adalet.az header logo
  • Bakı 20°C
25 Yanvar 2019 00:37
6111
GÜNDƏM
A- A+

SƏNƏTİN ZİRVƏSİNİ FƏTH EDƏN AKTYOR

SSRİ-nin və RSFSR-in Dövlət mükafatları laureatı, SSRİ-nin xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Vyaçeslav Vasilyeviç Tixonov sovet kinomatoqrafiyasının ən populyar sənətkarlarından biridir. Tamaşaçıların bəziləri belə hesab edə bilər ki, onun yaradıcılıq yolu çox asan və çəkildiyi filmlərdə qazandığı uğurlar bəxt ulduzunun parlaması nəticəsində əldə edilmişdir. Lakin sənətin zirvəsinə qalxmaq, xalqın sevgi və məhəbbətini qazanmaq üçün böyük zəhmət və istedad tələb olunur.
Tixonov Vyaçeslav Vasilyeviç 1928-ci il fevralın 8-də Moskvanın yaxınlığındakı əyalətdə doğulub. O, 1950-ci ildə Ümumittifaq kinematoqrafiya institutunun B.Bibikovun və O.Pıjovoyanın emalatxanasını bitirib. 1950-1957-ci illərdə teatr-studiyasının kinoaktyoru olub. Kinoda ilk rolunu "Gənc-qvardiya" (1948) filmində Volodiya Osmuxin rolunu oynayıb. Fərdi ustalığını Matvey Morozov obrazında "Penkovda olan əhvalat" (1958) və Viktor Rayski rolunda "Fövqəladə hadisə" filmlərində nümayiş etdirib. Aktyor bu rolları ifa etməklə personajların daxili aləmini dərindən açmağı bacarıb. Ardınca "Miçman Panin" (1960) filminə çəkilib. Bundan sonra Tixonov güclü xarakterli obrazlar yaradıb. "Nikbinlik faciəsi"ndə (1963) o, mənalı vasitələrdən istifadə edərək matros Alekseyin rolunu oynayıb. Vətənpərvərlik borcunu yerinə yetirmək aktyorun yaradıcılığında dramtik formada parlaq şəkildə özünü biruzə verib. Bu xarakter "May ulduzları" (1959, sov.-çexosl.) filmində Rukaviçkin, "Susuzluq" (1960) ekran əsərində Bezborodko rollarında öz əksini tapıb. Tixonov klassik ədəbi əsərin qəhrəmanı olan Andrey Bolkonski ("Hərb və sülh", 1966-1967) mürəkkəb realist obrazı oynamaqla yanaşı müasirlərin də xarakterlərini ekranda ustalıqla təsvir edib. Melnikov ("Bazar ertəsinə kimi yaşayaq", 1968, SSRİ dövlət mükafatı, 1970), İvan İvanoviç (Qara qulaq Ağ Bim", 1977), Yerşov ("Dialoq", 1978, t/f) göstərmək olar.

Bolqarıstanda Vanqa ilə görüşdü

V.Tixonovun sonralar oynadığı baş rollar hərbiçilər olacağını ona qabaqcadan gələcəyi görən Vanqa demişdi. Bolqarıstanda turist səfərində olarkən aktyor çox çətinliklə Vanqanın qəbuluna düşə bilmişdi. Vanqa Tixonova demişdi: "Sənin baş rolun hərbiçi olacaq. Bundan sonra müharibə haqqında filmlərdə çəkiləcəksən." O, Tixonovun əvvəlki filmlərini görə bilməzdi. Vanqanın sözü gerçək oldu.
Tixonovun sözlərinə görə vətənpərvərlik mövzusu onu həmişə düşündürürdü. Aktyorun ekran həyatında hərbiçilərin obrazları xüsusi yer tutur. Bu rolların sırasında dənizçi, təyyarəçi, piyada əsgər, hərbiçi-həkim və cəbhə müxbirləri də var. "Fövqəladə hadisə" filmində dənizçi Viktor Rayski rolu aktyorun geniş imkanlara malik olduğunu təsdiq etdi. Bu obraz aktyorun oynadığı əvvəlki rollardan çox fərqli idi. Bu personaj qəribə xarakterli, romantik, eyni zamanda yumorlu olması ilə diqqət çəkirdi. Viktor bu obrazla real prototipi olan, vaxtilə çankayşiçilərin quldurcasına əsir tutduqları sovet tankeri "Tuapse"nin cəsur dənizçi odessalı Lyaxovskinin surətini təkrar oynayıb.

