adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
25 Yanvar 2019 16:35
17097
SİYASƏT
A- A+

“Venesuelada baş verənlər neftin qiymətinə təsir edəcək” - Ekspert

"ABŞ və Kanada başda olmaqla dünyanın bir sıra ölkələrinin Venesuelada müxalifət lideri Xuan Quaydonu həmin ölkənin keçici rəhbəri kimi tanıması Nikolas Maduro hökumətini çətin vəziyyətə salmaqla yanaşı, qlobal bazarlara da təsirsiz ötüşməyəcək"

Adalet.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspert "Maduronun hakimiyyəti təhvil verməsi qlobal və xüsusən də neft bazarına necə təsir edə bilər?" sualını cavablandırıb. Bildirib ki, Venesueladakı gərginlik qısa müddətli dövrdə neftin dünya bazar qiymətinin yüksəlməsinə səbəb ola bilsə də, orta və uzun müddətli prespektivdə "qara qızılın” qiymətində kəskin enişlərə səbəb olacaq.

"Doğrudur, sözügedən ölkədə vəziyyətin gərginləşəcəyi və ABŞ sanksiyalarının güclənəcəyi halda neftin qiymətində qısa müddətli artım istisna olunmur. Hasilat həcminə görə ilk onluğa düşə bilməyən Venesuelanın gündəlik neft hasilatı 2 milyard 276 milyon bareldir. Bu, gündəlik qlobal neft təklifinin 2.2 faizi deməkdir. 300 milyard bareldən çox neft ehtiyatları ilə dünyada ən çox nefti olan Venesuela hasilat həcminə görə iki rəqəmli mövqedə olsa da, Quaydo dövrü başladığı halda Amerikan kapitalı ilə istehsalın artacağı gözləniləndir. İllik 3 milyon faiz infilyasiyaya malik olan Venesuelada yeni dövr başladığı halda hökumət "daha çox neft satıb daha çox gəlir əldə etməyə” çalışacaq. İndiki halda bu ölkəyə valyutanın daxil olmasının başqa yolu yoxdur. Bu isə o deməkdir ki, Vaşinqtona meyilli gəncin Venesuelada hakimiyyətə gəlməsi dünya neft bazarında təklifi kəskin artıra bilər. Bu halda OPEK-nin istənilən səyinə baxmayaraq, neftin bir barelinin dünya bazar qiymətinin hətta 50 dollardan aşağı düşəcəyi istisna olunmur. 2019-cu il öncədən proqnozlaşdırıldığı kimi, dünya iqtisadiyyatı və qlobal bazarlar üçün heç də asan olmayacaq. Bundan ən çox təsirlənən isə, təbii ki, neftin qiyməti olacaq", - deyə V.Bayramov qeyd edib.