adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Yanvar 2019 00:27
70489
GÜNDƏM
A- A+

Vicdanı da əyninə geydiyi ağ xalat kimi tər-təmiz insan

Söhbət əsnasında onun tələbə yoldaşlarından biri razılıq hissi ilə bildirdi ki, Elbrus tələbəlik illərində elmə, təhsilə o qədər maraq göstərirdi ki, özünü bunlarsız təsəvvür edə bilmirdi. Demək olar ki, boş vaxtı olmurdu. Dərslərdən sonra onu yalnız kitabxanalarda tapmaq olardı. Onu heç bir vəchlə "məcrasından" çıxarmaq mümkün deyildi. O, tibbin bütün sahələri maraqlandırırdı.
Başqa bir tələbə yoldaşı isə vurğuladı ki, oxumaq Elburus üçün çox asan idi. Tapşırıqları vaxtından əvvəl yerinə yetirirdi.
Digər bir yoldaşı isə Elbrus həkimin təfəkkür və yaradıcılığına Qarabağın gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyinin də böyük təsir göstərdiyini qeyd edir..
Rüstəmov Elbrus Aydın oğlu 1946-cı ildə Füzuli rayonunun Kürmahmudlu kəndində dünyaya gəlib. 1960-cı ildə Kürmahmudlu kənd orta məktəbinin Vİİ sinfini, 1964-cü ildə isə Beyləqan şəhər 1 saylı orta məktəbini əla qiymətlərlə başa vurub. Körpəlikdən həkim olmaq, insanların sağlamlığı keşiyində dayanmaq arzusunda idi. Arzularının arxasınca Bakıya üz tutdu və sənədlərini N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə verdi. İmtahanlardan yüksək qiymətlər alaraq ali məktəbə qəbul oldu.
Çəkdiyi zəhmət öz bəhrəsini verdi. O, 1970-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdi. 1970-1972-ci illərdə Sovet ordusu sıralarında tibb xidmət leytenantı rütbəsində həkim-zabit kimi xidmət etdi. Sonra M.A.Tobçubaşov adına Azərbaycan Elmi-Tədqiqat Klinik Təbabət İnstitutunda (indiki M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi) fəaliyyətə başladı. Burada ordinator, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi, şöbə müdiri vəzifələrində çalışdı.
E.Rüstəmov 1980-ci ildə Moskva A.A.Vişnevski adına Cərrahiyyə İnstitutunda "Xoralı xəstələrdə müxtəlif növ cərrahi müalicədən sonra qanın kalikpein-kinin sisteminin və mikrosirkulyasiyanın vəziyyəti" mövzusunda namizədlik, 2013-cü ildə isə Bakıda-N.Nərimanov adına Azərbaycan Tibb Universitetində "Piloroduodenal xoraların cərrahi müalicəsinin nəticələrinin yaxşılaşdırılması yolları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.
Tibb elmləri doktoru, professor E.Rüstəmov 300-ə yaxın elmi məqalənin, 6 səmərələşdirici təklifin, 3 ixtiranın, 1 metodiki tövsiyənin, 1 metodik vəsaitin, 5 klinik protokolun müəllifidir. Onun məqalələri Türkiyənin, Rusiyanın, Yaponiyanın, Fransanın, İranın və digər ölkələrin aparıcı elmi-nəşrlərində dərc olunmuşdur.
O, cərrahi qastroenterologiyaya həsr edilmiş ölkə daxilində və xaricdə keçirilən bir sıra konfrans, simpozium və qurultayların iştirakçısı olmuş, maraqlı məruzələrlə çıxış etmişdir.
Qarın boşluğu üzvlərinin cərrahiyyəsinin müasir problemləri ilə bağlı elmi-tədqiqat işlərinin planlaşdırılması, təşkili və aparılmasında fəal iştirak edən professor E.A.Rüstəmov hazırda M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində qida borusu, mədə və onikibarmaq bağırsaq cərrahiyyə şöbəsinin rəhbəri vəzifəsində işləyir.
Onun praktiki fəaliyyəti rəhbərlik etdiyi qastroenterologiya şöbəsində mədə, qara ciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, nazik və yoğun bağırsaq üzərində aparılan mürəkkəb rekonstruktiv əməliyyatlarla bitmir. O, bu gün də respublika əhalisinə "sanitar aviasiyası" xətti ilə mütəmadi olaraq konsultativ və təxirəsalınmaz cərrahi xidməti göstərməkdə davam edir.
E.Rüstəmov Respublikamızda 126 bağırsaq xoralarının müalicəsində "Vaqonmiya" üsulunun ilk tətbiq edən cərrah alimlərimizdən biri olmuş və bu sahədə toplanmış böyük klinik təcrübə əsasında uğurlu elmi nailiyyətlərə imza atmışdır. O, respublikamızda mədədaxili PH-metriyanın tətbiqi, bulbar mikrosirkulyasiyanı öyrənilməsi sahəsində birincilərdən biri olmuşdur.
Tanınmış alim E.Rüstəmov fəaliyyət göstərdiyi Mərkəzin Böyük Elmi Şurasının, eyni zamanda mərkəzin nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının üzvüdür. Onun səmərəli fəaliyyəti barədə 5 kitab və çoxlu sayda məqalələr yazılmışdır.
Bu gün Azərbaycanın tanınmış həkimləri arasında öz təsti-xətti, öz yeri, öz nüfuzu olan Elbrus həkim həm də xeyirxah, insan ləyaqətini uca tutan, həmişə haqq tərəfində duran bir şəxs kimi tanınır. Azərbaycanın görkəmli rəssamı T.Salahovun "həyatda elə insanlar var ki, onların qazandıqları uğurlar təkcə öz taleləri ilə bağlı deyil, mənsub olduqları millətin, xalqın adına yazılır" sözləri sanki, tibb elmləri doktoru, professor Elbrus Rüstəmovun ünvanına yönəlmişdir.
Yüzlərlə xəstənin taleyində xeyirxahlıq bəlgəsi olan, insanların qəlbində sabaha inam toxumunu cücərdən Elbrus həkim kökünə, geninə, qan yaddaşına bağlı olduğu üçün ağlının qüdrəti və amalının vəhdəti ilə alim yüksəkliyinə, bacarıqlı cərrah zirvəsinə qalxmışdır.
İnsanları titullar deyil, əməllər yaşadır. Alimin böyüklüyü onun yaşının çoxluğu-azlığı, fiziki imkanlarının genişliyi ilə deyil, yaratdığı əsərlərlə, ortaya qoyduğu, yetişdirdiyi şəyridlərinin məhsuldarlığı ilə ölçülür. Bu baxımdan da professor Elbrus Rüstəmovun bəxti gətirmişdir.
Əlbəttə, bu böyük insan haqqında çox danışmaq olar, lakin mən yolumu kəsə, sözümü qısa edəırəm. Elbrus həkimin şəxsiyyətinə hansı prizmadan yanaşırsansa yanaş, fərq eləməz, gözlərinin önündə vicdanı da əyninə geydiyi ağ xalat kimi tər-təmiz olan gözü-könlü tox, alicənab bir şəxs obrazı canlanacaqdır.

Faiq Şükürbəyli,
AYB və AJB-nin üzvü