S.Bondarçukdan dəvət aldı

Görkəmli sovet rejissoru Sergey Bondarçuk "Hərb və sülh" filmində Tixonova aristokrat Andrey Bolkonski obrazına, sonra isə "Onlar Vətən uğurunda vuruşmuşlar" filmində kontuziya almış əsgər Nikolay Streltsov roluna çəkilməyə dəvət etmişdi. Hər iki rol aktyor üçün yüksək ifaçılıq məharəti tələb edən və son dərəcə böyük istedad imtahanı oldu. Tixonov knyaz Andrey Bolkonski obrazını yaradıcılıq bioqrafiyasında ən çətin rol hesab edirdi. O, bu obrazı lazımi səviyyədə oynayacağına şübhə edirdi: "Bu, mənim rolumdurmu? Oynaya biləcəyəmmi?" demişdi.
Məsələ heç də əyalətdən gələn, qulluqçu ailəsində böyüyən cavan aktyorun aristokrat obrazına girəcəyində deyil. Əsas məsələ ondadır ki, çox mürəkkəb, qeyri-adi xarakterli insanın, Tolstoy kimi azman yazıçının qəhrəmanının fəlsəfi düşüncələrini bütün çalarları ilə göstərə bilməsindədir. Dörd il ərzində aktyor "Hərb və sülh"ün qəhrəmanını oynamaqla onunla doğmalaşdı və müxtəlif vəziyyətlərdə özü-özlüyündə qaldı. Vətən qarşısında məsuliyyət hissini, qürurunu və səmimiliyini Bolkonskinin simasında müasirlərinə çatdırmağı bacardı. Haşiyə: "Los-Anceles" festivalında filmin nümayişindən sonra təşkilatçılardan biri aktyorun ünvanına uca səslə belə demişdi: "O! Bu ki superulduzdur!" Ancaq Tixonov, hər necə olursa olsun "ulduz xəstəliyinə" heç vaxt tutulmayıb, şöhrət və populyarlıq onun başını gicəlləndirməyib. Çünki aktyorluq peşəsi kənardan gözəl görünsə də, çox ağır və məsuliyyətli iş olduğunu dərk edirdi.

Gizli ləqəbi "Aleks" idi

Hərbçi obrazlar arasında matros Aleksey ("Nikbinlik faciəsi"), mayor Mlınski, cəbhə arxasında düşmənlə vuruşan çekistlər haqqında kinodiologiyada və sıravi Streltsovu ("Onlar Vətən uğurunda vuruşmuşdular") göstərmək olar. Polkovnik İsayev Ştirlits ("Baharın on yeddinci anı") teleserialı isə xüsusi qeyd etmək və bu ekran əsəri haqqında ətraflı söhbət etmək lazımdır.
Film yazıçı Yulian Semyonovun eyniadlı romanı əsasında M.Qorki adına Moskva kinostudiyasında rejissor Tatyana Lioznovnanın tarixi sənədlər əsasında verdiyi quruluş ilə çəkilib. Filmdəki hadisələr sovet kəşfiyyatının Böyük Vətən müharibəsi illərində göstərdiyi fədakarlığı təsvir edir. Baş qəhrəman polkovnik İsayev, ləqəbi "Aleks", ştandarten fürer Otto fon Ştirlits adı altında uzun illər düşmənin daxilində fəaliyyət göstərməklə çox böyük işlər görüb. Sovet kəşfiyyatı onun qarşısında daha bir vacib tapşırıq qoyub...
Alman faşizmi müharibəni uduzacaqlarını yəqin etdikdən sonra düşmən tərəfi SSR-nin arxasında bizə müttəfiq olan ölkələrlə gizli separat danışıqlara hazırlaşan reyxin başçılarını Ştirlits ifşa etməli və onların nəzərdə tutduqları planı dağıtmalıdır.

Avropa ölkələrində də
bəyənildi

Film 1973-75-ci illərdə mərkəzi televiziya vasitəsilə göstərilən vaxtda bütün sovet kinosevərləri on iki gecə televiziya ekranı qarşısında həyəcanlı saatlar yaşadılar.
Bu, təkcə bizim ölkədə olmamışdı. Moskva kinofestivalında qonaq olan dost ölkələr Bolqarıstan, Macarıstan və Polşanın kinematoqrafiyaçıları da bu fenomen "Baharın on yeddinci anı" filminə olan tamaşaçı marağı haqqında deyirdilər ki, film nümayiş olunan saatlarda şəhərin küçələri boşalardı.
Demək lazımdır ki, on iki seriyalı filmi haqqında geniş təfərrüatı ilə annotasiya yazmaq çətindir. Lakin diqqətçəkən məqamlar var ki, onları qeyd etmək vacibdir.
Hər seriyanın əvvəlində gözəl mahnı səslənir. Şair Robert Rojdestvenski və bəstəkar Mikael Tariverdiyevin yazdıqları "Mqnoveniya" mahnısının akkordları filmin dramaturgiyasında tam hüquqlu komponent təşkil edir. T.Lioznova müsahibərlərinin birincə belə demişdi: "Mən musiqisiz həyatımı və filmi təsəvvür etmirəm..."

