Amma bu son günlərdə mənə elə gəldi ki, ANA elə bizim həyatımızın ən gözəl, ən ülvi, ən əvəzolunmaz, təkrarsız bir anı deməkdir. O bir an hətta, bəzən sonlu əsrlər və ya sonsuz əbədiyyət qədər uzun görünsə də belə, daim bir an kimi keçici, ötəri, qısa, fani, bir sözlə, anidir...
O, mənim dünyamın bir parçası idi. İndi demək olar ki, mən öz dünyamın bir parçasını və yaxud öz analı dünyamı itirdim.
Bəzən tay-tuşlarım öz valideynlərinin yoxluğundan dolayı söhbət düşəndə cəmlik halında "biz yetim adamlarıq" söyləyərkən, mən həmişə qətiyyətlə yaxamı kənara çəkib deyərdim: "Xahiş edirəm, məni o "yetimlər" siyahısına daxil etməyin. Axı mən yetim deyiləm, mənim dağ kimi anam var". İndi mənim o dağım uçub, mən sinəmə çəkilən dağlarla yaşayıram. Mən yaşımın bu çağında yetim qalmışam.
p.s. Anam Firəngiz Rəhim qızının vəfatı ilə bağlı mənə başsağlığı verən, zəng edən, teleqram vuran, ağır dərdimə şərik olan bütün yaxın dostlara, üzünü görmədiyim tanışlara, etibarlı qohumlara, həssas media nümayəndələrinə təşəkkür edirəm. Analardan müğayat olun.