Kafedə məxfi görüş

Filmdə daha çox yaddaqalan səhnə "Elefant" kafesində qısa və danışıqsız, guya təsadüfən polkovnik İsayevin xanımı ilə görüşü oldu. Danışan yalnız gözlər, müxtəlif stolların arxasında oturan iki sevən insanın baxışları idi. Bu baxışlarda böyük kədər və qüssə, ayrılıq qəmi hiss olunurdu. Konspiratsiya xatirinə onlar öz hisslərini kiçik jestlə də göstərə bilməzdilər. Buna bənzər görüş həqiqətdə başqa bir kəşfiyyatçının həyatında olmuşdu və o, bu barədə Tixonova söyləmişdi.
Ssenaridə yazılmayan bu səhnəni Tixonovun təklifi ilə Lioznova müəlliflə razılaşandan sonra filmə salmışdı. Yulian Semyonov cavabında demişdi ki, romanın təkrar nəşrində həmin epizodu mütləq kitaba salacaq.
...Nasistlərin məqsədi bolşeviklərin Almaniya ərazisinə daxil olmasının qarşısını almaq idi. Onlar İsveçrədəki Amerika səfirliyində Allen Dallesin kəşfiyyatı ilə danışıqlar aparmaq üçün İtaliyadakı alman qoşunlarının başçısı general Volfu Börn şəhərinə ezam etdilər. Bu əməliyyat Hitlerin razılığı olmadan, çox məxfi şəkildə Gimler, Şelinberq və Ştirlits bu planı həyata keçirirlər. Özlərini sığortalamaq məqsədilə gizli planının üstü açılacağı təqdirdə onlar general Volfu aradan götürməyi qabaqcadan qərara almışdılar.

Pastor Şlaq və professor
Pleyşner

Polkovnik İsayev Ştirlits də öz növbəsində atacağı addımlar barədə tənhalıqda çox düşünür, götür-qoy edirdi. Nəyin bahasına olursa olsun o, qərargahdan verilən tapşırığı, nə qədər təhlükəli və riskli olsa da, yerinə yetirməyə çalışır. Doğru addımların axtarışında olmaq və onu tapmaq sovet kəşfiyyatçısına xas olan keyfiyyətləri Tixonov məharətlə göstərirdi. Faşist liderlərin Qərbin irticaçı qüvvələri ilə apardığı çirkin separat sövdələşmələrini ifşa etmək üçün Ştirlits iki etibarlı adamı pastor Şlaqı (P.Plyat) və professor Pleyşneri (Y.Yevstiqneyev) müxtəlif marşrutlarla İsveçrəyə göndərir. Faşizmə nifrət hissi ilə yaşayan pastor Şlaq haqqın və ədalətin əsl yolunu çətinliklə də olsa aşkar edir və verilən tapşırığı yerinə yetirir. Professor Pleyşner vicdanlı olsa da, çətin məqamda səhlənkarlığı və passivliyi ilə azadlıq uğurunda mübarizədə məsuliyyətsiz davranır və nəticədə intihar edir.
Filmin böyük uğur qazanmasında sovet aktyorlarından L.Bronevoy (Müller), O. Tabakov (Şelenberq), M.Jarkovski (Kaltenbrunner), V.Şaleviç (Allen Dallas) və nəhayət alman aktyorlarından F.Dits (Hitler), V.Burmayerin (Gerinq) yüksək dərəcədə peşəkarlıqla oynadıqları obrazları da qeyd etmək lazımdır.
Sovet kəşfiyyatçıları güclü, cəsur, ölkənin etibarlı müdafiəçiləri olmaqla bərabər, təmiz qəlbli və təvazökar insanlardır! Vətənin varlığı üçün təhlükəli dəqiqələr yarananda onlar mənəvi və fiziki güclərini qələbə naminə qurban verməyə hazır olublar. Tamaşaçı ekranda polkovnik İsayevi və görünməz cəbhənin döyüşçülərini görəndə onların mərdliyi ilə fəxr edir. Azadlıq uğurunda savaşda qazanılan qələbə çox ağır və böyük qurbanlar bahasına əldə edilib. Lakin döyüşçülərimizin fədakarlığı, onların yaşamaq haqqı düşmənin vəhşiliyindən və yalanından güclü oldu.
Sovet kinosunun məşhur, sevilən və unudulmaz aktyoru Vyaçeslav Tixonov 2009-cu il, dekabrın 4-də 81 yaşında vəfat etdi.
Həsən Tağıyev